Qəhrəmanların xatirəsinə həsr
edilmiş turnirlər
Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Eldar Harun oğlunun xatirəsinə həsr olunmuş bölüklər arasında yüngül atletika yarışı keçirildi. Birincilik başlamazdan əvvəl həm ümummilli liderimiz Heydər Əliyevin, həm də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini oxudular. Sonra şəhid zabit haqqında mərasim iştirakçılarına məlumat verildi.
Bugünkü yarış bir vaxtlar hərbi təhsil ocağının kursantı olmuş Azərbaycanın Milli Qəhrəmanı Eldar Məmmədovun xatirəsinə həsr olunub. O hələ kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayırdı. Bu istəyini reallaşdırmaq üçün 1982-ci ildə indiki C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdu. Sonra hərbi təhsilini davam etdirmək üçün 1985-ci ildə Riqadakı Qırmızı bayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsilini davam etdirib.
Erməni işğalçıları Azərbaycanın ərazilərinə hücum edəndə gənc leytenant E.Məmmədov raport yazaraq Vətənə qayıdır. Ağdərə istiqamətində gedən döyüşlərə yollanır. 1993-cü il fevralın 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində cəsur döyüşçü düşmənə qarşı qanlı döyüşlərdə iştirak edir. Bu qeyri-bərabər döyüşdə əsl igidlik nümunəsi göstərərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçir.
Gənc zabitin göstərdiyi igidlik layiqincə qiymətləndirildi. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Məzarı ölkəmizin paytaxtındakı Şəhidlər xiyabanındadır.
Birincilikdə 9 komanda iştirak edirdi. Qaydalara əsasən, idmançılar 4 mərhələdən - 100 və 2 min metrə qaçış, uzununa və hündürlüyə tullanma mərhələlərindən keçməli idilər. İştirakçılar komandalarını irəli çıxarmaq üçün yarışda fəal iştirak edirdilər. Bura əsl mübarizə meydanını xatırladırdı. İdmançılar daha cəld və sürətlə hərəkət edərək qələbəyə can atırdılar. Kursantlar yaxşı bilirdilər ki, qalibləri sonda mükafatlar gözləyir...
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey
***
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş xatirə turniri keçirilib. Turnirdə respublikanın müxtəlif bölgəsindən 300-dən çox 5-17 yaşlı uşaq, yeniyetmə və gənc idmançı iştirak edib.
Turnirin təntənəli açılış mərasimində A.Aqarunov və Azərbaycanın ərazi bütövlüyü uğrunda digər şəhidlərimizin xatirəsi yad edilib. AMKF prezidenti Yaşar Bəşirov, Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, millət vəkili Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycanın ilk tank taborunun komandiri, ehtiyatda olan zabit Hacı Əzimov, A.Aqarunovun döyüş yoldaşı Vitaliy Hüseynov çıxış edərək gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə turnirlərin əhəmiyyətindən, Albert Aqarunovun şərəfli döyüş yolundan danışıblar.
Natiqlər qeyd ediblər ki, dövlətimiz Vətən uğrunda şəhid olan igid döyüşçülərimizin xatirəsini hər zaman əziz tutur. Yəhudi icmasının rəsmiləri Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş A.Aqarunovun timsalında bir daha ölkədə yüksək tolerantlıq nümunəsi gördüklərini bildiriblər.
Xatirə turniri maraqlı idman mübarizəsi şəraitində keçib. Yarışın qaliblərinə medal və diplomlar təqdim edilib.
Əbülfət QASIMOV, "Azərbaycan
Ordusu"
Azərbaycan ordusu 2017.- 6 may.- S.8.