“Salam, Qələbə!” deyəcəyimiz
günə az qalıb
Rubrikamızın
qonağı Azərbaycan Yazıçılar Birliyinin vətənpərvərlik
komissiyasının sədri, həkim, şair, bəstəkar
Şahin Musaoğludur.
- Sizə necə
müraciət edim? - həkim Şahin Musaoğlu, şair
Şahin Musaoğlu, bəstəkar Şahin Musaoğlu?
- Hər biri ayrılıqda, üçü vəhdətdə vətəndaşlıq qayəmi müəyyənləşdirib. Həkim olaraq insanların sağlamlığının keşiyində dayanmaq, şair olaraq şeirsevərlərin poetik ruhuna, bəstəkar olaraq melodik duyumuna xidmət etmək. Belə yaşamışam, belə yaşayacam. Hər üçü mənə könül xoşluğu verir.
- İlk səngər
mahnılarının müəllifi kimi tanınırsınız.
Bu istək necə yarandı?
- 1991-1992-ci illərdə həm Qarabağda, həm də Ermənistanla sərhəd rayonlarda döyüşlər gedirdi. Əslində, elan edilməyən müharibəydi. Vətənsevərlər, torpaqsevərlər qələbə naminə səfərbər olmuşdu. Torpağı yerli müdafiə batalyonları qoruyurdu. Bu isə nizami ordu deyildi.
Həmfikirlərimlə biz də bu müharibədə iştirak etmək, necə deyərlər,... “bir işin qulpundan yapışmaq” istədik. O illərdə döyüşlərdə yaralananlar yaxın ərazilərə göndərilirdi. Etiraf edək ki, əsgərlərin ilk tibbi yardım göstərmə qabiliyyəti yox dərəcəsindəydi - yaralıların neçəsini qanaxmadan itirmişdik.
Müharibənin tələbi kimi operativ qərargah yaradılmasını zəruri bildik, Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinə müraciət etdik. Vətəndaşlıq borcumuzu yerinə yetirmək istədik. Qərargah yaradıldı. Yaralılar, onların pasport məlumatları əsasında harda nə vaxt yaralandığı, (yaralanmanın xüsusiyyətləri, yəni, güllə yarasıdırmı, qəlpə yarasıdırmı və s.) kartotekasını təşkil edirdik. Müharibəylə, əsgər həyatıyla ilkin tanışlıq yaşam fəlsəfəmin tərkib hissəsi oldu.
- Əsgərlərlə ünsiyyətiniz də bu vaxtlardan başlayıb...
- Bəli, əsgərlərimizlə ünsiyyət düşüncələrimə hopdu, onun yönümünü müəyyənləşdirdi. Onların əksəriyyətilə döyüş öncəsi də görüşürdük, döyüşdən sonra da.
- Döyüş
öncəsi söhbətlərinizin mahiyyətini təxmin
edirəm. Döyüşlərdən sonra yaralı əsgərlə
nələrdən danışırdınız?
- Başlıca olaraq Vətəndən, torpaqdan, qələbədən. Ən çox eşitdiyim kəlmələr məni də, həkimləri də, tibb bacılarını da duyğulandırırdı. Yaralılar tez sağalmaq, yenidən döyüşlərə qayıtmaq istəyirdi. Bu istəyin mahiyyəti Vətən sevgisiydi. Onların bəziləri Şıxov batalyonu kimi tanınırdı. Birinci batalyonu döyüşə yola salanda tanımışdım. Onda onlara yazdığım şeiri oxumuşdum, bir qardaş, bir vətəndaş olaraq demişdim: igid əsgər, möhkəm dayan!..
Bu, mənim ilk şeirim idi. Bu tövsiyə-şeir
bəyənilmişdi. Neçə əsgər
şeiri oradaca köçürüb özüylə
döyüşə aparmışdı. Açığı,
qürurlanmışdım ki, şeirim döyüşənlərin
sırasındadı. Aradan aylar keçəndən sonra
Yusif Mirzəyevlə tanış olduq. Xəstəxanamızda müalicə olunurdu. Çox duyğusal insanıydı. Şeirə musiqi yozumu verdiyimi biləndə necə
sevindi, "İlk səngər mahnısı olacaq!"
- dedi.
Şeir mahnıya çevrildi.
-
Yaxşı xatırlayıram, Yusif sevinclə deyərdi ki,
Şahin mənə mahnı həsr edib. Az
sonra "Təkcə mənə yox, əli silah tutanların
hamısına" - deyərdi, gülümsünərdi.
- Təəssüf
ki, Yusif onu eşidə bilmədi. Ağdərə
ətrafında gedən döyüşlərdə şəhid
oldu. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə
həsr etdik "İgid əsgər, möhkəm dayan!" mahnısını. Zabit
idi Yusif, "Vətən üçün hamımız əsgərik!"
- deyirdi. Əslində,
mahnıdakı müraciət Azərbaycan əsgərinin
obrazına ünvanlanıb.
- Beləcə,
Şahin Musaoğlu yazdığı vətənpərvərlik
şeirlərinə mahnı da bəstələdi.
- Şeiri düşüncələrimin
işığı bilmişəm. Düşüncələrimin
işığına söz yozumu, sözə, yəni,
şeirə musiqi yozumu vermək istəmişəm.
"İgid əsgər, möhkəm dayan!"
şeiri başlanğıc oldu.
- ...və sonralar digər səngər mahnıları
yarandı.
- "Cənab
leytenant", "And içirik", "Birinci batalyon",
"Çağırır Vətən", "Torpaq",... İyirmi iki mahnı müəllifiyəm.
Bunlardan əksəriyyətinin sözlərini də
özüm yazmışam. Şadam ki,
mahnılarım sevilir.
- Hər
mahnının öz məzmunu var. Hamısını bir amal
birləşdirir: Vətən.
- Bəli.
"Şahinlər" hərbi pilotlarımıza, “Əsgər,
Vətən əmanəti” səngərlərdə dayanan,
torpaqlarımızı qoruyan əsgərlərimizə,
"Çağırır Vətən" yeniyetmələrə,
çağırışçılara, "Cənab
leytenant" zabitlərə, ... həsr
olunub. Hamısının qayəsi vətənsevərlikdi.
İstər şeir olaraq, istərsə də
mahnı olaraq.
-
Neçə il əvvəl Yusif Mirzəyevin
anım günündə birinci sinif şagirdinin "İgid əsgər,
möhkəm dayan!" mahnısını ifa etməsini, yəqin
ki, unutmayıbsınız.
- Elə
məqamlar unudulmur.
- Onda
müəllimlər də, şagirdlər də, ictimaiyyətin
nümayəndələri də qədərsiz ehtiramla
Şahin Musaoğluna baxmışdı...
- Belə
mahnılar Vətən sevgisinin dərinləşməsində,
vətənpərvərlik tərbiyəsində mühüm
rol oynayır. Yeniyetmələrin, gənclərin
hərbi vətənpərvərlik tərbiyəsinin
formalaşmasına az-çox xeyrim dəyirsə, belə
taledən, əlbəttə, razıyam.
- Siz həm
də Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik
komissiyasının sədrisiniz.
- Bir ildən
bir az çoxdu bu komissiyaya rəhbərlik
edirəm. Yazıçılar Birliyində geniş tərkibdə
(Birliyin rəhbərliyi, KİV nümayəndələri,
tanınmış şairlər, yazıçılar,
...) "Dəyirmi masa" təşkil etdik. Əhatəli fikir mübadiləsi oldu. Deyilənlər ümumiləşdirildi. Sözün, ədəbiyyatın gücündən
də bəhrələnilməsi, şairlərin,
yazıçıların, ədəbiyyatşünasların
müharibədə iştirakının təmin olunması
üçün Müdafiə Nazirliyinə müraciət
etdik. Müdafiə naziri general-polkovnik
Zakir Həsənov müraciətimizə böyük
sayğı göstərdi, Yazıçılar Birliyinin rəhbərliyini
qəbul etdi. Olduqca işgüzar, səmimi
görüş oldu. İkitərəfli memorandum imzalandı. Əvvəllər də döyüş bölgəsinə
getmək istəyən şairlərə, yazıçılara
şərait yaradılırdı. Bu, həm
sistemsiz idi, həm də konkret ideya olmadığından səmərəsi
o qədər də ciddi nəzərə
çarpmırdı. İndi koordinasiya
yaradılırdı; bir tədbir digərinin davamı
olacaqdı.
Digər tərəfdən belə bir təşəbbüs
ordu ilə cəmiyyət arasında yaranan etibarlı
ünsiyyətdir. Alınan, ictimailəşdirilən
informasiyaların inandırıcılıq amili var və bu
amil indi dolğunluğuyla təmin edilir. Müdafiə
naziri general-polkovnik Zakir Həsənovun ədəbiyyata bu diqqətini,
təbii ki, cəmiyyət olduqca ehtiramla qarşıladı.
- Fəaliyyətiniz
nələri əhatələyir və yaxud əhatələyəcək.
- Hamımız Vətənin pərvanəsi
olmalıyıq. Vətənpərvərlik
hamımızın yaşam düsturumuzdur. Günümüzün tələbidir bu. Bu
günümüzdən son nəfəsəcən belə
olacaq.
Hərbi vətənpərvərlik tərbiyəsinin
formalaşdırılması, istər məzmun, istərsə
də forma baxımından təkmilləşdirilməsi
başlıca məqsədimizdir. Belə demək
mümkünsə, savaş-döyüş
dövrünün ədəbiyyatının təşəkkül
tapmasında vəsilə olmaq istəyirik. Yaradılmasına mənəvi dəstək,
yaradılanların təbliğatçısı olmaq. Bununla da hərbi vətənpərvərlik tərbiyəsinin
təbliğinin ədəbi müstəvidə rolunu yüksəltmək,
ordu quruculuğuna ədəbiyyat vasitəsilə xidmət etmək.
Yaranan ədəbiyyat əsgərin
dünyaduyumuna kömək edirsə, onun vətənpərvərlik
duyğularının formalaşmasında gərəkli olursa,
bu, elə ordu quruculuğuna xidmət deməkdir.
Yeri gəlmişkən, ordumuzun bugünkü səviyyəsi
hamı kimi yazıçıları, şairləri də
sevindirir. İndi ordumuz əvvəlki ordu deyil. İstər nizami ordu olma baxımından, istər
döyüş hazırlığı, istərsə də təchizat
baxımından. İndi ordumuz Cənubi
Qafqazda ən güclü ordudur. Bu ordu
torpaqlarımızı işğaldan azad etməyə
qadirdir. Sülh danışıqları
baş tutmasa, Azərbaycan əsgəri aprel ovqatıyla
döyüşəcək. Ali Baş Komandanın
"Bayrağımız Şuşada, Xankəndidə
dalğalanacaq" - fikrini reallaşdıracaq. Müdafiə
naziri general-polkovnik Zakir Həsənovun "Ən
güclü silah yaxşı təlim keçmiş əsgərdir"
fikrini xatırlayıram. Belə əsgərləri
olan ordumuz, təbii ki, buna qadirdir.
-
Maraqlıdır, yazdığınız səngər
mahnılarını səngərdə eşidibsinizmi?
- Əsgərlərlə söhbətləşmişdik. Məlum oldu
ki, əsgərlərdən biri yaxşı gitara
ifaçısıdı. Xahiş etdik.
"İgid əsgər, mökəm dayan"ı
da ifa etdi, "Əsgər, Vətən əmanəti"ni də.
Davamı olaraq "Qarabağ şikəstəsi"ni. Hər üçü
ruhumuzun çağırışına döndü. Hər baxışda Böyük Qələbənin
işartılarını görürdük. Bir həqiqəti
əsgərlərlə bir sırada, bir səngərdə
yaşadıq: bu ruh qalib gələcək!
-
Mahnılarla bir sırada hərbi marşlar da
yazıbsınız.
- Hər
şeirin öz musiqi janrı var. Musiqi janrı özünə
xas olan şeir tələb edir.
Marş çağırışdı.
Türklərin mehtər marşları var. Marşlara
savaş musuqisi də deyə bilərik. Marşlar döyüşən
ordunun şəxsi heyətinin ruhunun formalaşmasına və
əsgərin psixologiyasına emosional, duyğusal təsir
göstərməklə öz möhtəşəmliyini,
ecazkar gücünü
saxlamaqdadı. Müharibələr
zamanı hücumlarda, həmlələrdə, bəzən əks-hücumlarda
duyğuları marşlar dilləndirib, əsgəri
marşlar şövqə gətirib, onun ruhunun ruhuna
dönüb. Marşlar bəlkə bu xislətinə,
xarakterinə görə mənim də diqqətimi çəkib,
mənim də düşüncələrimin, bu anlamda
yaradıcılığımın yönümünü
müəyyən qədər dəyişib. Söz-musiqi vəhdətinin möcüzəsinə,
qüdrətinə mən də müraciət etməyi qərara
aldım. Sözün mayasını, qayəsini şeirə,
şeirin mayasını, qayəsini musiqiyə marş
biçimində çevirdim.
-
Marşı şeir olaraq yazırsınız, yoxsa
yazılmış şeirin ideyasına görə janr
seçirsiniz?
- Şeirin ideyası hansı janrda daha möhtəşəm
səslənərsə, həmin janrı seçirəm. Necə
alınır, onu dinləyənlər yaxşı dəyərləndirər.
-
"İstiqlal marşı" şeiri marş olacaqdı. Bəs digərləri?
- "And içirik!",
"Birinci batalyon", "Səfərbərlik" və
digərləri məzmun baxımından marş
janrını tələb edirdi.
Bu şeirlərin əsgərlərin
döyüş ruhunu ifadə etməsini istədim.
Yaradıcılıq
amalım belə olub: yeniyetmələrin, gənclərin, bu
sıradan əsgərlərin hərbi vətənpərvərlik
duyğularının formalaşmasında yardımçı
olmaq. Nə yazmışamsa, belə
yazmışam, nə yazacamsa, belə yazacam. Nəşrə hazırladığım "Hərbi
marşlar" kitabımın əksər oxucusu əsgərlərimiz
olacaq. Onları şeir kimi oxuyacaqlar,
şeirlə bir sırada notları da veriləcək. Zənnimcə,
hərbi hissələrin orkestrləri bundan bəhrələnə
biləcək...
- Aprel
döyüşlərində qazanılan qələbə
sizin də ruhunuzun can ortağıdı, şübhəsiz.
- Əlbəttə. Bu döyüşlərin qələbə
ovqatı vətəndaş olaraq mənim də
ömrümün ziyasına döndü. Şair olaraq
bu döyüşlərdən, bu döyüşün qəhrəmanlarından
silsilə şeirlər yazmışam. Yaxın
vaxtlarda onların bəziləri mahnı olacaq. Çox istərdim ki, onların ilk dinləyiciləri
əsgərlərimiz olsun. Həm də
düşmənlə təmas xəttində xidmət edən
əsgərlər, səngərdəki əsgərlər.
- İstərdim ki, Böyük Qələbəyə həsr
edəcəyiniz şeiri, o şeirə yazacağınız
mahnını "Salam, Qələbə!" -
adlandırasınız.
- Mütləq.
Söhbətləşdi:
Rəşid HÜSEYNOV, əməkdar jurnalist
Azərbaycan ordusu 2017.- 27 may.- S.6.