“Albert
Şuşanın fəxri vətəndaşıdır”
Qırmızı qəsəbədə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdirilib
Qarabağ müharibəsinin qeyri-adi qəhrəmanlarından biri, hələ sağlığında haqqında əfsanələr dolaşan Azərbaycanın Milli Qəhrəmanı tank komandiri Albert Aqarunovun adı xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub. O, doğulub boya-başa çatdığı Azərbaycanı sonsuz məhəbbətlə sevirdi. Və döyüşdə göstərdiyi qəhrəmanlıq nümunələri bunu bir daha sübuta yetirdi. Hələ sağlığında Albertin döyüşçü dostları onu böyük hörmət və ehtiramla "Şuşanın əfsanəsi" adlandırırdılar.
Qeyd edək ki, bu günlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşdü. Görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilərək Albert Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlandı. Bildirildi ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim Vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir. Eyni zamanda R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını ifadə etmişdi.
Sentyabrın 28-də isə Milli Qəhrəmanın adının əbədiləşdirilməsi məqsədilə Quba rayonundakı Qırmızı qəsəbədə xatirə lövhəsinin açılışına həsr edilən tədbir keçirildi. Açılış mərasimində ictimaiyyətin nümayəndələri və keçmiş döyüşçülər iştirak etdilər.
Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqları salamlayaraq Milli Qəhrəmanın qısa, lakin mənalı ömür yolundan danışaraq bildirdi ki, yəhudi əsilli bu gənc ömrünün ən gözəl çağında silaha sarılaraq doğma Vətəni Azərbaycanın müdafiəsinə qalxıb. "O, 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonu 154 saylı orta məktəbdə səkkizinci sinfi bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirərək sürücü-mexanik vəzifəsinə yiyələndikdən sonra Gürcüstan Respublikasının Axalkalaki rayonunda yerləşən Sovet ordu hissələrindən birində starşina rütbəsində tank komandiri kimi xidmət edib. Ordudan tərxis olunan Albert Suraxanı Maşınqayırma zavodunda işə düzəlir. Qarabağ müharibəsinin başladığı ilk vaxtlarda - 1991-ci ildə milli ordu sıralarına yazılan ilk könüllülərdən biri kimi Albert tank komandiri təyin edilir. Şuşa, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir. 1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən döyüşlər zamanı doğulub böyüdüyü və sevdiyi doğma Vətəni Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olur. A.Aqarunov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə erməni quldurlarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı Bakının Suraxanı rayonundakı 154 saylı orta məktəb bu gün onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub".
Mərasimdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov öncə tədbirin təşkilatçılarına dərin minnətdarlığını ifadə etdi. Və bildirdi ki, həyatının gənclik çağında gözəl Qarabağımız, doğma Şuşamız uğrunda qanından, canından keçən Milli Qəhrəman A.Aqarunov haqqında hələ o zaman şuşalılar çox danışırdılar. "Adı dillərdə gəzirdi. Nəinki Şuşa, bütün Qarabağ camaatı bu yəhudi əsilli qəhrəmanla fəxr edirdi. Mən onu şəxsən tanıyırdım. Albert Şuşanın fəxri vətəndaşıdır. Çünki o, Şuşa uğrunda döyüşüb, Şuşa uğrunda da şəhid olub. Bu gün Şuşa məktəbliləri Albertin göstərdiyi qəhrəmanlıqlardan danışır. O gün olsun ki, doğma Şuşamız düşməndən azad edilsin və Albertin adı uğrunda canından keçdiyi Şuşada da əbədiləşdirilsin".
Sonra tədbir Milli Məclisin deputatı Yevda Abramovun çıxışı ilə davam etdi. A.Aqarunovun tarixin yaddaşına köçürülən video görüntülərini xatırladan millət vəkili vurğuladı ki, Albert insanların qəlbində Azərbaycana olan bağlılığı ilə, Qarabağa, Şuşaya olan sevgisi ilə qaldı. "O, bir qəhrəmanlıq nümunəsidir. Azərbaycanda yaşayan hər bir millətin övladına Azərbaycanı sevməyi və onun uğrunda mübarizə aparmağı öyrətdi. Möhtərəm Prezidentimiz İlham Əliyev deyir ki, "Azərbaycanda yaşayan bütün millətlərin Prezidentiyəm". Albert Qarabağ, Şuşa oğludu. Onu Azərbaycan yetişdirdi. Bu gün bir daha Azərbaycanın Milli Qəhrəmanı A.Aqarunovla qürur duydum. İftixar hissi keçirdim. Doğrudan da, qəhrəmanlıq və qəhrəmanlar heç zaman unudulmur".
Polkovnik Mehman Kərimov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından mərasim iştirakçılarını salamladı, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini vurğuladı. "Bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandan başda olmaqla öz şəhidlərinə, qəhrəmanlarına böyük ehtiram göstərir, xatirələrini əziz tutur. Tarixən Azərbaycan uğrunda qəhrəmanlar, ərlər, ərənlər döyüşüb. Xalqımız onları heç zaman unutmayıb. Albert də belə qəhrəmanlardan biridir. Onun qəhrəmanlığı gənc nəslə, hərbçilərimizə örnəkdir".
Polkovnik ordumuzun gücündən, peşəkarlığından danışaraq, Qarabağ müharibəsinin ilk günlərində Şuşa uğrunda döyüşən Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərovun A.Aqarunovu şəxsən tanıdığını qeyd etdi və onun salamlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, çıxışını Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin BMT-nin Baş Assambleyasının açılışında uca kürsüdən cəsarətlə söylədiyi "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq" tarixi fikri ilə bitirdi.
Tədbirdə A.Aqarunovun komandiri olmuş ehtiyatda olan zabit Hacı Əzimov, "Dədə Qorqud" Milli Fondunun Prezidenti, "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov söz alaraq qəhrəmanın döyüş yolundan və onun əsrlər boyu ölkəmizdə yaşayan xalqlar arasında dostluğun, mehribanlığın və tolerantlığın rəmzi olduğunu bildirdilər.
Lalə
HÜSEYNOVA, "Azərbaycan Ordusu"
Azərbaycan ordusu $g 2017.-30
sentyabr.- S.7.