Akademik Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifəsidir

 

Rubrikamızın qonağı Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudovdur.

 

- Yaqub müəllim, 2018-ci il xalqımızın tarixində əlamətdar illərdən biri olacaq. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcək. Qürurverici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilib. Bir tarixçi alim üçün ikiqat sevinc deyilmi?

 

- Dövlət rəhbərinin tariximizə xüsusi önəm verərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bütün ölkə miqyasında geniş qeyd olunması haqqında sərəncamını, məncə bütün tarixçilər böyük sevinclə qarşıladılar. Qeyd etmək istəyirəm ki, institutumuzda aparılan tədqiqatlar məhz Prezident İlham Əliyevin təşəbbüsü və qayğısıyla nəşr olunur. Cümhuriyyətin 100 illiyinin qeyd olunması mühüm tarixi hadisədir və xalqımız üçün son dərəcə əlamətdardır.

- Cümhuriyyət tariximizə verilən ən böyük dəyər ümummilli liderimiz Heydər Əliyevin adı  ilə bağlıdır...

- Mən 20 ilə yaxın Bakı Dövlət Universitetində tarix fakültəsinin dekanı işləmişəm. Ulu öndərimiz Heydər Əliyevin Cümhuriyyət tariximizlə dərindən maraqlanmasının canlı şahidiyəm. Bildirmək istəyirəm ki, neçə illər Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Demokratik Respublikası kimi təqdim olunurdu. Əlbəttə, dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa ölkələrində Cümhuriyyətin bu cür təqdim olunması müəyyən zərurətlə bağlı idi. Axı biz Şərqdə ilk demokratik respublika yaratmışıq.  Amma onu qeyd edim ki, Cümhuriyyətin adının özünə qaytarılması  ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Yaxşı yadımdadır, o bu məsələ ilə çox ciddi maraqlanırdı. Qısa müddətdə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə birlikdə təkliflərimizi hazırladıq. Ulu Öndər bu təkliflərlə tanış olduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti adı rəsmən qəbul edildi. Və beləliklə, Ulu Öndərin xüsusi tapşırığıyla  bütün elmi ədəbiyyatlarda Azərbaycan Demokratik Respublikası adı Azərbaycan Xalq Cümhuriyyəti ilə əvəz olundu. 1998-ci ildə Ümummilli Liderimizin təşəbbüsü ilə Cümhuriyyətimizin 80 illlik yubileyi keçirildi. Bundan başqa, dahi rəhbərin xüsusi tapşırığı əsasında Cümhuriyyətin tarixini dolğun əks etdirən ensiklopedik lüğət hazırlandı. Ömrümün ən mənalı səhifələrindən biridir ki, Ulu Öndər bu vacib işə rəhbərliyi mənə tapşırmışdı. Bu işi uğurla başa çatdırmaq üçün tanınmış ziyalılarımızı bir araya topladıq. Tərəqqipərvər, elmi araşdırmalardan, cəfadan çəkinməyən bir özək yaratdıq və iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasını nəşrə hazırladıq. Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev də lazımi köməkliklər göstərdi və onun son dərəcə böyük qayğısıyla bu ensiklopediya çap olundu. Yeri gəlmişkən onu da qeyd edim ki, bu gün ölkə başçısı İlham Əliyevin göstərişiylə Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyət göstərdiyi binanın yanında "İstiqlal Bəyannaməsi" abidəsi ucalır. Düşünürəm ki, iki cildlik ensiklopediya da tariximizə ən dəyərli töhfədir.

- Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bəs Cümhuriyyətin varislik prinsiplərini müəyyənləşdirən istiqamətlər hansılardır?

- Müasir dövlət quruculuğu Cümhuriyyət dövründən başlayıb. Cümhuriyyət dövründə parlament fəaliyyət göstərib, dövlətçilik atributlarımız, ordumuz, himnimiz, gerbimiz yaradılıb. Ona görə də biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. İftixar hissiylə deyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə bizdə deyil, bütövlükdə Türk dünyasında, müsəlman Şərqində parlaq bir hadisədir. Bizim yaratdığımız Cümhuriyyət ilk parlamentli respublikadır. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən biridir. O öz demokratikliyinə görə, Avropa respublikalarının heç birindən geri qalmırdı. "İstiqlal Bəyannaməsi"ndə ölkəmizin ərazisində yaşayan bütün xalqlara dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bərabər hüquq verilmişdi.

- Azərbaycanın şanlı hərb ənənələri var. Müasir ordumuz da Cümhuriyyət ordusunun tarixi varisidir.

- Bu barədə danışarkən xüsusi olaraq qeyd etməliyəm ki, Azərbaycanın ordu tarixi təkcə Cümhuriyyətlə bağlı deyil.  Azərbaycan xalqının dövlətçilik tarixi beş min ildən çoxdur.  Manna, Midiya, Şimalda Albaniya, Cənubda Atropatena  kimi güclü dövlətlərimiz var idi.  Bu dövlətlər güclü ordu ilə idarə edilirdi.  Roma imperiyası torpaqlarımızı ilhaq edə bilməmişdi. Bizim Tomris kimi qadın sərkərdəmiz olub. O, Orta Asiyadan Misirə qədər ərazilərə sahib olan ikinci Kirin qüvvələrini darmadağın etmişdi. Tarixdə Şəmsəddin Eldəniz, Qızıl Arslan, Uzun Həsən, Məhəmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai, Şah Abbas kimi qüdrətli sərkərdələrimiz var. Onlar böyük ordular yaratmaqla Azərbaycan imperiyalarını idarə ediblər.  Qürur hissi keçirirəm ki, dünya hərb tarixində Nadir Şah Əfşar kimi sərkərdələrimizin adı var. O, düşünülmüş islahatlar apardı, dövləti gücləndirdi rus qoşunlarını Azərbaycanın sərhədlərindən qovub çıxartdı. Dünya tarixində Hindistanı Makedoniyalı İskəndər, Türk sərkərdəsi Əmir Teymur bir Nadir Şah Əfşar ələ keçirib. Bu bizim ordu tariximiz, qəhrəmanlıq tariximizdir. Xalqımızın hərb tarixi çox qədimdir. Hərb tariximizi Cümhuriyyət Ordusunun tarixi ilə bağlamaq olmaz.

- Bu il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100 illiyi tamam olur. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Bəs bu istiqamətdə hansı tədbirləri həyata keçirəcəksiniz?

- 31 mart azərbaycanlıların soyqırımı xalqımızın qan yaddaşıdır. Əlbəttə ki, bu istiqamətdə geniş planlarımız var. Dəfələrlə beynəlxalq  konfranslar keçirmişik. Dünya ölkələrinin tanınmış tarixçiləri bu tədbirlərdə iştirak ediblər. Konfranslar Bakıda, Qubada, Şamaxıda, Lənkəranda keçirilib. Aprelin 11-15 tarixlərində növbəti belə konfransı keçirməyi planlaşdırırıq. Soyqırımları ilə əlaqədar  yeni silsilə nəşrlərimiz olacaq. XX əsrdə Daşnaksütyunun türk-müsəlman xalqlarına qarşı Şərqi Anadoluda, Cənubi Azərbaycanın Urmiya hövzəsində, Orta Asiyada törətdiyi soyqırımları geniş araşdırılaraq müzakirə olunur. Qərara almışıq ki, tədbirlərimizi Atatürk Araşdırmaları Mərkəzi, Türk Tarixi Qurumu ilə birgə həyata keçirək.

- Millət vəkili, bir tarixçi kimi ölkənin kütləvi informasiya vasitələrində hərbi vətənpərvərliyin təbliğindən razısınızmı?

- Uşaqlıq illərim müharibə dövrünə düşüb. Hər addımda divarlarda yazılan "Faşist cəlladlarına ölüm!", “Qələbə bizimlədir!” kimi şüarlarına rast gəlirdik. İnsanlar qələbəyə ruhlandırılardı. Bu gün mediamızda hərbi vətənpərvərlik mövzusu kifayət qədər yer alır. Şanlı ordumuzun, xalqımızın qəhrəmanlıq tarixini, aprel döyüşlərini təbliğ edən verilişlər ürəyimcədir. Amma bu elə bir vacib mövzudur ki, ona hərtərəfli diqqət yetirilməlidir. Qarabağ müharibəsinin tarixi, qəhrəmanlarımız, şəhidlərimiz daha geniş təbliğ edilməlidir. Yeri gəlmişkən, Müdafiə Nazirliyinin bu istiqamətdə fəaliyyəti təqdir olunasıdır. Tez-tez bölgələrdə hərbi hissələrdə kütləvi vətənpərvərlik tədbirlərinin keçirilməsindən xəbər tuturam bütün bunları alqışlayıram.

- Bu il Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik hərbi qüvvələrindən azad etməsinin yüzilliyi tamam olur. Bu barədə fikirlərinizi öyrənmək qəzetimizin oxucuları üçün çox maraqlı olar.

- Bu barədə bəzi faktlara aydınlıq gətirmək istəyirəm. Cümhuriyyətin elan olunduğu ilk vaxtlarda Osmanlı Türkiyəsi qan qardaşlarımız Azərbaycana köməyə gəlməsəydi, erməni daşnaklarının xalqımıza qarşı törətdiyi soyqırımının qarşısını almaq mümkün olmazdı. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa türk xalqlarının görkəmli sərkərdəsidir. Qafqaz İslam Ordusunun fəaliyyətini araşdırarkən xalqımızın göstərdiyi qəhrəmanlıqları da yaddan çıxartmaq düzgün deyil. Cümhuriyyət zabitləri də Qafqaz İslam Ordusunun tərkibində vuruşub. Xalqımız ona yardıma gələn türk qardaşlarının yanında olmasaydı, lazımi təminatlarını ödəməsəydi, qələbədən danışmaq olardımı? Bu məsələləri ensiklopediyada araşdıranda Bakı əməliyyatına xüsusi diqqət yetirmişəm. Əməliyyatda Bakı ətrafı kəndlərin əhalisi, xüsusilə də Binəqədi, Maştağa camaatı böyük şücaət göstərib. Qafqaz İslam Ordusunun döyüş əməliyyatlarının planının cızılmasında general Ə.Şıxliniski fəal iştirak edib. Əməliyyatın uğurla yerinə yetirilməsi üçün ərazinin relyefinə, yer quruluşuna bələd olmaq çox vacibdir. Ona görə də gənc  sərkərdə  Nuru Paşanın ətrafında Cümhuriyyət generalları, sərkərdələri toplaşmışdı. Qafqaz İslam Ordusunun fəaliyyətində Azərbaycanın milli ordu hissələrinin rolunu unutmağa haqqımız yoxdur. Həmin döyüşlərdə yüzlərlə şəhid verdik. Qardaş köməyinə gələn türk qardaşlarımızın şəhid məzarlıqları bu gün də ziyarət yerimizdir. Bu günlərdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın təşəbbüsü ilə Tarix İnstitutunda görüş keçirdik. Görüşümüzdə bu məsələdən də danışdıq. O da bildirdi ki, həqiqətən bu dönəmi qardaşlıq tariximiz kimi araşdırmaq lazımdır.

- Nəhayət, ənənəvi sualımız: Azərbaycan Ordusunun şəxsi heyətinə arzu və istəkləriniz.

- Hərbçilərimizə Nadir Şah, Uzun Həsən, Şah Abbas qüdrəti, çəsarəti arzulayıram. Mən həmişə demişəm ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Biz dünyanın elə xalqlarındanıq ki, böyük imperiyalar yaratmışıq. Azərbaycan əsgəri qürur hissi keçirməlidir ki, belə şərəfli, şanlı tarixi olan bir xalqın övladıdır. İnşallah, Ali Baş Komandanın rəhbərliyi ilə nəinki işğal olunmuş yerlərimizə, eləcə də bütün tarixi torpaqlarımıza qayıdacağıq.

 

Müsahibəni apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"

Azərbaycan ordusu 2018.- 14 fevral.- S.6.