“Xocalının qisası
alınacaqdır”
Müsahibimiz tarix üzrə fəlsəfə doktoru dosent Boran Əzizdir. Tarixçi
alim elmi dövriyyəyə
təqdim etdiyi monoqrafiyasında Xocalı
soyqırımının mahiyyətini faktlar
və sənədlər əsasında araşdırıb.
- Boran müəllim,
xalqımıza qarşı dəhşətli
soyqırımın həyata keçirilməsində
başlıca məqsəd nə idi?
-
Xalqımızı müstəqillik yolundan döndərmək,
azadlıq ideyalarını sarsıtmaq.
-
Tarixdən məlumdur ki, Xocalı şəhəri bir
neçə dəfə erməni təcavüzünə məruz
qalıb. XX yüzilin əvvəllərində 1905-1906,
1917-1918-ci illərdə bu yaşayış məntəqəsi
ermənilərin hücumu nəticəsində
yandırılsa da, talan edilib dağıdılsa da, yenidən bərpa olunaraq
yaşamını davam etdirib. Ancaq... 1992-ci ilin fevralında bu
qəsəbədə görünməmiş
soyqırımı törədildi.
-
Sovetlər dövründə Xocalının 7 min əhalisi,
3000 min hektardan çox əkin və bağ sahələri, məktəb,
kitabxana, mədəniyyət evi var idi. 1988-ci ilin fevralında
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi başlayanda
onun ilk zərbələrindən biri Xocalıya dəydi.Şəhərin
Xankəndi, Əsgəran, ermənilər yaşayan digər qəsəbə
və kəndlərində işləyən sakinləri
işdən qovuldular. Tarixi Azərbaycan torpaqları olan Ermənistandan qovulmuş 130 azərbaycanlı
ailəsi, Fərqanədən didərgin salınmış 40
mesxeti türk ailəsi də Xocalıya pənah gətirmişdi.
Onlara burada torpaq sahəsi də
ayırmışdılar. Özləri üçün
ev tikib şərait
yaratmışdılar.
1989-1990-cı
illərdə münaqişənin gərginləşdiyi
zamanlarda ermənilər Dağlıq Qarabağa, Şuşaya
gedən yollarda azərbaycanlılara, o cümlədən də
xocalılara məxsus olan maşınları daşa basır,
əzir, yandırır, insanları girov götürüb qətlə
yetirirdilər. Bu xəbərləri hər gün televiziya
ekranlarından eşidir, qəzet səhifələrindən
oxuyurduq...
Mən
özüm də qarabağlıyam. Ağdamın Mərzili kəndində
doğulub böyümüşəm. O günlərin
ağrı-acısı içimdən keçib, o faciələri,
o müsibətləri anbaan
yaşamışam. O hadisələrin canlı şahidiyəm.
Xocalı, Qaradağlı, Meşəli, Kərgicahan dərdi
yaddan çıxan deyil. Mənfur qonşularımız elə
əvvəl gündən niyyətlərini bildirmişdilər.
Xocalı camaatı qorxmaz, qoçaq, mərd insanlardı.
Xocalının igid oğulları erməni quldurlarına
tutarlı cavablar verirdilər.
- İşğalçı erməni
qüvvələrinin Xocalıya ilk irimiqyaslı hücumu nə
vaxt olmuşdu?
-
1988-ci il sentyabrın 18-də. Onlar belə hesab edirdilər ki,
elə ilk həmlə ilə Xocalını məhv edib bu maneəni
aradan qaldıra biləcəklər. Həmin gün Xankəndidəki
nümayişdən çıxan 5 minə qədər erməninin
bir qismi piyada, bir qismi maşınlarla Xocalının
üstünə hücum etdi. Hücumdan xəbər tutan
Xocalının 150 nəfər cəsur oğlu onların
qarşısına çıxdı. "Ura"! deyərək
əks-hücuma keçdilər. Həmin döyüşdə
27 nəfər azğın erməni öldürüldü.
100-ə qədəri isə yaralanmışdı. Bu, erməni
quldurlarına vurulan ilk güclü zərbə idi. Məhz
bundan sonra "yazıq", "fağır" erməniləri
azərbaycanlıların "hücum"larından qorumaq
adı ilə Xocalı şəhərinin sərhədlərində
Sovet qoşun hissələri yerləşdirildi...
- 366-cı motoatıcı alayı
nəzərdə tutursunuz?
- Bəli.
Bu alayın tarixinə nəzər yetirək. 366-cı alay Gəncədə
yerləşən Sovet ordusuna məxsus diviziyanın tərkibində
olub. Nədənsə, 1986-cı ildə birdən-birə bu
alay Xankəndi şəhərinə
köçürüldü. Və həmin alayın tərkibində
çoxlu sayda erməni zabit, gizir, əsgər yerləşdirilməyə
başlanıldı. Buradan aydın olur ki, ermənilər
qabaqcadan hazırlıq işləri görürmüşlər.
1992-ci
ilin fevralında Quşçular, Qaybalı, Malıbəyli kəndləri
uzun müddət mühasirədə olmasına və yerli
könüllü dəstələrin müdafiəsinə
baxmayaraq, 366-cı alayın yaxından köməkliyi nəticəsində
işğal olundu. Bu döyüşlərdə də
çoxlu sayda soydaşımız erməni vəhşiləri
tərəfindən qətlə yetirildi. Xocalıya qədər
ən dəhşətli qırğın Qaradağlıda
baş vermişdı. Fevralın 17-də bu kənd dörd
illik mühasirədən (kəndin dörd tərəfi də
erməni kəndi idi.) sonra
qüvvələrin qeyri bərabərliyi nəticəsində
ermənilər tərəfindən işğal olundu. Bu kəndin
camaatı da sonadək qəhrəmancasına düşmənlə
mübarizə apardı. 77 nəfər Qaradağlı sakini
öldürülmüşdü ki, onlardan 48 nəfəri son
dərəcə ağır işgəncələrlə qətlə
yetirilmişdi. Hətta bir qismi yandırılmışdı
da. Bu insanların əksəriyyətini öz
övladlarının, həyat yoldaşlarının,
ata-analarının gözləri qarşısında qətlə
yetirmişdilər.
- Bu
gün bəşəriyyət haqlı olaraq Hitler faşizmi
üzərində Qələbə gününü qeyd edir.
Bununla da faşizmin bəşəriyyət üçün nə
qədər böyük bəla olduğu insanlara xatırlanır...
- Mən
isə deyərdim ki, erməni faşizmi Hitler faşizmindən
qat-qat təhlükəlidir. Erməni
faşistləri kəndləri, yaşayış evlərini dağıdaraq elə vəziyyətə
salıblar ki, yenidən oraya
qayıdıb yaşamaq mümkün olmasın. Hər yerdə
tarixi, mədəni abidələri tamamilə məhv ediblər.
Bu tarixi abidələr təkcə Azərbaycan xalqına məxsus
deyildir. Azərbaycan Qafqazın, Qafqaz da dünyanın bir hissəsidir.
Azərbaycan nəinki Qafqazda, hətta dünyada ilk
insanların yarandığı, tayfa ittifaqlarının və
ilkin dövlət qurumlarının
meydana gəldiyi ərazilərdən biridir. Bu cəhətdən
də buradakı tarixi abidələrin bütövlükdə
dünya üçün böyük əhəmiyyəti
vardır. Bax, ermənilər işğal etdikləri Azərbaycan
ərazilərində dünya əhəmiyyətli belə
tarixi abidələri məhv ediblər. Məsələn, təkcə
Azıx mağarası dünyada bəşər
sivilizasiyasının ilk insan məskənləri içərisində
ikinci, üçüncü yerdə dayanırdısa,
keçmiş sovetlər ittifaqında birinci idi.
-
Əslində Xocalı heç də təsadüfən
işğal edilməyib, bu şəhərin alınması
üçün ermənilər güclü hərbi və
canlı qüvvə toplamışdılar.
-
Əlbəttə, Xocalı faciəsi əvvəlcədən
ciddi şəkildə düşünülüb
hazırlanmış bir hərbi əməliyyat idi. 366-cı
alay da bu hərbi əməliyyata, bu hərbi təcavüzə
rəhbərlik etmişdi. Xocalı soyqırımı ərəfəsində
366-cı alayın komandiri polkovnik Zarviqarova general-mayor rütbəsi
verilmişdi. Bu yüksək rütbənin verilməsi onu
göstərirdi ki, soyqırımını törədəcək
və icra edəcək bu adamı ruhlandırmaq
lazımdır. Araşdırmalarımıza görə,
366-cı alaydakı hərbi texnika və silahların 85 faizi
ermənilərin əlində cəmlənmişdi.
- Şahidi olduğunuz o dəhşətli
günləri necə xatırlayırsınız?
-
Xocalı qətliamı ərəfəsində və ondan
sonrakı günlərdə
Bakı Dövlət Universitetinin bir qrup müəllim
heyəti ilə birlikdə o proseslərin içində idik.
Soyqırımı baş verdikdən sonra vəhşiliyə
məruz qalan insanların Ağdamda
qarşılanmasını gözlərimizlə
görürdük. Xocalı soyqırımı Azərbaycan
xalqına qarşı törədilən qəddar vandalizm
aktı idi. Miqyası baxımından yalnız 1918-ci ilin mart
soyqırımı ilə müqayisə oluna bilərdi.
Xalqımız bu qətliamdan, bu faciədən qorxmadı,
çəkinmədi. Sonadək müstəqilliyini qoruyub
saxladı.
-
Xocalı soyqırımını törədənlər hələ
də cəzalarını almayıblar.
- Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 9 dekabr 1948-ci il "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə qarşı yönəlmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayət - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxaq siyasi-hüquqi qiymət verməlidir.
Xocalı soyqırımına aid 6 ölkədə abidə ucaldılıb.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə müraciətində qeyd edirdi ki, bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
- Ordumuzun əsgər və zabitlərinə sözünüz...
- Ordu xalqın müdafiəçisidir,
dövlətin təhlükəsizliyinin təminatçısıdır.
Orduda xidmət edən hər bir kəs ən yüksək hörmətə
layiqdir. Sizə deyim ki, tarixən də belə olub.
Məsələn, Səfəvilər dövründə
döyüşçülər o qədər
böyük nüfuza
malik olublar ki, hətta süfrə duasında onların bir-bir adları çəkilib. Yəni bizim milli-mənəvi dəyərlərimizdə,
dünyagörüşümüzdə, əcdadlarımızın
həyat tərzində orduya belə
yüksək hörmət olub. Bu gün biz
ordumuzla fəxr edirik.
İnanırıq ki, Ali
Baş Komandanın rəhbərliyi
altında ordumuzun aprel
qələbələrinin ardı gələcək. Erməni işğalçılarının
tapdağında olan Qarabağımız,
Şuşamız, Ağdamımız,
Laçınımız, Kəlbəcərimiz və digər
ərazilərimiz ordumuzun vətənpərvər,
igid oğullarının sayəsində azad olunacaq, Xocalı
soyqırımının qisası alınacaqdır.
Müsahibəni apardı: Lalə
HÜSEYNOVA, "Azərbaycan
Ordusu"
Azərbaycan ordusu 2018.-28 fevral.- S.7.