“Xocalıda şəhid olanların
hamısını əzizim bilirəm”
Müsahibimiz Xocalı faciəsini bilavasitə
görən, əzizlərini itirən,
ağrılarını yaşayan, bu ağrılardan bəhs edən 10-dan çox kitabın müəllifi, əməkdar
jurnalist Səriyyə
Müslümqızıdır.
- Həyat yolunuz və yaradıcılığınız barədə oxucularımıza qısa məlumat verməyinizi xahiş edirəm.
- Xocalıda zəhmətkeş və sadə bir ailədə dünyaya
gəlmişəm. Uşaqlıqdan kitab oxumağa böyük həvəsim
olub. Kəndimizin lap
yuxarısındakı kitabxanaya gedər,
bədii kitablar alıb oxuyardım.
4-cü sinfi bitirib yay tətilinə buraxıldıq. Bu müddət ərzində 100-ə yaxın
kitab mütaliyə etmişdim.
Yeni tədris ili başlananda müəllim uşaqlardan - neçə kitab
oxumusunuz? - soruşanda
mən bu rəqəmi dilimə gətirdim.
Bundan hamı heyrətləndi. Kitablar həmişə həyat yoluma işıq salıb. Mən onlardan çox şey öyrənmişəm. İndi də boş vaxtım olanda
mütaliyəmdən qalmıram. Kitabların xoş
qoxusunu sinəmə çəkəndə
sanki xəyallar məni qanadlarına alaraq bir anlığa
Xocalıda keçirdiyim uşaqlıq,
yeniyetməlik, gənclik illərinə aparır. Nə vaxtsa mən də kitab
yazacağımı ağlıma gətirməzdim. Bilməzdim
ki, Qarabağ boyda bir dərddən,
Xocalı faciəsinin qaysaq bağlamayan yaralarından bəhs edən kitablar yazacağam. Hər bir insanın öz həyat yolu var, talelər
bir-birinə bənzəmir. Mənim
həyat yolum kitablara sonsuz məhəbbətdən başlayıb,
Qarabağ müharibəsinin
yaralarından keçib...
Özü də qəlbimdə dərin şırımlar açan
yaralarla...
- Xocalı faciəsinin baş verdiyi gün ömrünüzün
ən ağrılı
və hüznlü günüdür. Sizin üçün
nə qədər çətin olsa da, o gündən danışın.
- Ağdamın Abdal-Gülablı
meşəsində keçirdiyim
soyuq qış günü yaşadığım
ömrün ən ağrılı səhifəsidir. O gün
mən qarın, buzun içində olsam da, elə
bilirdim bütün vücudum od
tutub yanır. Yeriyib-yüyürməkdən yorulub kürəyimi
qollu-budaqlı bir ağaca söykədim ki, yıxılmayım.
O gün mən həm doğma şəhərimi, həm
də anamı itirdim. Min bir
əziyyətlə Novruz
bayramı ərəfəsində
anamın meyitini meşədən götürə
bildik. Ermənilərin güllələyib öldürdüyü anamı
Ağdamın Uzundərə
qəbiristanlığında dəfn etdik. Az da olsa təsəlli tapdım. Amma bir müddətdən
sonra erməni qəsbkarları o tərəfləri
də işğal etdi. Əvvəlki günlər anamın
meyiti düşmənin
əlində idi, Uzundərə qəsbkarların
işğalına məruz
qalandan sonra məzarı əsirlikdə
qaldı. Düz 26 ildir
26 fevral günündə
itirdiyim anamın qəbrini ziyarət edib üstünə bir dəstə çiçək qoya bilmirəm.
Həmin gecə Xocalıda erməni gülləsinə
tuş gələrək
şəhid olanların
hamısını doğmam,
əzizim hesab edirəm. 26 il bundan əvvəl ermənilərin törətdiyi
bu faciədə anamla
bərabər, üç
əmim oğlunu, böyük bir nəslimi itirdim. Sağ qalmağıma həm təəccübləndim,
həm də təəssüfləndim. Sanki ölümdən bir möcüzə nəticəsində
xilas oldum.
- Xocalı faciəsindən sonra sağ qalan insanlar hansı hisslərlə yaşayırlar?
- Çəkənlər yaxşı
bilir, doğmalardan ayrılmaq dözülməz
dərddir. Amma sonra gördük
ki, biz mütləq yaşamalı və bu qanlı faciənin
şahidi kimi erməni qəsbkarlarının
insanlığa sığmayan
bu hərəkətlərini
ifşa etməliyik.
Onlardan intiqam almalıyıq.
- Xocalı faciəsi ilə bağlı kifayət qədər kitablar yazılıb. Həmin kitabları necə
dəyərləndirirsiniz? Yəni, yazılanlar faciəni real
şəkildə əks
etdirirmi?
- Deyirlər ki, böyük dərdlər
dilsiz olur. Məncə,
Xocalı faciəsinin
miqyası o qədər
genişdir ki, kitablara, əsərlərə
sığmaz. Onu
da hiss etmişəm ki, faciəni yaşayan, onun qan-qadası içərisindən
keçib möcüzə
nəticəsində sağ
qalan insanlar o ağır yaşantılarını
ifadə etməyə
də əzab çəkirlər. Xocalı faciəsi
haqqında çox kitablar yazılıb.
Xocalıda şəhid olmuş
63 uşağın həyatından
bəhs edən "Onlar heç vaxt böyüməyəcəklər"
əsərimi Xocalı
faciəsini təbliğat
məqsədi ilə vikipediyaya qoymuşdum.
Kitab bir sıra aparıcı
əcnəbi dillərə
çevrilib.
Xocalı faciəsini dünyaya tanıtmaq üçün,
əlbəttə, onların
müxtəlif dillərə
tərcümə edilməsi
vacibdir. Erməni vəhşiliyini, erməni qəddarlığını
ifşa etmək üçün bu, ən yaxşı vasitədir.
- Çox təəssüf
ki, Xocalı faciəsinin səbəbkarları
hələ də cəzalarını almayıblar...
- Xocalıda cinayət törətmiş Xankəndidəki
366-cı alayın komandiri
Yefim Zavriqarovun, 51 zabit və gizirin
hələ də cinayət məsuliyyətinə
cəlb olunmadığına
görə çox təəssüflənirəm..
Təəssüf ki, hələ də Haaqa məhkəməsində
bu cinayətlərin icraata götürülməsinə
nail ola bilməmişik.
O günlərdə bir daha şahidi oldum ki, insan
çətin anlarda daha mübariz olur. Həyat adamı bütün
sınaqlara hazırlayır.
Ağrılarını yaşadığım o günlərdə özümdə
əlavə güc tapıb cəbhəyə
yollandım. Tibbi təhsilim
olduğundan bir müddət səhra hospitalında çalışdım.
Orada da çətinliklər gördüm, köməyə
ehtiyacı olan insanlara əl tutdum. O ağır günlərdə Vətən
üçün nə
isə etdiyimi düşünəndə təsəlli
tapırdım.
-
Adınızın mənası başucalığı deməkdir.
Necə fikirləşirsiniz, dönüb
həyatınızın dünəninə boylananda
əməlinizlə, qələminizlə adınızı doğrultmusunuzmu?
- Onu məni yaxından tanıyanlar daha yaxşı bilər. Əsası odur ki, həyatım mübarizələrdə keçib. Xocalı faciəsi barədə kitablar, məqalələr yazaraq erməni vəhşiliyini, erməni qəddarlığını ifşa etməyə çalışmışam. Heç vaxt özümdən, gördüyüm işlərdən razı qalmamışam. Çünki özündən razılıq, adama arxayınlıq və tənbəllik gətirir. Mübarizədən, axtarışdan əlini soyudur.
- Əsir düşən şəhər sakinlərinin sonrakı taleyi ilə maraqlanmaq, araşdırmaq imkanınız olubmu?
- İmkan daxilində əsirlikdə olanların sonrakı taleyi ilə maraqlanmağa çalışmışam. Təəssüflər olsun ki, onların çoxu artıq həyatda yoxdur. Ermənilər əsirlərin əksəriyyətini amansızcasına, işgəncə ilə öldürüblər.
- Ömrümüzün axırına kimi bu yanğıyla, bu ağrıyla yaşayacağıq.
- Heç vaxt onun od-alovunun istiliyi, hərarəti azalmayacaq. Hər il fevral başlayandan qurtarana kimi Xocalı sakinləri çox ağır anlar yaşayır. Mənə elə gəlir ki, Xocalıda bizə vurulan yaralar qövr edir, heç vaxt qaysaq bağlamır. Bu yaralar uca səslə "Qisas" - deyib haray qoparır.
"Heydər Əliyev fondu"nun dəstəyi və onun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası çox böyük işlər görür. Zaman keçdikcə Xocalı faciəsini tanıyan ölkələrin sayı ildən-ilə artır. Dünya erməniliyin iyrəncliyini, astar tərəfini görüb, qaniçənlərin xislətini tanıyır.
- Bu
illər yaddaşınızda hansı izlər buraxıb?
- Mən Xocalıdan cismən
ayrılmışam, ruhum o
gözəl yerlərdə dolaşır. Yuxularımda qoynunda böyüdüyüm
şəhəri tez-tez görürəm.
Amma ayılanda özümü
doğma ocaqlardan uzaqda görəndə çox
pis oluram. Heç belə şirin yuxudan ayılıb, gözümü
açmaq istəmirəm. Bu
anları yaşamaq çox
ağrılıdır. Arada ötən
illər yaddaşımda kədərli, qəmli izlər qoyub. 26 ildir ki, doğma ocaqların həsrətini
çəkə-çəkə yaşayıram. Günlərin
birində Xocalıya dönəcəyimizi gözləyirəm.
Azərbaycan Ordusunun qüdrətinə
inanırıq. İnanırıq ki, döyüş hazırlığı
yüksək olan cəsur zabit
və əsgərlərimiz işğal
altında olan başqa
şəhər və kəndlərimiz kimi
Xocalını da ermənilərin
tapdağından azad edəcəklər.
Söhbətləşdi: Vahid
MƏHƏRRƏMOV
Azərbaycan ordusu 2018.- 24 fevral.- S.7.