“Son nəfəsimədək
vuruşacam, ölsəm də qəhrəmantək
öləcəm”
Mehdi Hüseynzadə -100
Ümummilli lider Heydər ƏLİYEV:
"Azərbaycan xalqının igid oğlu, adı dillər əzbəri olan partizan-kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıda ucaldılmış abidəsi Vətənimizi qorumaq üçün canından keçmiş qəhrəmanlara ümumxalq hörmət və məhəbbətinin parlaq ifadəsidir."
“Son nəfəsimədək vuruşacam, ölsəm də qəhrəmantək öləcəm”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mehdi Hüseynzadənin 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq.
Prezidentin sərəncamında bildirilir: "Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir".
... İkinci Dünya müharibəsinin həlledici məqamlarından hesab olunan Qərbi Avropanın antifaşist müqavimət hərəkatında "Mixaylo" kimi tanınan qeyri-adi döyüş bacarığı nümayiş etdirən cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin adı doğma Vətəni Azərbaycandan çox-çox uzaqlardakı ölkələri dolaşdı. O, Avstriyanın, Fransanın, İtaliyanın, Yuqoslaviyanın göylərində sönməyən əbədi parlaq ulduza döndü. Mehdinin doğulduğu Bakı şəhəri uğrunda döyüşdüyü bu ölkələrdə faşist Adolf Hitlerin göz dikdiyi neft Bakısı kimi tanınırdı. Qəhrəman Mehdi Vətənin hüdudlarından kənarda çex, slovak, polyak, yuqoslav, fransız, italyan partizan yoldaşlarına doğma Azərbaycandan, canı qədər sevdiyi Bakıdan və mavi Xəzərdən danışar, müharibə qurtardıqdan sonra birlikdə Bakıya getməyi arzulayardı, Adriatik dənizinin Xəzər dənizinə çox bənzədiyini deyərdi...
22 dekabr 1918-ci ildə Bakıda dünyaya göz açmışdı Mehdi Hənifə oğlu Hüseynzadə. Yeri gəlmişkən qeyd edək ki, onun vaxtilə yaşadığı ev "Nizami" metro stansiyasının yaxınlığındadı. Evin önünə qəhrəmanın xatirə lövhəsi vurulub. Kiçik yaşlarında atasını itirən Mehdi əvvəl anasının, sonra bibisinin himayəsində böyümüşdü. 1925-ci ildə 77 saylı yeddi illik məktəbə (hazırda 19 saylı məktəb) daxil olur. İlk müəllimləri görkəmli yazıçı Süleyman Sani Axundovdan və respublikanın xalq artisti, tanınmış bəstəkar Səid Rüstəmov olub. Gənc yaşlarından rəsmə, musiqiyə böyük həvəs göstərən Mehdi yeddi illik məktəbi bitirdikdən sonra təhsilini Bakı rəssamlıq texnikumunda davam etdirir. Zəhmətkeşliyi, elmə, təhsilə möhkəm bağlılığı ilə yaxınlarının, müəllim və tələbələrin dərin hörmətini qazanır. O, axşamlar evdə idarələrdən, kitabxanalardan, nəşriyyatlardan aldığı sifarişləri yerinə yetirər, plakatlar çəkər, şüarlar yazardı. Mehdi Hüseynzadənin gənclik dostu, sənətşünaslıq doktoru Mürsəl Nəcəfov xatirələrində yazır ki, Mehdinin müəllimlərə və tələbə yoldaşlarına münasibəti çox səmimi idi. “O, nümunəvi tələbə, yaxşı yoldaş və fəal ictimaiyyətçi idi. Hələ tələbə ikən bir sıra əsərlərin, o cümlədən şair Abdulla Faruqun "Döyüş yollarında" kitabının bədii tərtibatını vermişdi."
Poeziya vurğunu olan Mehdi Azərbaycan klassik ədəbiyyatını daima mütaliə edər, Ömər Xəyyamın, Molla Pənah Vaqifin, Hüseyn Cavidin şeirlərini əzbərləyərdi.
Beləcə, günlər keçir... Gənc yaşlarından əməyə alışan Mehdi ailənin qayğısını çəkməklə bərabər, təhsilini Moskvada davam etdirməyi qarşısına məqsəd qoymuşdu.
1936-cı ilin yayında Rəssamlıq Akademiyasında oxumaq üçün Moskvaya gedir, lakin istəyinə çata bilmir. Növbəti ildə Leninqrad Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olur. Tələbəlik həyatı başlayır. Burada da müəllimlərinin, tələbə yoldaşlarının sevimlisinə çevrilir. Dördüncü kursda oxuyan Mehdi təhsilini Bakıda davam etdirmək üçün Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna keçirilir. Onu Vətənə çəkən Azərbaycan poeziyasına və Azərbaycan ədəbiyyatına olan böyük məhəbbəti idi. İstər Xarici Dillər İnstitutunda, istər ədəbiyyat fakültəsində oxuyanda da rəssam kimi də sənətini davam etdirirdi.
1941-ci il iyunun 22-si... İnsanlığa, bəşəriyyətə qənim kəsilən Hitler faşizminin Sovetlər İttifaqına xaincəsinə hücumunun başladığı gün. "Ana Vətən çağırır!", "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarları Mehdinin də qəlbini titrədir. Minlərlə həmyaşıdı kimi o da könüllü olaraq cəbhəyə yazılır. Üçüncü kurs tələbəsi, böyük arzularla, ümidlərlə yaşayan Mehdi indi yalnız faşist qaniçənlərini məhv etmək barədə düşünür, çağırış vərəqəsinin gəlməsini səbirsizliklə gözləyirdi. Nəhayət, o zaman gəlib yetişdi. 1941-ci ilin avqustunda "Mən gərək ailəmizin, atamızın adını yüksəklərdə tutum" deyən Mehdi doğmaları, dostları ilə görüşüb cəbhəyə yola düşür, ölüm-dirim savaşına atılır. Cəbhə yolları başlayırdı. Sülhpərvər bir insan olan Mehdini əsgər şineli geyməyə, fırçasını süngüyə çevirməyə məcbur edən faşist işğalçılarının qəfil, xaincəsinə basqını idi. Gənc əsgər əvvəlcə Bakıda, Qusarda hərbi təlimlər keçir. Sonra Tbilisidəki hərbi-piyada məktəbinə göndərilir. Oradan doğmalarına göndərdiyi məktubunda yazırdı ki, mən oxuduğumuz məktəbi əla qiymətlərlə qurtardım, rütbəm qvardiya leytenantıdır. Digər bir məktubunda yazırdı ki, məndən nigaran qalmayın. Mən sizin adınızı ucaldacam, mənim haqqımda eşidərsiniz.
...1942-ci ilin yayında qvardiya leytenantı Mehdi Hənifə oğlu Hüseynzadə Stalinqrad cəbhəsinə göndərilir. O, Stalinqrad yaxınlığındakı Kalaç rayonunda vuruşurdu. Gənc zabit ən ağır döyüşlərin getdiyi cəbhədə vuruşduğunu məktublarının birində qeyd edirdi: "Bu məktubu düşmən güllələri altında yazıram, burada şiddətli vuruşmalar gedir, faşistlərin törətdiyi cinayətlərin həddi yoxdur. Biz hücuma hazırlaşırıq. Söz verirəm ki, son nəfəsədək vuruşacam, ölsəm də qəhrəman kimi öləcəm."
Həmin döyüşlərdə
ağır yaralanan Mehdi
əsir alınır. O, ilk
günlərdən həbs düşərgəsindən qaçmaq və mübarizəni davam etdirmək əzmi ilə yaşayır. İki dəfə
Ukrayna və Polşa ərazisində
həbs düşərgəsindən qaçsa
da, partizanlarla
görüşməyə cəhd etsə də, uğursuz alınır və sonda
yenə də faşistlərin əlinə keçir. Almanlar
Ukraynanın işğal etdikləri ərazilərindən
birində fəhlə batalyonu yaradır. Burada gələcək komandiri,
partizan dostu Cavad Həkimli ilə tanış olur və hər ikisi alman dilini bildiyindən yük qatarı ilə Berlinə, Dolerits rayonunun dördüncü tərcüməçilər
birləşməsinə göndərilir. Burada üç ay təhsil aldıqdan sonra onlar 162-ci Türküstan alman diviziyasına qəbul edilir. İkinci Dünya
müharibəsinin tarixindən
bəllidir ki, Sovet İttifaqı ilə müharibənin gedişində alman komandanlığı hərbi
əsirlərdən ibarət
milli birləşmələr
- legionlar yaradırdı.
Onlara təxribatlar törətmək
və silahlı mübarizə aparmaq tapşırılmışdı. Bunlardan biri də 162-ci Türküstan diviziyasının
314-cü alayı Azərbaycan
legionu idi. Mehdi fransız dilini təmiz bildiyindən burada ondan daha
çox istifadə edirdilər.
...Qəhrəman həmyerlimiz
hiyləgər düşmənlə
mübarizədə yeni , həm
də fərqli döyüş bacarığı
nümayiş etdirməli
idi. Mehdi Hüseynzadə, Cavad Həkimli və digər hərbi əsirlərlə - Qasım
Əmrahov, Sadiq Nadirli, Cabbar Quliyev, Mikayıl Qulubəyov, Əsəd Qurbanov və başqaları ilə birlikdə necə olursa-olsun, partizanlara qoşulmaq, əsirləri düşərgələrdən
çıxartmaq üçün
yollar axtarırdılar.
Onlar Sovet əsirlərindən ibarət
gizli təşkilat - rus bölüyü yaradır, düşərgədəki 23 min əsir arasında möhkəm təbliğat aparırlar.
Təşkilatın rəhbəri
Mehdi "Qürbətzadə
Mixaylo" imzası ilə Azərbaycan dilində "Hüququnu itirmiş dostuma" sərlövhəli vərəqələri
çap edərək
onları qrup rəhbərləri və
üzvləri vasitəsilə
əsirlər arasında
yayırdı. Sonu "Alman
faşistlərinə ölüm!"
cümləsi ilə bitən bu vərəqələr
düşmənin yaxın
vaxtlarda darmadağın
olunacağından, Sovet
qoşunlarının bütün
cəbhə boyu uğurlu hücum əməliyyatlarından bəhs edən, əsirlərin intiqamına səsləyən
mübariz bir ittihamnamə idi.
1943-cü
ilin noyabrı... Mehdi yoldaşları ilə birlikdə istehkam qurmaq üçün Şimali
İtaliyanın Triyest şəhəri
yaxınlığındakı Villi Opçina qəsəbəsinə gətirilir.
İlk fürsəti əldən verməyən
Mehdi Aleksandr adlı sloveniyalının
tanış etdiyi bacısı Savva adlı kəşfiyyatçı qızın
köməyi ilə (Savva "Uzaq sahillərdə filmindəki
Anjelikanın prototipidir)
partizanlarla əlaqə
yaratmağa nail olur. Olduqca cəld, çevik, qorxmazlıq kimi möhkəm xarakterə malik olan Mehdi
Cavad Həkimli ilə birlikdə legiondan qaçaraq İtalyan-Yuqoslav 9-cu partizan
korpusuna qoşulur.
9-cu korpusun tərkibində
legionlardan qaçmış
keçmiş Sovet əsirlərindən formalaşmış
yeni bölük təşkil olunur. Bu rota "Ruska-Çeta"
adlanırdı. Onun komandiri
Cavad Həkimli, kəşfiyyatçısı və siyasi hissə üzrə komandir köməkçisi
Mehdi Hüseynzadə təyin olunur. "Mixaylo" ağlı,
təmkini və əsl kəşfiyyatçı
məharəti ilə
bütün gərgin
vəziyyətlərdən qalib çıxırdı.
Hər bir tapşırığı
yerinə yetirməyə
gedərkən bilirdi ki, bunu ədalət
naminə, azadlıq naminə, haqq işinin qələbəsi
naminə edir. Mehdi Hüseynzadə həmişə
deyirdi ki, kəşfiyyatçı da
minaçı kimi bir dəfə səhv edir. Ona görə də əməliyyata hazırlaşarkən
hər şeyi yüz ölçüb bir biçmək lazımdır.
Mixaylonun faşist işğalçılarına
qarşı mübarizədə
keçən iki ilinin hər günü, hər həftəsi, hər ayı qəhrəmanlıqla
doludur. O, çox hallarda alman zabiti formasında fəaliyyət göstərirdi.
Onu bəzən rəssam, yoxsul kəndli geyimində, mətbəə
fəhləsi paltarında
görürdülər. Mixaylo! Bu adı
Triyest əhalisi faşist qəzetlərində,
xüsusi elanlarda, afişalarda tez-tez görürdü. Ələkeçməz Mixaylonun tutulması və ölümü üçün alman komandanlığı 300 min marka
məbləğində mükafat
vəd etmişdi.
Bu "səxavət" təsadüfi
deyildi, çünki,
Mixaylonun partlatdığı
qatarlar, tankerlər, elektrik stansiyaları, kazarmalar faşistlərə
100 və 1000 qat bahasına başa gəlirdi. Tədqiqatçılar
belə hesab edirlər ki, əfsanəvi qəhrəman
Mehdi Hüseynzadənin
kəşfiyyat fəaliyyəti
nəticəsində əksəriyyəti
zabit olmaqla 1000-ə qədər faşist öldürülüb.
...Mixaylo komandanlıqdan növbəti tapşırığını alır. Əməliyyatı uğurla həyata keçirir. Lakin geri qayıdarkən düşmənlə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə Mixaylo qəhrəmancasına həlak olur. Cəsur kəşfiyyatçının partizan dostları onu müsəlman adət-ənənəsinə uyğun olaraq keçmiş Yuqoslaviyanın ərazisində yerləşən Çepovani kəndində dəfn edirlər. Onun məzarı üzərində bu sözlər yazılıb: "Azərbaycan xalqının qəhrəman oğlu, əziz dostumuz Mehdi, rahat yat. Sənin azadlıq uğrunda göstərdiyin ölməz qəhrəmanlıq dostlarının qəlbində daim yaşayacaqdır."
Mehdi Hüseynzadənin qəhrəmanlığı haqqında, həlak olması barədə məlumatı ilk dəfə müharibədən sonra doğmalarına çatdıran onun yaxın silahdaşı, partizan dostu Cavad Həkimli olur.
1957-ci il aprelin 11-də Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hüseynzadəyə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı verilir.
Xalqımız qəhrəman, alovlu vətənpərvər oğlunun xatirəsini həmişə əziz tutub və adını əbədiləşdirib. Haqqında şeirlər, poemalar, roman və povestlər yazılıb, bədii filmlər çəkilib. "Uzaq sahillərdə", "9-cu korpus", "Təxəllüsü Mixaylo" filmləri Mehdi Hüseynzadənin qəhrəmanlıq dolu həyatından bəhs edir. Xalq şairi Süleyman Rüstəm "El oğluma" şeirini Mehdi Hüseynzadənin əziz xatirəsinə həsr edib.
Gənc, qəlbi arzularla dolub- daşan Mehdi vədini şərəflə yerinə yetirdi. Nəinki
doğmalarının, Vətəni Azərbaycanın, elinin, obasının başını da uca edib,
adına şan-şöhrət qazandırdı. Göstərdiyi
qəhrəmanlıqların sorağı eldən-elə
dolaşdı. Vətən oğlu ölümü ilə
ölümsüzlüyə qovuşdu.
Atalar gözəl deyib:
"İgid ölər, adı qalar". Vətəndən çox-çox
uzaqlarda əfsanəvi qəhrəmanlıq
zirvəsinə ucalan Mehdi
Hüseynzadənin xatirəsi əbədi yaşayacaq.
Onun məzarı dağ
zirvələrində olduğu kimi, adı da ürəklərin
zirvələrində əbədiyyət tapacaq.
Lalə
HÜSEYNOVA, "Azərbaycan Ordusu"
Azərbaycan ordusu 2018.- 18 iyul .- S.6.