100 yaşlı “Azərbaycan” Cümhuriyyətin ilk mətbu orqanıdır

 

22 iyul Milli Mətbuat Günüdür

 

Ötən əsrin əvvəllərində Azərbaycanda milli maarifçilik ideyalarının ictimai şüurda möhkəmlənməsi, təhsilin, milli inkişaf və tərəqqinin əsas amili kimi önə çıxması milli ruhlu ziyalı təbəqəsinin tarixi missiyası ilə şərtlənmişdir. Xalqın yeganə çıxış yolunun elmdə, təhsildə, bu sahənin yüksək inkişafında, bir sözlə, insanların hərtərəfli maariflənməsində görən milli təfəkkürlü şəxsiyyətlər kifayət qədər ziddiyyətli və mürəkkəb dövrdə qarşıya qoyduqları ali məqsədlərin gerçəkləşməsi uğrunda fəal, əzmlə mübarizəyə qalxdılar. Cəmiyyəti qəflət yuxusundan oyatmağa çalışdılar.

1918-ci ilin 28 mayında xalqımızın yüzilliklər boyu arzusunda olduğu istiqlalına qovuşmasından sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, dövlət səviyyəsində savadsızlığın ləğvi istiqamətində ardıcıl və sistemli tədbirlər görülür. Azərbaycan Xalq Cümhuriyyətində təhsil quruculuğu geniş vüsət alır. Tarixi faktlar təsdiqləyir ki, milli təfəkkürlü, intellektual səviyyəli ziyalıların səyləri ilə real həyata vəsiqə qazanan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən ölkənin üzləşdiyi problemlərin səbəblərini haqlı olaraq təhsilin, maarif işinin lazımi səviyyədə olmamasında axtararaq savadsızlığın ləğvinə hesablanan təbliğati işlərə başlayır. 1918-ci il sentyabrın 15-də Gəncədə Cümhuriyyət parlamentinin rəsmi mətbuat orqanı kimi fəaliyyətə başlayan "Azərbaycan" qəzeti də qısamüddətli fəaliyyəti dövründə milli maarifçilik dalğasının genişlənməsi, cəmiyyətə aşılanması prosesində fəal iştirak edir. Qəzetin səhifələrində zamanın və məkanın nüfuzlu ziyalılarının təbliğati xarakterli çıxışlarına, publisistik məqalələrinə geniş yer verir. "Azərbaycan" cəhalətin, düşüncə geriliyinin hökm sürdüyü bir zamanda nəinki insanları təhsil almağa çağırır, eyni zamanda, qadınların savadlanması, maariflənməsi təşəbbüslərinin alovlu təbliğatçısı, təşviqatçısı olur.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində cəmi 443 sayı işıq üzü görən "Azərbaycan"ın səhifələrini vərəqlədikcə bir daha aydın görünür ki, qəzetin ətrafına toplaşmış işıqlı təfəkkür sahibləri qələmə aldıqları məqalələrində savadsızlığa qarşı çıxır, yeni məktəblərin, ali məktəb ocaqlarının açılması barədə təkliflər irəli sürür, parlamentin bu yöndə atdığı ilk addımları dəstəkləyirlər. O illərdə ÜzeyirCeyhun Hacıbəyov qardaşlarının, Şəfi bəy Rüstəmbəyovun, Xəlil İbrahimin, Yusif Vəzir Çəmənzəminlinin, Əhməd Cavadın, Cəfər Cabbarlının və digər ziyalıların "Azərbaycan" qəzetində nəşr olunan məqalələri milli maarifçilik ideyalarının ifadəsi kimi bu gün də diqqəti xüsusi olaraq cəlb edir. Həmin ziyalılar, həmçinin qadınların, qızların təhsil alması ilə bağlı köhnə fikirləri, bu sahədəki geriliyi kəskin tənqid edir, cəmiyyəti düzgün istiqamətləndirməyə çalışırdılar. Azərbaycanın ilk qadın jurnalisti və pedaqoqlarından olan Şəfiqə xanım Əfəndizadə məqalələrində qadınları təhsil almağa çağırır. "Bir çox ümidlərimiz" sərlövhəli yazısında elmin, təhsilin cəmiyyətdəki roluna yüksək dəyər verirdi: "Ümidlərimiz çox böyükdür… Hər bir rəzalətin səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın dərmanı isə elmdir, maarifdir…"

Vətənpərvərlik təbliğatının tərkib hissəsi kimi Cümhuriyyət parlamentinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə üçrəngli, aypara və səkkizguşəli ulduzdan ibarət bayraq milli dövlət atributu kimi qəbul edilir, pulpoçt markaları dövriyyəyə buraxılır. Bütün bunlar barədə "Azərbaycan" qəzetinin səhifələrində vaxtaşırı geniş məlumatlar verilir, dövlət müstəqilliyinin möhkəmlənməsi baxımından xalqın övladlarının yüksək təhsil almasının vacibliyi dönə-dönə vurğulanırdı.

1919-cu ilin sentyabrında müsəlman şərqində ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin açılması Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisələrdən biri olur, milli kadr hazırlığı prosesinə böyük töhfə verir. Bu hadisəni ruh yüksəkliyi ilə səhifələrində işıqlandıran "Azərbaycan" qəzeti universitetin açılmasında Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Həmid bəy Şaxtaxtinskinin və görkəmli rus alimi Vasili Razumovskinin xidmətlərini xüsusi qeyd edirdi. Universitetdə milli pedaqoji kadrların hazırlanması ilə yanaşı, xaricdə də bir sıra yeni ixtisaslar üçün mütəxəssis hazırlığının vacibliyi ilə bağlı fikirlər də "Azərbaycan"ın səhifələrində geniş yer alırdı. Həmin dövrdə parlametin qəbul etdiyi qanuna görə xarici ölkələrə 100 nəfər abituriyent və tələbənin göndərilməsi nəzərdə tutulur. Onların İngiltərə, Fransa, İtaliya, Rusiya və Türkiyədə yüksək ali təhsil alması üçün Cümhuriyyətin Maarif Nazirliyi tərəfindən 700 min manat ayrılır. Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay mövcudluğu dövründə təhsil və xalq maarifi sayəsində görülən işlər barədə çoxlu fakt göstərmək olar. Cümhuriyyət parlamentinin rəsmi mətbuat orqanı olan "Azərbaycan" ilk gündən xalqın təhsilinin və maarifçilik işlərinin gücləndirilməsi naminə həyata keçirilən tədbirləri diqqətdə saxlayır, eyni zamanda xalqın milli mənlik şüurunun oyanması, milli tərəqqiyə malik olması baxımından geniş təbliğat işi aparmışdır. Təhsil, elm məsələsi ilə yanaşı, o dövrün ədəbi-bədii prosesləri qəzetin səhifələrində geniş şəkildə işıqlandırılır, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı çoxsaylı məqalələr yer alır. Ümumiyyətlə, qəzet həmin dövrdə tariximizi olduğu kimi - obyektiv, şəffaf və qərəzsiz şəkildə əks etdirib, xalqın və dövlətin mənafeyini daim uca tutaraq milli ideallara bağlılığını bir daha təsdiq edib.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə fəaliyyətini dayandıran "Azərbaycan" qəzeti yalnız respublikamız dövlət müstəqiliyini bərpa etdikdən sonra işıq üzü görür, varislik əlaqələrini bərpa edərək, tarixi ənənələrə sadiq qalmaqla yanaşı, fəaliyyətinin müasir dövrün qəzetçilik prinsipləri əsasında qurur. Bu il sentyabrın 15-də 100 illik yubileyini qeyd edəcək Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan "Azərbaycan" qəzetinin son 25-26 illik fəaliyyəti milli idealların daşıyıçısına, alovlu təbliğatçısına çevrilib. Onu da qeyd etməliyik ki, "Azərbaycan" qəzeti fəaliyyətinin bütün mərhələlərində xalqın yeganə nicat yolunun onun yüksək təhsil almasında və maariflənməsində görüb. Dövlətçilik, azərbaycançılıq ideyalarının ictimai düşüncədə möhkəm yer almasına çalışıb, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə təbliğat dəstəyini heç zaman əsirgəməyib. "Azərbaycan"ın respublika həyatında cərəyan edən siyasi, iqtisadi, sosial, mədəni humanitar prosesləri operativ, dürüst şəkildə milli mənafe prizmasından işıqlandırması bu gün onun ümumxalq qəzetinə çevrilməsini təmin edib, oxucuların böyük etimadını və inamını qazanmasına səbəb olub.

 

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"

 

Azərbaycan ordusu  2018.- 21 iyul .- S.5.