Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi

 

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirib, döyüş qabiliyyətini artırıb. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkanverir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə verilib.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

 

Sonra Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də gündəlik texniki xidmət məntəqələri yaradılıb. Burada hərbi texnika və avtomobillərin saxlanması,təlimata uyğun istifadə və istismarı üçün lazımi şərait vardır. Texniki nəzarət məntəqəsində təlimat sinfi, növbətçi, həkim və digər xidməti otaqlar istifadəyə verilib. Qarovul evində də xidmətin təşkili üçün hərtərəfli şərait yaradılıb.

Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqlarla təchiz edilmiş texniki qulluq və təmir məntəqəsində artilleriya silahlarının, rabitə vasitələrinin, akkumulyator batareyalarının təmiri və doldurulması, o cümlədən texnikaların təmiri emalatxanaları, ehtiyathissələr anbarı və çay evi istifadəyə verilib.

Ali Məclisin Sədri hərbi hissədə nümunəvi xidmət şəraitinin yaradıldığını bildirib, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daim artırılması, texnikaların saxlanma şəraitinə nəzarət olunması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.

 

Azərbaycan ordusu.- 2018.- 10 oktyabr.- S.2.