“Müharibə mövzusunda
yazılmış əsərlərdən qələbə qoxusu gəlməlidir”
Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, sənətşünas Məryəm Əlizadədir.
- Məryəm xanım, cəmiyyətimizdəki hərbi vətənpərvərlik ovqatını necə dəyərləndirirsiniz?
- Mən müəlliməm, müşahidələrimə əsaslanıb deyə bilərəm ki, torpağını sevən, yurdunu qoruyan vətənpərvər bir gənclik yetişib. Aprel döyüşləri gedən günləri yaxşı xatırlayıram. Gənclər həmin vaxtlar çağırış gözləmədən orduya yollanmaq istəyirdilər. Əgər həmin ərəfədə Ali Baş Komandanın əmri olsaydı, gənclərimiz torpaqlarımızı işğalçılardan azad etmək üçün döyüşlərə yollanardılar. Vətənpərvərlik insanda birdən-birə formalaşmır. Yaşadığımız mühit özü vətənpərvər gənclər hazırlayır. Dünənimizin tarixinə boylananda qəhrəmanlıqla dolu şərəfli səhifələr görürük. Qəhqəmanlıq ənənələri bu gün də gənclərin qanında yaşamaqdadır. Hazırda cəmiyyətdə vətənpərvərlik ovqatı yüksəkdir. Biz, müharibə şəraitində yaşayırıq, torpaqlarımızın 20 faizindən çoxu ermənilərin işğalı altındadır. Ona görə də həm tədris ocaqlarında, həm də cəmiyyətdə bu istiqamətdə çox ciddi işlər aparılır. Vətənimiz, müstəqilliyimiz naminə hamımız çalışmalıyıq.
- Müharibələr
zamanı hər birimizin üzərinə
qaçılmaz vəzifələr düşür.
Sizcə həmin günlərdə yazıçı və
şairlər hansı addımları atmalıdırlar?
- Müharibə gedən ölkədə qələbə naminə bir vətəndaş kimi şair, yazıçı və rəssamların da üzərinə müəyyən vəzifələr düşür. Düzdür, yaradıcı insanlar bu istiqamətdə müəyyən işlər görüblər, müharibə mövzusunda müxtəlif əsərlər yazılıb, filmlər çəkilib. Bu günlərdə mətbuat səhifələrində görkəmli yazıçı və dramaturq Elçin Əfəndiyevin bir məqaləsini oxudum. Yazıçı çox haqlı olaraq vurğulayır ki, son illər müharibə mövzusunda elə bir tutarlı, dünya ədəbiyyatı səviyyəsinə çıxarılması mümkün olan əsər yazılmayıb. Məncə, bu mövzuda elə əsərlər yaranmalıdır ki, onların bədii səviyyəsi yüksək olsun, insanları düşmən üzərinə səfərbər edə bilsin. Bu əsərlər hər birimizin içindəki vətəndaşlıq hissini oyatmağa təsir göstərməlidir. Ən başlıcası odur ki, müharibə mövzusuna köklənmiş əsərlərdən qələbə qoxusu gəlməlidir.
- Necə fikirləşirsiniz,
qələm silaha hansı anlarda
çevrilməlidir?
- Məncə qələm də silah kimi elə bütün zamanlarda güclü və kəsərli olmalıdır. Yeri gələndə, məqamı yetişəndə bu kəsər, bu itilik daha da artmalıdır. Müharibə şəraitində qələmi yalnız vətənpərvərlik mövzusu ovxarlamalıdır. Qələm, səs və söz böyük səfərbəredici gücə malikdir. Üçü vəhdətdə daha güclü və yenilməz olur. Müharibə vaxtı yerində və vaxtında deyilən söz çox şeyi həll edə bilər.
Müharibə dağıdıcı bir qüvvədir. Müharibə həyatın eroziyasıdır. Müharibə yüz illər ərzində qurulan şəhərləri bir neçə günün içində dağıdıb yerlə-yeksan edir. Mərmilər min illik tarixi abidələri bir göz qırpımında yer üzündən silir. Bu abidələr bəşəriyyət tarixinin nadir inciləridir. Müharibə tərəfdarı olanlar sanki insana və insanlığa qənim kəsiliblər, baş verən faciələrdən ibrət dərsi götürmək istəmirlər. Yer üzünün bütün humanist insanları müharibəni pisləməlidirlər. Görkəmli ziyalılar sinəsini irəli verib milli mənəviyyatımızın keşiyində dayanmalıdır. İnsanlara ölüm, bəşəriyyətə fəlakət gətirən müharibəyə "yox" deyilməlidir.
- Bildiyimə görə, həyatınızın bir parçası Şuşa ilə bağlıdır.
- Bakıda dünyaya göz açşam da, uşaqlığım Şuşada keçib. Yeddi il Şuşada, Malıbəylidə nənəmin yanında qalmışam. Mənim babam Səlim bəy olub. Onun həm Şuşada, həm də Malıbəylidə evi var idi. Mən özlərində tarixin izlərini yaşadan dekarativ sənət nümunələrini çox sevirəm. Marağımı görən yaxın qohumlar da harada qədim sənət əsərləri görürdülərsə, gətirib mənə verib deyirdilər ki, Məryəm, sən bunları qoru. Mən də imkan daxilində onları toplayırdım. Demək olar ki, həm Malıbəylidəki, həm də Şuşadakı evimizdə muzey yaratmışdım.
- Şuşa və Malıbəyli ilə bağlı xatirələriniz bitib-tükənmək bilmir...
- Birinci sinfin ilk aylarını Malıbəylidəki məktəbdə oxumuşam. Sonrakı illərdə isə yay tətillərində Qarabağa gedirdim. Beləcə, illər ötüb keçir, mən də yavaş-yavaş böyüyürdüm. O yerlərə çox bağlı bir insanam. Qarabağ mənim üçün çox doğmadır. Bu yaxınlarda Respublika Xalça Muzeyinin 50 illiyi ilə bağlı tədbirə qatılmışdım. Sənətşünas yoldaşlardan biri yaxınlaşaraq dedi ki, Məryəm xanım, xəbəriniz varmı ermənilər Amerikada xalça sənəti ilə bağlı beynəlxalq bir mərkəz yaradıblar. Həmin mərkəzin embleminə isə Malıbəyli kəndinin şəklini qoyublar. Çox məyus oldum. Malıbəyli kəndi xalçaçılığın ən qədim məskənlərindən biridir. İmmi nənəm el-obada ən məşhur xalça toxuyanlardan idi. Yaxşı xatırlayıram, görkəmli rəssam və xalçaşünas alim Lətif Kərimov tez-tez Malıbəyliyə gələrdi. O kənddə xalça sexi açmış və həvəskar qadınları bu işə cəlb etmişdi. Dəfələrlə də nənəmin yanına gəlib xahiş etmişdi ki, gedib o qadınlara xalça toxumağı öyrətsin. İmmi nənəm də bu böyük sənətkarın sözünü yerə salmazdı. Kənddə nənəmin barmaqlarının izi qalmış xalçalar çox idi. Qardaşımın oğlu, babamın adını daşıyan Səlim rəssamdır. O həm Malıbəylidəki, həm də Şuşadakı evimizin rəsmlərini çəkib. Həmin rəsmləri evimizin ən baxımlı yerindən asmışam. Onlara baxdıqca şuşalı, malıbəylili günlərim kino lenti kimi gözlərim önündən gəlib keçir. Bu həsrətə dözmək olduqca çətindir.
- Tələbələriniz
təhsillərini bitirəndən sonra hərbi
xidmətə yollanırlar. Ordu
sıralarında olarkən onlarla əlaqə
saxlaya bilirsinizmi?
- Tələbələrim təhsillərini başa vurandan sonra böyük həvəslə ordu sıralarına yollanırlar. Həmin günlərdə onların gözlərindən sevinc parlayır. Onları belə ovqatda görəndə ürəyim qürurla dolur. Sevinirəm ki, bu oğullar sabahımızın əsgərləri olacaqlar. Tələbələrim hərbi xidmətə gedəndə gəlib müəllimləri ilə görüşürlər. Hamısına xeyir-dua verirəm. Orduya gedən tələbələrimə Qarabağın xilaskarları kimi baxıram. Məzuniyyətə gələndə zəng vurub ordu həyatından həvəslə danışırlar. Onlardan xoş sözlər eşitdikcə ürəyim dağa dönür. Şükürlər ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğunda uğurlu islahatlar həyata keçirilir. Nəticə göz qabağındadır. Hər şey kökündən dəyişilib, yenilənib. Bir vətəndaş kimi bu məni çox sevindirir.
- Siz sənətşünassınız. Sənət və müharibə, yaxud əksinə, müharibə və sənət. Bunların bir-birinə təsiri, yaxud əks-təsiri varmı?
- Müharibə sənətə də, ədəbiyyata da yeni mövzular verir. Görkəmli yazıçı Bextold Bredin müharibə mövzusunda "Kuraj ana və uşaqları" adlı məşhur pyesi var. Çox təsirli və düşündürücü əsərdir. Müharibə nədisə, nə qədər dağıdıcıdırsa, yazıçı onu yüksək bədii ustalıqla, həm də bütün çılpaqlığı ilə qələmə alıb. Mən arzu edərdim ki, bizdə də belə əsərlər yaransın. Tamaşaya baxanda da, pyesi oxuyanda da müharibəyə nifrət edirsən. Bu pyesdə sanki müharibə ilə sənət bir-birinə qovuşub. Əsəri oxuduqca təsvir olunan hadisələrdən təsirlənirsən, hisslərin coşur, fikirlərin dəyişir. Dünyaya başqa gözlə baxırsan. Bax, sənətin gücü də bundadır. Yazıçı diktə etmək istədiyi ideyanı oxucuya bədii vasitələrlə ustalıqla çatdırmalıdır.
- Azərbaycan zabitinə, Azərbaycan əsgərinə sözünüz və arzularınız.
- Azərbaycan Ordusunun şəxsi
heyətinə xidmətlərində uğurlar
və qələbələr arzulayıram. Xalqımız bu gün
torpaqlarını qorumağı onlara etibar edib. İnanıram ki, zabit və əsgərlərimiz
qəhrəmanlıqları ilə xalqın etimadını doğruldaraq bizi qələbələrlə
sevindirəcəklər.
Söhbəti
yazdı: Vahid MƏHƏRRƏMOV
Azərbaycan ordusu 2018.- 13 yanvar.- S.7.