Xalq Cümhuriyyəti dövründə
ordu quruculuğu
(III məqalə)
Hərbi Nazirliyin rəhbərliyi 1918-ci ilin dekabrında bildirirdi ki, mövcud olan fərariliyin əsas səbəblərindən biri çağırış orqanlarının fəaliyyətinin düzgün qurulmaması ilə bağlıdır. Qeyd edilirdi ki, xidmətə yalnız rüşvət verib canlarını qurtara bilməyən şəxslər çağırılırdılar və bunun nəticəsi idi ki, qoşun hissələrində bir nəfər də olsa imkanlı adamın övladı yox idi. Yalnız Praporşiklər məktəbində imkanlı adamların övladlarına rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı isə kasıbların üzərinə düşürdü.
1918-ci il dekabrın 25-də S.Mehmandarov hərbi xidmətə çağırışın yaxşılaşdırılması münasibətilə xalqa müraciət etdi. Həmin müraciət həm rus dilində, həm də Azərbaycan dilində çap edilərək əhali arasında yayıldı. Həmin müraciətdə S.Mehmandarov türk qoşunlarının Azərbaycanda olduğu vaxt çağırış işində yol verilən nöqsanlara, hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunmaqla bərabər, onların aradan qaldırılması üçün qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlanmasını vurğulayırdı:
"İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları - istər fağır, istərsə də dövlətlini əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə də, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçün ayrı yorğan-döşək hazırlatmışam".
Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Ordusunun yeni-yeni hissələrinin təşkilinə imkan verirdi. 1919-cu ilin əvvəllərində bu sahədə xeyli fəallıq duyulurdu. 1919-cu ilin yanvarında Gəncədə olan təlim taboru ləğv edildi və o, Gəncə alayının 2-ci taboruna çevrildi. Elə həmin ilin yanvarında bir zirehli qatarın şəxsi heyəti kompeltləşdirilmişdi. Nazirlər Şurasının 22 yanvar 1919-cu il tarixli qərarı ilə Azərbaycan Korpusunun qərargahı ləğv edilərək onun zabitləri Hərbi Nazirliyin aparatına cəlb edildi, bir çoxu isə qoşunlarda xidmətin təşkilinə göndərildi.
Qoşunların sayının artması ilə Ümumi Qərargahın tərkibində olan Ləvazimat şöbəsi də 1919-cu ilin əvvəllərində Ləvazimat İdarəsinə çevrilərək birbaşa hərbi nazirin tabeçiliyinə keçmişdi.
1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı. Hərbi Şuranın Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə kimi Müvəqqəti Hərbi Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirə edilməsi və müvafiq qərar qəbul edilməsi ilə məşğul olmalı idi. Onun tərkibinə piyada və süvari diviziyalarının rəisləri, Ümumi qərargahın rəisi, Topçu, Ləvazimat və İstehkam İdarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. Hərbi Şuranın iclasları hərbi nazirin, ya da onun müavininin sədrliyi altında keçməli idi. Nazirliyin digər idarə və xidmət rəisləri onların xidmətlərinə aid olan məsələlərin müzakirəsi zamanı müvəqqəti Hərbi Şuranın iclaslarına dəvət edilə bilərdi.
Ordu quruculuğu daim inkişafda olan bir proses kimi
götürülürdü. Bu inkişafa uyğun
olaraq ordunun strukturunda, idarəetmə
orqanlarında müvafiq
dəyişikliklər aparılır,
ordunun möhkəmlənməsinə,
döyüş hazırlığı
səviyyəsinə, qoşun
hissələrinin praktiki
fəaliyyətinin yaxşılaşmasına
təsir göstərə
biləcək bütün
amillər mütəmadi
olaraq nəzərdən
keçirilir və onların ən səmərəli cəhətlərinə
üstünlük verilirdi.
Bunun nəticəsi
kimi, 1919-cu ilin martında Azərbaycan Ordusunun idarəetmə orqanlarında mühüm
bir keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri
ilə martın 26-da Baş Ərkanı-hərb
(Generalnıy ştab)
təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. S. Mehmandarov bu strukturun yaradılmasını
onunla əlaqələndirirdi
ki, Ümumi qərargah (Qlavnıy ştab) qoşunların həm təlim-tərbiyəsi,
ordunun müharibəyə
hazırlaşdırılması, həm də ordunun təsərrüfat
məsələləri və
gündəlik qayğıları
ilə eyni vaxtda səmərəli məşğul ola
bilmir. Ordu böyüdükcə onun təsərrüfat məsələləri, təchizat
və təminat qayğıları da artırdı. Ona görə də ordunun təlim-tərbiyəsi,
döyüş hazırlığı,
müharibəyə hazırlaşdırılması
və s. kimi vəzifələr yeni yaradılan Baş ərkani-hərbin səlahiyyətinə,
təsərrüfat və
təminat məsələləri
isə Ümumi qərargahın səlahiyyətinə
verildi. General-leytenant M.Sulkeviç Ərkani-hərbin rəisi
təyin edildikdən sonra ordu hissələrinin
formalaşması daha
ahəngdar xarakter aldı, yəni, 2-ci Bakı piyada alayının formalaşdırılması
sürətləndirildi, 3-cü Şəki süvari alayının təşkili
tezliklə başa çatdırıldı.
Azərbaycan hökumətinin Azərbaycan
xalqının idarəsini
əks etdirdiyinə əmin olan müttəfiq dövlətlərin
hərbi komandanlığı
1919-cu il aprelin əvvəllərində
milli qoşun hissələrinin az saylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə
verdi. Martın 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində yerləşəcək
hissə və bölmələr dəqiqləşdirildi.
Həmin
qüvvələrə bir
piyada taboru, 400 nəfərlik süvari və bir topçu
batareyası daxil idi. Bütün bu qüvvələrə
1-ci Tatar süvari alayının
komandiri polkovnik Ağalarov rəhbərlik
edirdi. Polkovnik Ağalarova Bakı
qornizonunun rəisi vəzifəsi də həvalə olunmuşdu.
Aprelin
5-də həmin qüvvələr
Bakıya daxil oldu və Salyan
kazarmalarında yerləşdirildi.
Bakıya Azərbaycan qoşun
hissələrinin daxil
olması münasibətilə
Hərbi nazir S.Mehmandarov da Bakıya gəldi. Şəhər əhalisi Azərbaycan
Ordusunun qoşun hissələrini çox böyük təntənə
ilə qarşıladı.
1919-cu ilin yayında
və payızında
Azərbaycan Ordusu hissələrinin formalaşdırılması
böyük sürətlə
davam etdirildi. Bu dövr qoşun
hissələrinin yaradılmasında
ən məhsuldar dövr sayıla bilər. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməsinə başlaması ilə
1919-cu ilin iyunun son günləri və iyulun əvvəllərində
Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. Hərbi Nazirliyin aparatı, Ümumi qərargah və Baş Ərkani-hərb Bakıda
Krasnovodsk və Merkuri küçələrinin
(indiki S.Vurğun küçəsi ilə və Azərbaycan prospektinin) kəsişməsindəki
binada yerləşdirildi.
1919-cu ilin payızında
təşkil edilən
ən əhəmiyyətli
hərbi strukturlardan biri Bakı istehkamat hissəsi (Bakinskiy ukrepleniy rayon) idi. Bu strukturun yaradılmasında başlıca
məqsəd şimaldan,
xüsusən dənizdən
ehtimal olunan Denikin təhlükəsinin
qarşısını almaq
və bütünlüklə
Bakının etibarlı
müdafiəsini təşkil
etmək idi. Bu məsələ ilə bağlı hərbi nazir S.Mehmandarovun yazdığı raport
1919-cu il sentyabrın 13-də Dövlət
Müdafiə Komitəsinin
iclasında müzakirə
edildi və nazirin qaldırdığı
vəsatətin məqsədəuyğunluğu
barədə qərar
qəbul olundu. Qərarda Bakı İstehkamat hissəsinin rəisi vəzifəsini təsis etmək, bu vəzifəni şəhərin
hərbi general-qubernatoru
vəzifəsi ilə
birləşdirmək, Bakı
şəhər rəisliyi
ərazisini ona tabe etmək öz əksini tapmışdı.
Ümumiyyətlə, ordu quruculuğu istiqamətində aktuallıq
kəsb edən məsələlərə çevik
və operativ şəkildə yanaşılması
baxımından Dövlət
Müdafiə Komitəsinin
yaradılması hökumət
tərəfindən qəbul
edilmiş əhəmiyyətli
qərarlardan biri idi. Nazirlər Şurasının sədri tərəfindən
sədrlik edilən bu orqan reqlament
gözləmədən, zərurət
yarandıqca vaxtaşırı
çağırılır və lazımi qərarlar qəbul edilirdi. Ölkənin
müdafiəsinin təşkili
ilə bağlı ali dövlət
orqanı olan Dövlət Müdafiə
Komitəsi fəaliyyətində
iki cəhəti üzvi şəkildə birləşdirirdi. Bu orqan hərbi quruculuq sahəsində həm zəruri olan qərarları qəbul edir, həm də özü bu qərarların icrasını
təşkil edirdi.
Ölkədə hərbi quruculuğun praktiki məsələlərinin
reallaşdırılmasında Nazirlər Şurasının
özünün də
xüsusi yeri var idi. Respublikanın müdafiəsinin gücləndirilməsi
üçün Nazirlər
Şurası həm ölkənin daxili imkanlarını səfərbərliyə
alır, həm də fəal xarici siyasət yeridirdi. Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müdafiə
qabiliyyətini gücləndirmək,
onun ərazi bütövlüyünün toxunulmazlığına
nail olmaq həyata keçirilən xarici siyasətin aparıcı xəttini təşkil edirdi. Bu baxımdan
həm müttəfiq
dövlətlər, həm
nüfuzlu dünya dövlətləri ilə,
həm də yaxın qonşularla qarşılıqlı əlaqələrin
qurulmasına cəhd göstərildi. Başlıcası
isə, Azərbaycanla
Gürcüstan arasında
hərbi əməkdaşlıq
gücləndirildi və
bu əməkdaşlığı
nizamlayan hüquqi baza kimi iki
respublika arasında
1919-cu il iyunun 16-da hərbi saziş imzalandı. Sazişi Azərbaycan hökuməti
tərəfindən xarici
işlər naziri M.Cəfərov, hərbi nazir S.Mehmandarov və Ərkani-hərbin rəisi M.Sulkeviç imzalamışdır. Tiflisdə
üç il
müddətinə imzalanmış
həmin sazişin əsas mahiyyəti bundan ibarət idi ki, respublikaların
hər hansı biri xarici müdaxiləyə
məruz qalacağı
tədbirdə digər
respublika ona mümkün köməyi
göstərməlidir. Müqaviləyə əsasən, 2 həftə
ərzində Ermənistana
da bu sazişə
qoşulmaq hüququ verilirdi. Ancaq Azərbaycan torpaqlarına
göz dikən Ermənistan bu müqaviləyə qoşulmadı.
Ehtiyatda olan polkovnik Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi
Akademiyasının Adyunktura
və Elm şöbəsinin
hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru
Azərbaycan ordusu 2018.- 27 yanvar.- S.7.