“Bayrağa,
Vətənə, anda sədaqət”
9 noyabr - Dövlət
Bayrağı Günü münasibətilə
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində
“Bayrağa, Vətənə, anda sədaqət” adlı vətənpərvərlik
tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki,
əvvəlcə Azərbaycan Respublikasının dövlət
bayrağı hərbi orkestrin
müşayiəti ilə salona gətirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və
respublikamızın ərazi bütövlüyü,
müstəqilliyi uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, ərazilərimizin bölünməzliyinin, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan dövlət bayrağı haqqında ətraflı məlumat verib.
Müxtəlif dövrlərdə Azərbaycan ərazisində
mövcud olmuş
dövlətlərin bayraqları tədbir
iştirakçılarına təqdim edilib.
Bildirilib ki, ulu əcdadlarımız
zaman-zaman bayrağa yeri və göyü birləşdirən
müqəddəs varlıq kimi baxıb, onu ən təmiz, pak, uca tutulan yerlərdə
saxlayıb, bayraqların sancıldığı zirvələri,
çadırları, iqamətgahları və qərargahları
müqəddəs məkan bilib, həmişə
bayrağa ehtiram göstərib, qarşısında səcdə
edib, and içib, bayraq gətirilən
mərasimlərdə onu ayaqda
qarşılayıblar. Bu ənənə
nəsildən-nəslə ötürülərək bu gün də
yaşamaqdadır. Azərbaycan əsgərinin digər
dövlət rəmzləri kimi
bayrağımıza da həmişə sədaqət
nümayiş etdirdiyi,
bu bayraq altında Ali Baş Komandanın əmrlərinə
hər an hazır olduğu
vurğulanıb.
Tədbirdə ulu öndər
Heydər Əliyevin “Azərbaycanın dövlət
bayrağı bütün beynəlxalq təşkilatların
iqamətgahları qarşısında dalğalanır. Azərbaycanın
dövlət bayrağı müstəqil Azərbaycanın
başının üstündə dalğalanır. Bu yüksəklərə qalxmış bayraq bundan sonra
heç vaxt enməyəcək!”
və dövlətimizin başçısı, Ali Baş Komandan
İlham Əliyevin “Bizim
bayrağımız qürur mənbəyimizdir.
Bizim bayrağımız
canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı
dalğalanır. Bizim bayrağımız
Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada da
dalğalanacaqdır. O günü biz hər an öz işimizlə
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq” fikirləri səsləndirilib.
Azərbaycan idmançılarının, eləcə də ordu idmançılarının olimpiadalarda, mötəbər idman yarışlarında qələbə qazanaraq himnimizi səsləndirmələri, bayrağımızı ucaltmaları fəxrlə vurğulanıb.
Ehtiyatda olan general-leytenant
Yaşar Aydəmirov Vətən darda olanda Azərbaycan
xalqının bir nəfər kimi ayağa
qalxdığını, hamının bir
amal, bir məqsəd uğrunda birləşdiyini və əsgəri
şərəf, şücaət, şöhrət rəmzi olan döyüş
bayraqları altında savaş
meydanlarına atıldığını qeyd edib. “Bayraq mənliyimizdir,
varlığımızdır, kimliyimizdir,
dövlətimizin müqəddəs rəmzlərindəndir və
tapındığımız, inandığımız müqəddəs
milli dəyərimizdir. Ürəyində
bayraq sevgisi, Vətən
sevgisi, dövlətə, xalqa
sədaqət hissi olmayan
şəxs heç vaxt
vətənpərvər ola bilməz.
Hər bir Azərbaycan vətəndaşı
bayrağımızın ən uca zirvələrdə
dalğalanmasına öz töhfəsini
verməli, Azərbaycan naminə bu bayraq altında hər an
mübarizəyə hazır olmalıdır”, - deyə general bildirib.
Aprel
döyüşlərinin iştirakçısı
general-mayor Bəkir Orucov çıxış edərək Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində ilk dəfə
Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrə
döyüş bayraqlarının təqdim olunmasını nəzərə
çatdırıb. B.Orucov bildirib ki,
2004-cü il mayın 12-də
Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 80-ci ildönümünə həsr olunmuş yubiley tədbirlərində
iştirak etmək üçün
Naxçıvana gələn Ali Baş Komandanımız qarnizonun
şəxsi heyəti ilə də görüşüb
və hərbi hissələrə təntənəli
şəkildə döyüş
bayraqlarını təqdim edib. General həmin döyüş
bayraqlarını qəbul edən hərbi hissələrin
komandirlərindən biri olduğunu
vurğulayaraq o tarixi anı fəxrlə xatırlayıb.
Lələtəpə uğrunda döyüşləri yada salan general
həmin gün Vətən müdafiəçilərinin
sanki oda, atəşə
dönərək döyüşə-döyüşə
zirvəyə doğru necə can atdıqlarını, güllələr, mərmi
atəşləri altında bayrağımızı azad edilmiş zirvəyə necə sancdıqları
anın sevincini tədbir
iştirakçıları ilə bölüşüb
və bu bayrağın tezliklə işğal altında olan
digər torpaqlarımızda da
dalğalanacağına əminliyini bildirib.
Dövlət Bayrağı
Gününə həsr olunmuş tədbirdə
hərbi qulluqçular bu
bayrağın daim Azərbaycanın
başı üzərində əzəmətlə
dalğalanması naminə dövlətimizin
başçısının apardığı məqsədyönlü
daxili və xarici siyasəti
ürəkdən bəyəndiklərini və dəstəklədiklərini
bəyan ediblər.
Rusiyanın Soçi
şəhərində keçirilən “Valday”
Beynəlxalq Diskussiya Klubunda
və Aşqabadda keçirilən
Müstəqil Dövlətlər Birliyi
Dövlət Başçıları Şurasının məhdud
tərkibdə iclasında Prezident İlham Əliyevin hücum
diplomatiyasına keçərək, dünyanın gözü qarşısında Ermənistanın
siyasi-hərbi rəhbərliyinə, Nikol
Paşinyanın sərsəm bəyanatlarına kəskin cavab verməsinin və onu
yerində oturtmasının Azərbaycan Ordusunun
şəxsi heyətində də böyük
ruh yüksəkliyi yaratdığı qeyd olunub.
Tədbir iştirakçıları Ali Baş Komandanın
Rusiyanın məşhur “Kommersant” qəzetinə
müsahibəsində dediyi “XXI əsr türk dünyası əsri olacaq!”
fikrini alqışlarla
qarşılayıblar. “Bir millət, iki dövlət”in bayraqları birlikdə salona gətirilib. Bakının işğaldan azad edilməsinin
100 illiyinə həsr olunmuş hərbi parad xatırlanıb. Azərbaycan və
Türkiyə qardaşlığına, dostluğuna
həsr olunmuş mahnılar ifa edilib.
Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın şəhid analarının dilindən etdiyi “Şəhidlər önündə əyilən bayraq tezliklə Şuşaya sancılmalıdır!” çağırışı tamaşaçılarda duyğulu anlar yaşatsa da, onlarda böyük qələbəyə inam hissini daha da artırıb.
Həzi Aslanov
adına Ordu İdeoloji
və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin,
eləcə də tanınmış incəsənət
ustalarının iştirakı ilə bayrağa
həsr olunmuş ədəbi, xoreoqrafik kompozisiyalar təqdim
olunub, Azərbaycan bayrağını tərənnüm
edən yeni mahnılar ifa
edilib.
Tədbirdə bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdığı “Uçuşa hazırıq” mahnısının təqdimatı olub. Azərbaycanın hərbi pilotlarına həsr olunmuş mahnı Elnur Məmmədovun ifasında maraqla qarşılanıb.
Vətənpərvərlik tədbirində
qoşun növlərinin, Bakı Qarnizonundakı
hərbi hissə və xüsusi təyinatlı
təhsil müəssisələrinin nümayəndələri
bir daha Bayrağa, Vətənə, dövlətə,
xalqa sonsuz sədaqətlərini
ifadə ediblər.
Azərbaycan ordusu.-2019.-9 noyabr.-S.4.