Vətən üçün yaşadı, Vətən üçün şəhid oldu

 

İkinci Qarabağ müharibəsinin hər günü, hər anı qəhrəmanlıq salnamələri ilə zəngindir. Hər anında Azərbaycan oğullarının, igidlərinin, Vətən sevdalılarının yazdıqları qəhrəmanlıq səhifələri var... Bu səhifələr ümumilikdə ədəbiyyat tariximizdə yeni qəhrəmanlıq dastanlarıdır. Bəli, 44 gündə Azərbaycan oğulları elə dastanlar yazdılar ki, yüz illiklər, qərinələr keçəcək, amma hər zaman onlar haqqında danışılacaq, yazılacaq. Bu mövzu heç zaman bitməyəcək.

 

Şəhidliyi ilə qəhrəmanlıq dastanı yazan Vətən sevdalılarından biriMurovdağ döyüşlərində yüksək peşəkarlığı, bacarığı ilə adı tarixə əbədi həkk olunan baş leytenant Həsənağa Abdullazadədir.

 

Qəhrəmanlıq bir anda olur, amma neçə əsr, neçə qərinə danışılır. Qəhrəmanlıq milli-mənəvi bağlılıqdan, mənəviyyat zənginliyindən xəbər verir. Həsənağa da milli-mənəvi dəyərlərimizi, Vətən, torpaq heysiyyatını hər şeydən üstün tuturdu. Bu bağlılığı əməli ilə, fəaliyyəti ilə göstərirdi. O, Vətən müharibəsində də hərbçi şərəfinin ucalığıyla döyüşdü...

 

Peşəkar idi baş leytenant Həsənağa Abdullazadə. Vətənimizin ərazi bütövlüyünün təmin olunması naminə döyüşlərin başlanacağı günübununla bağlı Ali Baş Komandanın əmrini səbirsizliklə gözləmişdi. Təlimlərdə göstərdiyi yüksək peşəkarlığı, liderlik bacarığı ilə komandanlığın hər zaman diqqətini çəkmişdi. Xidməti fəaliyyətinin bütün dövrlərində nizam-intizamı, peşəsinə sonsuz sevgisi, vətənpərvərliyi ilə fərqlənirdi baş leytenant Həsənağa Abdullazadə.

 

Ötən il sentyabrın 27-də Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusunun düşmənin təxribatlarına qarşı başladığı əks-hücum əməliyyatı zamanı igid zabit Həsənağa Abdullazadə xidmət etdiyi hərbi hissə komandanlığının tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirdi. Tabeliyindəki şəxsi heyətlə düşmən qüvvələrinə endirdiyi sarsıdıcı zərbələr nəticəsində Kəlbəcər, Ağdərə istiqamətində ərazilərimizin işğaldan azad edilməsində fədakarlıq nümunələri göstərərək şəhid oldu.

 

Həsənağa Abdullazadə çətin dağ şəraitində, çətin coğrafi mövqeyə malik olan relyeflərdə Vətənin keşiyində əzmlə dayanıb. Qəzetimizin 2019-cu il 23 dekabr tarixli sayında Həsənağanın xidmət etdiyi döyüş mövqeyindən reportaj dərc olunmuşdu. O, təbiətin sərt sınaqları qarşısında da mərdliklə dayanaraq qarla örtülmüş dağ aşırımında yerləşən döyüş mövqeyində xidmət edirdi. Şəkildə Həsənağa qarlı havada tabeçiliyində olan əsgərlərlə birlikdə döyüş mövqeyində - səngərdə irəliləyir. Gənc zabit Həsənağa Abdullazadə şəxsi heyətin hazırlığından danışaraq bildirmişdi ki, xidmətimizi elə qururuq ki, şəxsi heyətin döyüş vərdişləri daim inkişaf etsin. "Əsgərlərimiz mövzuları dərindən mənimsəyir, əvvəl keçirilən dərsləri mütəmadi olaraq təkrarlayırlar. Hər birimiz yaxşı bilirik ki, yüksək döyüş hazırlığı düşmən üzərində qələbəmizi təmin edəcək amillərdəndir”.

 

Bu məqalənin zəmanəti ilə deyə bilərik ki, baş leytenant Həsənağa Abdullazadə Vətənə, torpağa, orduya xidmətini əsil peşəkarlıqla həyata keçirib.

 

Həsənağa Abdullazadənin qısa lakin şərəfli ömür yolundan bəzi məqamları qeyd etmək istəyirəm. O, 1993-cü ildə martın 9-da Lənkəran şəhərində anadan olmuşdu. Təhsilini Rövşən Bədəlov adına Lənkəran şəhər tam orta məktəbində almışdı. Sonra 8-ci sinfi başa vurub Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdu. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini "leytenant" hərbi rütbəsi ilə başa vurmuşdu. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabitlərin təkmilləşdirmə kursunda hərbi biliklərini artırmışdı.

 

Gənc zabit çox çətin dağ şəraitində yerləşən ordumuzun bölmələrində xidmət edir. "Baş leytenant" hərbi rütbəsini 2017-ci ildə alır. Vətən müharibəsi zamanı Murovdağ döyüşlərinin iştirakçısı olur, daha sonra Ağdərə və Kəlbəcər istiqamətində döyüşür. Ailəsi ilə əlaqə oktyabrın 1-dən kəsilir. Gənc zabit oktyabrın 2-də Kəlbəcər rayonu ərazisində Murovdağ silsiləsində ən uca strateji əhəmiyyətli yüksəklik uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 112 gün sonra yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu bildirilir. Azərbaycan Ordusunun şəhid baş leytenantı Həsənağa Abdullazadə İkinci Fəxri xiyabanda dəfn edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən şəhid zabit hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün dövlət başçısının sərəncamlarına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunur.

 

Biz də Bakının Nardaran kəndində yerləşən Ləhiş bağları deyilən ərazidə yaşayan şəhid zabitimizin valideynləri, onları ziyarətə gələn döyüş yoldaşı və əsgərləri ilə görüşüb xatirələrini qələmə almağı özümüzə mənəvi borc bildik.

 

Şəhidin anası Səmilə Abdullayeva söhbətinə tez-tez ara verərək danışdı: "Həsənağa ailənin tək övladı idi. 1999-cu ildə birinci sinfə gedib. Həsənağanın adı müqəddəs kitabımız "Qurani-Kərim"dən götürülmüşdü. Ailənin, nəslimizin çox sevilən, əziz uşağı olub Həsənağa. Orta məktəbdə savadı, biliyi ilə seçilən şagird idi. Birinci sinifdə şərəf lövhəsindən asılan şəkli indi də məktəbdə saxlanılır. Həmişə də şəkli məktəbin şərəf löhvəsində olub. Lap kiçik yaşlarından ağıllı, bacarıqlı bir uşaq kimi özünü hər kəsə tanıtmışdı. Orta məktəbdə ədəbiyyat və tarix fənlərini çox gözəl oxuyurdu. Romantik, duyğusal bir gənc idi. Ədəbiyyatı, poeziyanı, həyətdə gül-çiçək, ağac əkməyi, yaşıllıqlar salmağı sevərdi. Taxtadan müxtəlif əşyalar hazırlayardı. Həyətdəki stul və stolları da Həsənağa öz əlləri ilə hazırlamışdı. Deyərdi ki, hərbçi peşəsi yaradıcı peşədir. Gərək hərbçinin nə isə bir yaradıcılığı olsun. Çox danışmağı sevməzdi, onun baxışlarından nə demək istədiyini bilərdik. Həsənağa seçilmiş bir gənc oldu. Ana kimi hiss edirdim ki, o gələcəkdə seçilən, başqalarından fərqlənən bir gənc olacaq. Oldu da. Oğlum ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Həsənağa Vətənə, torpağa, öz sənətinə çox bağlı idi. İstedadı, bacarığı, nizam-intizamı, hərbə sonsuz həvəsi onu yaşıdlarından fərqləndirirdi. O, Vətən üçün yaşadı, Vətən uğrunda da şəhid oldu."

 

Həsənağanın atası Şakir Abdullayev oğlunun adını elə fəxrlə çəkirdi ki... O bizə şəhid övladı ilə bağlı şirin xatirələrindən söhbət açdı: “Hərbi liseyə bir ay idi ki, qəbul olunmuşdu. Kursantların valideynlərini iclasa çağırmışdılar ki, onlarla söhbət aparsınlar. Hər bir kursantın valideyninin ad və soyadı çəkildikcə mən də həyəcanlanırdım. Mənim adımı deyəndə bildirdilər ki, sən keç qonşu otaqda gözlə, sizinlə söhbət ayrı olacaq. Daha da həyəcanladım ki, görəsən, bu bir ayda Həsənağa nə edib ki, mənimlə ayrıca söhbət edəcəklər. Bir saata yaxın gözlədim, bütün valideynlərlə söhbət etdilər. Sonra məni yüksək rütbəli hərbçilərin toplaşdığı bir otağa apardılar. Onlardan biri məndən soruşdu ki, sizin nəsildə zabit olan varmı? Dedim yox. Həmin hərbçi "Sizin övladınız anadan zabit doğulub" dedi. Mən bir ata kimi o zaman onunla ilk dəfə elə bir qürur duydum ki, yalnız o hissləri yaşayan atalar bilər. Sağlığında da onunla qürur duyurdum, bu gün şəhidliyi ilə fəxr edirəm. Heydər Əliyev adına AAHM- təhsil aldığı dövrdə çox hazırlıqlı, öz üzərində daima çalışan kursant kimi məktəb rəhbərliyinin, xidmət zamanı hərbi hissə komandanlığının diqqətini cəlb etmişdi. Təlimlərdə göstərdiyi yüksək peşəkarlıq, liderlik bacarığı onu həmişə birinci sıralara çəkirdi. Döyüşlərdə öndə irəliləyib. Mənim tək övladım olan Həsənağa ən yüksək zirvəyə şəhidlik zirvəsinə ucaldı."

 

Döyüş yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İnqilab Quliyev şəhid zabitimiz haqqında keçmiş zamanda danışmaq istəmədiyini bildirdi: "Həsənağa Abdullazadənin tabeliyində xidmət etmişəm. O bizim birinci bölük komandirimiz, sonra isə qərargah rəisimiz olub. Kəlbəcər istiqamətində gedən döyüşlərdə birgə iştirak etmişik. Murovdağ istiqamətində gedən ağır döyüşlərdə onun tabeliyində idim. Həsənağa Abdullazadənin döyüşlərdə bir komandir kimi göstərdiyi qəhrəmanlıqlarından, hünərindən çox danışmaq olar. Düşmənə qarşı amansızlıqla vuruşurdu. Komandir olaraq özü əsgərləri ilə birlikdə irəliləyirdi. Onun bütün döyüş yoldaşları göstərdiyi fədakarlıqları unutmayacaq. Onu da deyim ki, biz onu komandir kimi keçirilən təlimlərdən tanıyırdıq. Çox hazırlıqlı, peşəkar bir komandir olaraq hər zaman onun komandiri olduğu bölük birinci idi. Gözəl nitqi, ünsiyyət yaratmaq bacarığı onu hamıya sevdirirdi. Tələbkarlığı ilə seçilirdi. Mən heyət nəfəri, doldurucu, tuşlayıcı vəzifəsində idim. Ötən il sentyabrın 27-də əks-hücum əməliyyatı başladı. Döyüşdük. Həsənağa son nəfəsinəcən şəxsi heyətin yanında oldu. Bizim üçün həm komandir, həm də böyük qardaş olub. Döyüş zamanı deyirdi ki, hərbi hissəyə ya qəhrəman, ya da şəhid dönəcəm".

 

Şəhid zabitin vaxtilə tabeliyində xidmət edən, hazırda tərxis olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Xanlar Rüstəmzadə və əsgər Anar Zeynalov komandirləri ilə bağlı xatirələrini danışdılar. Anar Zeynalov Həsənağa Abdullazadənin rəhbərlik etdiyi bölükdə manqa komandiri olduğunu dedi: "2020-ci ilin əvvəlindən ordudan tərxis olunmuşam. İki ildən artıq onun tabeliyində xidmət etmişəm. Əsil zabit, qorxubilməz, mərd oğul idi. Biz komandirimizlə fəxr edirdik. Bu gün də fəxr edirik. O, lider zabit kimi seçilirdi. Yaşca kiçik olsa da, bizə böyük qardaş olub. Onun adını qəlbimizdə daim yaşadacağıq".

 

Şəhid zabitin tabeliyində olan bölükdə manqa komandiri olduğunu deyən Xanlar Rüstəmzadə bildirdi ki, Həsənağa hərbi hissənin nümunəvi bölük komandiri idi. Təlimlər zamanı sıralanmada birinci bizim bölüyün adı gəlirdi. O, peşəkar zabit kimi silahların taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənmişdi. Həsənağanın silahlardan atış bacarığı yüksək səviyyədə olurdu, cəldliyi, çevikliyi dəqiq atışları hər birimizi təəccübləndirirdi. Hədəfləri seçib dəqiqliyi ilə vururdu. Xüsusi istedada malik idi. Komandirimizin xatirəsini daim yaşadacağıq. Öyrənmişdik ki, o hələ Heydər Əliyev adına AAHM-də təhsil alan zaman 3-cü kursun çavuşu olub. 4-cü kursda oxuyan zaman isə ümumi kursun çavuşu seçilib. Hələ kursant olarkən Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubiley medalına layiq görülüb. Müəllimlərinin, kursantların sevimlisi olub.

 

Baş leytenant Həsənağa Abdullazadə canını torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda fəda etməklə, Vətənə əsil oğul, gələcək nəsillərə gözəl örnək olmağın nümunəsini göstərdi. Elinə, obasına uca şəhid adı ilə "döndü". Həsənağa döyüşdü, əsil hərbçi kimi vuruşdu, qəhrəmanlıqlar göstərdi, canından artıq sevdiyi Vətən torpaqlarının müdafiəsində əzmlə dayandı. Həsənağa da fəxrimiz, qürurumuz, and yerimizdir bütün şəhidlərimiz kimi. Vətən, torpaq yolunda canından keçən insanların fəth etdiyi ən yüksək şərəfli zirvədir şəhidlik... Qərinələr, əsrlər keçəcək, şəhidlərimiz əsla unudulmayacaq... Xalqımız Vətən üçün doğulan şəhid oğlunu da, qoynunda əbədi qoruyacaq, onun qəhrəmanlığını gələcək nəsillərin yaddaşına köçürəcək.

 

 

Lalə Hüseynova "Azərbaycan Ordusu"

Ordu.az

 

Azərbaycan ordusu.- 2021.- 4 avqust.- S.6.