31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə
tədbir keçirilib
Azərbaycanlıların soyqırımı dedikdə daha çox 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlar nəzərdə tutulur. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə bolşevik və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə "N" hərbi hissəsində şəxsi heyətin iştirakı ilə tədbir keçirildi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Hərbi hissənin zabiti Tural Zahidli çıxış edərək ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə minlərlə günahsız soydaşımızın qətlə yetirildiyini bildirdi. "Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirildi. Bu ərazilərdə dinc əhaliyə bolşevik-erməni silahlı birləşmələri tərəfindən kütləvi surətdə divan tutuldu, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdıldı. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyuldu. 1918-ci il 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldı. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir.
- 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdı. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, "Daşnaksütyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan-böyüyədək hər kəsi qətlə yetirmişdilər.
Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı faciəsinin yenidən araşdırılması və həqiqətlərin dünyaya yayılması işi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci il tarixdə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzaladı və bu sərəncama müvafiq olaraq həm ölkədə, həm də xaricdə müvafiq tədbirlər keçirilir.
Sonda Tural Zahidli vurğuladı ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz azərbaycanlıların canına və qanına susayan erməni terrorçularından qisasımızı aldı. “Bir zamanlar dinc əhalimizə, qoca və qadınlara güllə atan erməni vandalları Vətən müharibəsində döyüşçülərimizin qarşısından qorxaraq qaçmağa məcbur oldular. 30 ilə yaxın işğalda qalan torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. Bununla da bütün dünya Azərbaycanın dəmir yumruğunun gücünü gördü”.
Orxan Hüseynli "Azərbaycan Ordusu"
Ordu.az
Azərbaycan ordusu.- 2022.- 30 mart.- S.5.