Zəfər işığı gördük Novruz tonqallarında

 

Vətən müharibəsindən əvvəl səngərlərin yan-yörəsində - Novruz tonqallarının dövrəsində ruhumuzun "Torpaqlarımızı işğaldan azad edəcəyik!", "Sərhədlərimizin bu üzünə yad nəfəsi toxunmayacaq!" kimi sədalarının işığı Novruz tonqallarının göyə bülənd olan alovunun işığına qarışardı. Ruhumuzun sədası bildiyimiz bu sədalara üzə vurulmayan ittiham desəydik, Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərin torpaqlarımızın işğaldan qurtuluşuyla nəticələnəcəyinə inama görə kimsə bizi qınamazdı...

2020-ci ilin martına kimi Novruz bayramında əsgərlərin qaşları çatılardı, əli avtomatının qundağını əzərdi, baxışları uzun müddət səngərin o üzündən üzülməzdi. İki ildi bir vaxtlar səngərlərin o üzünə könül qubarıyla, qəzəblə, nifrətlə, hiddətlə baxdıqları ərazilərdə də Novruz tonqalları çatılır. Bu tonqalları o illərin əsgərlərinin oğulları, qardaşları çatır.

Dörd il əvvəlin Novruz bayramında səngərdə "Novruz tonqalından Qələbə tonqalına!" - demişdik. Bu duru, bu gözəl, bu bəşəri niyyət bir gecəmizin qaranlığını əritmişdi. Həmin gün səngərlərin boyu balacalaşmışdı - əsgərlərin baxışları qarşı yaxada yarpaq tərpənişini də görürdü, Azər-baycan əsgərinin döyüş əzminin, qələbə ruhunun yaratdığı səksəkəni də. Bu səksəkə  düşmən əsgərlərinin yerişini yavaşıdırdı, ayağı altından cığırları çəkirdi. Novruz tonqalının göy üzünə yayılan işığı düşmənin əsgərlərinin gözlərini qamaşdırırdı. Mənə elə gəlirdi ki, gecənin içindən keçib döyüşə, döyüşdən qələbəyə getməyə niyyətli əsgərlərimizi Novruz tonqalının müqəddəsliyi, bir də bu müqəddəsliyi yaşadan Qorqud Dədənin ruhu uğurlayacaq: Surunuz yerisin! Dizinizin taqəti, ürəyinizin təpəri, gözlərinizin nuru azalmasın! Qarabağdan yad nəfəsini kürüyün!

O gecə əsgərlərdən biri məndən şeir istəmişdi. Tonqal işığında yazdığım şeir əsgərlərimizi coşdurmuşdu:

 

Kəlmə-kəlmə süzülsün,

 

İpə-sapa düzülsün

 

söz də tonqal başında.

 

Yerə-göyə and içək,

 

Qələbəyə and içək

 

biz də tonqal başında...

 

Əsgərlər and içmişdilər.

Bizə elə gəlmişdi ki, o gecə dan yeri tez söküldü...

Həmin Novruzdan ötən ilin Novruzuna bir inamlıq yol gəldik. Bu ilin niyyət tonqalları Azərbaycan əsgərinin adına qalanır...

O illərdə xidmət edən əsgərlər hərbi xidmətdən tərxis ediliblər. Vətən müharibəsində onların oğulları möhtəşəm Zəfər qazandılar. Bugünkü tonqallar Zəfərə ad olan qürurun tonqalıdı...

Bu il də Novruz tonqalları çırtıltıyla yanır. Alışan tonqalların alov dilimləri göy üzünü isindirir.

"Neçə illər işğal edilmiş ərazilərimizdə Novruz tonqalları yandırılmadı. Ötən il Azərbaycan əsgərinin qüdrətiylə işğaldan azad edilən ərazilərimizdə də közünü Zəfərdən alan niyyət tonqalları çatıldı. Neçə illər əvvəl Novruz tonqalları başqa niyyətlə qalanırdı, indi başqa niyyətlə qalanır. Bu niyyət nədir?" - əsgərlərdən soruşuruq. Əsgərlər bir-birinə, sonra hamısı tonqalın göy üzünə can atan alovuna baxır; görəsən, tonqalın alov dillərinin titrəyişindən deyəcəyi kəlmələrə söykək olası mətləbimi gözaltılayırlar?

Əsgər Seymur Sadıqov ömrünün iki Novruz bayramını xatırlayır:

- Üç il əvvəl Novruz bayramında qonşumuz Şamilin qaladığı Novruz tonqalının dövrəsinə məhləmizin yeniyetmələri, cavanları, uşaqları, Birinci Qarabağ müharibəsinin veteranları toplaşmışdılar. Babamın göy üzünə pıçıldadıqlarını hamı təkrarlamışdı: "Gələn Novruz işğaldan azad edilmiş torpaqlarımızda da belə tonqallar qalansın, ulu Novruz!".  Hamımız bu niyyətin duaçısı olmuşduq. Ötən il Novruz bayramında məhləmizdə Səməd babanın təklifiylə iki tonqal qalandı. "Birini camaatı hələ qayıtmamış kəndlərə ad edək, a bala", - dedi. Səməd babanın niyyəti niyyətimiziydi. Bu ilin Novruz tonqalından işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinin başa çatmasını, böyük qayıdışın gerçəkləşməsini diləyəcəyik.

Müqəddəs diləkdi. Əsgərlərin baxışlarında bu müqəddəsliyə görə müqəddəs tərpəniş hiss olunur. Neçə il əvvəl ilaxır çərşənbədə bir qaçqın ananın dediklərini xatırlayıram: Qaçqın düşəli canım isinməyib, a bala. Novruz tonqalına da könül xoşluğuyla baxa bilmirik. Yurdumuzun harayı gecələr yuxumuzdadı, gündüzlər düşüncələrimizdə. Neçə illərdi o haraya yol almışıq. Əsgər balalarımız bizi bu harayın havalandığı yerə yetirəcək…

"Qaçqın ananın diləyi yerinə yetdi. 2021-ci ilin Novruz bayramı ruhumuzu yaxın vaxtlarda başlayacaq Böyük Qayıdışın duaçısı elədi", - deyirəm.

Əsgər Ramazan Heydərov ocağı dəhmərləyir. Çartıltının könüləyatımlı səsi Novruz dualarına qarışır: Yanar ocaqlarımız sönməsin! Ağaclarımız qurumasın! Torpaqlarımız quzulamasın! Bulaqlarımızın suyu azalmasın! Sözümüz ayrı səmtə yozulmasın! Könlümüzün muraz səfi pozulmasın!

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il martın 20-də Şuşada, Cıdır düzündə qalanan tonqalın müqəddəsliyinə ehtiram - müraciətində dedi: "Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik". Bu kəlmələr Cıdır düzündə qalanan Novruz tonqalının mənəvi ucalığıyla qoşa yaşandı. O tonqala qazanılan Zəfərin tonqalı da deyərdik, Zəfərə görə çatılan Dədə Qorqud tonqalı da - 28 ilin sıxıntısından sıyrılıb gəlmişdi, Dədə Qorqud ruhunun alqışıyla çatılmışdı. O tonqala ən möhtəşəm tonqal dedik. Biz də, bizi sevənlər də. Xalq bu tonqalı 269 ilin Şuşaya aid olan ən gözəl tonqalı bildi, - deyirəm.

- O tonqalın mənəvi işığı Azərbaycanın hər yerindən aydınlığıyla görünürdü, - deyirəm.

- O tonqal təkcə Azərbaycandan deyil, Azərbaycana sayğısı olan bütün dövlətlərdən aydınlığıyla görünürdü, - polkovnik-leytenant Mail Allahverdiyev fikrimi bu günün müqəddəsliyi biçimində, sevgiyə sevgi səviyyəsində tamamlayır.

Əlim gözaltı tonqala, sonra göy üzünə baxan əsgərin çiyninə enər-enməz bu gözəl fikir şeirləşir:

 

İşıqlanıb gecə vaxtı,

 

Düzdə Novruz işığı var.

 

Köz-köz olub köz yandıran,

 

közdə Novruz işığı var.

 

Könlüm tellənir. Əsgərin bu bayrama, bu bayramın timsalında min illərlə yaşadılan bayramlarımıza, tariximizə bunca sevgisi qəlbimizi dağa döndərir. Dediyi gözəl misraları ruhuma meh bilirəm. Bu gözəl meh düşüncələrimdə bayaqkı misraların davamı olur:

 

Göylərin göy üzünə bax,

 

Gecənin gündüzünə bax.

 

Dikəl, Cıdır düzünə bax,

 

Sözdə Novruz işığı var...

 

Gözəl gecədi! Novruz bayramıdı, duru niyyətlər bayramıdı axı. Əsgərlərin əhatəsində niyyətlər bir az da durulaşırmış. Bu duru niyyətin bələdçiliyiylə xəyalən 2020-ci ilin payızına - tariximizi işğal sıxıntısından xilas edən döyüşlərə, döyüşlərin Zəfərlə tamamlandığı günə, o günün qürur kükrəyişinə dönürük. "Müqəddəs döyüşləriydi deyə bu döyüşlərdən Novruz bayramında da danışmaq mənəvi borcumuzdu", - deyirəm. Əsgər Murad Dadaşov deyir ki, ötən il çağırışçı idik. Həyətimizdə qaladığımız Novruz tonqalının dövrəsində Vətən müharibəsində iştirak etmiş döyüşçülər də vardı. Onların xatirələrini maraqla dinləmişdik. Onda qonşumuz Sabir gülümsünərək demişdi ki, sizin xatirələriniz bizə ən dəyərli Novruz payı oldu.

Muradın dedikləri gecənin bürüncəyinə dönür:

- Sabirin düşüncələrini bəyəndim. Döyüşçü sözünü eşitmək o döyüşü, deməli, döyüş tariximizi yaşatmaq deməkdi. Onlar döyüşdülər, Zəfər qazandılar. Biz o döyüşləri də, Zəfəri də düşüncələrimizdə, yaşantılarımızda, sözümüzdə yaşatmalıyıq. Bu gecə Vətənin tələb etdiyi kimi xidmət etməyə də, o döyüşlərin ruhunu, o Zəfəri yaşatmağa da and içirik.

Əsgərlərin sayı qədər "And içirik!" səslənir...

Tonqalın dövrəsində mahiyyəti Vətənə sevgi olduğuna görə Zəfərdən sonra Qubadlıda gördüyüm bir görüntünün könül qubarından söz açıram..

Dibçəyi həmişə çiçəklərə zindan bilmişəm...

Qubadlının Muğanlı kəndində damı sökülmüş, qapı-pəncərəsi aparılmış, divarlarından xeyli daş tökülmüş bir ev çəkmişdi diqqətimi. Hansı dəlisov rüzgarın hökmüyləsə evin içində bir ağac bitmişdi, göyərib, böyüyüb divardan hündür olmuşdu. Ev gəlişi-bitişi arzulanmayan ağaca dibçəyiydi elə bil. On illəri təbiətə vurğunluqla yaşamışam, ağacların kölgəsini illərimin sığalı-tumarı bilmişəm. Çiçəklərə görə dibçəkləri sevməmişəm, indi evə görə ağaca nə deyəydim?..

Göy üzünə baxmışdım. Uçaraqda bircə quş da görünmürdü: "Görəsən, bu kəndlərin quşları qəriblikdən dönməyibmi? Gəlib təzə yuva qurublarmı? Görəsən, o ağacda  yuva varmı? Kəndin camaatı qayıdanda o ağacdakı yuva nə olacaq?.."...

Evin yan-yörəsində ağac yoxdu, qurumuşdumu, kəsilmişdimi? - ağacsız həyət laylasız beşiyin eyniydi. İllərdi ağacsız, beşiksiz, laylasız, tırınqısız, qımqımasız qalmış evlərin səssiz fəryadı eşidilməyib...

- Bu tonqalı Muğanlıya ad edəkmi? - soruşuram. Əsgərlər bir ağızdan "Edək!" deyirlər...

Əminliklə göy üzünə baxırıq. İnanırıq ki, yaxınların Novruz bayramında Muğanlıda da, işğaldan azad edilmiş digər kəndlərimizdə də Novruz tonqalları qalanacaq!..

- Bu tonqala görə hər bir azərbaycanlının ruhunda belə bir tonqal şölələnəcək, - polkovnik-leytenant Mail Allahverdiyev belə deyir. Fikri səmimi təbəssümlə əhatələnir...

Deyilənlər tonqal ətrafında dövrələnənlərin əllərindən yapışıb meydana çəkir:

- Qaliblər çatdığına görə, ruhumuzun şəhərində çatıldığına görə, qalib sərkərdə çatdığına görə Şuşada çatılan tonqala ruhumuzun tonqalı deyirik!

Əsgərlər qürurlanırlar. Bu biçim qürurda Zəfərin təması da sezilir...

- Ötən il qalanan Novruz tonqalları közünü Zəfərdən almışdı. İşğaldan azad edilmiş ərazilərdə çatılan bütün tonqalların dövrəsində ilk dualar qalib Azərbaycan Ordusuna ad edilmişdi, - əsgər Emin Xudaverdiyev belə deyir. Əsgər Seymur Sadıqov onun fikrinə söykək kimi deyir ki, təkcə işğaldan azad edilmiş ərazilərdə yox, bütün məmləkət boyunca belə olmuşdu. Bizim kəndimizdə də nənələr, babalar "Biz səni qoruyub yaşadırıq, Ulu Novruz, sən də torpaqlarımızı yad nəfsindən, yad nəfəsindən qoru. Torpaqlarımızı qoruyanlarımızı qada-bəlalardan qoru. Bir də torpaqlarımızın üstündə yad yellər əsməsin, dədəm Novruz, babam Novruz!" - deyirdilər.

Aylı-ulduzlu gecədi. Novruz tonqalının işığı göy üzünün işığına qarışıb. Ələdüşməz könül xoşluğudu: Novruz tonqalı göy üzünü elə gözəl isidir ki! Əsgərlərin əhatəsində əl əldə isinir, əl əli isidir.

Əsgərlərin dedikləri təkcə niyyət kimi deyil, and kimi dinlənilir. Əsgərlərin "Sərhədlərimizin bu üzünə yad ayağı dəyməsin, Ulu Novruz!" niyyətini "Sərhədlərimizin bu üzünə yad ayağı dəyməyəcək, Ulu Novruz!" andı tamamlayır…

Zabitin dedikləri əsgərlərin düşüncələrinin nizamını müəyyənləşdirir:

- Bu ilkin Novruz tonqalından umacağınız nədi?

Əsgər Ramazan Heydərov:

- İşğaldan azad edilmiş kəndlərimizdə, şəhərlərimizdə quruculuq işləri başa çatsın, qaçqınlarımızın illər çəkən həsrətinə son qoyulsun!

Əsgər Emin Xudaverdiyev:

- Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilsin!

Əsgər Seymur Sadıqov:

- Vətən müharibəsində Azərbaycan əsgərinin Vətən sevgisi dünyanın heyrəti oldu. Bu heyrət Zəfərdən sonra daha heyrətləndirici olsun!..

Gözəl düşüncələr Novruz tonqalının müqəddəsliyinin işığında elə gözəl dinlənilir ki!..

 

Rəşid HÜSEYNOV əməkdar jurnalist

 

Azərbaycan ordusu.- 2022.- 30 mart.- S.6.