Tarixi Zəfər tarixlərdə yaşayacaq

 

44 günlük Vətən müharibəsində qazanılan Zəfər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Əsrlər, qərinələr ötsə də, bu səhifələrini vərəqləyənlər, oxuyanlar Azərbaycan əsgərinin döyüşkənliyini, Vətən sevgisini hər kəlmədə, misrada hiss edəcəklər. Görəcəklər ki, döyüşlər zamanı hər bir əsgər, gizir, zabit bu tarixi öz canı, qanı bahasına yazıb. Haqq savaşımızda hər kəs öz üzərinə düşəni layiqincə yerinə yetirib. Tankçılar tankıyla, topçular topuyla, motoatıcılar silahıyla qurudan, helikopterlər, təyyarələr, PUA-lar isə havadan düşmənə göz açmağa imkan verməyiblər. Gələcək nəsillər bu şanlı tarixi oxuduqca heyrətlənəcək, heyrətləndikcə qürurlanacaqlar. Qazanılan bu Zəfərin unudulmaması üçün onlar da bir addım atacaqlar. Öyrəndiyini öyrədərək, Azərbaycan əsgərinin misilsiz qələbəsini tarixin yüzilliklərinə ötürəcək, xalqımızın keçdiyi döyüş yollarını sonrakı nəsillərə nümunə göstərəcəklər.

Biztarix yazanları tarixləşdirmək, gələcək nəsillərə ötürmək üçün "N" hərbi hissəsində Vətən müharibəsinin pilotları ilə həmsöhbət olduq. Döyüşlər zamanı səmada qartaltək süzən, düşmənin qorxulu röyasına çevrilən Mİ-24 döyüş helikopterinin ekipajı ilə elə düşmənin qara buluduna çevrilən helikopterin yanında görüşdük.

Ekipaj üzvlərini tanıdıqca, döyüş yollarına nəzər saldıqca bir daha Azərbaycan Ordusunun hər bir fərdinin Vətən sevgisinə heyran olduq.

Mayor Hüseyn Abbasov 1990-cı ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olub. İlk dəfə hərbi formanı 2007-ci ildə geyinib. O gün Azərbaycan Ordusunun sıralarına qatılmağın qürurunu yaşayıb. "Torpaqlarımız işğaldaydı. Düşmənə nifrət hissi ilə böyüdüm. Hərbçi oldum. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil oldum. 2011-ci ildən zabit kimi ordu sıralarında xidmətə başladım".

İlk uçuşu necə xatırlayırsan?” sualına "İlk sərbəst uçuş hər bir təyyarəçinin yaddaşına əbədi həkk olunan bir hadisədir", - deyə pilot söhbətə başladı: "Heç vaxt unuda bilmərəm. 8 avqust 2014-cü ildə Mİ-24 döyüş helikopterində heyət komandiri kimi ilk sərbəst uçuşum olub. Həmin hissi sözlərlə ifadə etmək mümkün deyil. Helikopteri havaya qaldırdıqda artıq bütün məsuliyyətin üzərində olduğunu anlayırsan. Çünki helikopterin havaya qaldırılması, idarə edilməsi, rahat şəkildə yerə endirilməsindən əlavə, heyət üzvlərinə də cavabdeh şəxs artıq sənsən. Bu çox məsuliyyətli bir işdir. İlk uçuşumda təlimatçım Vətən müharibəsi qəhrəmanı polkovnik Rəşad Nadirov olub.

İllərdir təlim uçuşlarında öyrəndiklərimizi döyüş meydanında tətbiq etməyi hər zaman səbirsizliklə gözləyirdim. Müharibə necə bir şeydir, çoxumuz görməmişdik. Müharibə nədir, necə olur, bizlər Birinci Qarabağ müharibəsində iştirak edən valideynlərimizdən, müharibə haqqında çəkilən filmlərdən, kitablardan öyrənmişik. Xidmətə başladığım ilk gündən Ali Baş Komandanın “İrəli” əmrini verəcəyi günü gözləmişəm. Amalımız hər zaman torpaqlarımızı işğaldan azad etmək olub. 2020-ci il sentyabrın 27-də düşmənin bütün cəbhə boyu həyata keçirdiyi genişmiqyaslı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları başladı. Biz pilotların qarşısına da müvafiq tapşırıqlar qoyuldu. Ön xəttin yarılmasında quru qoşunlarına havadan dəstək verərək düşmənin canlı qüvvəsini, texnikasını, gücləndirilmiş dayaq məntəqələrini məhv etdik. Hər bir təyyarəçi şücaət göstərərək qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacardı. Nailiyyətlər isə göz qabağındadır. Azərbaycan Ordusu həm quruda, həm də havada öz bacarığını nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi.

Artıq doğma torpaqlarımızda şanlı Azərbaycan Bayrağı dalğalanır. Təbii ki, hər bir hərbçinin ilk məqsədi ona verilən tapşırığı nöqsansız, dəqiq və vaxtında yerinə yetirməkdi. Biz də verilən tapşırığı uğurla yerinə yetirdiyimizi, düşmənin doğma torpaqlarımızdan çəkilməsinə nail olduğumuzu öyrəndikdə sevincimiz ikiqat artırdı. Çoxlu itki verən düşmən darmadağın edilən mövqelərini qoyaraq qaçırdı". Mayor Hüseyn Abbasov göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Digər ekipaj üzvü olan baş leytenant Nihad Qurbanzadə də "Azərbaycan Ordusu bu gün Qafqazda ən güclü ordulardan biridir", - deyərək söhbətimizə qoşuldu. "Azərbaycan Ordusu, həqiqətən də güclü ordudur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordumuz onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da gücləndirilib. Ali Baş Komandanın orduya olan diqqəti nəticəsində artıq Qafqazın güclü ordusuna sahib bir ölkəyə çevrilmişik. Ordumuzu güclü edən təkcə arsenalımızda olan müasir silahtexnikalar deyil, şəxsi heyətin düşmənə olan qisas hissi və Vətənə olan sevgisidir. Gənc zabit kimi mən də xidmətə başladığım ilk gündən rəhbərliyin diqqət və qayğısını öz üzərimdə hiss etmişəm. Xidmətimiz dostluq, qardaşlıq və nizamnamə çərçivəsində təşkil olunub. Təcrübəli komandirlərimiz daim öz bilik və bacarıqlarını bizimlə bölüşüb, uçuşun, yaxşı pilot olmağın sirlərini öyrədiblər. Gənc yaşda müharibə iştirakçısı olaraq qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlməyimi, ilk növbədə uçuşun sirlərini öyrədən təlimatçılarıma borcluyam. Onların öyrətdikləri sayəsində uğurlu döyüş uçuşları həyata keçirə bildim".

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Vərməzyar kəndində anadan olan baş leytenant Nihad Qurbanzadə 2009-2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, 2012-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. 2016-cı ildən zabit kimi xidmətini davam etdirir. Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

İllər sonra doğma Qarabağımızın səmalarında uçmaqdan qürurlandığını deyən zabit söhbətinə davam etdi. "27 sentyabr tarixində düşmənin bütün cəbhə boyu genişmiqyaslı təxribata başladığını öyrəndik. Bizə verilən tapşırığa əsasən ilk olaraq zərbə altından çıxmaq üçün döyüş helikopterlərimizi havaya qaldıraraq başqa bir meydançaya eniş etdik. İlk döyüş uçuşunu edəndə fərqli bir həyəcan hissi keçirtmişdim. Həm sevinirdim, həm də qürurlanırdım. Sevinirdim ona görə ki, artıq illərdir cəbhə boyu uçuşlarımızda həsrətlə baxdığımız doğma torpaqlarımızın səmasına keçid etmişdik. Qürurlanırdım ki, gənc yaşda komandirlərim mənə güvənib belə bir məsuliyyətli əməliyyatda iştirakıma icazə vermişdilər. Rəhbərliyin mənə olan etimadını boşa çıxarmadım. İlk raketi atdığımda artıq bütün həyəcanım yox olmuşdu. Səmadan quru qoşunlarımızın irəliləməsini görmək, onların bizi yerdən salamlaması insanda daha da böyük ruh yüksəkliyi yaradırdı. Doğma torpaqlarımıza doğru irəlilədikcə dağıdılmış binaların, evlərin, bir sözlə, erməni vandalizminin şahidi olurduq. Mənfur düşmən bütün binaları, yaşayış yerlərini dağıdıb, talan etmişdi. Bütün bunları gördükcə düşmənə nifrətimiz daha da artır, qisas hissimiz güclənirdi".

Söhbətimiz başa çatdıqdan sonra pilotlarımızı qazanılan qələbə münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzuladıq. Bir daha əmin olduq ki, səmalarımız və torpaqlarımız etibarlı əllərdədir.

 

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"

 

Azərbaycan ordusu.- 2022.- 30 mart.- S.1;3.