Bundan sonra bütün illər Şuşa ili olacaq!

 

Yaranışdan kəlmə kimi, avaz kimi ürəklərdə bitən Şuşam, tarix unudulmur...

Xalqın, dövlətçiliyin tarixi oxuna-oxuna, eşidilə-eşidilə, xatırlana-xatırlana yaddaşlara hopur, düşüncələrdən ürəyə, ömürə süzülür - ömürləşir. Ömürləşən tarixə bu günün işığından baxmaq da onu ruhun ucalığında yaşatmaq niyyətidi. Bu ruh xalqımızın boylardan tarixə keçən (və tarix yaradan!) qəhrəmanlıq fəlsəfəsinin mahiyyətini, qəhrəmanlıq fəlsəfəsi gerçək həyatın mübarizələrinin yönümünü müəyyənləşdirib.

Bu kəlmələri əsgərlər maraqla dinləyirlər. Bilirlər ki, bunlar Şuşanın tarixi haqqında deyiləcəklərin başlanğıcıdı.

Baş leytenant Fərahim Baratoğlu xatırladır ki, 2022-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şuşa ili" elan edilib. Bu sərəncam da Azərbaycan üçün Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamıdı. Bu gün "Şuşa ili"nin mənəvi-ruhi sərhədlərində olmuşları xatırlayırıq. Bu xatırlama yenidən yaşama biçimli xatırlamadı...

Əsgər İsmayıl Əbilov deyir ki, Vətən müharibəsində məktəbli idim. Yaşım çağırışçı yaşı olmasa da, mən də döyüşlərə getmək istəmişdim. İcazə verməmişdilər. Özüm döyüşlərdə iştirak edə bilməsəm də, ürəyim döyüşənlərin yanındaydı. Əsgərlərimiz düşmənin illərlə yaratdığı, ...

Əsgər Orxan Abdullayev yoldaşının fikrinə səmimi müdaxilə edir:

-...həm də möhkəmləndirdiyi və təkmilləşdirdiyi...

-...düşmən sədlərini dağıtdıqca, döyüşə-döyüşə irəlilədikcə biz də qürurdan bir boy dikəlirdik. İnanırdıq ki, müharibə qələbəmizlə başa çatacaq.

İsmayıl fikrini belə tamamlayır:

- O günlərdə oğlu döyüşlərdə şəhid olmuş şuşalı ananın döyüşçülərə yazdığı məktub hamımızı duyğulandırmışdı: "...Qələbədən sonra Şuşada qarşıma çıxan ilk əsgəri oğlumun əvəzinə bağrıma basacağam...". Biz bu duru niyyətin də, Azərbaycan əsgərinin qazandığı mövqe qələbələrinin də işığında gecəni səhər edirdik...

Əsgər Fuad İsgəndərov deyir:

 - Bütün mövqe qələbələrinə sevinirdik. Ancaq hər gün televiziyanı bir xəbər eşitmək ümidi ilə izləyirdik: Şuşa işğaldan azad edildi! Bu informasiyanı noyabrın 8-də eşitdik: Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində dedi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq". Baş leytenant Fərahim Baratoğlu əsgərin sözünə qüvvət kimi deyir ki, əbədi yaşayacaq tarixi ifadə edən kəlamlar da əbədi yaşayacaq...

Şuşa döyüşlərində yaralanan əsgər həkimin "Yaraların çoxmu incidir?" sualına cavab verəndə gözləri dolub. "Məni yaralarım incitmir, həkim, məni döyüşlərdən aralı qalmağım, döyüşənlərin sırasında olmamağım incidir..." - deyib.

- Tanımadığımız o əsgərə qardaş deyirik. O əsgər kimi biz də ruhən Şuşaya can atardıq, - əsgər Habil Əsgərov belə deyir.     

- Bu fikirlər (buna qəhər də deyərdim, bir təsadüfə görə ovunmaz təəssüf də deyərdim) Şuşa uğrunda döyüşlərdə Azərbaycan əsgərinin Vətən müharibəsində döyüş əzminin, qələbə ruhunun ifadəsi deyildimi? - soruşuram.

Əsgərlər, "Elədir...", - deyirlər.

- O anlarda həkimin əli yaralı əsgərin saçlarında gəzişdiyinə əminəm, - baş leytenant Fərahim Baratoğlu belə deyir. Əsgərlərin baxışlarında sezilməsi çətin olmayan xoş bir ovqat gəzişir. Hamısı həkimin əllərinin təmasının yaralını sağaltdığına inanır...

Əsgər Fuad İsgəndərov deyir ki, Vətən müharibəsində əmim Səftər də iştirak edib. Əmim deyirdi ki, nəfəsi üstündə olan heç bir döyüşçü müalicəyə göndərilmək istəmirdi, komandirindən, həkimlərdən xahiş edirdi ki, ilkin tibbi yardım göstərildikdən sonra döyüşü davam etdirməyə icazə versinlər. Hamımız Şuşayacan döyüşmək istəyirdik.

- Yəni, Azərbaycan əsgəri Vətən müharibəsinin Qələbəylə tez başa çatmasını istəyirdi, ancaq son döyüşlərdə özünün də iştirak etməsini arzulayırdı. Hər iki istəyə müqəddəs istək deyərdik..., - kapitan Kənan Nəhmətov belə deyir, əsgərlər də, zabitlər də onun fikrini bəyənir...

- Vətən müharibəsində xidmətdə olsaydıq, biz də Şuşanın işğaldan azad edilməsi üçün döyüşmək istəyərdik. Şuşanın necə işğal olunmasını xatırlayanda atamın qaşları çatılardı. 2020-ci il noyabrın 8-dən sonra atam Şuşanın işğaldan necə azad edilməsindən danışardı. Qürurla danışardı. Onda atam da, mən də bu qürur içində bir təəssüf yaşayardıq: Vətən müharibəsində iştirak edə bilmədik, Şuşanın işğaldan azad edilməsi üçün döyüşənlərin sırasında ola bilmədik...

Əsgərin dedikləri o günlərdə cəmiyyətin yaşadığı gerçəkliklərin ifadəsi kimi dinlənilir. Onda döyüşlərdən uzaqda olanlar xəyalən döyüşənlərin sırasındaydı. Onda xalqın dəstəyini bütün çalarlarıyla hiss edən döyüşçülərin döyüş əzmi də, qələbə ruhu da yüksəlirdi. Xalq bu yüksəlişi qələbənin işığı bilirdi. Hamı bu işığı düşüncələrindən könlünə köçürürdü.

- Ruhumuzun şəhəri uğrunda döyüşlərdə iştirak etmək niyyətinə əsgərin mənəvi dünyasının Dan ulduzu deyərdim, - sağ əlim bir əsgərin, sol əlim digər əsgərin çiyninə enir.

Leytenant Adəm Novruzov deyir ki, ən ağır döyüşümüz Əbdürrəhmanlıda oldu. Düşmən minaları bir qədər dərində yerləşdirmişdi, həm də minalar çoxçeşidli idi. Minalar təmizlənməli idi ki, döyüşçülərimiz düşmənin sədlərini keçə bilsinlər. Əsgərlərimiz bu hərbi tapşırığı böyük məsuliyyətlə yerinə yetirdilər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Kamil Şıxmuradov minaatan mərmisinin qəlpələrindən şəhid oldu. Əbdürrəhmanlının girişində minaları təmizləməyə başlayanda Kamilin dediklərini hər xatırlayanda qəhərlənirik: Şuşanın girişində minaları təkcə əllərimlə deyil, dişlərimlə də təmizləyəcəyəm, komandir. Bu, döyüşçünün, o döyüşçünün timsalında Azərbaycan əsgərinin Vətən sevgisinin ifadəsiydi.

Baş leytenant Fərahim Baratoğlu Zəfərdən sonra rusiyalı jurnalistin “Natsionalnaya Oborona” jurnalında dərc olunmuş məqaləsini xatırladır: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu? Demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Xatırladır və əsgərlərdən soruşur ki, rus jurnalistinin bu fikrinə nə deyərdiniz? Əsgər Elvin Ələkbərov əsgərlərə baxır və qətiyyətlə deyir ki, kaş biz də onların sırasında olaydıq!..

Əsgərin cavabını 15 ay əvvələ əli uzalı qalmış istək bilirəm. Budur, Vətən sevgisi!  Budur, azərbaycançılığın yaşarılığı. Ona da əminəm ki, Vətən müharibəsində iştirak etsəydilər, bu əsgərlər də qətiyyətlə, mərdliklə döyüşərdilər.

Baş leytenant Fərahim Baratoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində Vətən müharibəsinin mahiyyətini ifadə etdiyi kəlamları xatırladır: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Bu kəlamlar 2020-ci il noyabrın 8-də dünyaya görk olan Zəfərin müqəddəslik mərtəbəsində anılmasıdı. Anılırsa, yaşadılır. Anıla-anıla yüz illərlə yaşadılacaq...

Elvinin "kaş ki..." təəssüfündə həsəd var. Vətən müharibəsində iştirak etmiş əsgərlərə həsəd. Bu həsəd təkcə bu hərbi hissədə yaşanılmır. Bu həsədi bütün məmləkət boyunca bu yaşda gənclərin hamısı yaşayıb. Bu gün burada eşitdiklərimin zəmanəti deyir ki, bu həsəd indi də yaşanılır. Gözəl həsəd olduğuna görə, qibtə olduğuna görə, qürur olduğuna görə, həm də sevgi olduğuna görə. Bu sevgi Vətənə ad olduğuna görə müqəddəs sevgidi. Mənə belə gəlir ki, hələ də yaşanılır.

- Vətən müharibəsində döyüşlərdən o qədər də uzaq olmayan bir kənddə bir imanlı ana ilə kəlmələşmişdim. Dedikləri könül mülkümün can ortağına dönmüşdü. Onda bir şəhid anası kövrəkliklə demişdi: "Oğlum Şuşada şəhid olub. Əlbəttə ki, indi can sirdaşım Şuşadı, son nəfəsiməcən ömrüm, yaşım Şuşa olacaq. Şuşanı mən də imanıma canamaz biləcəyəm. Qarabağımıza görə, Şuşanın özünə görə, bir də şəhid oğluma görə...". Necə kövrəlməyəydim..., - neçə aylar əvvəl olmuş bu söhbəti xatırladıram. Əsgərlərin baxışlarında sevinci kövrəkliyin, kövrəkliyi sevincin əvəzlədiyini sezmək çətin deyil. "Sevinciniz Zəfərin sevincidi, Zəfərə ana xeyir-duasının sevincidi, kövrəkliyiniz şəhidlərə görə kövrəklikdi. Ölməzliyə görə kövrəklik ölməzlərin ruhunu nigarançılıqdan qurtarmaq niyyətidi", - deyirəm. Əsgərlər razılıqla gülümsünürlər...     

Əsgər İlqar Əliyev bu yaxınlarda oxuduğu bir məqalədən bir məqamı xatırladır:

- Vətən müharibəsi ərəfəsində bir əsgər söhbət zamanı komandiri baş leytenant Ramazan Hudulova deyib ki, atam 1992-ci ildə Şuşada xidmət edib, Şuşada döyüşüb, Şuşada yaralanıb. Mayın 8-də Şuşa işğal olunub. Atam indi də deyir ki,  Şuşanı görmədən ölsəm, illəri ömrümə haram bilərəm. O əsgərin atası Şuşanı görə bilməyib. Həmin əsgər Vətən müharibəsində Şuşa uğrunda döyüşdü, Şuşanı azad edənlərin sırasında oldu. "Mən xoşbəxt əsgərəm ki, Vətən müharibəsində iştirak etmişəm. Şuşa uğrunda döyüşmüşəm, atamın ruhunu nigarançılıqdan qurtarmışam...", - qalib əsgər belə deyir...

Vətən müharibəsində eşitdiyim bir hadisəni əsgərlərə xatırladıram: Mayor Aydın Osmanov demişdi ki, "Şuşa işğaldan azad ediləndə qolumdan da, ayağımdan da güllə yarası almışdım. Üçüncü güllə cibimdəki telefona dəymişdi". Gülümsünmüşdü. Təbəssüm təbəssümlə qoşalaşmışdı. Müharibələr tarixində buna bənzər nəsə oxumuşuq. O "nəsə"lər bəlkə də bədii təxəyyüldən gəlir. Ancaq Azərbaycan Ordusunun zabitini üçüncü güllədən (bəlkə də daha ağır yara yetirəcək güllədən) telefonun qoruması da nə vaxtsa bədii əsərə (əsərlərə) mövzu olacaq. Bu təsadüf mayor Aydın Osmanovu Şuşa uğrunda döyüşlərə aparmışdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "... Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq". Bu inam tam qələbə qazanılacağına əminlik kimi səslənmişdi. Vətən müharibəsi Qələbə ilə başa çatdı...

Şuşa işğaldan azad edildi.

Baş leytenant Fərahim Baratoğlu Bakıda keçirilən Zəfər paradını, paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediklərini xatırladır: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Əsgərlər bu kəlmələri Türkiyənin Azərbaycana dünyəvi və bəşəri sevgisinin ifadəsi kimi dinləyir... 

Bizə elə gəlir ki, bu anlarda Cıdır düzünün qarı tala-tala əriyir, bir neçə gündən sonra Cıdır düzündə novruzgülü boy göstərəcək, İsa bulağının zümzüməsini başı dumanlı dağlar təbiətin qaliblərin döyüş yoluna sarılan avazı biləcək.   

Bundan sonra bütün illər işğaldan azad edilmiş torpaqlarımızın ili olacaq!

Bundan sonra bütün illər Azərbaycanımızın ili olacaq!

 

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"

 

Azərbaycan ordusu.- 2022.- 12 mart.- S.7.