Tarixin qəhrəman qalası-Əlincə qalası
Naxçıvan şəhərindən
40-50 kilometr uzaqda Culfa rayonunun ərazisində yerləşən
Əlincə qalası neçə-neçə tarixi hadisələrin
şahidi olmuş, qəhrəmanlıq qalası kimi salnamələrdə
böyük izlər buraxmışdır. Teymurun
qoşunları Azərbaycanın cənub torpaqlarının
çox hissəsini tutduqdan sonra Naxçıvan üzərinə
hücuma keçirlər. Əlincə qalası 1387-ci ildə
Teymurun qoşunları tərəfindən mühasirəyə
alınır. Əlincə çayının sahilində yerləşən
Əlincə qalası aşağı tərəflərdən
bürclü divarlarla əhatə olunmuşdu. Divarların
daxilində, dağ yamaclarının aşağı hissəsində
üzümlüklər, tarlalar, otlaqlar, bulaqlar və hovuzlar
var idi. Bu qala uzun illər mühasirə şəraitində
özünü qida məhsulları ilə təmin etmək
imkanına malik idi. Tarixçilərin verdikləri məlumata
görə Əlincə qalası həmişə yadelli
işğalçılara qarşı mübarizədə əhalinin
sığınacaq yeri olmuşdur. Düşmən qüvvələri
dəfələrlə bu qala qarşısında məğlub
edilmiş və böyük tələfata uğrayaraq geri
çəkilməyə məcbur
olmuşdular.
1387-ci ildə də Əlincə
qalası ətrafında da gərgin döyüşlər
gedir. Teymurun qoşunlarının dəfələrlə
hücumları heç bir nəticə vermir. Hələ
xarici hücumlar olmayan zamanlarda da Cəlayirlər sülaləsi
Naxçıvan əhalisini itaətdə saxlamaq, vergilər
toplamaq üçün Əlincə qalasından istifadə
edirdilər, orada böyük xərc bahasına daim iki yüz
nəfərlik qoşun saxlayırdılar. Cəlayirlər
dövlətinin xəzinəsi burada gizlədildiyindən
Sultan Əhməd Əlincə qalasının müdafiəsini
öz oğlu Məlik Tahirə tapşırmışdı.
Bu vaxt Azərbaycanın ayrı-ayrı feodal hakimləri,
Gürcüstan dövləti, Teymur qoşunlarına zərbə
vurmaq, onun irəliləməsinin qarşısını almaq
məqsədilə Əlincə qalasının müdafiəçilərinə
yaxından kömək edirdilər.
Əlincə
qalasının müdafiəçiləri hər bir çətinliyə
dözərək müəyyən fasilələrlə 14 il
(1386-1400) mühasirə şəraitində Teymur
qoşunlarına qarşı kəskin mübarizə
aparmışlar. Onlar ayrı-ayrı döyüşlərdə
Teymurun qoşunlarına ölümcül zərbələr
belə vura bilirdilər. Teymur Əlincə qalasını
almaq üçün yeni-yeni qüvvələr göndərirdisə
də, hələlik heç bir müvəffəqiyyət əldə
edə bilmirdi. Əlincə qalasının
qarşısındakı qələbə
qonşu Qafqaz ölkələrində böyük ruh yüksəkliyi əmələ
gətirirdi. Azərbaycanın, Ermənistanın və
Gürcüstanın feodal hakimləri öz
qüvvələrini cəmləşdirərək mübarizəni gərginləşdirirlər. Bu
ölkələrin feodal hakimlərinin vahid cəbhə təşkil etmək cəhdləri Teymuru
qorxutduğundan o, Əlincə qalasının ətrafında müəyyən qədər qoşun saxlayaraq özünün əsas
qüvvəsi ilə Ermənistan və Gürcüstan üzərinə
hücuma keçir. Əlincə qalası Azərbaycan xalqının tarixində qeyrət
qalasıdır. 14 il qala Teymur qoşunlarına qarşı
inadlı mübarizə aparmış, qəhrəmanlıq
tarixi yaratmışdır. Lakin
son dəfə satqınlıq ucbatından 1400-cü ildə
qala təslim edilmişdir. Məhz
buna görə də Əlincə qalasının müdafiəsinin
tarixdə xüsusi rolu vardır.
Hüseyn ƏLIYEV,
Naxçıvan MR,
Yurdçu kənd orta
məktəbin tarix müəllimi
Azərbaycan ordusu.- 2008.- 31 dekabr.- S. 4.