Əfsanəvi insan
Azərbaycan
Respublikasının bir çox görkəmli adamları kimi
Məzahir Həmid oğlu Abasovun da adı qızıl hərflərlə
Böyük Vətən müharibəsi tarixinə
yazılmışdır. Məzahir Abasov qeyri-adi və
çox maraqlı taleyi olan bir İnsan idi. Müharibə
başlayanadək o, aeroklubda təhsil alaraq pilot peşəsinə
yiyələnib. Burada oxuduğu illərdə bir çox qəhrəman
təyyarəçilərin həyatı və
döyüş yolu ilə maraqlanıb. M.Abasov daha çox qəhrəman
təyyarəçi Valeri Çkalovdan nümunə
götürərdi. Sonralar Çkalovda olan bu keyfiyyətlər
Məzahir Abasovda da cəmləşmişdi. Abasov
yaxşı bilirdi ki, ölkənin səmasını
müdafiə etmək üçün təyyarəçilərə
böyük ehtiyac var.
Əsl təyyarəçi
olmaq nə qədər çətin və ağır idi. Tərəddüd
etmədən təyyarəçi olmaq qərarına gəldi.
Pilot şəhadətnaməsi aldıqdan sonra Yeysk aviasiya məktəbinə
daxil olmaq üçün yola düşdü. Sevastopol
vağzalının perronunda gələcək kursantlar Yeysk
aviasiya məktəbinin zabiti qarşıladı. Burada
kursantları qatara mindirib yola saldılar. Uzun yol keçdikdən
sonra təyin olunmuş yerə çatdılar. Qatardan
düşəndə onları məktəbin nümayəndəsi
gözləyirdi. Nümayəndə gələcək təyyarəçiləri
bir-birinin ardınca sıraya düzdü. Düzünü desək,
kursantlar çox da yaxşı geyinməmişdilər. Kim
necə gəldi, geyinmişdi. Birinin əlində əldəqayırma
bir çemodan, o birisinin əlində iplə
sarınmış əşya torbası var idi. Gənc
kursantların görkəmində isə bir sakitlik hökm
sürürdü. Bir sözlə, bakılı qrup Məzahir
Abasovda daxil olmaqla xarici görünüşlərindən gələcək
hərbi təyyarəçilərə nisbətən
çox hazırlıqsız görünürdü. Bunu məktəbin
nümayəndəsi də gördü. O, Bakıdan gələn
kursantları ruhlandırmaq üçün gülərüzlə:
"Adamı geyimlə tanımırlar",- dedi. Bir neçə
dəqiqədən sonra ciddi görkəm alaraq "İrəli
marş" komandası verdi. Onun bu ciddi sözləri
hamıya təsir etdi. Bu komanda altında kursantlar avtobuslara tərəf
addımladılar. Gələcək
döyüşçülərin əsas arzusu yeni peşəni
öyrənməyə can atmaq idi. Lakin onların belə
tezliklə səmaya qalxmalarına hələ çox vaxt
lazım idi. Aviasiya məktəbində təhsil alan kursantlar
və Məzahir Abasov aerodinamikanı əzbərləyirdilər,
təyyarənin konstruksiyasını, aviasiya mühərrikinin
hissələrini dərindən öyrənirdilər.
Artıq təyyarədə uçmağın vaxtı gəlib
çatdı. Məzahir Abasov ilk sınaq uçuşunu
çox müvəffəqiyyətlə yerinə yetirdi. Sonra
o, daha uzaq məsafələrə uçuşlar etdi. Yeysk
aviasiya məktəbini bitirdikdən sonra yeni təyyarələrdə
uçuşlar həyata keçirdi. Müharibədən
qabaq "DB-3f təyyarəsi var idi. O, təkcə bu
maşınla gün-gündən aşağı və
yuxarı yüksəkliklərə yeni uçuşlar edirdi. Əvvəlcə
sıravi kimi, sonra isə heyət komandiri kimi. Günlərin
bir günü, gözləmədiyi bir vaxtda Qara Dəniz
Donanması Komandanlığı tərəfindən onun manqa
komandiri təyin olunması haqqında əmr gəldi. Onun sevinci
yerə-göyə sığmırdı. Hamı ona müvəffəqiyyətlər
arzuladı. Komandanlıq ona bildirdi ki, sizin hər bir hərəkətiniz,
hər bir sözünüz tabeçiliyinizdə olanların
hədəfindədir. Manqaya rəhbərlik etmək o qədər
də asan iş deyil, lakin aviasiyada bu ən şərəfli
xidmətlərdən biri sayılır. Məzahir Abasov yeni vəzifəsinin
icrasına başladı. Ağır bombardmançı
"DB-3" təyyarəsini uçuşa
hazırlamağı əmr etdi. Həmin gün alay komandirinin
qərarı ilə təyyarə səmaya uçdu.
Özlüyündə uçuşa lazım olan hər
şeyi- qazandığı biliyi və təcrübəni
qarşısına qoydu. Təyyarəyə minərək onu
hərəkətə gətirdi. Açıq səmada bir
müddət uçduqdan sonra geriyə döndü.
Maşından düşəndə "bax, beləcə
uçmaq lazımdır",- deyə təkrarladı.
Sonra Abasov təyyarə,
heyət və başqa kiçik bölmə komandirlərinin
rolunu yüksəltmək qərarına gəldi. Bu bir
günlük iş deyildi. Tədricən bütün
manqanı daim yerindən tərpətmək, adamları isə
perspektivli işlərə cəlb etmək, hər bir işə
cavabdehlik hissi oyatmaq lazım idi. İlk növbədə isə
özünü nümunəvi göstərməliydi ki, şəxsi
heyət də ondan nümunə götürsün. Komandir
öz biliyini, təcrübəsini, hətta lazım gəlsə,
hər şeyi qurban verməyi bacarmalıdır. Manqa komandir
üçün həm də bir ailədir, hansı ki, burada
onlar üçün ümumi həyat və ümumi maraqlar
hökm sürür. Abasov manqaya rəhbərlik etməyin daha
çətin və şərəfli iş olduğunu
çox yaxşı bilirdi.
...1941-ci ilin baharı idi.
Alman faşizmi Avropada beynəlxalq vəziyyəti daha da gərginləşdirmişdi.
Hamı müharibənin başlanmasını gözləyirdi.
Ölkə faşistlərə qarşı qəti müharibəyə
hazırlaşırdı. Bir çox alayların
bombardmançı təyyarələri öz sursatları ilə
hazır vəziyyətdə idilər. Döyüşü
başlamaq üçün komandanlığın əmrini
gözləyirdilər. Məzahir Abasov və onun
tabeçiliyində olanlar da almanlara qarşı hücuma
keçmək üçün hazır vəziyyətdə
dayanmışdılar.
İyun ayının
ortaları idi. Qara Dəniz Donanmasında geniş təlimlər
keçirilirdi. Gəmilər əsas daimi bazası sayılan
Sevastopol şəhərinə qayıdaraq silahları ilə
bərabər döyüş vəziyyətində
dayanmışdılar. 1941-ci ilin iyun ayının 22-də səhər
saat 4-ə 15 dəqiqə işləmiş Sevastopol üzərinə
alman təyyarələrinin uçuşu başladı. Bu,
artıq müharibənin başlanmasını xəbər
verirdi.
M.Abasov ilk
döyüşünü həyatı boyu yaddan
çıxartmadı. Səmadan yerə ilk bombaları atanda nə
baş verdiyini açıq-aydın görürdü.
Düşmən gəmiləri, anbarları od tutub
yanırdı. Hər yer tüstü-duman içində idi.
Döyüş başa çatdıqdan sonra
komandanlığa tapşırığın yerinə
yetirildiyini və hər şeyin qaydasında olduğu
haqqında məlumat verdi. Eskadrilya komandiri onun əlini möhkəm
sıxaraq öz minnətdarlığını bildirdi.
Abasov Qara Dəniz
Donanmasına Yeysk aviasiya məktəbindən gəlmişdi.
Eyni gündə onların hər ikisi R-6 təyyarəsində
nəzarət uçuşunu həyata keçiriblər.
Eskadrilya komandiri təyyarəçi Məzahir Abasov
haqqında çox yaxşı sözlər eşitmişdi.
Hər ikisi ilk dəfə səmaya uçuşu həyata
keçirəndə maşında qəfildən nasazlıq
yaranmışdı. Onu şaquli vəziyyətə gətirmək
çox çətin idi. Hündürlük rolu işləmirdi.
Maşının sürəti getdikcə azalırdı. Təyyarə
qəzaya uğraya bilərdi. Lakin Abasov özünü itirmədən
bir anın içində yanğın kranını
bağladı və mühərrikə yanacağın verilməsini
dayandırdı. Belə bir vəziyyət təyyarəni
partlamaqdan qoruya bilərdi. Bir neçə saniyə ərzində
Məzahir Abasov təyyarəni sağ qanadları tərəfə
döndərməklə həyatlarını xilas edə
bilmişdi. Maşının qanadları yerə dəydi.
Güclü zərbə eşidildi. Onun bu hərəkəti
öz işinin ustadı olduğunu bir daha sübuta yetirdi.
Eskadrilya komandiri təyyarəçilərin
uçuş ustalığını, onların
yaradıcı olaraq öz işlərinə münasibətini,
əməksevərliyini, adamlarla işləmələrini
yüksək qiymətləndirdi. O, həmişə Məzahir
Abasovun müvəffəqiyyətinə çox sevinirdi.
Günlərin bir günü
Abasov bombardmançılar qrupu ilə birlikdə
döyüş tapşırığını yerinə
yetirmək üçün yola düşdü.
Yağışlı hava idi. Bombardmançılar gənc,
sağlam və gümrah idilər. Baxmayaraq ki, onların təcrübəsi
az idi, amma qoçaqlıqlarını heçnə əvəz
edə bilməzdi. Yerdə çaylar, göllər
uzanırdı. Saat ona yaxınlaşırdı. İki saat
olardı ki, onlar uçurdular. Şturman hədəfə
yaxınlaşdıqları haqqında məlumat verdi. Komandir
bombaları yerə atmağa başladı. Güclü partlayışlar
baş verdi, yerin üzü tüstü-dumana
bürünmüşdü. Həmin vaxt Abasov qara
xaçlı "messerşmitt"ləri gördü. Bizim
döyüşçülərimiz bu qırıcılarla uğursuz mübarizə
aparırdılar, onlardan qaçmaq istəyirdilər. Məzahir
Abasov birbirinin ardınca atəş açmağı əmr
verdi. Çətinliklə olsa da, düşmənin bir
neçə qırıcısı məhv edildi. Döyüşçülər
müvəffəqiyyətlə aerodroma qayıtdılar.
Müharibənin
dördüncü günü Qara Dəniz Donanmasının
63-cü aviasiya alayının təyyarəçisi M.Q.Abasov
haqqında yazılmış qərarda bildirilir ki, Konstanskidə
düşmən bazasının bombardman edilməsi
haqqında döyüş tapşırığı yerinə
yetirilib, iki düşmən qırıcısı tərəfindən
atəşə tutulan M.Abasov zədələnmiş motorla
qeyri-bərabər döyüşə girərək bir
düşmən təyyarəsini məhv etmişdir. İki
motor sıradan çıxsa da, o, ustalıqla təyyarəni
dənizə endirə bilib və xilasedici qayıqla altı
gün dənizlə mübarizə aparan heyət sahilə
çıxa bilmişdir. Bu döyüşdə göstərdiyi
igidliyə görə Məzahir Abasov "Qırmızı
Bayraq" ordeni ilə təltif edilib.
Qızğın
döyüşlərin birində Məzahir Abasovun
bombardmançı təyyarəsi düşmən tərəfindən
vurularaq yanmışdı. O, özünü itirmədən
alovlanmış təyyarəni yerə endirmiş və
özü də ağır yaralanmışdı. Qorxmaz təyyarəçinin
xilas edilməsi üçün tibb işçiləri əllərindən
gələni edirdilər. Huşunu itirmişdi. Uzun müddət
özünə gələ bilməmişdi. Bir müddət
keçəndən sonra vəziyyəti
yaxşılaşmağa başladı. Bütün çətinliklərdən
uğurla çıxa bildi. Sonralar Məzahir Abasov elm
adamı, professor, yazıçı, görkəmli ictimai
xadim oldu...
... Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev tarix elminin
inkişafında və gənclərin vətənpərvərlik
ruhunda tərbiyələndirilməsində böyük əməyinə
görə Məzahir Həmid oğlu Abasovun "Şöhrət"
ordeni ilə təltif olunması haqqında fərman
imzalayıb.
Təsadüfi deyil ki,
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
bir çox xarici ölkələrdə Böyük Qələbənin
50 illiyinin keçirilməsi ilə əlaqədar iştirak
edəcək nümayəndələrin tərkibinə əfsanəvi
Qara Dəniz Donanmasının hərbi təyyarəçisi
Məzahir Həmid oğlu Abasovu da daxil etmişdi.
Məzahir Abasov yorulmaq
bilmədən işləyirdi. Həmişə səhər
saat doqquz tamamda işlədiyi Səbayel rayonu veteranlarla iş
üzrə kabinetində olardı. Hamıya əlindən gələn
köməyi göstərirdi. Veteranlarla görüşlər
keçirir, onların qayğısına qalır, ehtiyaclarını
yerinə yetirmək üçün əlindən gələni
edirdi. Çox vaxt onu institut, təşkilat, müəssisələrdə
və bir çox ictimai yerlərdə keçirilən tədbirlərdə
görmək olardı. Çox maraqlı tədbirlər
keçirərdi. Bax, belə bir gümrah, dəyanətli
insan idi Məzahir Abasov.
Artıq Məzahir Abasov
həyatda yoxdur. Keçirdiyi ağır xəstəlik ona
yaşamağa aman vermədi. Həyatdan əfsanəvi, əsl
bir insan getdi. Onun keçdiyi şərəfli
döyüş və həyat yolu həmişə onu
tanıyanların qəlbində yaşadacaq. Onun şərəfli
döyüş yolu gələcək nəsillərə
nümunə olacaq.
Hazırladı: Svetlana
NƏSİBQIZI
Azərbaycan ordusu .-2008.-24 dekabr.- S. 4.