Tarix olduğu kimi

 

Bu günlərdə Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar "Tarix olduğu kimi" tədbir-sərgi keçirilmişdir. Sərgidə ilk dəfə olaraq rəssam-fotoqraf Tahir Cəfərovun 20 Yanvar faciəsini əks etdirən 40 ədəd fotosu nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fəridə xanım Şəmsi öncə qonaqları salamladı. Daha sonra natiq Azərbaycanın müstəqillik yoluna nəzər salaraq dedi ki, xalqımız tarixin ən çətin sınaqlarından bacarıqla çıxaraq azadlığa qovuşdu. Sovet imperiyasının yetmiş illik əsarətindən qurtulmaq üçün xalqımız bu illər ərzində zaman-zaman mübarizələr aparıb. Lakin ötən əsrin sonlarında Sovet İttifaqına rəhbərlik edən M.Qorbaçovun Azərbaycana qarşı laqeydliyi açıq-aydın hiss olunurdu. Erməni daşnakları Dağlıq Qarabağı Azərbaycanın tərkibindən ayıraraq Ermənistana verilməsi tələbini irəli sürdü. Bundan sonra Azərbaycan xalqı ölkə rəhbərliyi qarşısında ermənilərin baş tutmayacaq təklifini rədd etməsini istədi. İnperiya rəhbərliyinin ermənipərəst mövqeyi xalqımızın qəti etirazına səbəb oldu. Xalq küçələrə və meydanlara çıxaraq nicat yolunu millətin birliyində və bütöv Azərbaycanın müstəqilliyində görürdü. Paytaxt Bakıda etiraz dalğaları səngimək bilmirdi. Bundan təşvişə düşən inperiya rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın əhalinin üstünə silahlı qoşun yeritdi. Tanklardan, zirehli texnikalardan dinc sakinlərə atəş açdılar. Həmin gecə Bakı qan içində idi. Yüzdən artıq insan həlak oldu və yüzlərlə adam yaralandı. Xalqımız hər il müstəqillik yolunda həlak olmuş 20 Yanvar şəhidlərin xatirəsini yad edir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, rəssam-fotoqraf T.Cəfərov, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin sədri A.Şirinov, Baş Arxiv İdarəsinin kino-şəkil sənədlər arxivinin müdiri N.Fişeva və başqa qonaqlar çıxış etdilər.

Muzeyin ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova qonaqları fotosərgi ilə tanış etdi. Şərafət xanım 20 Yanvar mərasimi ilə bağlı muzeydə hər il tədbir keçirildiyini dedi.

 

 

Kapitan

Bəxtiyar ƏLİYEV,

 

Azərbaycan Ordusu.- 2009.- 22 yanvar.- S. 3.