Şəhidlik şərəfdir
Tarixə nəzər
yetirəndə başa düşürük ki, hər dəfə
Azərbaycan xalqı müstəqilliyə və
azadlığa can atanda imperiya qüvvələri onun bu
arzusunu qan gölündə boğmağa
çalışmışdır. 1920-ci ildə də belə
oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay
yaşadı. XI Qızıl ordunun əli ilə məhv
edildi, neçə minlərlə azərbaycanlı qətlə
yetirildi...
XX əsrin səksəninci
illərindən etibarən SSRİ adlı super dövlətin
parçalanması prosesi başlandı. O vaxta qədər
müttəfiq olan respublikaların suverenlik qazanmasına şərait
yarandı. Amma Sovet imperiyası zəngin təbii sərvətlərə
malik olan Azərbaycanı əldən buraxmaq niyyətində
deyildi. Odur ki, 1918-20-ci illərin ssenarisi işə
salındı, həmin dövrdə baş vermiş hadisələr
təkrar olunmağa başladı. Uydurma "Dağlıq
Qarabağ" problemi ortaya çıxarıldı,
havadarına güvənən erməni daşnakları Qərbi
Azərbaycanda yaşayan 200 mindən artıq
soydaşımızı zorla doğma yurd-yuvasından didərgin
saldılar. Xalq belə haqsızlığa və ədalətsizliyə,
günahsız insanların qətlə yetirilməsinə
dözə bilmədi, hadisələrə öz
etirazını bildirmək üçün mitinq və
nümayişlər keçirməyə başladı. O zaman
mərkəzin Azərbaycana qarşı qərəzli siyasət
yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə
açıq-aşkar laqeydlik nümayiş etdirməsi ölkəmizin
hər yerində qəzəb və etirazlara səbəb oldu.
Beləliklə,
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
imperiya qüvvələri Azərbaycanın paytaxtına
qoşun hissələrini yeridərək qanlı faciənin
törənməsinin səbəbkarına çevrildilər.
Gecəyarısı Sovet ordusunun Azərbaycana "zəfər
yürüşü" başladı. Dinc əhali - qocalar,
qadınlar, uşaqlar, eləcə də təcili yardım
maşınları gülləyə tutuldu, ağır hərbi
texnika və zirehli maşınlar şəhərin
küçə və meydanlarını xarabalığa
çevirdi.
20 Yanvar
qırğınını törədənlər faciənin
əsl mahiyyətini dünya mətbuatından gizlətməyə
cəhd göstərsələr də, Azərbaycan ictimaiyyətinin
nümayəndələri haqq səsini ucaltmağa
çalışdılar. Həmin dövrdə dahi bir Azərbaycan
oğlunun səsi daha ucadan eşidildi. Bu səs görkəmli
dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin səsi
idi. 20 Yanvar faciəsi baş verən günlərdə o,
Moskvada repressiya həyatını yaşayırdı.
Xalqımızın başına gətirilən müsibətdən
xəbər tutan kimi dahi rəhbər Moskvadakı Azərbaycan
nümayəndəliyinə gələrək Bakı
soyqırımını törədənləri lənətlədi.
O, mətbuat konfransı keçirərək baş verənlərə
öz münasibətini bildirdi. Onun kədər və inam dolu
səsi radio dalğaları ilə bütün Azərbaycana
yayıldı. Görkəmli dövlət xadimi o vaxtlar qeyd
edirdi ki, "xalqımız 20 Yanvar faciəsini heç zaman
unutmayacaqdır. Çünki bu qanlı hadisə ayrı-ayrı
insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün
Azərbaycan xalqına, Azərbaycan millətinə edilən hərbi
təcavüz idi. Bu təcavüz nəticəsində həlak
olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır".
Nəhayət,
1993-cü ildə xalqın arzu və tələbi ilə yenidən
ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev
20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsinə
nail oldu. Milli Məclisin iclaslarında 20 Yanvar faciəsi ilə
bağlı məsələ dərindən və ətraflı
araşdırıldı.
20 Yanvar hadisəsi
böyük faciədir, hamımızın faciəsidir. Bu, bəşəriyyət
tarixində dinc əhaliyə qarşı görünməmiş
qəddarlıq, misilsiz vəhşilikdir. Ancaq bu faciənin
böyük ibrətamiz dərsləri də oldu. Bu
ağlasığmaz vəhşiliklər Azərbaycan
xalqının azadlıq eşqini söndürə bilmədi.
Bu, bir daha göstərdi ki, bizim xalqımız mübariz
xalqdır. Xalqımızın düşmənləri tərəfindən
Azərbaycana göndərilən ölüm kabusu xalqı
qorxutmadı, əksinə, onun azadlıq və müstəqillik
arzusunu daha da alovlandırdı.
Artıq 19 ildir ki, qədirbilən
xalqımız 20 Yanvar faciəsini dərin hüznlə
xatırlayır, müstəqilliyimiz uğrunda şəhid
olan qəhrəman soydaşlarımızın xatirəsini əziz
tutur. Çünki müstəqillik, azadlıq, milli dövlətçilik
naminə mübarizəyə qoşulanlar xalqın əbədi
yaddaşındadır. Bu amal uğrunda şəhidlik zirvəsinə
yüksələn insanların xatirəsi isə Azərbaycanın
müstəqilliyi kimi daimi və əbədidir.
Ümumxalq hüzn
günü ərəfəsində Müdafiə Nazirliyinin hərbi
hissə və birləşmələrində, hərbi tədris
müəssisələrində də ənənəvi tədbirlər
keçirildi, əsgər və zabitlər, kursantlar şəhidlərimizin
xatirəsinə öz ehtiramlarını ifadə etdilər,
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində
ümumxalq hüzn gününə həsr olunmuş mərasimdə
şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra "20 Yanvar - xalqımızın qəhrəmanlıq səhifəsi"
adlı sənədli televiziya filmi nümayiş etdirildi.
Müdafiə Nazirliyi Tərbiyəvi
işlər idarəsinin zabiti polkovnik Abdulla Qurbaninin təşkilatçılığı
ilə hazırlanmış ədəbi kompozisiyanı
Silahlı Qüvvələrimizin mahnı və rəqs
ansamblının kollektivi, müğənnilər və
aktyorlar ifa etdilər.
Mayor
Arif PƏNAHOV,
Azərbaycan Ordusu.- 2009.- 22 yanvar.- S. 2.