“Xalq sözü”
qəzetinin 80 illik yubileyi
qeyd olundu
Aprelin
6-da İmişlidə “Bölgə həyatı və yerli
media” mövzusunda “dəyirmi masa” keçirilib. Heydər Əliyev
Mərkəzində düzənlənən tədbir rayonda
çıxan “Xalq sözü” qəzetinin 80 illik yubileyinə
həsr olunub. Mövzu ətrafında müzakirələrdə
rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Mətbuat
Şurasının, Milli Televiziya və Radio
Şurasının təmsilçiləri, ölkədə
müntəzəm yayımlanan, ictimai fikrə təsir
göstərən kütləvi informasiya vasitələrinin
bölgə müxbirləri iştirak ediblər. Onlar öncə
ümummilli lider Heydər Əliyevin İmişli şəhərindəki
abidəsini ziyarət edib, tər çiçək dəstələri
düzüblər. Qonaqlara İmişlidə gedən quruculuq
işləri barədə ətraflı məlumat verilib. Onlar
Şəkər zavodu və digər sənaye müəssisələrinə
baş çəkiblər və abadlıq işləri ilə
tanış olublar.
Tədbiri
İmişli rayon icra hakimiyyətinin başçısı
Vilyam Hacıyev açıb. İcra başçısı
müstəqillik illərində və onun əvvəlki
dönəmdə bölgə həyatının
işıqlandırılmasında yerli KİV-lərin
oynadığı müsbət roldan danışıb.
V.Hacıyev sözlərini Rayon İcra Hakimiyyətinin təsisçisi
olduğu 80 yaşlı “Xalq sözü” qəzetinin fəaliyyətindən
gətirdiyi misallarla əlaqələndirilib. O, İmişli
ilə yanaşı daha 20 bölgədə, qonşu
Türkiyə və İranda oxuculara malik qəzetin
tirajının artırılmasının, iqtisadi durumunun
yaxşılaşdırılmasının da icra hakimiyyətinin
maraqlarına daxil olduğunu deyib.
“Xalq
sözü” qəzetinin baş redaktoru Səməd
İsmayılov çıxışında ilk sayı 1932-ci
ildə “Qaraqoyunlu kolxozu” kimi işıq üzü görən
qəzetin 80 ildə keçdiyi yolun mənzərəsi
canlandırılıb. Mətbu nəşrin sonralar
“İmişli kolxozçusu”, “Yüksəliş”,
“Qızıl ulduz”, Azərbaycanın müstəqilliyinin bərpa
olunduğu dövrdən isə “Xalq sözü” kimi 6900 dəfə
oxucuları ilə görüşə gəldiyini bildirən
baş redaktor yerli həyatın yüksək peşəkarlıqla
qələmə alınmasının, rayonun salnaməsinin
yaradılmasının jurnalist kollektivinin daim başlıca
qayğısı olduğunu nəzərə
çatdırıb.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
bildirib ki, hər bir xalqın taleyində onun mediası
mühüm rol oynayır. O qeyd edib ki, vaxtı ilə
çar Rusiyasında yaşayan 30 milyonluq müsəlmanın
içərisində ilk mətbu orqanı yaratmaq
ideyasını məhz azsaylı Azərbaycan xalqının
nümayəndəsi gerçəkləşdirib. Bu, görkəmli
mütəfəkkir Həsən bəy Zərdabiyə nəsib
olub. Əsrin əvvəllərində Azərbaycanda cəmi
100 ziyalının mövcudluğu faktına diqqəti çəkən
Ə.Amaşov ictimai fikrə təsir göstərən həmin
insanların gərgin səyləri ilə fundamental nəşrlərinin
yarandığını deyib. Mətbuat tarixindən
faktları misal çəkən Şura sədri medianın
dördüncü hakimiyyət olaraq yenə ölkədə
gedən proseslərə təkan verdiyini, bölgə
KİV-lərinin bu sırada yer aldığını
vurğulayıb. O, “Xalq sözü”nün ötən müddətdə
qarşıya qoyulan missiyanın etibarlı
daşıyıcılarından olduğunu söyləyib, vətəndaş
cəmiyyəti quruculuğuna istiqamətlənən yolda qəzet
kollektivinə yeni-yeni uğurlar arzulayıb. MŞ sədri qəzetə
rəhbərlik etdiyi qurumun təbrikini, redaksiya kollektivinə
və sabiq əməkdaşların bir qrupuna Azərbaycan Mətbuat
Şurasının diplomlarını təqdim edib.
Azərbaycan
Respublikasının Televiziya və Radio Şurasının sədri
Nuşirəvan Məhərrəmli boya-başa
çatdığı İmişlidə çoxdan
olmadığını, gördükləri yeniliklərdən
məmnun qaldığını söyləyib. O,
uşaqlıqda yerli qəzetin ən çox sevdiyi mətbu
orqanlardan olduğunu deyib: “Şəhər və kənd anlayışları
indi yavaş-yavaş aradan qalxmaqdadır. Medianın da burada
xüsusi rolu var. Təbliğat birtərəfli
olamamalıdır. Media, o cümlədən yerli qəzet də
olanı işıqlandırmalıdır”. N.Məhərrəmli
həmçinin məlumat verib ki, İmişlidə Aran
bölgəsi üzrə telekanalın açılması
niyyəti tezliklə gerçəkləşdirilə bilər.
Azərbaycan
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
80 il camaatın yoluna işıq saçan bir qəzetin yubiley
sevincinə şərik çıxmaqdan məmnun
qaldığını bildirib. Özünün də ilk
yazılarının bölgə mətbutında dərc
olunduğunu vurğulayan V.Rəhimzadə İmişlidə
jurnalist-ictimaiyyət əlaqələri sahəsindəki vəziyyəti
müsbət dəyərləndirib. Bölgə həyatında
kifayət qədər yeniliklərin olduğunu ölkə
ictimaiyyətində də maraq doğura biləcək
mövzuların olduğunu, ölkə ictimaiyyətində də
maraq doğura biləcək mövzuların bolluğunu deyən
İH üzvü yerli yazarlara mövcud istiqamətdə fəallığı
artırmağı tövsiyə edib.
“Dəyirmi
masa” iştirakçılarından Əminə Zeynalova, Məryəm
Şahverdiyeva, Malik Aranlı, Sərvaz Hüseynoğlu və
başqaları çıxışlarında bir sıra təkliflərini
səsləndiriblər. Tədbirin sonunda qəzetin əməkdaşlarına
İmişli Rayon İcra Hakimiyyətinin diplom və
mükafatları təqdim olunub.
Məmmədhəsən
Azad Azərbaycan.- 2013.- 9 aprel.- S.7.