"Hitler əslində yəhudiləri yox, türkləri qırdı" Artur Köstlerin itirilmiş illüziyaları

 

Böyük tarixçi Erik Hobsbaumun (1917-2012) “İfratlar zəmanəsi” adlandırdığı XX əsr qeyri-adi insan talelərinin zəngin qalereyasını yaratdı. Bu talelər arasında yazıçı Artur Köstlerin həyat yolu özünəməxsus yer tutur. Vaxtilə Sartrın “anqajement” (“cəlb olunma”) adlandırdığı fenomen ondan da yan keçmədi - Köstler öz əsrinin böyük və əksərən faciəvi hadisələrindən kənarda dayanmadı. Bizim adsız əsrimizin intellektuallarında hələlik o cəhət gözə dəymir.

Artur Köstlerlə “tanışlığım” onun trilogiyasının ikinci kitabı olan “Kor edən zülmət” romanından başladı. Nə vaxtsa böyük səs-küyə səbəb olmuş və SSRİ-də çapına qadağa qoyulmuş bu kitab dəyərsizliklərin necə keçib insani dəyərlərin yerində oturmasının mexanizmlərini açır. Əqidə adamlarının karyeristlərə, savadlıların cahillərə, humanistlərin sadistlərə uduzmasının analizi kitabın mövzusudur. Və Avstriyada böyüyüb, İspaniyada edamını gözləyib, SSRİ-də işləyib, Fransada həbs düşərgəsində oturub, ABŞ-da yaşayıb İngiltərədə 1983-cü ildə intihar etmiş bu Macarıstan yəhudisi bizə güzgüdə öz üzümüzü göstərir.

Ancaq gəlin lap əvvələ qayıdaq...

 

***

 

“Bəsit və sonsuz sayda təkrarlanan fikir xalqın şüuruna daha asan yerləşir - bu gün həqiqət kimi elan edilən nə varsa, qamaşdırıcı bəyazlığı ilə şölə saçmalıdır, bu gün qeyri-düzgün qəbul edilənlər isə his kimi solğun-qara olmalıdır; hazırda xalqa bayağı şəkillər gərəkdir.”

(Artur Köstler. “Kor edən zülmət”)

Artur Köstler 1905-ci ildə Budapeştdə, fərasətli kommersantın ailəsində dünyaya gəlir. Atası tərkibində radioaktiv maddələr olan “sağlamlıq sabunu”nun ixtiraçısı sayılır. Ola bilsin, elə o radioaktiv maddələr də onun xərçəngdən ölməsinin səbəbkarı olur (müştərilər barədə isə susuruq).

1930-cu ildə Almaniya kommunist partiyasına qoşulur, Hitlerin hakimiyyətə gəlməsi xəbərini SSRİ-də olarkən eşidir. Sovetlər ölkəsində Buxarinlə, Radeklə, Koltsovla tanış və dost olur, Kominterndə çalışır. Onun yeni dostlarının bir çoxu repressiyaların qurbanına çevrilir və elə bu itkilər də onun gələcəkdə kommunist partiyasından uzaqlaşmasına təkan verir. Ancaq sol baxışlarını saxlayır.

Köstler SSRİ-dən Vətəninə yox Fransaya qayıdır, Kominternin təbliğat bürosunda çalışır, Hitlerin başlatdığı terrordan bəhs edən “Çəhrayı kitab” əsərini yazır və İspaniyada vətəndaş müharibəsi başlayanda oraya yollanır. Jurnalist kimi müharibəyə qatılan Köstler frankistlərin ərazisinə keçərək onların cinayətlərinə dair faktlar toplayır, üstəlik inqilabi respublikanın Xarici İşlər Nazirliyinin arxivini Fransaya daşıyaraq Kominternə çatdırır. Onun fəaliyyətinin üstü açılanda frankistlər Köstleri qiyabi ölüm cəzasına məhkum edirlər.

Buna baxmayaraq, yazıçı ikinci dəfə də İspaniyaya qayıdır və Malaqa şəhərində ələ keçir. Frankistlər Köstlerin şəxsiyyətini müəyyənləşdirirlər və o, qalada oturub edam olunacaq günü gözləyir. Hər gecə kamera yoldaşlarından kimlərsə bayıra çıxarılır və bir daha geri dönmür. Köstler gecələr edam komandalarını, güllə səslərini və can verənlərin xırıltılarını dinləyir. Və bu gözləntilər 3 ay davam edir. Sonunda onun azadlığı üçün beynəlxalq kampaniya başladılır, Britaniyanın 58 parlament üzvü də bu kampaniyaya qoşulur və Köstleri respublikaçıların əsirliyində olan zabitlə dəyişirlər.

İspaniya macəralarını o, “İspaniya vəsiyyəti” kitabında nəql edir. Yeri gəlmişkən, “Beynəlxalq Əfv” təşkilatının yaradıcısı olan Piter Benensonun həyata baxışlarını məhz bu kitab formalaşdırıb. Həmin vaxt 16 yaşı olan Piter “İspaniya vəsiyyəti”nin təsirinə düşərək İton məktəbindəki yoldaşlarını respublikaçılara yardım üçün vəsait toplamağa çağırır, özü isə 1 yetim ispan uşağının təhsil haqqını ödəyir.

1944-cü ildə Corc Oruell dostu Köstlerin ispan epopeyası haqda yazır: “Bu, heç də taleyin təsadüfi dönüşü deyildi. Köstlerin həyatının bütün üslubu İspaniyadakı sınaqları təbii və qaçılmaz edirdi. Siyasətə biganə adam həmin vaxtlar Pireneyə ayaq basmazdı, ehtiyatlı müşahidəçi isə frankistlər gələnə qədər Malaqanı tərk etməyə çalışardı. Xüsusən də bilərək ki, onunla adi jurnalist kimi davranmayacaqlar”.

 

***

 

“İşığı yalnız qaranlıqdan görə bilənlər necə də kordurlar...”

 

(Artur Köstler. “Qladiatorlar”)

 

1938-ci ildə Köstler kommunist dostları ilə əlaqələri kəsir, Londonda Stalin repressiyalarına dair mühazirələr oxuyur, Parisə köçür. Burada o, keçmiş kommunist kimi həbs olunur, 2 aydan sonra həbsdən qaçır və Londona qayıdır. Bu dəfə də onu Londonda (yenə keçmiş kommunist olduğu üçün) həbs edirlər, ancaq tez də buraxırlar. Bu dövrdə Köstler “Aclar və qullar dünyası” adlı çox qiymətli reportajını yazır. Burada müəllif müqavimət göstərmədən nasizmə tabe olan Fransanın timsalında burjua demokratiyasının nə dərəcədə əxlaqsız olduğunu təsvir edir: Fransa əhalisinin 40 faizinin ya nasistlərə açıq simpatiyası vardı, ya da işğalçıya biganə idilər. Köstlerin kitabında heç kəs özünü qəhrəman adlandıra bilməzdi - nə faşizmə qarşı savaşan sol fəalların həbsinə və edamına haqq qazandıran burjua siyasətçilər, nə də Dorio kimi fırıldaqçıları və tülüngüləri ciddi siyasi lider kimi qəbul edən sıravi vətəndaşlar.

Bu kitabında Köstler həbs düşərgəsində qarşılaşdığı, orta sinifdən çıxmış sosialistlərdən və kommunistlərdən də söz açır: onların əksəriyyəti buraya düşənə qədər əsl proletariatla bir dəfə də fərli-başlı ünsiyyətdə olmayıblar, yalnız təhsilli azlıqla durub-oturublar.

Və Köstlerin gəldiyi nəticə bədbindir: “Kütlələri maarifləndirmədən sosial tərəqqidən danışmaq yersizdir, ancaq sosial tərəqqi olmadan da kütlələri maarifləndirmək mümkün deyil”. Bir sözlə, “Aclar və qullar dünyası”nda Köstler növbəti illüziya ilə - sadə xalqın ideallaşdırılması ilə vidalaşır.

Londonda Köstler könüllü olaraq orduya yazılır, istehkam batalyonunda xidmət edir, Fələstinə yollanır. 1946-cı ildə Fransada böyük tirajla onun “Kor edən zülmət” romanı nəşr olunur və böyük qalmaqal yaradır. Həmin vaxt Fransa referenduma hazırlaşırdı və kommunistlər leqal yolla hakimiyyəti ələ ala bilərdilər. Bircəcik kitab aranı qatır, ssenarini pozur. Fransa kompartiyası Köstlerin əleyhinə kampaniya aparır, yazıçının Sartrla dostluğu pozulur.

1950-ci illərdən Köstler Londonda məskunlaşır, təbiət elmləri, fəlsəfə ilə maraqlanır, “Xəzər imperiyasının dağılması və onun mirası” kitabını yazır. Bu kitabda o, çox unikal bir versiya irəli sürür: Hitlerin Avropada məhv etdiyi yəhudilərin əksəriyyəti əslində qədim, Yaxın Şərq yəhudiləri yox, sonradan Avropaya mühacirət etmiş Xəzər türkləridir. Tarixdən bəlli olduğu kimi, Xəzər dövlətində xristianlıqla islam arasında seçim etməli olan türklər sonunda iudaizmi seçirlər (Bu haqda məşhur Milorad Paviç “Xəzər lüğəti”ni yazıb). Və elə o neofitlər də Xəzər dövlətinin süqutundan sonra Avropaya səpələniblər...

Ömrünün son illərində Parkinson xəstəliyindən və xroniki leykozdan əziyyət çəkən Köstler evtanaziyanın (sağalmaz xəstəlikdən əziyyət çəkən adamın könüllü həyatdan getməsi-red.) təbliği ilə məşğul olur. Həyatı isə 1983-cü ilin 5 martında könüllü tərk edir. Yuxu dərmanının öldürücü dozasını qəbul edən yazıçını həyat yoldaşı Sintiya bu son səfərində də tək buraxmır. Sintiya tez, Köstler isə 1 sutka sonra vəfat edir.

Bununla da, dünyanı bir yerdə könüllü tərk edən Pol Lafarq-Laura Lafarq (Marksın qızı), Stefan Sveyq-Lotta Altman cütlüklərinə Artur Köstler və Sintiya Cefferis də qoşulur...

 

***

 

“Guya ki məqsədə çatmaq üçün zəruri olan bütün bu əzablar, bu dolaşıq dolanbac yollar bəlkə heç uğura çatmağın üsulları deyil, tarixin qanunlarıdır? Və bəlkə məqsədlər olsa-olsa zəif adamın heç bir əsası olmayan xülyalarıdır?”

 

 

(Artur Köstler. “Qladiatorlar”)

 

 

Köstler “Qladiatorlar” romanını 4 il ərzində (1934-1938), ara verməklə yazır. Başlayanda kommunist idi, bitirəndə - partiyada peşman olmuş birisi. Əsərin mövzusu məşhur Spartak üsyanıdır, üsyanın müəllif tərəfindən analizi və şərhi isə tamamilə fərqlidir. Köstler anlamağa çalışır - necə oldu ki, 70 sirk döyüşçüsünün qaçışı ilə başlayan hadisələr sonunda 100 minlik ordunun yaranması və İtaliyanın yarısının qullar tərəfindən fəthi ilə nəticələnə bildi? Və necə oldu ki, bu qüdrətli ordu uduzdu? Bununla da, Köstler məğlub inqilabın tarixini yazır. Spartak - onun müasiridir, sadəcə əynindəki qədim qladiator geyimidir.

Kitaba yazdığı epiloqda müəllif əsərin əsas qayəsini bu cür açıqlayır: “Əsərin leytmotivi inqilabi etikanın və ümumiyyətlə siyasi etikanın mərkəzi sualıdır: məqsəd vasitəyə haqq qazandırırmı və əgər qazandırırsa, hansı dərəcədə... Bu problem dünyanın özü qədər qədimdir və həyatımın həlledici dövrlərindən birində mənə bir an da rahatlıq verməyib. Söhbət Kommunist partiyasında olduğum 7 ildən gedir...”

Əsərdə Spartakın müəllimi Yessey ona təlqin edir ki, son dərəcə vacib olanda yaxşı niyyətə dolayı yollarla getmək lazım gəlir. İlk növbədə alaq otlarını buğdadan ayırmaq lazımdır, anarxist elementlər üsyanın məqsədləri üçün təhlükəlidir və onlar ümumi kütlədən təcrid edilməlidir. Müəyyən qədər məkr işlətməklə (gözlənilən hücum barədə xəbərdarlıq etməməklə) Spartak romalıların əli ilə 3 min təhlükəli qiyamçıdan yaxa qurtarır. Qoşunlar cənuba doğru gedir və dünənki qullar özlərinin Günəş şəhərini qururlar.

Günəş şəhərində qanunlar sərt və ədalətlidir: mənim olan - sənindir, sənin olan isə mənimdir. Sakinlər ictimai yeməkxanalarda qidalanırlar, xəlvəti yerdə isə ümumi rifah naminə çarmıxlar qurulub - orada hər gün qanunu pozan bir neçə nəfər ölümünü tapır. Çox tez bəlli olur ki, Günəş şəhərində ədalətsizliklər heç də əvvəlki vaxtlardakından az deyil, burada da ağır iş və kökü kəsilməmiş qorxu var... Qonşuluqdakı şəhər üsyançıları ərzaqla təmin edir, hər şey öz axarı ilə gedir, ancaq tədricən keçmiş qullara Azadlıq darıxdırıcı gəlir. Qoşundakı vəhşi keltlər və qallar onlardan intizam tələb edən Spartakdan narazıdırlar, onlar Kriksusu rəhbər görmək istəyirlər. Düşərgədə ərzaq azdır və bir gün 3 min nəfər Kriksusun təhriki ilə varlı Metapontum şəhərinə hücum çəkib onu tam qarət edirlər. Spartak qiyamçılara divan tutmalıdır, “müxalifət”i məhv etməli, qan içində boğmalıdır. Spartakın məsləhətçisi Fulvius sərt ölçü götürməyi, ümumi işin naminə kütləvi edamlar aparmağı tələb edir. Spartak tərəddüddədir, fəaliyyətsizdir və elə bu da Günəş şəhərinin sonu olur.

Artur Köstler yazır: “Niyə inqilab uğursuzluqla bitdi? Səbəblər olduqca mürəkkəbdir, ancaq ilk yerə tamamilə üzdə olan faktor çıxır: Spartak “dolayı yollar qanunu”nun qurbanı olur. Bu qanun Utopiyaya can atan liderdən “mərhəmət naminə qəddarlıq” tələb edir. Spartak həlledici addımdan çəkinir - o, dönük keltləri çarmıxa çəkməli və “rəhmsiz tiraniya” qurmalıydı. Bunu etmədiyinə görə də inqilabı məğlubiyyətə düçar etdi”.

Spartak ona görə məğlub olur ki, ədalətlə hakimiyyəti uzlaşdırmaq qeyri-mümkündür. Köstlerin nəzərərində isə Spartak - müasir inqilabçı nümunəsidir.

Paradoksal nəticədir, deyilmi? Əslində isə bu nəticəsi ilə Köstler bütün inqilabların ya mütləq tiraniya ilə bitəcəyini, ya da yumşaqlıq ucbatından uduzacağını söyləmək istəyirdi. Yəni, yumşaqlıq - məğlubiyyətdir, tiraniya isə - inqilabın öz ilkin dəyərlərindən uzaqlaşmasıdır. Bir sözlə, bütün yollar kor dalana dirənir.

 

***

 

Və “Kor edən zülmət” haqqında.

Çox az əsərə bu kitaba ayırdığım qədər diqqət sərf etmişəm - Viktor Hüqonun «Ölümə məhkumun son günü», Sartrın «Divar», Karlos Fuentesin “Artemio Krusun ölümü”, Saramaqonun “İsanın İncili”, yaxud Oruellin esselərinə. Və bu dəfə diqqətin əsas səbəbi analogiyalar bolluğudur. Vaxtilə Trotski Brest-Litovsk müqaviləsinə razılaşan Lenin haqqında «Zaman naminə məkanı itirdi» demişdi. Kestleri oxuyanda isə məkan naminə zamanı itirdiyimi görürəm. Yəni, bu gün 1939-cu ildən fərqlənmir.

Əsərin qəhrəmanı köhnə bolşevik Nikolay Rubaşov partiyanı quran intellektuallardan biridir. Vətəndaş müharibəsində komandir, sonra Avropada kəşfiyyatçı, sonda isə Xalq komissarı olub. İndisə tutulub və ölümə məhkumdur. Partiya ondan elə partiya naminə açıq məhkəmədə çıxış edib özünün cinayətkar, əks-inqilabçı, casus olmasını, Rəhbərə sui-qəsd hazırladığını boynuna almasını tələb edir. Bu, başqalarına, kütlələrə əks-inqilabçının nə qədər miskin, əclaf və yalqız olduğunu göstərmək, partiya sıralarını möhkəmlətmək üçün lazımdır. Və irəlidə yalnız güllələnmənin və bədnamlığın dayandığını bilən Rubaşov razılaşır.

Niyə? Məntiq adamıdır deyə. İnqilabi məntiq isə söyləyir - partiya həmişə haqlıdır, fərd heç nədir.

2 həftə ərzində qiyamdan təslimçiliyədək yol keçən Rubaşov özü öz həqiqətinin qurbanıdır. Nə vaxtsa Almaniyada, Belçikada partiyanın əmrilə o partiyanın rəsmi xəttiylə razılaşmayan mübariz kommunistləri məhv etmək əmri verib, öz dostları tutulanda dinməyib. Və bu da məntiqi son. Yeni "dəyərlər" indi onun özünü tələb edir. Və qurbanlıq Rubaşov gündəliyində yazır: «Səhv edənlər ölməlidir, cinayət edənlər qalib gəlməlidir».

Rubaşovun köhnə qvardiyanın təmiz dəyərlərinin niyə yeni dövrdə total cahillik və antihumanizmlə əvəzlənməsinin səbəbləri barədə qeydi bizim günümüzdə də aktualdır. Rubaşovun gündəliyindəki o qeydi azəricəyə səlisliklə tərcümə etdiyimə zəmanət vermirəm, ancaq hər halda tərcüməmdə o qeyd bu cürdür:

«Hansı haqla biz, gedənlər qletkinlərə (Qletkin - qəddar müstəntiqin familidir - M.S.) yuxarıdan aşağı baxırıq? Biz ilk neandertalları ələ salan meymunlara bənzəmirikmi? Budaqdan budağa sıçrayan yüksək sivilizasiyalı meymunlar yəqin ki, neandertalın eybəcərliyinə və yerdə olmasına təəccübləniblər. Zərif və şən meymunlar yüksək düşüncələrə dalır, neandertal isə torpaqda qaşqabaqla var-gəl edir və düşmənlərini ağac parçası ilə vurur. O, meymunlarda gülməli təəccüb yaradır və ona tərəf aşağıya çürük qoz atırlar. Ancaq bəzən meymunları dəhşət bürüyür: meymunlar zorakılıqdan uzaqdırlar və yalnız meyvə yeyirlər, bu monstr isə çiy ətlə qidalanır və hətta öz həmcinslərini də öldürür. O, ağacları qırır, qayaları yerindən tərpədir, qədim ənənələrə qarşı çıxır və cəngəlliyin əsrlərlə formalaşmış qanunlarını saymır.

Bəli, o kobud, vəhşi və hiyləgərdir - meymunların nəzərində. Və əntər meymunlar bu gün də insana qorxu qarışıq nifrətlə baxırlar…»

Rubaşov anlayır ki, bundan sonra mənəviyyatsız Qletkinin dövrüdür. Və özü çıxıb getməlidir.

Acı reallıqdır: bu gün Qletkinin nəvələri sosial xarakteri formalaşdırır. Bilirsiz niyə? Ona görə ki bizdə yaxşı-pis heç Rubaşov da olmayıb. Bizdə neandertal heç vaxt öz üzərində yuxarıdan aşağı tuşlanmış baxışları da hiss etməyib.

Bu zülmət qaranlıq bizdə öz korluğumuzdan məmnunluq hissi yaradıb…

 

***

 

Ancaq mənə Köstlerin pessimizmi yox, Oruellin realizmi yaxındır. Oruell isə Köstlerin baxışları haqda yazırdı: “Lap tutaq ki, əzab hansısa dərəcədə insan həyatından ayrılmazdır, insanın qarşısındakı seçim həmişə bir neçə pisin arasından seçimdir və hətta sosializmin də məqsədi dünyanı kamilləşdirmək yox, nisbətən yaxşı etməkdir. Bütün inqilablar məğlubluğa məhkumdursa belə, uğursuzluqdan uğursuzluğa fərq var. Bunu etiraf etmək istəməməsi Köstleri kor dalana gətirib çıxarıb...”

 

 

Məmməd Süleymanov

 

Azad Azərbaycan.- 2013.- 15 fevral.- S.6.