Parisdən Azərbaycan tarixinə dair xəritələr gətirilib

 

Paris Milli Kitabxanasında saxlanan əsərlərimizin surətləri AMEA Əlyazmalar İnstitutuna gətirilib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib.

Bunların içərisində XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnıları, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var. Xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımadasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqəti cəlb edir. Bundan əlavə, əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş “Kəlilə və Dimnə”, cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən “Oğuznamə”, təbabətə dair XVI əsrə aid “Əlacnamə” əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur.

Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində xalq mahnılarımızın XX əsrin əvvəllərində patefona yazılarının surətləri də vardır. Məşədi Hilal Zeynalovun ifasında Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parça, “O xal nə xaldı” mahnısı, Mahmud Behbudovun ifasında “Dəsmalın, yar”, “Var bir incəbel”, Məhəmməd Zeynalın ifasında “Şikəstə”, Şövkət Məmmədovanın ifasında “Sən ki”, “Mən bir güldüm”, “Mən görməzdim” adlı mahnılar kifayət qədər aydın səslənir. Maraqlıdır ki, xalq mahnılarımızın bir hissəsi erməni ifaçılarının ifasında yazıya alınıb. Anna Poqosova “İrəvanda xanın səsi”, “Qara gözüm”, Muxtar Ter Akopov “Bəri bax”, Şüştəri”, “Qarabağ şikəstəsi” havalarını təmiz Azərbaycan dilində ifa etmişlər.

Paris Milli Kitabxanasından alınan materiallar bir daha sübut edir ki, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə dair hələ çox əsərlər xarici ölkələrin kitabxana və muzeylərində, şəxsi kolleksiyalarında saxlanılmaqdadır.

 

 

Cavanşir

 

Azad Azərbaycan.- 2013.- 16 yanvar.- S.5.