Xalça Muzeyində 20 Yanvar faciəsinin
ildönümünə həsr olunmuş tədbir
keçirilib
Respublikamızda hər
il 20 Yanvar faciəsi ümumxalq matəm günü kimi qeyd
olunur. Həmin gün Şəhidlər Xiyabanını ziyarət
etmək üçün milyonların axını baş
verir.
Bu münasibətlə yanvarın
17-də Xalça Muzeyində keçirilən tədbirdə
Nərimanov rayonu "Aytam" Uşaqların Maarifləndirilməsi
İctimai Birliyindən, 200 və 36 saylı məktəblərdən
və Nərimanov rayonu Baxça-məktəb-lisey kompleksindən
olan şagirdlər iştirak ediblər. Baxça-məktəb-lisey
kompleksindən məktəbin direktor müavini Xədicə Əliyeva,
Əminə Abbasbəyli (tarix müəllimi) və
Höküməxanım Bağıyeva uşaqların ədəbi-bədii
kompozisiyasını hazırlayıblar. "Aytam"
İctimai Birliyindən isə Aygün Zamanlının rəhbərliyi
altında şagirdlər Vətənə sadiqlik, vətənpərvərlik
ruhunda şeirlər söyləyiblər.
Şəhidlər bir dəqiqəlik
sükutla yad edildikdən sonra tədbiri Xalça Muzeyinin
şöbə müdiri Aygün Abbasova açaraq müəllim
və iştirakçılara 20 Yanvar faciəsindən ətraflı
məlumat verib. O qeyd edib ki, "1988-ci ildən başlanan
milli azadlıq hərəkatı getdikcə geniş vüsət
alırdı. Xalqımız bir nəfər kimi ayağa
qalxaraq Sovet rejiminin əleyhinə çıxışlar edir
və onu bir daha tanımaq istəmirdi. Əziz uşaqlar, sizə
məlum olsun ki, 1990-cı ilin yanvar ayının 19-da axşam
saatlarında rus qarnizonunun əsgərləri Bakıda Azərbaycan
televiziyasının enerji blokunu partladaraq respublikaya televiziya
verilişlərini dayardırdılar. Bu acı xəbər yalnız
xalqa yanvarın 20-də səhər saat 7:00-da respublika radiosu
ilə çatdırıldı.
Yanvarın 19-dan 20-nə
keçən gecə 100-dən artıq vətəndaşımız
öldürüldü. Şəhərdə tanklar, BTR-lər
qarşılarına çıxan hər şeyi əzir, hər
yeri qəddarcasına atəşə tuturdular. Küçədə
olanlar, sərnişin avtobuslarında gedən, öz mənzillərində
bu dəhşətli faciəni izləyən insanlar güllələrə
tuş gəldilər. Hətta yaralılara kömək etmək
üçün gələn təcili yardım
maşınları və tibb işçiləri amansız atəşə
tutulurdu. Həmin ərəfədə 137 nəfər
öldürüldü, 700-dən çox adam yaralanaraq
şikəst oldu, 800 günahsız vətəndaşımız
həbs olundu. Yalnız yanvarın 20-də artıq
bütün dünya Bakıda törədilmiş qanlı
faciədən xəbər tutdu. Bu qanlı faciə Azərbaycan
xalqına qarşı vəhşicəsinə həyata
keçirilən terror aktı, insanlığa qarşı
törədilən ən ağır cinayət kimi bəşər
tarixində qara səhifə olaraq qalacaq".
Sonra şagirdlərə
söz verilib. Baxça-məktəb-lisey kompleksindən gələn
şagirdlər əllərində qırmızı qərənfillər,
şəhidlərimizə, Vətənə, torpağa, igidliyə,
qəhrəmanlığa həsr edilmiş şeirlərlə
çıxış etdilər və tədbir
iştirakçılarını kövrəldiblər.
Sonra direktor müavini Xədicə
Əliyevaya söz verilib. O, öz
çıxışında xüsusi olaraq qeyd edib ki, hər
il məktəbimizdə belə tədbirə həsr
olunmuş yığıncaqlar keçiririk və şagirdlərimizi
Vətəni sevməyə, şəhidlərimizin göstərdikləri
şücaəti, qəhrəmanlığı öyrənməyə,
yaxşı oxumağa, Vətənə sadiq olmağa
çalışırıq. O, xatırladıb ki, 1990-cı
il 20 Yanvar qırğını nə qədər faciəli
olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq
uğrunda mübarizə əzmini qıra bilmədi. Bu
qanlı faciəyə 1994-cü ildə xalqımızın
ümummilli lideri Heydər Əliyevin ciddi səy və təşübbüsü
sayəsində siyasi qiymət verildi və bu faciənin
günahkarlarının adları açıq şəkildə
bəyan edildi. Nərimanov rayonu "Aytam" Uşaqların
Mədəni Maarifləndirilməsi İctimai Birliyindən
olan şagirdlər öz çıxışları ilə
hamının diqqətini cəlb edib. Qara yaylıq bağlayan
qızlar və qara formada olan şagirdlər çox həyəcanlı
və kövrələrək çıxış ediblər.
Göz yaşlarını saxlaya bilməyən
iştirakçılar və şagirdlər and içiblər
ki, şəhidlərimiz kimi onlar da Vətəni sevəcək,
torpaqlarımızı göz bəbəyitək qoruyacaqlar. Həmin
birliyin üzvlərindən biri olan Aygün Zamanlı
çıxış edərək qeyd edib ki, bu faciə
heç vaxt xalqımızın yaddaşından silinməyəcək
və tarixə qızıl hərflərlə yazılacaq.
Aygün müəllimə çox təsirli
çıxış edib və bu faciəni törədənləri
lənətləyərək onların nə vaxtsa öz cəzalarına
çatacaqlarını bildirib.
Tədbirdə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
nümayəndəsi Əli müəllim iştirak edib. O, tədbir
iştirakçılarına, tədbirə gələnlərə
təşəkkürünü bildirib və deyib: "Bu
qanlı faciə təkcə azərbaycanlılara
qarşı deyil, həm də insanlığa qarşı
cinayətdir. Hələ 1905-1907,1918-1921,1937-1948-1953-1988-ci illərdə
baş verən faciələrdə günahsız insanlar
gülləbaran edilib. Belə faciələr Şamaxıda,
Qubada, Şəkidə, Naxçıvanda, Zəngibasarda və
Gəncədə də təkrarlanıb. Ümidvarıq ki,
prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü
siyasət nəticəsində bu hadisələr beynəlxalq
təşkilatlar tərəfindən qanlı terror aktı
kimi qiymətləndiriləcək.
Hacı Tofiq
Azad Azərbaycan.- 2009.- 20 yanvar.- S. 7.