“Özümə arzu edirəm ki, Inşallah Cıdır düzündə oxuyum”

Mənsum İbrahimov: «Bəlkə də məni yaşlanmağa qoymayan içimdəki Məcnundur»

 

«Həyatda yaxşı nə varsa, mən onun Məcnunuyam və əlbəttə ki, ilk növbədə öz ailəmin»

 

Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, 17 ildən artıqdır ki, oynadığı Məcnun obrazı ilə ürəkləri riqqətə gətirən və səhnəmizin Məcnunu kimi çox sevilən Mənsum Ibrahimovun bu gün 50 yaşı tamam olur. Gəlin, yubiley astanasında Mənsum Ibrahimovun 50 illik ömür və yaradıcılıq yoluna birgə nəzər salaq (APA).

- 50 yaşın astanasında özünüzü necə hiss edir?

- Açığı 50 yaşıma gəlib necə çıxdığımı heç özüm də bilmirəm. Hər il yeni doğum gününü qeyd edəndə Allaha şükür etmişəm ki, bu il də mənə bu imkanı tanıdı... Allah bəndəsinə ömrü ona görə verir ki, bəndə öz işlərini görə bilsin. Şükür ki, Allah bu ömrü də mənə verib. Sevdiyim sənətlə məşğulam və ona görə də özümü çox xoşbəxt hiss edirəm. 50 illik ömrümə nəzər salanda təəssüfləndiyim anlar olmur. Mən sakit, mülayim olduğum qədər də tərs adamam. Yəni qərarımda iradəli adamam. Bu 50 il- yaxşı günləri və çətinliyi ilə, problemləri ilə mənim həyatım olub. 1998-ci ildə müəllimliyə başlayanda dostlarım, yaxınlarım və həmkarlarım mənə bildirdilər ki, çox cavansan, yaradıcılıqla məşğul ol.

Vaxt gələr ki, yaşlaşanda, bəlli yaşa çatarsan, sonra müəllimliklə məşğul olarsan. Amma müəllimliyi də ifaçılığım qədər sevirəm. Həmişə 10 ildən sonranı düşünmüşəm.

- Həyata qədəm qoyan hər yeni yaş insana bir cür təsir edir. Mənsum Ibrahimovda 50 yaş nələri dəyişdirməyə müvəffəq ola bilər?

- Ad günlərinə xüsusi bir önəm vermədiyim üçün mənim üçün bu, o dərəcədə də önəmli deyil. Bilirsiniz, insan heç zaman dəyişə bilməz, insanın xasiyyəti var, bu, yaşla əlaqədar deyil. Əlbəttə ki, hər yeni yaşa qədəm qoyanda ancaq onu düşünürsən ki, daha çox işlər görmək lazımdır. Artıq mənim həyatımdan yarım əsr gedib. Ancaq Azərbaycan mədəniyyəti üçün daha çox nələrsə etməyi düşünürəm. Sanki insan ömrü, zaman buna çatmır. Ona görə də düşünürəm ki, Allahın verdiyi ömürdən səmərəli istifadə etmək lazımdır. Tələbə vaxtı necə idimsə, indi də özümü elə hiss edirəm. O zamankı həyat və sənət eşqi, işləmək enerjisi eyni olaraq qalıb. Özümü çox rahat hiss edirəm. Yaşını gizlədən insanları da başa düşə bilmirəm. Bu, kişiyə xas olmayan cəhətdir.

- Bəs, bu yaşınıza qədər gördüklərinizdən, yaşadıqlarınızdan razısınızmı?

- Hər bir insan dönüb keçdiyi ömür yoluna nəzər salanda çatışmazlıqları görür. Ancaq mən yaşadığım ömürdən çox razıyam. Ən azından ona görə razıyam ki, şərəfli bir ömür yaşamışam, 50 illik ömrümdə kiməsə bir haqsızlıq etməmişəm, çalışmışam ki, xalqımıza xeyir gətirən bir sənətlə məşğul olum. Eyni zamanda sənətə gələn gənclərə daima əl tutmağa çalışıram, səhnədə izim, sözüm, səsim qalsın deyə... 

- 50 yaşında 18 yaşlı Məcnunu oynamaq çətin olmayacaq ki? Gəlin razılaşaq ki, çoxları Sizin bu yaşda Məcnun obrazını oynamağınıza birmənalı yanaşmırlar...

- Bu gün mən Məcnunu birinci tamaşadan daha həvəslə oxuyuram. Ilk öncələr tamaşalardakı obrazları əzbərləyib oxuyursan. Bu baxımdan mən birinci oynadığım tamaşanın lent yazısını gizlədirəm ki, heç kim görməsin. Axı zamanla sənəti daha dərindən dərk edirsən. Zamanla artıq o obrazı sadəcə əzbərçiliklə yox, içdən yaşayırsan. Mən neçə-neçə gənci operaya gətirib özüm hazırlamışam. Ilkin Əhmədov, Səbuhi Ibayev - Məcnunu, Təyyar - Şah Ismayılı, Elnur - Aşıq Qəribi, Arzu - Ərəbzəngini oxuyur. Bütün nəsillər - orta və gənc nəsil də olmalıdır. Heç kəs burada ömürlük deyil, hər kəsin bir zamanı var. Hazırda səsimin formada olduğu, sənəti çox dərinliyi ilə dərk etdiyim, Məcnun obrazını tamaşaçıya çatdıra biləcək vaxtımdır. Təsəvvür edin ki, tamaşaçılar teatra zəng edir ki, Mənsum Ibrahimov niyə Məcnun oynamır? Sırf sənəti sevdiyim üçün burdayam. Zaman gələcək mənim də vaxtım bitəcək, gedəcəyəm. Amma nə qədər ki, aktyor formadadır və necə görünürsə, onun yaşı o qədərdir. Ola bilər ki, 20 yaşında olasan, ancaq Məcnunu tamaşaçıya çatdıra bilməyəsən. Nə zaman görsəm və hiss etsəm ki, artıq formadan çıxmışam həmin gün özüm gedəcəyəm.

- Maraqlıdır, 50 yaşlı Məcnunla 18 yaşlı Məcnun arasında fərq nədədir?

- Heç bir fərq yoxdur. Əslində 50 yaşlı Məcnun Məcnunu daha yaxşı açıb göstərə bilir, daha yaxından duya bilir. 18 yaşındakı Məcnun isə təbii sevir. Amma bir şey var, o öz sevgisini səhnədə tamaşaçıya göstərə bilirmi?

18 yaşındakı Məcnun sadəcə əzbərləyib oxuyur tamaşanı. Mən də əvvəllər belə oxumuşam, baxırsan hər şey yerindədir, sözlər, səs, hərəkətlər, sadəcə hər şey sxemlədir. Amma obraz, yaşantı yoxdur, sadəcə göstərmə var. Bununla tamaşaçının daxilini tərpədə bilmirsən. Amma bir də var ki, tamaşaçı tamaşadan çıxır və üç gün onun təsirindən ayrıla bilmir. Mən hər zaman buna çalışmışam.

- 50 yaşını tamamlayan Mənsum Ibrahimovu həyatda Məcnun hesab etmək olarmı? Bu obrazla Mənsum Ibrahimovu nə birləşdirir?

- Təbii ki, səhraya düşən Məcnun hesab etmək olmaz. Amma mən hər zaman deyirəm ki, həyatda yaxşı nə varsa, mən onun Məcnunuyam və əlbəttə ki, ilk növbədə öz ailəmin Məcnunuyam. Mənim səhnədə yeddi Leylim var, amma həyatımda bir Leylim var və ona hər zaman sadiq qalacam. Insan hər şeyin yaxşı mənada Məcnunu olmalıdır, bu olmasa mümkün deyil.

- Çox hallarda Sizə Məcnun deyərək müraciət edirlər.

- Bu məni çox sevindirir. Elə bil ki, xalqımız tərəfindən mənə bir titul verilib. Səhnəmizin Məcnunu deyiləndə çox xoşbəxt oluram. Bu etimadı qazanmaq və bu cür yaddaşlarda qalmaq çox sevindirir. Bu günə qədər çox Məcnunlar olub, amma yaddaqalanlar barmaqla sayılacaq qədərdir. Əlbəttə, mən yadda qalıb-qalamayacağımı bilmirəm, hər halda bu gün tamaşaçı məni qəbul edirsə, bu, böyük etimaddır. Hər bir etimadı başa düşən sənətkar üçün bir yükdür. Mən hər dəfə fəxri ad alanda bir az da sıxılmışam, çiynimə bir az da yük düşüb, məsuliyyət hissim artıb ki, mən bu məsuliyyətin altından çıxa biləcəyəmmi?..

Bəzən məni xalq artisti kimi təqdim edəndə, xalq artisti olduğumu unuduram. Çünki mən ad üçün yaşamamışam, çalışmışam ki, yaxşı sənətkar olum. Əsas meyar məhz budur.

- Dediniz, Məcnunla çox oxşarlığınız var. Yəni Sizin də elçilərinizə yox deyilib?

- Adət-ənənəyə uyğun olaraq birinci dəfə elçilərimə “yox” deyilib. Istər-istəməz sənət aləmində olan insan ailə quran zaman söz-söhbət də olur. Sənət aləmində ailə çətin məsələdir, ancaq insan üçün ən önəmlisi sağlam ailədir. Artıq 24 ildir biz ailəliyik və Allaha şükür olsun ki, hər şey yüksək səviyyədədir. Həyat yoldaşım müəllimədir və sənətimə çox ciddi yanaşır. Böyük qızım Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlərini bitirib və hazırda Xarici Işlər Nazirliyində gənc diplomat olaraq çalışır. Bir qızım universitetdə, üçüncü qızım isə məktəbdə təhsil alır. 6 yaşlı oğlum Ibrahim isə məktəblidir, birinci sinfə gedir. Əgər insanın sahib olduğu ailə onun arxasında dağ kimi dayanırsa, o insan daha çox uğur qazanır.

Həyat yoldaşımdan yerlə-göy qədər razıyam. Dörd övlad sahibiyəm, hər birindən də çox razıyam.

- Eşitmişəm, oğlunuz Ibrahim Sizin sənətə yaman həvəslidir?

- Ibrahim yaman qışqırır, baxaq görək də necə olacaq. Hərdən qavalı əlinə alıb oxuyur, necə olacağını indidən deyə bilmərəm, səsi pis gəlmir. Hansı sənəti seçsə, hər zaman dəstəkləyəcəyəm.

- Azərbaycan səhnəsinin ən uzunömürlü Məcnunusunuz. Bunu kimə və nəyə borclusunuz?

- Ilk növbədə Allahıma, ikinci səsimə və təbii ki, zəhmətimə. Sənətkar hər an öz üzərində çalışmasa, o heç vaxt irəliyə gedə bilməyəcək. Məcnun rolunu 17 ildir ki, oxuyuram. Əgər tamaşaçı mənim ifamda hər zaman eynilik, bəsitlik görsə, təbii ki tamaşaçı da yorulacaq. Amma müşahidə edirəm ki, getdikcə tamaşama daha çox insan gəlir. Bu gün tamaşaçı mənimlə maraqlanır, mənim oynadığım tamaşaların biletləri üç gün öncədən qurtarır. Bu, ilk növbədə Üzeyir bəy və Füzulinin yaratdığı möhtəşəm əsərin qüdrəti, müəyyən qədər də bizim uğurumuzdur.

- “Leyli və Məcnunkimi ciddi və nəticəsi faciə ilə bitən operada baş verən gülməli və yaddaqalan hadisələr olubmu?

- Maraqlı hadisələr olub. Bir dəfə Nəzakət xanımla bir tamaşa oxuyurduq, çox vacib tamaşaların biri idi. Tamaşanın bir səhnəsi var - çadırların ətrafında, Məcnunun heybəsində gül olur, o gülü çıxarıb Leyliyə təqdim edir. Mən qaçan məqamda bu gül heybəmdən düşübmüş, heç hiss də etməmişəm. Leyliyə gül vermək məqamında əlimi atdım heybəmə ki, gülü çıxarım, gördüm gül yoxdur. Bu məqamda da təcrübəm köməyimə çatdı. Bunu tamaşaçıya hiss etdirməmək üçün başladım Leylinin ətrafında dövr etməyə, sanki elə belə də olmalıdır. Bir dəfə belə bir hadisə “Aşıq Qərib” tamaşasında olub. Bilirsiniz ki, bu operada piyalə olmalıdır, ancaq texniki heyət unudub piyaləni səhnəyə qoymamışdı. Üzümü Şahsənəmə tutub oxudum-oxudum, o an gəldi ki, gedib o piyaləni götürməliyəm. Səhnədə süni hovuz vardı, yaxınlaşıb baxdım ki, piyalə yoxdur. Şahsənəm də mənim arxamca baxır və məni gözləyir. Gördüm ki, orada gül-çiçəklik var, getdim ordan bir gül qoparıb Şahsənəmə verdim. Tamaşaçılar da bunu hiss etmədilər.

- Şövkət Ələkbərova qarşınıza çıxmasaydı, indi harada olardınız?

- Olmağına sənətdə olacaqdım, ancaq bəlkə də heç Opera Teatrında olmayacaqdım. Amma onu bilirəm ki, harada olsaydım da, öz məqsədimə çatacaqdım. Mən həyatda nə istədiyini bilən bir insanam və bu gün də nə istədiyimi bilirəm. Bizim dövrümüzdə indiki kimi asan deyildi. Bizim bu səviyyəyə çatmamız çoxsaylı maneələrdən, çətin yollardan keçib. Çalışan, zəhmət çəkən insana mane olmaq istəyən hər zaman çox olub. Qabiliyyəti çatmayan insan başqasına, işləməyənlər işləyənlərə mane olmağa çalışır. Hərdən eşidirəm: “Niyə Mənsum?” Amma bunun çox bəsit bir cavabı var, çünki işləyirəm. Hərdən oturub deyirlər ki, niyə tələbə yoxdur. Axı tələbə elə-belə yetişmir. Müəllimlə tələbə, ata və övlad kimi olmalıdır. Mən tələbələrimi lap kiçik yaşlarından yetişdirməyə çalışıram. Əgər onun əziyyətini çəkirsənsə, onun uğuruna da sevinməlisən. Ancaq başqasının uğuruna sevinə bilən adam müəllim ola bilir, eqoist adamdan müəllim olmaz.

- 10 il öncə 40 illiyinizdə Sizdən müsahibə götürdüyümü xatırlayıram və düşünürəm ki, bu illər ərzində nə simanızda, nə quruluşunuzda, nə insanlara qarşı diqqətinizdə, ən əsası çoxsaylı həmkarlarınızın həsəd apardığı əxlaqınızda heç nə dəyişilməyib. Buna necə müvəffəq olursunuz?

- Nəyin dəyişib-dəyişməyəcəyini deyə bilmərəm. Çalışıram hər zaman insanlara qarşı daha diqqətli olum, insanları çox sevim. Bəlkə də məni bu cür saxlayan hər zaman qəlbimin məhəbbətlə döyünməsi olub. Hər şeyə - Vətənimə, torpağıma, insanlara, ailəmə qarşı məhəbbətlə yaşamaq. Insan qəlbi əgər nifrətdən uzaqdırsa, eqoistliyin nə olduğunu bilmirsə və borcu yoxdursa, o insan rahat yaşayır.

- Heç şübhəsiz, bu günlər ərzində ünvanınıza çoxsaylı təbrik və arzular eşidirsiniz. Yubiley ərəfəsində isə biz Sizdən özünüzə arzunuzu duymaq istəyirik.

- Özümə arzu edirəm ki, Inşallah Cıdır düzündə oxuyum. Allah o günü mənə və hər birimizə qismət eləsin ki, Qarabağda bayramımızı qeyd edək. Çünki səbrimiz tükənib, Qarabağsız yaşamaq mümkün deyil. Çox illər keçir, hər şey yeniləşir, yeni bir nəsil gəlir. Azərbaycanın hər bir bölgəsi bizim Vətənimizdir, ancaq Üzeyir bəy nigarandır. Qarabağsız yetişmir...

- 50 illiyinizi kimlərlə qeyd etməyi düşünürsünüz?

- Təbii ki, həmin gün ətrafımdakı insanlardan xoş söz eşitmək mənim üçün hər şeydir. Maddiyyatdan uzaq bir insanam, adi bir təbriklə qane oluram. Ən azından bir telefon zəngi gözləyəcəyəm. Təmtərağı sevməyən bir insanam, amma həmin gün ailəmlə, dostlarımla bərabər olacağam. Muğamımıza, sənətimə olan diqqət məni çox xoşbəxt edir. Sentyabrın 1-də Müasir Təhsil Kompleksində yubiley tədbirim, 2-də Mustafa Çəmənlinin müəllifi olduğu “Məcnunun Məcnunu” kitabının təqdimatı keçiriləcək. Oktyabrın 9-da Opera və Balet Teatrında “Leyli və Məcnun” operasının nümayişi təşkil olunacaq. Tərəf müqabilim çox sevilən Leylimiz Nəzakət xanım Teymurovadır. Bütün tamaşaçıları həmin gün teatra dəvət edirəm və yubiley tamaşamda iştiraklarını arzulayıram...

 

 

Azadlıq.- 2010.- 1 oktyabr.- S.13.