Hitler Nizaminin yubileyinə mane ola bilməyib
Rəssam Vaqif Ucatayın əsəri bu
olaya işıq salır...
Düz 61 il əvvəl Sovet hökuməti 1941-ci ildə
SSRI məkanında dahi Azərbaycan şairi Nizami Gəncəvinin
800 illik yubileyinin keçirilməsi haqda qərar qəbul etsə
də, qəflətən Ikinci Cahan Savaşının
başlanması onun keçirilməsini təxirə
salmağa məcbur etmişdi. Nizamisevərlər
yubileyin ertələnməsindən üzülsələr də,
o vaxtlar Leninqradda (indiki Sankt-Peterburq) Dövlət
Ermitajının direktoru vəzifəsində
çalışan I.A.Orbeli hələ də tədbirin
keçirilməsi arzusu ilə yaşayırmış.
Odur ki, onun almanların bütün cəbhə
boyu hucumunun gücləndiyi və sovet qoşunlarının
geri çəkilməyə məcbur olduğu bir vaxtda, yəni
1941-ci ilin sentyabrında yubileyin keçirilməsi arzusunu
Leninqrad Vilayət Partiya Komitəsində ideoloji sahəyə
rəhbərlik edən N.Tixonova bildirməsi ciddi etirazla
qarşılanır. Amma o, inadkarlıq göstərməklə xüsusi
vurğulayır ki, biz almanlara “Sizi bayramınızı
keçirməyə qoymadıq” sözünü deməyə
imkan verməməliyik. Əlavə edək
ki, şəhər artıq avqustun 8-dən blokada şəraitində
yaşayırdı. Odur ki, N.Tixonov muzey
direktorunun təklifini Leninqrad Vilayət Partiya Komitəsinin
katibi A.A.Jdanova çatdırmaqda tərəddüd edir.
O bildirir ki, Dövlət Ermitajının və Rus muzeyinin
qiymətli eksponatlarının iki dəfə eşelonla Urala
yola salındığı, üçüncünün isə
bombardman təhlükəsi üzündən geri
qayıtması qarşılığında mən hər
gün bombalanan şəhərdə yubileyin keçirilməsini
hansı üzlə A.A.Jdanova deyə bilərəm. I.A.Orbeli isə geri çəkilmək istəmir,
onu katiblə görüşdürməyi tələb edir.
Üstəlik, N.Tixonova artıq cəbhədə
olan və yubileydə iştirak etməsi nəzərdə
tutulan 120 alimin siyahısını da verir və əlavə
edir ki, onlar geri çağırılmalıdırlar.
Bu böyük siyahı N.Tixonovu lap hövsələdən
çıxarır və o, əsəbi halda bir alimin 1000 adi adam qiymətində olduğunu muzey direktoruna
bir daha xatırladır. Bunun cavabında
I.A.Orbeli də bildirir ki, heç bir insan itkisi olmayacaq. Biz hər şeyi nəzərdə tutmuşuq, əsas
ciddi məsələ tədbirin keçirilməsini almanlardan
gizli saxlamaqdır. Almanlar dəqiq
xalqdırlar, biz onların hava hucumuna nə vaxt
başlayıb, nə vaxt qurtardıqları rejimi artıq
bütün dəqiqliyi ilə müəyyənləşdirmişik.
Biz tədbiri məhz həmin fasilə vaxtı
keçirəcəyik. O, bütün bu fikirlərini
çox inandırıcı şəkildə həm də
A.A.Jdanova bildirəndən sonra katib... təslim olur. Ehtimal etmək olar ki, o, bu addımı məsələni
Moskva ilə razılaşdırandan sonra atıb. Çünki bu yubileyin ziyansız baş tutması
qarşılığında müharibə ilə
baş-başa qalan sovet xalqının mübariz ruhunun möhkəmləndirilməsində
önəmli rol oynaya bilərdi. Odur ki, Leninqradda Nizami
bayramının keçirilməsinə icazə verilir...
Yubiley oktyabrın 19-na təyin olunur. Almanlar saat 14-17 arasında hava hucumuna ara verdiklərindən tədbirin də məhz
saat 14-də başlanması qərara alınır. Hazırda Dövlət Ermitajının arxivində
saxlanan sənədə əsaslansaq, deyə bilərik ki,
yubileydə 95 nəfər iştirak edib. Yubiley
tədbiri də lap vaxtında, yəni, hava hucumunun
başlanacağı vaxtdan azca əvvəl saat 16.50-də
tamamlanıb. Muzey direktoru xatirələrində qeyd edir
ki, biz tədbiri qurtarıb küçəyə
çıxanda top lülələrinin havaya
tuşlandığıni gördük. Səhəri
isə bütün mərkəzi qəzetlər Leninqradda
Nizaminin yubileyinin qeyd olunduğundan yazırdı. Bu,
heç şübhəsiz, bizim mənəvi qələbəmiz
idi...
Onu da əlavə edək ki, I.A.Orbeli hava
hucumunun başlana biləcəyini istisna etməyib,
iştirakçıların təhlükəsizliyini təmin
edə biləcək əlavə bir tədbir də həyata
keçirmişdi. Belə ki, əgər muzeyin birinci mərtəbəsində
baş tutan tədbiri yarımçıq qoymaq təhlükəsi
yaransaydı, onda onu əvvəlcədən muzeyin çox
etibarlı sayılan zirzəmisində hazırlanmış
yerdə davam etdirmək olardı. Göründüyü
kimi, vəziyyətin gərgin olmasına baxmayaraq tədbir
vaxt etibarilə kifayət qədər davamlı olub,
çıxışçılar Azərbaycan xalqının
dahi oğluna öz ehtiramlarını ifadə edə biliblər.
Tədbirdə altı çıxış səslənib.
Iştirakçılar Dövlət
Ermitajında olduqları bu üç saatlıq müddətdə
həm də çox təsirli və
düşündürücü iki sərgiyə də
baxmağa imkan tapıblar. Belə ki,
onların birində tamaşaçılara müharibə
öncəsi burada nümayiş olunan məşhur
tabloların... bir vaxtlar onları haşiyələndirən bəzəkli
çərçivələri təqdim olunmuşdu
(yuxarıda qeyd etdiyimiz kimi, həmin əsərlərin
etibarlı mühafizə olunması üçün
vaxtında Urala göndərmişdilər. Bu, Qarabağ müharibəsi zamanı 22 muzey və
4 qalereyada toplanan qiymətli sənət əsərlərini
ermənilərə ərməğan qoyan mədəniyyətimizin
cavabdehləri üçün ibrət götürülməli
faktdır). Vaxtilə bu əsərlərdən zövq
almış insanlar üçün xilas olunmuş bu gözəlliyin
çərçivələr üzərində yalnız
adları yazılmış lövhələri görmələri
əlbəttə, çox təsirli idi...
Oxuduğunuz bu şirin tarixçəni mənə
tanınmış fırça ustası, sənətsevərlərə
daha çox vətənpərvərlik mövzusunda çəkdiyi
əsərlərlə tanış olan, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyası nəzdindəki kollecin
müəllimi Vaqif Ucatay danışıb. O, mənə
yubileyin dəvətnaməsinin surətini və orada
iştirak edənlərin siyahısını da təqdim etdi.
Bu gün onun üçün də 23 il əvvəl
baş verənləri şirin xatirə kimi yada salan bu sənədlər
duyulası dərəcədə qiymətlidir. Belə
ki, 1987-ci ildə Leninqrad Rəngkarlıq, Heykəltaraşlıq
və Memarlıq Institutunun son kursunda oxuyan Vaqif Ucatay diplom
işi olaraq Nizami mövzusunu seçmişdi. Bu günlərdə onunla darısqallığı
o saat duyulan emalatxanasında görüşdük. Nizami
Gəncəvinin 800 illik tarixi yubileyinin keçirilməsinin
ildönümü ərəfəsində onunla bir daha ötən
günlərə qayıtdıq, tədbirlə bağlı
çoxlarının bilmədiklərinin üzərinə
işıq saldıq...
“Nizami işığında” tablosunun
tarixiliyi...
Vaqif Ucatay bildirdi ki, “Nizami işığında” tablosunu
1987-ci ildə işləsə də, onu yaratmaq barəsində
hələ Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil
almaq üçün Leninqrada yollananda düşünməyə
başlayıb. Uzun müddət mövzunun bədii ifadəsini
daha real göstərməyə kömək ola
biləcək materialları toplayıb. Ancaq təhsilsonu
yaxınlaşanda və diplom işi üçün mövzu
seçimi edəndə maneələrlə üzləşib.
Belə ki, başqalarında böyük mədəniyyətin
mövcudluğunu qəbul etmək istəməyən və
çox vaxt bütün mənalarda konservativliyi ilə yadda
qalan bu təhsil ocağının rəhbərliyi azərbaycanlı
gənc rəssamın öz milli dəyərlərinin Rusiyada
bədiiləşdirib nümayiş etdirməsinə imkan vermək
istəməyiblər. Lakin o, mövqeyindən
çəkinməyib və arzuladığı bu mövzunu nəhayət
ki, diplom işi üçün təsdiqlədə bilib.
Amma bunun acısını sonda çəkməli
də olub. Belə ki, ötəri mövzulara müraciət
edən həmyaşıdlarına onun “qayğıkeş”
müəllimləri yüksək qiymət versələr də,
Vaqif Ucatayın əməyini, qəribə də olsa,
yalnız “kafi” qiymətləndiriblər. Indinin özündə
də onların haqsız iş gördükləri birmənalıdır.
Təbii ki, məqsədinə çatan gənc
rəssam bunu özünə dərd etməyib. Elə
artıq bu gün onunla eyni vaxtda diplom müdafiə edib
yüksək qiymət alanların işlədiklərinin
tarixin heç vaxt anılmayacaq arxivinə gömülməsi
qarşılığında, onun özündə unudulmaz bir
tarixi və yüksək bədii-estetik məziyyətləri
daşıyan “Nizami işığında” əsərinin
gündən-günə öz əhəmiyyətini
artırması da dediklərimizi təsdiqləyir...
Rəssamın davamlı söhbətindən
məlum oldu ki, o, bu tarixi hadisə ilə bağlı kifayət
qədər material toplaya bilib. Bu da ona yubiley mərasimini bütün
reallığı ilə göz önündə
canlandırmağa imkan verib. O bildirdi ki, əvvəlcə
tədbirin keçirildiyi yerlə tanış
oldum. Hətta metereoloji mərkəzindən
öyrənir ki, yubiley günü Leninqradda müsbət 1 dərəcə
olub, gecə saat 1-də qar yağmağa başlayıb.
Məlum oldu ki, yubiley vaxtilə “məktəbli
kabineti” kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutub.
Muzeylə üzbəüz yerdə - Neva çayında
dayanan “Qütb ulduzu” gəmisi iclas salonunu işıqla təmin
edib... Yubiley təntənəsində altı nəfər
çıxış edib. Muzeyin direktoru
I.A.Orbeli, şərqşünas alim M.Dyakonov, eləcə də
A.I.Boldıryev, Q.V.Ptitsin, N.Tixonov və b. öz
çıxışlarında söz sultanı Nizaminin
ucalığından danışıblar. Dyakonov
və Ptitsin həm də Nizamidən etdikləri yeni tərcümələri
oxuyublar. Sonda iştirakçılar Nizami dövrünə
aid sənət əsərlərindən ibarət sərgiyə
baxıblar...
Iri ölçülü tabloda (208x160 sm)
yubiley təntənəsi əks olunsa da, bütünlükdə
əsərdə müharibə ruhu, blokada ab-havası duyulur. Yeddi metrlik pəncərələrin
müharibə şəraitinə uyğun örtülməsi,
yeri gələndə onların qarşısını
örtməli olan pərdələrin “döyüşə
hazır vəziyyətdə asılışı və
heç şübhəsiz, yubiley
iştirakçılarının hərbiləşmiş
qiyafələri, az qala tamaşaçını rəssamın
hansısa gizli yığıncağı görüntüyə
gətirdiyi qənaətinə gəlməyə məcbur
edir. Heç şübhəsiz, bunu V.Ucatayın baş
verənləri duyulası dərəcədə
inandırıcı təsvir etməsi şərtləndirir...
Tablonun mərkəzi fiquru Nizaminin molbertdə
qoyulmuş portreti (hələ o vaxt Nizaminin rəssam
Q.Xalıqov tərəfindən yaradılmış (1940)
obrazı ictimailəşmədiyindən V.Ucatay
görüntüyə əyanilik gətirmək
üçün kompozisiyaya şairin miniatür üslubunda
çəkilmiş portretini daxil edib) önündə
çıxış edən I.A.Orbelidir. Portretin qarşısında
oturan məşhur alim I.Y.Kraçkovskidir (o, həm də “Qurani-Kərim”in
tərcüməçisidir). Rəssam
ön planda onlardan əlavə başı sarıqlı
M.Dyakonovu (onu, yaralı olsa da, məruzəçi kimi cəbhədən
geri çağırmışdılar), eləcə də
Q.Ptitsin, N.Tixonov, A.Boldıryev, I.Lurye və b. təsvir
etmişdir. V.Ucatayın Rəyasət Heyətindəki
bir stulu boş saxlaması da məqsədlidir. Rəssam
deyir ki, bu yerdə Azərbaycandan gələn adam
oturmalıydı, amma vəziyyətə görə o, burada
yoxuydu. Əsərdə tətbiq edilən
uğurlu işıq - kölgə həlli kiçik salona
toplaşanların böyük Nizami ruhuna köklənmiş
yaşantılarını təsirli və yaddaqalan biçimdə
göstərməyə imkan verib. Heç
şübhəsiz, bu əsəri tarixi janrdan duyulası
kasadlıq çəkən təsviri sənətimizə
yaddaqalan töhfə saymaq olar. Əsər hazırda
Nizami Gəncəvi adına Milli Azərbaycan
ədəbiyyatı muzeyində göstərilir...
Ziyadxan Əliyev,
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi
Azadlıq.- 2010.- 19
oktyabr.- S. 15.