O tarixi Qurtuluş Günü...
Qanlı Bakı...
15 sentyabr Bakının
tarixində ən unudulmaz və şərəfli səhifələrdən
biridir. Mənbələrdə rəsmi adı Qurtuluş
Günü kimi qeyd olunan bu tarixin Azərbaycan
üçün əvəzsiz əhəmiyyəti var.
Böyük öndər M.Ə.Rəsulzadə
çıxışlarının birində 15 sentyabrı Azərbaycanın
istiqlalı üçün real zəmin olaraq dəyərləndirmişdi.
1918-ci il sentyabrın
15-də böyük Türk qəhrəmanı Nuru
Paşanın rəhbərlik etdiyi Qafqaz Islam Ordusu və Azərbaycan
Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik
işğalından azad edib. Bu qələbə ilə həm
ölkəmizin müstəqilliyinə yaranacaq ciddi təhlükə
aradan qalxmış, həm də Bakı və ətraf
rayonlarda erməni-bolşevik ağalığına son
qoyulmuşdur.
Bakının azad
olunması Azərbaycan-Türkiyə dostluğu və
qardaşlığı zəminində müstəsna əhəmiyyət
daşıyan böyük hadisədir. Sovet əsarəti illərində
bu hadisənin əhəmiyyətini məqsədli şəkildə
unutdurmağa çalışılsa da, xalq Türk əsgərinin
qəhrəmanlığını könlündə
yaşatdı, onu heç bir zaman unutmadı.
1918-ci il martın 30-da
Bakıda başlanan kütləvi qırğınlar 12 mindən
artıq günahsız insanın, o cümlədən
çoxlu sayda qoca, qadın və uşağın
öldürülməsi ilə nəticələnmişdi.
Tarixi faktlar o gün paytaxtın Türk əhalisinə tutulan
divanın dünyanın ən vəhşi vandalizmləri ilə
müqayisə oluna biləcəyini sübuta yetirir. O dəhşətli
günlərin şahidi olmuş Kulner familiyalı bir alman
1925-ci ildə Bakı hadisələri barədə bunları
yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı)
məhəllələrinə soxularaq hər kəsi
öldürür, qılıncla parçalayır,
süngü ilə dəlmə-deşik edirdilər. Qırğından
bir neçə gün sonra bir çuxurdan
çıxarılan 87 azərbaycanlı cəsədinin
qulaqları, burunları kəsilmiş, qarınları
yırtılmış, orqanları
doğranmışdı...” Gənc qadınların diri-diri
divara mıxlanması, ermənilərin hücumundan
sığınmağa çalışan iki min nəfərin
yerləşdiyi şəhər xəstəxanasının
yandırıldığı da bu dəhşətli faktlar
sırasındadır.
Quduzlaşmış ermənilər müdafiəsiz insanları, xüsusən qadınları daha ağır işgəncələrlə öldürürdülər. Azərbaycanın böyük sənətkarı Nəsibə Zeynalova xatirələrində deyirdi ki, o gün azğınlaşmış ermənilər onun baba mülkünə daxil olub, həyətdə çörək bişirən nənəsini təndirə atıb yandırmışdılar.
Amma bu soyqırımı həyata keçirən qaniçənlər təkcə insanları qətlə yetirməklə kifayətlənmirdilər. Onlar şəhərin ən görkəmli məscidi sayılan Təzəpir məscidini aramsız top atəşinə tutub dəlik-deşik etmiş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan “Ismailiyyə” binasını yandırmış, Şirvanşahlar Sarayını güllə yağmurundan tanınmaz hala salmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmışdılar.
Bütün müsəlmanları məhv etmək əmri...
Faciənin miqyası
yalnız Bakı şəhəri ilə məhdudlaşmamışdı.
Bu ərəfədə Şamaxıda, Qubada, Xaçmazda,
Hacıqabulda, Salyanda, Zəngəzurda, Göyçayda, Lənkəranda,
Muğan bölgəsində, Dağlıq Qarabağ və
başqa bölgələrdə qətlə yetirilən
insanların sayı 50 mindən artıq idi.
Aprel ayında Quba qəzasına
göndərilən daşnak dəstələrinin komandiri
Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı
və onun müdafiəçisiyəm... Mənə Xəzər
dənizindən Şahdağadək olan ərazidə bütün
müsəlmanları məhv etmək əmri verilmişdir”.
1918-ci il aprelin 29-da
Gümrü yaxınlığında əsasən,
qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3
min nəfərlik azərbaycanlı köçü pusquya
salınaraq, son nəfərinədək məhv edilmişdi.
Cəlladlar ölkənin Türk soylu müsəlman əhalisinə olan nifrətini həm də dini ziyarətgahları darmadağın etməklə göstərirdilər. Şamaxıda Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdu.
O dövrdə göydələn minarələri olan Irəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Irəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah Ismayılın əmri ilə inşa olunmuşdu. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırdılar. Məscid insanlarla birgə tamamilə yanıb külə döndü.
1604-cü ildə I Şah Abbas Irəvan qalasında Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirmişdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidi ilə ümumi oxşarlığı olan Irəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Məlum hadisələrdə onlar tamamilə məhv edildi.
Belə bir zamanda
Bakıya köməyə çağırılan Osmanlı
Türkiyəsi Avropa dövlətlərinin
etiraz etməsinə baxmayaraq,
qardaş ölkəyə köməyini əsirgəmədi.
1918-ci ilin avqust-sentyabr
aylarında öz tarixi
vəzifəsini şərəflə yerinə yetirən Türk ordusu
Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1200-dən
çox şəhid verdi.
Unudulmaz qəhrəmanlar...
O dövrdə Türk əsgərləri
ilə çiyin-çiyinə vuruşan Azərbaycan vətənpərvərlərindən
biri də şair Əhməd Cavad idi. O, Yasamal
dağındakı səngərlərdə mövqe tutan dəstələr
arasında vuruşurdu. Şairin o zaman yazdığı
“Bismillah” şeiri milli duyğuları anladan gözəl bir əsərdi:
Atıldı
dağlardan zəfər topları,
Yürüdü irəli
əsgər, Bismillah.
O, Xan sarayında
çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.
Ey hərbin
taleyi bizə yol ver, yol,
Sən ey coşan dəniz gəl Türkə ram ol
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gəlir, Bismillah.
Möhtəşəm və tarixi qələbədən sonra
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın
17-də Gəncə şəhərindən
Bakıya köçürüldü. Qəhrəman türk əsgərlərinin
qanı bahasına Bakı və digər rayonların azad olunması ilə AXC hökuməti öz hakimiyyətini ölkənin bütün
hüdudlarında təmin
etdi.
Azərbaycan hökumətinin
başçısı Fətəli
xan Xoyski Bakının azad edilməsi münasibətilə
Nuru paşaya yazırdı: “Cəsur türk əsgərlərinin
Azərbaycanın başkəndi
olan Bakını düşməndən təmizləməsi
münasibətilə millətimin
adından dünyanın
ən cəsur və soylu əsgəri
olan türkün oğullarına minnətdar
olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.
Bakıya daxil olan türk
ordusunun komandanları
Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini
qəbul edərək
onun evində qaldılar. Qoşunların Bakıya gəlib
bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli
böyük malikanəsini
(indiki Azərbaycan Tarix Muzeyi) türk
qoşunları komandanlığına
bəxşiş edəcəyini
vəd edən Tağıyev sözünə
sahib çıxdı. O öz mülkünü türk qoşunlarının
komandanlığının istifadəsinə verdi.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından
azad etməsi şəhərdə əsl
bayrama səbəb oldu. H.Z.Tağıyev türk ordusunun
şərəfinə təntənəli
ziyafət təşkil
etdi. Məşhur milyonçu türk
ordusunun komandanı Nuru paşaya və onun qəhrəman
sərkərdələrinə hədiyyələr təqdim
etdi. Amma Antanta dövlətlərinin
Osmanlı Türkiyəsinə
təzyiqi getdikcə daha da artırdı.
Ona görə də qısa müddətdən
sonra türk qoşunları Bakını
tərk etməli oldular.
Tarix saxtalıq götürmür. Illər, yüzillər
keçsə belə,
ört-basdır edilmiş,
gizlədilmiş tarixi
həqiqətlər hökmən
gün işığına
çıxır. Necə
ki, Azərbaycan istiqlalına düşmən güclərin
işğal rejimində
70 il yaşayan xalq sonunda öz
tarixi gerçəklərini
anladan səhifələrin
üzünü açdı.
Öz iyrənc manqurtlaşma siyasəti ilə bu millətin genlərini dəyişmək
istəyən rus şovinizmi sonunda iflasa uğradı və arzuladığı
nəticələrə yetişə
bilmədi.
Bu gün o yabançı ünsürlərin əsrlər
boyu kökündən
qoparmaq istədiyi xalq öz keçmişinə
sahiblənərək milli
istiqlalına qovuşmuşdur. Bu gün
o tarixdən 92 il sonra qəhrəman Türk şəhidləri Bakıdakı
Xiyabanda azərbaycanlı
qan qardaşları ilə bir məzarlıqda
uyuyur. Heç bir siyasi oyunbazlıq, heç bir diplomatik hoqqabazlıq bu gerçəyi dəyişə
bilməz. O tarixdən
uzun illər keçməsinə baxmayaraq,
bu xalq qəhrəmanı Türk Ordusu tərəfindən göstərilən qardaşlıq
yardımını heç
vaxt unutmayacaq, onları qəlbində daim minnətdarlıq hissi ilə xatırlayacaq.
Azadlıq.- 2010.- 15 sentyabr.- S.13