Mistik caz
ifaçısı Vaqif Mustafazadəylə
başlanan yol...
İçərişəhərli uzun bakenbordlu
oğlan
60-cı illər
Içərişəhərin bu məhəllə- sində
yaşayan sakinlər Zivər xalanın evindən eşidilən
qeyri-adi musiqi səsinin nə olduğunu açıq-aydın
anlamasalar da, o qulağayatımlı, oynaq ritmləri Vaqifin
çaldığını bilirdilər. Vaqif isə onlar
üçün sadəcə məhəllənin gənc,
yaraşıqlı uşaqlarından biri, musiqi müəlliməsi
Zivər xanımın oğlu idi. Hələlik onu
yaşıdlarından yalnız uzun saçları və
bakenbordları, özünəməxsus geyim üslubu fərqləndirirdi.
Amma bir az keçəcək,
qədim Içərişəhərin o dolanbaclı məhəlləsində
səslənən qəribə musiqi sədaları uzaqlara
uçacaq, bu yaraşıqlı oğlanı da sehrli
qanadlarına alıb şəhərdən-şəhərə
aparacaq.
Nəydi bu yeni, bənzərsiz,
insanın ruhuna toxunan musiqinin sirri? Bəlkə Vaqifin
yaşadığı Içərişəhərin mistik
ruhu keçmişdi onun ritmlərinə, bəlkə
Tanrının əli toxunmuşdu? Bunu heç o da bilmirdi.
Amma uzun, arıq barmaqlarının möcüzəsindən
bir gün özü belə heyrətlənmişdi. Uzaq bir
qitədə qaradərili insanların azadlıq
arzularını ifadə edən üsyankar caz ritmləri
hardan gəlib düşmüşdü sevgi, həsrət, kədər
dolu həzin muğam ladlarının arasına? Ümumiyyətlə,
caz yarandığı gündən bəri onun bu gözəllikdə
yeni bir versiyasını işləyən olmuşdumu?
“Vaqif Mustafazadə mükəmməl
ifaçıdır. O, dinlədiyim lirik caz sənətçiləri
arasında ən gözəl ifaçıdır”. Bunu
dünyanın məşhur caz tənqidçisi, amerikalı
Velis Konover deyirdi.
Azərbaycanda o zamana qədər
də caz vardı - 30-cu illərin sonunda maestro Niyazi və
Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı
ilə tanınan Dövlət Estrada Orkestri. Amma 50-60-cı illərdə
sovetlərin Qərb əleyhinə yönəlmiş təbliğatı
ölkədə bu musiqi janrına yasaqlar gətirdi. Bu,
faşist Almaniyasında Hitlerin caz musiqisini yasaqlaması kimi
bir şey idi. Hərçənd bu qadağalara baxmayaraq, caz
fanatları yenə də toplanır, Qərb
radiostansiyalarını dinləyir, eşitdikləri musiqi
parçalarından öyrənməyə cəhd göstərirdilər.
Vaqif Mustafazadə erası
60-cı illərdə
Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi
və rəhbərliyi ilə Azərbaycanda estrada və caz
musiqisinin ikinci həyatı başlandı. Əvvəlcə “Qaya” kvarteti yarandı. Sonra isə...
Vaqif Mustafazadə erası başlandı. O, Şərq
muğamını Qərb cazı ilə improvizə edərək
tam fərqli və mükəmməl bir musiqi yaratmışdı.
Bu, Afrikada azadlıq nəğmələri hayqıran zənci
ilə Azərbaycanda Füzuli eşqindən oxuyan
bakılı arasında tərcüməsiz anlaşılan
muğam-caz əlaqələrinə əsaslanan mahir sintez
işi idi.
Qısa zamanda xeyli
populyarlaşan Vaqif Mustafazadə 1970-ci ildə qızlardan ibarət
vokal instrumental qrup - “Leyli”ni,
1971-ci ildə isə “Sevil” ansamblını yaratdı. Azərbaycan
Dövlət Radio və Televiziya Komitəsinin tərkibində
yaradılan “Sevil”
ansamblını ərsəyə gətirənə qədər
o, çox böyük əzab- əziyyətlərə
qatlaşmışdı. Hər dəfə efirə
çıxmaq üçün o dövrün bürokratik əngəllərini
aşmaq lazım gəlirdi. Amma onun ansamblı istənilən
halda böyük uğurlara imza atmışdı. Vaqif 1965-ci
ildə Tbilisidə “Orero” ansamblına musiqi rəhbəri kimi
dəvət almış, elə həmin ildə “Qafqaz” caz
triosunu yaratmışdı.
1967-ci ildə Tallində
ümumdünya caz festivalındakı
çıxışı ona dünya şöhrəti
qazandırdı. Bu festivala dünyanın 3 mindən çox
musiqiçisi qatılmışdı. Sənətçi Azərbaycan
Dövlət Filarmoniyasında daha bir “Muğam” adlı
instrumental ansamblı yaratmışdı. “Muğam”la caz
kompozisiyaları bəstələyən ifaçı 1977-ci
ildə Donetskdə keçirilən caz festivalından laureat
kimi qayıtdı. 1979-cu il ildə isə o, Monako-79 Beynəlxalq
Caz Festivalının qalibi elan olundu. Həmin il Daşkənd
qastrollarına başlayan Vaqif vaxtsız ölümün
yaxınlaşdığından
xəbərsiz idi. O, səhnədə “Əzizənin
intizarında” əsərini ifa edərkən həyatla
vidalaşdı...
V.Mustafazadə
dünyadan köçərkən 39 yaşındaydı. Onun
taleyi dünyadakı bütün məşhur caz sənətçilərinin
taleyindən fərqlənmədi. O, son mənzilinə də
azad ruhun musiqisi olan caza könül verənlərin yoluyla
getdi. Cazla maraqlananlar bilir ki, Vaqifə qədər bu musiqinin ən
populyar ifaçılarının ömrü çox qısa
və faciəli şəkildə sona çatıb.
Məktəbin davamçıları...
Əzizə
atasının gözləntilərini doğruldub o səhnədə
layiqli yerini tutdu. Vaqif Mustafazadə Allahın vergisini əsirgəmədən
bəxş etdiyi insan idi. Qızının yolunu davam etdirəcəyi
ürəyinəmi dammışdı? Ə.Mustafazadə
deyir: “Atamın həyatı çox qısa oldu. Lakin onun kimi
musiqiçilər və ölüm - tamamilə fərqli
anlayışlardır. Atamın gücü mənə
keçir və biz birlikdə yaradırıq. Vaqif Mustafazadə
mistik bir insan idi... Demişdi ki, ”ölüm məni tezliklə
aparacaq, bilirəm... Amma Əzizə mənim yolumu davam etdirəcək...".
Təsadüfi deyil ki,
Istanbulda II beynəlxalq caz festivalında
çıxışından sonra onu cazın “Azəri
şahzadəsi” adlandırdılar. 1997-ci ildə də Kral
klubunda böyük müvəffəqiyyətlə
çıxış edən Əzizə “caz ulduzu” uğuruna
imza atdı. Hazırda Almaniyada yaşayan Əzizənin
adı dünyanın ən populyar musiqiçiləri
sırasında yer tutur.
Sənətçinin
digər qızı Lalə Mustafazadə də atasının
uğurlu davamçısıdır. O, 1991-ci ildə Fransada
beynəlxalq müsabiqədə ən yüksək
mükafata layiq görülmüşdü. Hazırda Fransada
yaşayan Lalə Paris konservatoriyasında dərs deyir.
V.Mustafazadənin yaratdığı
məktəbin davamçıları Bakıda bu gün də
caz mühitinin sönükləşməsinə imkan vermirlər.
Bu gün Azərbaycan cazı Rain və Rauf Sultanovların,
Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” qrupunun
ifasında dünyanın ən şöhrətli səhnələrində
səslənir. O cümlədən daha gənc nəslin
nümayəndələri bir çox müsabiqə və
festivallarda uğurla çıxış edirlər. 2009-cu ildə
Azərbaycanı Montre Caz Festivalında təmsil edən və
birincilik qazanan Isfar Sarabskinin adı buna parlaq misaldır. O, bu
birinciliyi dünyanın 30-dan çox ölkəsindən olan
cazmenlər arasında qazanmışdı. Başqa bir
ifaçı Şahin Növrəsli isə Montre Caz
Festivalında ikinci yerə layiq görülmüşdür.
O, gənc ifaçı kimi Türkiyə, Fransa, Rusiya və
digər ölkələrdə geniş konsert proqramları ilə
çıxış etmiş və ustad dərsləri
vermişdir. Ş.Növrəsli Keni Viler, Uday Mazumdar, Alison
Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa
Maşin və başqa tanınmış musiqiçilərlə
bərabər çıxışlar etmiş və albomlar
yazdırmışdır.
Indi Bakıda bu musiqi
ifaçılarının toplandığı, “cem-seyşnlər”
keçirdiyi, konsertlər verdiyi Caz Mərkəzi fəaliyyət
göstərir. Son illər paytaxtımız ənənəvi
beynəlxalq caz festivallarının keçirildiyi bir şəhərə
çevrilib. Indi bu şəhərdə nağıl kimi
“Bakı gecələri” gözünü sabaha cazla
açır, Içərişəhərin o məşhur məhəlləsində
hələ də uzun bakenbordlu oğlanın
“Düşüncə”si səslənir, qədim Qala
divarlarına qonub baharın müjdəsini verən
qaranquşları “Mart” ritmləri salamlayır.
Sərhədləri
uçurub dağıdan üsyankar ruhlu caz musiqisinin adətən,
təlatümlü, inqilabi, qaynar şəhərlərdə
qol-qanad açdığı söylənilir. Tarixən
inqilablar şəhəri olan Bakının nədən hər
zaman caz havasına kökləndiyi də bu nöqtədə aydınlığa
çıxır. Caz gənclik, yenilik, müasirlik ruhudur və
o, yaşadığımız şəhərə gəldiyi
gündən burada canlanma havası yaradıb. Amma
Bakının caz havasında həm də bir yumşaq
muğam ovqatı var. Bu ovqatı Bakıya 60-cı illərdə
içərişəhərli bir oğlan gətirmişdi...
Azadlıq.- 2010.- 26-27 sentyabr.- S.15.