Təsvirli qayaların tarix salnaməsi...
Qobustan unikal
qayaüstü rəsmləri ulu əcdadlarımızın
yaşadığı gerçəkliyə və mühitə
baxışın, həyat şəraitini, ibtidai
inanclarını əks etdirir. Bu möcüzəli qayalar ərazini
yalnız qədim insan məskəni kimi deyil, həm də Azərbaycan
xalqının ən qədim dövrlərə aid tarixini
öyrənmək baxımından qiymətli mənbədir.
Kəşf olunduğu gündən tədqiqatçıların
diqqət mərkəzində olan bu heyrətamiz təsvirlər
uzaq keçmişimizin çox maraqlı bir səhifəsidir...
Qobustan - qayaüstü
təsvirlərinin rəngarəngliyi ilə dünyanın
azsaylı bənzər abidələri sırasında
xüsusi yer tutur. Sahəsi 4000 hektardan artıq olan bu
qoruğun əsas eksponatları Böyükdaş,
Kiçikdaş, Yazılıtəpə, Şanqardağ,
Şıxqaya və Çınqırdağ adlanan ərazilərindədir.
Tədqiqatçı alimlər qoruq ərazisində 6000-dən
artıq qayaüstü təsvir, 20 mağara və
yaşayış yeri, 40 kurqan aşkar etmiş və öyrənmişlər.
Bunlardan 4400-ə yaxını qayaüstü rəsmlər
-petroqliflordir.
Bu qayalarda regionun 15 min
illik həyat tarixi -yuxarı paleolit dövründən orta əsrlərə
qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.
Bu unikal tapıntı haqqında dünya ictimaiyyətinə
Qobustanın ilk tədqiqatçısı, arxeoloq İshaq Cəfərzadə
1939-cu ildə məlumat vermişdir.
Azərbaycan hökuməti
1966-cı ildə qayaüstü rəsmləri əhatə
edən ərazini Qobustan dövlət tarixi-bədii qoruğu
elan edib.
Tur Heyerdal vikinqlərin izini burada tapdı...
Həm azərbaycanlı
alimlər, həm də xarici tədqiqatçılar belə
bir qənaətə gəlmişlər ki, Qobustan petroqliflərinin
ən qədim hissəsi bəşəriyyətin
inkişafının ilkin çağlarında
yaranmışdır. Bu təsvirlər öz sadəliyinə
və primitivliyinə baxmayaraq, ibtidai insanın
özünü ifadə formasının ən təkmil
nümayişi kimi olduqca qiymətlidir. Bu petroqliflor həm də
informativ həyat mənzərəsidir.
Ömrünün
yarıdan çoxunu dünyadakı bənzər təsvirlərin
tədqiqinə həsr etmiş məşhur norveçli alim
və səyyah Tur Heyerdal Qobustan qayaları
qarşısında heyrətini gizlədə bilməmişdi.
Həyatı boyunca dünya sivilizasiyasının
başlanğıc nöqtəsini axtaran səyyah 1981-ci ildə
burada bir sıra tədqiqat işləri aparmış, abidə
haqqında maraqlı fikirlər söyləmişdi. O, qayalar
üzərindəki Günəş təsvirli gəmiləri
görərkən sonsuz heyranlıqla demişdi: "Qobustan
kökləri çox qədimlərə gedib çıxan və
hətta Mesopotamiyadan daha qədim, dəqiq tarixi indiyə qədər
məlum olmayan mədəniyyət incisidir". O, "Odinin
axtarışı ilə" adlı son kitabında vikinqlərin
koklərinin Azərbaycanda axtarılmasına işarə
edirdi. Tur Heyerdala görə, bir
sıra
çağdaş Avropa
tayfalarının və xalqlarının, o cümlədən
Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə
Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum
səbəblər üzündən köç edərək
Avropaya getmiş ola bilərdi. Məşhur alim Qobustandakı
qayaüstü rəsmlərin tam oxşarının
Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.
1981-1994-cü illərdə
bu qayaüstü rəsmləri tədqiq etmək
üçün Qobustana xüsusi səfərlər təşkil
edən Tur Heyerdal Xəzər sahillərini böyük bir
sivilizasiyanın beşiyi adlandırmışdır. Heyerdal
öz ehtimallarını təkcə Qobustandakı
qamış qayıq təsvirlərinin əsrlərlə
sonra vikinqlər tərəfindən Norveç
mağaralarının divarlarında həkk edilmiş
apaloqları ilə üst-üstə düşməsilə
deyil, həmçinin orta əsrlərdə
yazılmış saqalarda (norman dastanlarında)
xatırlanması ilə sübuta yetirə bilmişdir.
Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və
üzərindəki Günəş təsvirləri qədim
Azərbaycanın insan məskənlər ilə mədəni
irsə aid olan oxşar təsvirlərlə əks olunan
Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları
arasındakı əlaqələrin əyani sübutudur.
Qayalara köçmüş rəsmlər
Əcdadlarımız tərəfindən
qayalar üzərinə həkk olunmuş rəsmlər
gözlərimiz qarşısında böyük bir tablo
açır. Burada heyvan və balıq ovu, məişət səhnələri,
kollektiv rəqslər, müxtəlif rəmzlər, Günəşi
əks edən simvollar, bürclər, digər fəza cismləri
diqqəti cəlb edir. Qayaüstü rəsmlər arasında
kişi və qadın təsvirləri də elmi cəhətdən
maraq doğurur. Maraqlıdır ki, Qobustandakı bəzi qaya
parçaları da öz fiziki tərkibi və geoloji
xüsusiyyətlərinə görə dünyadakı
daşlardan fərqlənir. Məlum olduğu kimi, buradakı
böyük qaya parçalarından biri "Qaval daş"
adlanır. Onun səthinə zərblə vurulduqda, qaval, dəf,
nağara, təbil kimi səslənir. Məhz bu xüsusiyyətinə
görə yerli əhali onu "Qavaldaş"
adlandırıb.
Mərhum nağara
ifaçımız Çingiz Mehdiyevin qavaldaş üzərində
səsləndirdiyi əsrarəngiz Azərbaycan ritmlərini
xatırlayırsınız hər halda.
Diqqət çəkən
cəhətlərdən biri də Qobustandakı
qayaüstü yazıların sırasında tarixin digər
dövrlərinə qədim Roma qoşunlarının Azərbaycan
ərazilərinə gəldiyini sübut edən dövrlərə
aid məlumatlardır. Məsələn, Roma senturionları
yürüş zamanı buradan ötərkən latın
dilində yazılmış qayaüstü yazı miladi I əsrdə
Roma legionerlərinin bu yerlərə gəldiyini təsdiq edir.
Tarixin bu əbədi "daş yaddaşında" Roma
imperatoru Domitsian Sezar Avqust Germanikin adı həkk
olunmuşdur.
Qobustanın qayaüstü
rəsmləri müasir astronomiya baxımından da diqqəti
cəlb edir. Tədqiqatçıların müəyyən
bir qrupu hesab edir ki, qaya daşları üzərindəki
qayıq rəsmlərinin burun hissəsindəki Günəş
təsvirləri qədim insanların gecə və
gündüz, yəni Günəşin çıxması və
batması kimi astronomik təbii hadisələrlə
bağlı mifoloji təsəvvürlərindən
yaranmışdır. Qədim insanlar təbiətin bu sirli və
mühüm hadisəsini həqiqətən möcüzə
sayırdılar.
Astronom A.Rüstəmov
belə fərziyyə irəli sürür ki, qədim insanlar
Qobustandakı bu qayadan Günəş rəsədxanası,
yaxud "Günəş saatı" kimi istifadə
etmişlər. Digər maraqlı fakt isə odur ki, 1 nömrəli
qaya taxçası tavanının kölgəsi səhərlər
Günəş qalxarkən bir anlığa səmavi
qayığın rəsmi ilə üst-üstə
düşür. Mülahizələrə görə, ilin
uzunluğunu hesablamağı öyrənmiş, qədim
insanlar saat, sutka, ay və mövsümi rüblərlə
bağlı təsəvvürə də malik olmuşlar. Qədim
qobustanlılar ili, hər biri 40 gündən ibarət olan 9
aya bölürmüşlər.
Bunun parlaq nümunəsini qayaüstü rəsmlərdə
açıq-aşkar görmək mümkündür. Bu
üst Neolit dövrünün ən böyük kəşflərindən
olub, bəşər cəmiyyətinin inkişafında
xüsusi rol oynamışdır. Qəribədir ki, 40 gündən
ibarət vaxt vahidindən ilin qış mövsümündə
"çillo" adıyla istifadə olunması
günümüzədək gəlib
çıxmışdır.
A.Rüstəmovun
fıkrinə görə, Qobustan qayalarında işıq
kölgə prinsipi ilə işləyən "Qnomon təqvimi"
dünyada bənzəri olmayan ən mükəmməl təqvimlərdən
biridir.
Qobustanın dəqiq
tarixi ilə bağlı müəmma hər zaman alimlərin
qarşısında dayanan mürəkkəb məsələlərdən
biri olub. Ancaq bu suala son illər aydınlıq gətirilib və
tarixi məkanın qayaüstü rəsmlərinin üst
paleolit dövrünün sonuna, 35 min il əvvələ aid
olduğu sübuta yetirilib.
Təbiətin bizə hədiyyə
olaraq bəxş etdiyi bu muzey həm də bir sıra pirləriylə
zəngindir. Burada həm qədim insana sığınacaq
olmuş mağara-qayalıqlar, həm də onun ulu
babalarının yad edildiyi mərasimlərin, ayinlər və
ibadətlərin həyata keçirildiyi ziyarətgahlar var.
İndinin özündə də yerli ənənələrə
uyğun olaraq, toy mərasimləri zamanı qoruğun
Böyükdaş dağını ziyarət etmək adəti
qalır. O cümlədən, yerli əhali bu günədək
dilək tutub Kiçikdaşda yerləşən Qaraaltı
pirindəki kol-kosa rəngarəng parçalar
bağlayırlar.
Tarixin möcüzəsi
olan Qobustan qayalarının hələ nə qədər
açılmamış sirləri var. Bu anlamda onun araşdırılması,
öyrənilməsi və tədqiqi hələ uzun illər
davam edəcək. Onu ən qiymətli tarixi dəyərimiz
kimi qorumaq və öyrənmək isə hər birimizin vətəndaşlıq
borcudur.
Azadlıq.- 2010.- 25 sentyabr.- S. 15.