“Daş ürəklərdə yanıb, daşları
sındırdı muğam...”
Muğamın
gözəl səsi Sara xanım
Azərbaycan
muğamının gözəl səslərindən biri Sara Qədimovanın
adı Azərbaycanın musiqi tarixinə qızıl hərflərlə
yazılıb. O, muğam dəsgahlarının ilk
ifaçısı, səhnəmizin seçilən Leylilərindən
biri, ustad xanəndə olub... Sənətkar Bakıda
doğulsa da, onun uşaqlıq illəri Qarabağda,
Gülablı kəndində keçmişdi. Bu kənd zəngin
musiqi ənənələrinə malik bir kənd idi. Cabbar
Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski
kimi sənətkarlar tez-tez Gülablıya gələr, yerli
xanəndələrlə məclislər qurar, musiqidən
söhbət açardılar. Atası ilə bu məclislərdə
iştirak edən Sara görkəmli sənətkarları hələ
kiçik yaşlarında görüb
tanımışdı. Bu, toylarda, şənliklərdə
çalıb-oxuyan yaşlı qadınların ifasına diqqətlə
qulaq asan qızcığazın yaddaşında dərin izlər
buraxmışdı.
Əmək fəaliyyətinə 1941-ci
ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti
kimi başlayan S.Qədimova nadir istedadı sayəsində
qısa müddət ərzində müğənni kimi
tanınıb, dinləyicilərin böyük məhəbbətini
qazanmışdı. İkinci Dünya müharibəsi illərində
dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun
yaratdığı, müğənninin cəbhədə azərbaycanlı
əsgərlər qarşısında oxuduğu “Şəfqət
bacısı” mahnısı qəhrəman Azərbaycan
qadınının təcəssümünə
çevrilmişdi.
Sara Qədimovanın sənətkar kimi
yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski,
Seyid Şuşinski kimi qüdrətli ustadların
böyük təsiri olub. O, öz sələflərinin
layiqli davamçısı olaraq ömrünün sonuna kimi
klassik ifaçılıq ənənələrinə sadiq
qalıb.
Ötən əsrin 50-60-cı illəri
Sara xanımın şöhrətinin parlayan vaxtları idi.
Onun ifa etdiyi “Tar çalan oğlan”, “Ay
işığında”, “Pıçıldaşın ləpələr”,
“Ürəkdir sevən səni”, “Nə vaxta qaldı” və
onlarca başqa mahnılar dillər əzbəri idi.
Sara xanımı başqa
ifaçılardan bir sıra üstün cəhətlər fərqləndirirdi.
Muğam sənətinin sirlərinə Şövkət Ələkbərova
və Gülağa Məmmədovla birgə Hüseynqulu
Sarabskinin sinfində aldığı dərslərdə yiyələnən
Sara Qədimova peşəkar səhnədə ilk
addımlarını atan gündən şöhrət
qazanıb və sevilib. Ustad sənətkarın hər üç
yetirməsi 1942-ci ildə indiki Musiqili Komediya Teatrının
binasında verdiyi konsertdə “Rast” muğamını oxuyurlar.
Sara xanım muğamın ən zil yerini ifa edir. Konsertdən
sonra Hüseynqulu Sarabski səhnəyə çıxıb
fikirlərini söyləyir: “Bu üç müğənninin
böyük gələcəyi var. Şövkətlə
Gülağa mahnı ifaçılığına daha
çox üstünlük verib, onu davam etdirməlidir. Sara isə
böyük muğam ustası olacaq. Onun həm bəm, həm
də çox zil səsi var. Görünür, bu günlərdə
Sara ”Leyli və Məcnun" operasında Leyli rolunu ifa etməyə
dəvət olunacaq".
Qiymətini
böyük sənətkarlar vermişdi
1945-ci ildən başlayaraq gənc xanəndə
“Mahur Hindi” və “Bayatı Şiraz” muğamlarını
oxuyur. Bu zaman onun 23 yaşı vardı. Az vaxtda məşhurlaşan,
şöhrət qazanan Sara xanımın elə bir konserti
olmazdı ki, Səməd Vurğun orada iştirak etməsin.
Böyük şair onun sənətinə heyran idi. Xüsusilə
Sara xanımın ifasında “Segah” muğamını dinləməkdən
doymazdı. 1956-cı il mayın 27-də S.Vurğunun 50 illik
yubileyi qeyd olunarkən, proqrama şairin sevdiyi muğam və
mahnılar salınmışdı. Həmin gün Sara
xanım konsertdə “Segah” muğamını oxumuşdu.
O, şeir, qəzəl vurğunu idi,
beş yüzdən çox qəzəl bilirdi. Başda Xan əmi
olmaqla, bütün müğənnilər onun bu qədər
qəzəli necə əzbərlədiyinə təəccüblə
yanaşır, heyrətlənirdilər. Sara xanım
Bülbüldən sonra istər bəmdə, istərsə də
zildə sözləri çox açıq, çox ayın
tələffüz edən ikinci müğənni idi. Onda olan
diksiya heç kəsdə yox idi.
Sara xanım muğamlarımızın
və mahnılarımızın ilkinliyini qoruyub saxlayan sənətkar
kimi seçilirdi. Bu işdə onun tayı-bərabəri yox
idi. O, mövqeyini bircə cümləylə, amma dolğun
şəkildə əsaslandırırdı: “Əgər xalq
bu mahnını yaradıb, ona öz möhürünü
vurubsa, ona ikinci bir əlavənin edilməsinə ehtiyac
qalmır”.
Hüseynqulu Sarabski, Zülfü
Adıgözəlov, Seyid Şuşinski və Xan
Şuşinski Sara xanımın sənət müəllimləri
idilər. Ötən əsrin ortalarında ölməz sənətkar,
təkrarsız müəllim Seyid Şuşinski gənc
ifaçının əməyinə yüksək qiymət
vermişdi: “Heç bir qadın müğənni
muğamları Sara xanım kimi füsunkarcasına oxuya bilmir.
Onun səsi muğamlarımıza yatımlıdır. Füzuli
və Şirvaninin qəzəlləri Sara xanımın səsinə
çox yapışır”.
Sara xanımın muğam
ifaçılığındakı üstünlüklərini
nəzərə alan üç görkəmli sənətkar
- Fikrət Əmirov, Niyazi və Mehdi Məmmədov 1956-cı
ildə onu Opera və Balet Teatrına dəvət edirlər.
O, burada Leylinin və Əslinin parlaq səhnə
obrazlarını yaradır. Sara xanım xanəndə-aktrisa
kimi fəaliyyət göstərdiyi təqribən on il
müddətində Əlövsət Sadıxov, Əbülfət
Əliyev, Qulu Əsgərov və başqa görkəmli
ifaçılarla tərəf-müqabil olur.
Misir Ərəb Respublikasının
prezidenti Camal Əbdül Nasir, Türkiyənin keçmiş
prezidenti Süleyman Dəmirəl Sara xanımın sənətini
yüksək qiymətləndirirdilər. Azərbaycana birinci səfəri
zamanı Sara xanımı dinləyən Süleyman Dəmirəl
29 il sonra onu şəxsi qonağı kimi Türkiyəyə
dəvət etmişdı.
O, 22 ölkədə Azərbaycan incəsənətini
təmsil etmişdi, İran, İndoneziya və Efiopiyanın
dövlət mükafatlarına layiq
görülmüşdü.
Bir sıra fəxri mükafatlarla təltif
edilən Sara Qədimova Azərbaycanın zəngin musiqi
tarixində özünə layiq yer tutub. Oxuduğu
muğamlar, xalq və bəstəkar mahnıları, dünya
xalqlarının nəğmələri musiqi
yaddaşımıza əbədi həkk olub.
Sara xanımın ifasında səkkiz
muğam dəsgahı, dörd yüzdən artıq xalq, bəstəkar
mahnısı, o cümlədən iyirmi beş xarici ölkə
nəğməsi lentə alınaraq Dövlət Səs
Yazıları Arxivində və Azərbaycan Televiziya və
Radio Verilişləri QSC-nin qızıl fondunda qorunur. Bu qiymətli
sənət inciləri milli mədəniyyətimizin parlaq
nümunələri kimi daima yaşayacaq.
Xatirələrdəki
gözəl insan
O həm də xatirələrdə
gözəl bir insan kimi yaşayır. Sara Qədimova
yaradıcılığının tədqiqatçısı
və yorulmaz təbliğçisi Çingiz Fərəcov
ilk dəfə onu yaxından 1956-cı ilin may ayının
28-də Şuşada gördüyünü deyir:
“Hacı Məmmədov və Əbülfət
Əliyevlə birlikdə Cıdır düzündə konsert
verirdi. Biz, bir dəstə uşaq Sara xanımı həyatda,
canlı olaraq yaxından gördüyümüz
üçün fərəh və qürur hissi
keçirirdik. Hamımızın əynindəki eyni rəngli,
eyni formalı paltar Sara xanımın gözündən
yayınmadı və kimliyimizlə maraqlandı. Uşaq evindən
olduğumuzu biləndə, bizi bir-bir qucaqlayıb
bağrına basdı”.
Çingiz müəllim deyir ki,
böyük xanəndənin gözünün
yaşarmasını indi də xatırlayır: “Həmin
gün axşam Sara xanım Əbülfət Əliyevlə
birlikdə bizim yaşadığımız 5 nömrəli
uşaq evinə gəldi. Şəraitimizlə tanış
oldu: təlim-tərbiyə məsələsiylə
maraqlandı, yataq otaqlarımıza baxdı, yeməkxanada yeməyin
keyfiyyətini yoxladı və sair. Sevimli qonaqlarımız
bununla kifayətlənmədilər. Elə həmin axşam
Sara xanım biz uşaqlar üçün konsert verdi.
Bütün qonum-qonşular da onu görmək, dinləmək
üçün uşaq evinə gəlmişdilər. Sara
xanımın ifa etdiyi Şəfiqə Axundovanın ”Hind
qızı", “Qara tellər” və “Şahnaz”
muğamının sədaları indi də qulağımdan
getmir..."
Çingiz Fərəcov o gündən
Sara xanımla məktublaşmağa başlayıb: “Ona
”ana" deyə müraciət edirdim. 1957-ci il mart
ayının 21-də xəbər verdilər ki, Sara xanım
uşaq evinə gəlir. Deyilən vaxt müğənni həqiqətən
gəlib çıxdı. Fatma Mehrəliyeva da onunla bir yerdəydi.
Amma bu adi səfər deyildi. Bizim üçün gözlənilməz
hadisə baş verdi. Nə olsa yaxşıdır? Sara
xanım hamımıza - 57 uşağın hər birinə rəngli
kiçik alabəzək torba tikib gətirmişdi. Həmin
torbaların içində o vaxtadək görmədiyimiz,
adlarını az hallarda eşitdiyimiz şəkərbura,
paxlava, müxtəlif şirniyyatlar var idi. Hər uşağa
bir torba verdi. Hamımız sevinirdik. Bizə sanki
dünyanı bağışlamışdılar.
Uşaqlardan Atəş, Əhriman, Ayaz,
Arzuman, Sehrimanla birlikdə torbanı çiynimizə asıb,
Şuşanın küçələrini gəzirdik.
Qürurla hamıya deyirdik ki, bu hədiyyəni Sara xanım gətirib...
Yaşa dolduqdan sonra daim onunla əlaqə saxlayırdım. Nə
gizlədim, həmişə xeyirxah münasibətini
gördüyüm Sara xanım həyatda mənə anadan,
bacıdan artıq olub".
Uşaqlıq illərinin şirin
çağlarını keçirdiyi Ağdama, Gülablı
kəndinə gedəcəyi günün həsrəti ilə
yaşayırdı. “Qarabağ şikəstəsi”ni orada
oxuyacağam. Əsl yubileyim də onda olacaq" - deyirdi. Amma o
nisgili qəlbində apardı - 2005-ci il mayın 12-də 83
yaşlı sənətkar gözlərini əbədi yumdu.
Özündən sonra gözəl səsi və xoş xatirələri
qaldı...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2011.- 4 may.- S.14.