Keçmişdən gələn
nağıl qəhrəmanlarımız
Biri vardı, biri yoxdu...
Azərbaycanda xalq oyun- tamaşalarının
tarixi orta əsrlərdən çox
əvvəllərə gedib
çıxır. İndi də geniş tədqiqata ehtiyacı olan bu sahənin
günümüzdəki ən populyar nümunəsi kukla
tamaşalarıdır. Hazırda ölkəmizdə bir
neçə Kukla Teatrı fəaliyyət göstərir ki,
onlardan ən böyüyü və öncülü paytaxt Bakıda yerləşir.
Şərq
mədəniyyətinin böyük mütəfəkkirləri İbn Əl Əsr, A.Mokovelski,
M.Kolankatvatsi, A.Xodzko, Biruni, S.Marr və başqa alimlər Azərbaycan
xalq oyun-tamaşalarından, teatr elementli mərasim şənliklərindən
söz açanda Kukla teatrı mənşəli
nümayişlərdən də bəhs ediblər. İndiki Kukla teatrının kökləri kilimarası və
maral oyunlarından qaynaqlanmışdır. Kukla
Teatrının hazırda
yerləşdiyi binanı polşalı mülki
mühəndis İosif Ploşko inşa edib, “Fenomen” kinoteatrı kimi istifadəyə
verilib (1908-1910). Müxtəlif illərdə bu binada kazino,
“Satirogit” teatrı, Musiqili Komediya Teatrı və Kənd Təsərrüfatı
nailiyyətləri muzeyi fəaliyyət göstərmişdir.
Hazırda Abdulla
Şaiqin adını daşıyan Azərbaycan Dövlət
Kukla Teatrının əsasını 1931-ci ildə Molla
Ağa Bəbirli qoyub. Bu teatrın ilk tamaşası 1932-ci ildə
(“Sirk” adlı tamaşa) nümayiş
olunmuşdur.
Müxtəlif illərdə müxtəlif
statuslarla fəaliyyət göstərən teatrın Azərbaycan
və rus bölmələri var. 1964-ci il aprel ayının
15-də teatra dövlət statusu verilib. 1975-ci ildən
başlayaraq teatrda böyüklər üçün də
tamaşalar göstərilir.
Bakıda fəaliyyət göstərən
uşaq teatrının uğurlu fəaliyyəti zaman-zaman
başqa bölgələrdə də yeni kukla
teatrlarının yaranmasına impuls verib. Hazırda
respublikamızın Gəncə, Naxçıvan, Qax, Salyan
şəhərlərindəki kukla teatrları da öz
repertuarları ilə seçilən teatr ocaqlarından
sayılır.
Azərbaycan Dövlət Kukla
Teatrının kollektivi müxtəlif illərdə Hindistan,
Yəmən, İran İslam Respublikası, Türkiyə,
Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan,
Gürcüstan, Arxangelsk, Krasnodar kimi ölkə və şəhərlərdə,
eləcədə respublikamızda keçirilən beynəlxalq
teatr festivallarında iştirak etmiş, bir çox festivalların
qalibi və laureatı olmuşdur. Teatrın repertuarında
Ü.Hacıbəyov “Məşədi İbad”, Anar “Qaravəlli”,
H.X.Andersen “Bülbül”, A.Şaiq “Tıq-tıq xanım”,
“Tülkü həccə gedir”, M.Seyidzadə “Cırtdan”,
M.F.Axundov “Parisi dağıdanlar”, A.S.Puşkin “Qızıl
xoruz”, K.Aslanov “Qızıl almalar” və s. xüsusi qeyd etmək
olar.
Bu illər ərzində öz
yaradıcı əməyi ilə fərqlənmiş
rejissorlardan Tamilla Məhərrəmova, Namiq Ağayev, Rəhman
Əlizadə, Ələkbər Hüseynov, Elşad Rəhimzadə,
rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə
Quluzadə, aktyorlardan Şahmar Hüseynov, Oqtay Dadaşov,
Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa
Hüseynov, Rəhman Rəhmanov və başqalarının
adları xüsusi qeyd olunmalıdır.
Hazırda teatrın yaradıcı
kollektivinin əksəriyyətini gənclər təşkil
edir. Teatrda əsası xalq oyunları, dastanları,
nağılları, dünya klassikləri və müasir
dramaturgiyamızın üzərində köklənmiş
müasir tamaşalar hazırlanır.
Onlar festivala da
çıxırlar
Keçən il iyun ayının 17-dən
22-dək ölkədə keçirilən II Respublika Kukla
teatrları həftəsi bu sahədə maraqlı
yaradıcılıq işlərinin olduğunu bir daha təsdiqlədi.
“...Mən birbaşa keçirəm ”Turp" əhvalatına,
hansı ki, vaqe olur rəsmi açılışdan sonra Qax
Dövlət Kukla Teatrının səhnəsində. Bu
nağılın kontekstində kim turpu dünya kimi yozubsa, bu
cür kuklaları kim (quruluşçu rəssam Mais Abdullayev)
fikirləşib tapıbsa, kim “Turpun nağılı”nı super müasir
“Turp” uşaq oyununa çeviribsə, kukla teatrının
dahisidir. Mən ideyaların və formaların imitasiya
faktını da inkar etmirəm, Qax
kuklaçılarının (A.Mehrablı, A.Yaqubova, A.Kərimov,
L.Cəlilova, Z.Paşayev, N.Hüseynova)
professionallığını da. Amma bütün
düşüncə versiyalarının fövqündə mən
elə hesab etdim ki, Qax Dövlət Kukla Teatrı Azərbaycanda
peşəkarlıq nümunəsi sərgiləyir. Gəl bir
olmasın da... Axı bu teatrı bizim yeganə professional
kuklaçımız “batono” gürcü qardaş İsako Zeynalaşvili
yaradıb. Ona görə də truppa çox səriştəli,
mobil və çevikdir: həm də ki, üstəgəl gənclik
faktoru. Nə deyim, mən, əlbəttə, Azərbaycan teatr
mədəniyyətinin kontekstini göz önünə gətirib
də, hədsiz sevindim; sevindim ki, nə yaxşı onları
tanıdım və bu teatrı təbliğ etmək
imkanı qazandım. Məhz bu kukla
tamaşasına baxıb da əmin oldum ki, Qaxa nahaq gəlməmişəm
və II Respublika Kukla teatrları həftəsində
iştirak etməyinə dəyər. Şəxsən mənim
üçün “Turp” kukla tamaşası lokal bir teatr törənini
maraqlı elədi, kukla həftəsinin düşüncə
səviyyəsini, peşəkarlıq həddini, estetik
meyarını müəyyənləşdirdi"(Aydın
Talıbzadə, teatrşünas).
Eyni festivalın başqa bir
tamaşası haqqında tənqidçi belə yazır:
“Kukla teatrının möcüzəsi budur ki, kukla
kuklaçının əlində dirilsin, cansız materiya
canlı məxluqlar kimi yeriməyə, reaksiya bildirməyə,
rəqs etməyə, gülüb-danışmağa qadir
olsun. Təəssüf ki, Gəncə Kukla Teatrında bu, belə
deyildi. Həqiqətən, bu iki tamaşaya isti və
boğanaq içində baxmaq bizim üçün, yəni
dramaturq (Əli Əmirli), rejissor (Bəhram Osmanov) və
teatrşünaslardan (Məryəm Əlizadə, Kəmalə
Cəfərzadə, Vəfa Kazımova) ibarət tənqidçilər
kollegiyası üçün qədərincə çətin
məsələ oldu. Hər kiçik epizoddan sonra fonoqramma ilə
yayımlanan oyun havacatları isə mənə bir daha
xatırladırdı ki, bu kukla tamaşaları öz
estetikası etibarı ilə bizim toyxana mədəniyyətinin
bir addımlığındadır. Tamaşa boyunca mən
kukla personajlarında (iradlarım hər iki tamaşaya aiddir)
xarakter deyilən bir nəsnə görmədim, onların niyə
uşaqlar qənşərinə gəldiyini, cocuqlara nə
aşılaya biləcəyini anlamadım. Əgər kukla
personajı kuklaçının əlində bədii obraza
çevrilmirsə, onu oynatmağına dəyməz”.
Kukla sənəti
inkişaf etsə...
Bütün bu faktlara əsaslanaraq, Azərbaycanda
kukla teatrlarının fəaliyyətindəki canlanma barədə
açıq mülahizə yürüdə bilərik. Amma
kukla sənətinin çoxəsrlik tarixindən baxsaq, ortaya
belə bir sual da çıxır: “Nə üçün
ölkəmizdə milli kuklalar istehsal olunmur?”. Axı bu həm
sözügedən sənətin təbliği, həm də
milli ənənələrin nəsildən-nəslə
ötürülməsi üçün önəmli şərtdir.
Aydın həqiqətdir ki, bu gün kiçik yaşlı
uşaqlarımız Şreki Cırtdandan daha yaxşı
tanıyır.
Ümumiyyətlə, Azərbaycanda milli
kukla istehsalına heç vaxt ciddi diqqət verilməyib. Bir
vaxtlar sovet dönəmində Bakıda kukla fabriki fəaliyyət
göstərsə də, orada istehsal olunan kuklalar keyfiyyətsiz
olub. Hazırda milli kuklalar istehsal olunmasa da, bəziləri belə
oyuncaqlara maraq olmadığını da vurğulayır. Bir zamanlar
uşaqların sevimlisi olan, vaxtsız dünyadan
köçmüş istedadlı aktyor Ələkbər
Hüseynov bu kuklaların milli dəyər
daşıdığını ifadə edərkən
demişdi: “Bunlar bir mükafat kimi hazırlanıb verilsə,
daha qiymətli olar, nəinki belə bazarlarda,
”tolkuçka"da və yaxud da ki, vağzalda satılan
“iqruşka”ların sırasında. Mən istəməzdim ki,
ayaqlar altında qalsın bizim nağıl qəhrəmanlarımız".
Hər fikrin öz-özlüyündə
gerçək tərəfləri var, şübhəsiz. Amma əsl
həqiqət odur ki, çox qədim tarixi olan bu sənət
sahəsinin inkişafından yalnız Azərbaycan mədəniyyəti
qazana bilər. Bu, həm də uzaq keçmişdən
günümüzə qədər gəlib çıxan
gözəl ənənələrin qorunub saxlanmasına
önəmli töhfə vermək baxımından faydalı
olardı.
Azadlıq.-
2011.- 7 may.- S.13.