Xatirələri nəğmələrdə
yaşayan sənətkar...
«Koroğlu» ariyası ilə böyük səhnələrə...
Adı
ötən illərin gözəl nəğmələri ilə
xatırlanan sənətkarlar arasında Gülağa Məmmədov
da var. İllər keçsə də, onun ifasında səslənən
nəğmələr nə solur, nə də təravətini
itirir. Bəzən
insana elə gəlir ki, heç kim onun
imzasını vurduğu o nəğmələri o cür
gözəl oxuya bilməyəcək...
Hələ
özfəaliyyətdə çıxış etdiyi zaman 12
yaşlı Gülağanın oxuduğu “Koroğlu”
ariyası Üzeyir Hacıbəyovun çox xoşuna gəlmişdi.
Elə həmin il - 1938-ci ildə Moskvada keçirilən beynəlxalq
festivalda Azərbaycanı təmsil edəcək nümayəndələrin
Filarmoniyada keçirilən seçimində Üzeyir
Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi sənətkarlardan
ibarət münsiflər heyəti festivala Şövkət Ələkbərova,
Fatma Mehrəliyeva ilə yanaşı Gülağa Məmmədovu
da seçir. Beləliklə, G.Məmmədov
Moskva Akademik Böyük Teatrının səhnəsində
Niyazinin dirijorluğu ilə “Koroğlu” ariyasını oxuyur və
Bakıya gümüş medalla qayıdır.
Gülağa
Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın
Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb.
Atası çəkməçi, anası evdar
qadın olub. Kirayədə
yaşayıblar, ailə atasının cüzi qazancı ilə
dolanıb.
Gülağa
15 yaşında Səid Rüstəmovun ansamblına qəbul
edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20
yaşından Musiqili Komediya Teatrında
çalışmağa başlayır. “Arşın mal alan”, “Beş manatlıq gəlin” və digər
tamaşalarda baş rolları oynayır. Lakin
bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa
vokal dərsini Bülbüldən, muğamın sirlərini
isə Sarabskidən öyrənmişdi. Oxuduğu
mahnıların çoxu isə Səid Rüstəmova məxsus
olurdu. Çünki Səid Rüstəmov
mahnılarının əksəriyyətini xüsusi olaraq
Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini
ilk səsləndirən Gülağa Məmmədov olub.
Gülağa
Məmmədov şirin, lakonik səsi ilə 600-dən
artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii
filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri
ifa edib.
Respublikada
fəaliyyət göstərən əksər xalq
çalğı alətləri ansambllarıyla, simfonik
orkestrlərilə birgə çıxışlar edib. Müslüm Maqomayev adına
Dövlət Filarmoniyasının mahnı və rəqs
ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib.
1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin
(hazırda Səid Rüstəmov adına)
xalq çalğı alətləri ansamblının solisti
olub. “Ay qız”, “Ana Kür”, “Oxu, gözəl”, “Şeir
deyilmi”, “Mənim qızım” kimi mahnıların hər
birini özünəməxsus tərzdə ifa edib.
“Dəli
Kür” mahnısı onu çox tez məşhurlaşdırdı. Filmin ilk təqdimatı
bulvardakı yay zalında keçirildi. Mahnı
çox gözəl yazılmışdı. Ona görə də məşhurlaşdı.
Gülağanın
həmçinin yaxşı muğamat oxumağı vardı. Ancaq efirdə oxumurdu. Bu barədə ona sual verəndə “oxuyacağam” -
deyə cavab verirdi.
Tez-tez
qastrollara gedirdi. Ümumiyyətlə, çox ölkələrə
səfər etmişdi. Nədənsə
Gürcüstan və İrəvanda daha çox sevilirdi.
Hətta İrəvanda konsert verən zaman
qalmaqal da əskik olmurdu. Belə ki,
bütün biletlər satıldığından onun səsini
eşitmək istəyən camaat biletsiz içəri daxil
olur, ya da konsert salonunun qabağına toplaşırdı.
Milislər onları uzaqlaşdırmağa
çalışanda isə böyük səs-küy qopurdu.
Haqsızlığa dözümü
yoxdu...
Gülağanın
bir xasiyyəti də var imiş - haqsızlığa, ədalətsizliyə
dözən olmayıb. Hansısa işi irəli getsin deyə,
kiməsə yalvarmaq, minnətçi düşmək istəməyib.
Deyirlər ki, o, düzgünlüyü sevirdi. 1942-ci ildən
radionun Bədii Şurasının üzvü idi. Şit,
bayağı mahnı olanda öz fikrini qəti şəkildə
bildirərmiş: “Efirə buraxmaq olmaz!” Şuranın digər
üzvləri də “baş üstə” deyib onun fikri ilə
razılaşırdılar. Lakin bir az keçəndən
sonra həmin mahnını eşidirdi. Bu cür hallar tez-tez təkrarlandığından
o, bu vəzifədən imtina edir.
Sənətkarın
həyat yoldaşı Aliyə xanım: “Gülağa həm
yaxşı ailə başçısı, həm də gözəl
ata idi. Qoymazdı ki, biz nəyəsə ehtiyac hiss edək.
Ailə qurduqdan 10 il sonra qızımız Gülarə
doğuldu. Övladımız olanda çox sevinirdi. Hələ
uşaq dünyaya gəlməmişdən, qastrolda olduğu
şəhərlərdən uşaq üçün
çoxlu ”importnı" pal-paltar alıb gətirirdi. Gülağanın
çox yumşaq, həlim, şən xasiyyəti vardı.
Evimizə qonaq gələn kimi o, dərhal piano arxasına
keçərdi. Evdə olan zaman daha çox Səid Rüstəmovun
“Bənövşəm” mahnısını, “Sənsiz”,
“Sevgili canan” romanslarını zümzümə edərdi.
Yeganə övladı Gülarəyə isə həmişə
Tofiq Quliyevin “Mənim qızım” mahnısını oxuyurdu.
Gülağanın konsertlərinin repertuarını mən tərtib
edirdim. Ancaq onunla qastrol səfərlərinə getmirdim. Evdə
oturub qayıtmağını gözləyirdim.
Sənətinə
layiqli qiymət vermədilər. Bu laqeydlik ona çox toxundu. Ən
böyük ədalətsizliklərdən biri 60 illik yubileyi ərəfəsində
oldu. Yubileyinin qeyd olunması üçün xüsusi
komissiya yaradılmışdı. Afişalar
asılmış, dəvətnamələr
paylanmışdı. Oktyabrın 24-də Filarmoniyada
keçiriləcək yubiley tədbirinə digər
respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda Mərkəzi
Komitədən xəbər gəldi ki, tədbir keçirilməsin.
O zaman bunun səbəbini Gülağa Məmmədovun
Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirmişdilər.
Sonra qərara gəldilər ki, tədbiri Aktyorlar Evində
keçirsinlər. Oranın da pərdələri
cırıq, oturacaqları sınıq idi. Sənətkar buna
razı olmadı. “Əgər məni Filarmoniyaya layiq bilmirlərsə,
qoy, ümumiyyətlə, tədbir keçirilməsin. Məgər
mən ölmüşəm? Ölənləri Aktyorlar Evindən
götürürlər” - dedi. Bu haqsızlıq ona çox
pis təsir elədi. Dedi ki, “mən Filarmoniyada o qədər zəhmət
çəkmişəm. Bircə gün mənə vaxt sərf
oluna bilməz?” Gülağa da əsəbiləşib gecə
ilə bütün afişaları çıxardı. O biri
respublikalara da teleqram vurdu ki, qonaqlar gəlməsin...
Sağlığında
bircə dəfə də yubileyi keçirilmədi. Öləndən
sonra isə bir dəfə Muğam Teatrında xatirə gecəsini
təşkil ediblər. Gördüyü diqqətsizlik
Gülağa üçün ağır zərbə oldu. O,
bu haqsızlıqlara dözə bilməyib şəkər xəstəliyinə
tutuldu. Xəstəliyinə baxmayaraq, son günə qədər
yeni mahnılar üzərində
çalışırdı. Rəhmətə gedən
günə qədər orkestrlə mahnı yazdırmağa
gedirdi..."
Qızı Gülarənin xatirələri...
Gülarə
xanım atasıyla bağlı xatirələrini
danışarkən belə deyir: “Atam sürpriz etməyi
xoşlayırdı. Onun bu ailədə ən böyük
sürprizi, anama ən böyük, ən qəribə,
gözlənilməz hədiyyəsi, söz yox ki, pasportuna
vurdurduğu evlənmələri barədə möhür
olmuşdu. Sonralar da anama həmişə sürprizlər
edib. Heç nə demədən evdən anamın şəklini,
pasportunu aparıb, bir müddət sonra ”Hazırlaş, xaricə
gedirik" - deyə aldığı putyovkanı ona
uzadıb. Onlar birlikdə, demək olar, dünyanın az qala,
yarısını gəziblər. Anam özü deyərdi ki,
Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib
çıxıblar. Atamı xatırlayanda tez-tez
uşaqlıq illərim yadıma düşür. Məni
özü ilə iş yerinə aparırdı. Artıq orada
hamı məni yaxşı tanıyır, hər gəlişimi
sevinclə qarşılayırdılar. Orkestrdə bir
kamança çalan vardı. Mən qapıda görünən
kimi kamançada adımı səsləndirərdi. Bu elə
xoşuma gəlirdi ki... Atam iş yerində məni dahi sənətkarlarla
tanış edərdi. Onların çoxunu evimizdə də
dönə-dönə görmüşəm. Bizə
atamın sənət yoldaşları - müğənnilər,
musiqiçilər, bəstəkarlar tez-tez gələrdilər.
Evimiz çox qonaq-qaralı olardı. Anam evdar qadın idi. İki
gündən bir atamın başına bu qədər
adamın toplaşmasından narazılıq eləməzdi. Əslində,
biz buna alışmışdıq. Elə bilirdik, belə də
olmalıdır".
Sənətkarın
qızı atası ilə bağlı xatirəsində həm
də bunları söyləyib: “Müğənnilik sənəti
atama dostlar qazandırdı. Şövkət Ələkbərovayla
çox yaxın idilər. Onlar səhnəyə bir gündə
gəliblər. Atam həddindən artıq uşaqcanlı
idi. Balaca olanda məni necə sevib-əzizləyərdisə,
sonralar nəvələrinə də elə meyl göstərərdi.
Onun həyatda iki amalı vardı: ailəsini,
balalarını xoşbəxt görmək, bir də
Tanrının qismət etdiyi səsinin qədrini bilmək.
Tez-tez qastrol səfərlərinə gedərdi. Evimizə
qayıdanda elə bil dünyanın naz-nemətlərini ona
verərdilər. Sevinərdi, fərəhlənərdi. Səhər
tezdən evdən çıxardı, çəkilişlərdə,
səsyazma studiyasında, məşq zalında
çalışardı. Gecəyarı gəlsə də,
gileylənməzdi. Çünki sənətindən həzz
alardı. Əziyyəti də hədər getməmişdi.
Xeyli mükafatlar almışdı. Əvvəl Əməkdar,
az keçmiş Xalq artisti fəxri adlarına layiq
görülmüşdü.
Bir gün
isə - iyunun 7-də (1994-cü il) səhər yeməyini
yedikdən sonra halı pisləşdi. Ancaq təkidimə baxmayaraq,
işə getdi. Çünki orkestrin 60 nəfərlik
kollektivi onu gözləyirdi. Yeni mahnıların məşqini
etməliydilər. Həyətə təzə
düşmüşdü ki, evə zəng gəldi..."
Qızı
Gülarə xanım o anı belə xatırlayır:
“Atamı çətinliklə pilləkənlərdən
qaldıraraq evə aparıblar. Təcili yardım gəlib,
ona infarkt diaqnozu qoyulub. Həkimlər anamla oğlum Ramizi
palatadan çıxarıblar. Deyiblər ki, siz bizə mane
olursunuz. Palatada çoxlu həkim, tibb bacısı
olduğundan anam görüb ki, doğrudan da onlara
maneçilik törədə bilərlər. Ramizlə birgə
qapıdan çıxmaq istəyəndə atam onu səsləyib:
”Aliyə getmə, sən yanımda qal". Amma həkimlər
etiraz ediblər. Anam otaqdan çıxa-çıxa onu
arxayın edib: “Heç yerə getmirəm. Buradayam,
qapının ağzında gözləyirəm”. Xeyli vaxt
keçəndən sonra anam içəridən çıxan
tibb bacısından atamın vəziyyətini soruşub. Tibb
bacısı da qəfildən - anamı bu acı xəbərə
hazırlamadan - “o vəfat etdi”, deyib".
Xalq artisti,
bəstəkar və dirijor Nəriman Əzimov Gülağa Məmmədovu
görən son sənətçi dostu olub: “Onunla bir çox
xarici ölkələrə getmişik. Səfərlər
zamanı çalışardıq ki, xalqımızın
adına, musiqi sənətimizin şərəfinə hörmət,
nüfuz qazandıraq. Uğurumuzun əsas səbəbkarı
Gülağa olub. Onu həmişə alqışlarla
qarşılayardılar. Çoxlu dostu vardı. Səid
Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov,
Hacı Xanməmmədov və başqa bəstəkarlar onunla
işləməkdən həzz alardılar. Yaxşı
xatırlayıram: şair Rəfiq Zəkanın sözlərinə
yazdığı ”Ana Kürüm" mahnısı lentə
alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəldi.
Onun bu sözləri indiyə qədər yaddaşımda
qalıb: “Ay Gülağa, sən avazınla, şirin səsinlə
məcrasına sığmayan dəli Kür
çayını ovsuna saldın”.
Həmin
mahnı məşhur “Dəli Kür” bədii filmində səslənir...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 5 aprel.- S.14.