Səhnəmizin parlaq ulduzu
Sona Hacıyeva
Maneələrdən keçən sənət yolu...
Azərbaycan mədəniyyət tarixinin
görkəmli simalarından biri də səhnəmizin ən
parlaq ulduzlarından olan, xalq artisti Sona Hacıyeva olmuşdur.
Sona Hacıyeva səhnə fəaliyyətinə
elə bir zamanda başlamışdı ki, bu çətin sənətə
nəinki qadınların, hətta kişilərin belə gəlişi
çox pis qarşılanırdı, ağır hadisələrlə
nəticələnirdi. Həmin vaxtlar Azərbaycan
səhnəsi aktrisa sarıdan çox korluq çəkirdi.
Uzun illər qadın rollarını min cür
maneə və təhqirə məruz qalan, sənət
yanğılı aktyorlar ifa ediblər. Azərbaycan
qadının səhnəyə doğru uzanan yolu qorxudan,
qandan, ölümdən, minbir maneədən keçib.
O illər səhnəyə gələn qadınlar haqqında
görkəmli sənətşünas Mehdi Məmmədov belə
yazırdı: “Azərbaycan aktrisasının səhnəyə
gəlişi, bu sənət meydanında qələbələr
çalması qəhrəmanlıq dastanıdır”. Bu dastanın ilk səhifələrini Əzizə
xanım və onun qızı Sona Hacıyeva yazdı.
Azərbaycan teatrının ilk milli
aktrisalarından olan, opera və dram tamaşalarında əksər
rolların ilk qadın ifaçısı Sona Salman
qızı Hacıyeva 25 iyun 1907-ci ildə Nuxada (indiki Şəki)
doğulub. Anası Əzizə Məmmədova
da səhnəmizin ilk peşəkar aktrisalarındandır.
Babası Əbdübağının xanəndəlik
sənəti, anasının gözəl qarmon çalması
Sona xanımda uşaq yaşlarından musiqiyə ciddi maraq
oyadıb. Onun özünün də məlahətli
səsi olub. Sona xanım 1 yaşında
olanda atası vəfat edib. Babası xanəndə
Əbdübağı Zülalovun himayəsində yaşayan Əzizə
xanım və qızı Sona 1916-cı ildə Tiflisə
köçüblər. Az sonra
Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə,
1919-cu ildə oradan Bakıya gəliblər. Əvvəl
anası, sonra isə 13 yaşlı Sona Hacıyevanın
özü Əli Bayramov klubunda dram dərnəyinə üzv
olublar. Maraqlıdır ki, ana-bala ikisi də
Bakıda səhnəyə eyni ildə gəlib. Bu barədə
Sona Hacıyeva öz xatirələrində yazırdı: “Bir
gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl
səni ora aparım, oturub tamaşa edərsən.
Mən çox sevindim. Yadımdadır ki,
klubda bir kişi mənə yaxınlaşıb dedi: ”Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan". Onun sözlərindən
təəccüblənib dedim ki, mənim adım Çimnaz
deyil, Sonadır. Özüm də Əzizə
xanımın qızıyam. Balaca Sona bir də
onda görüb ki, ona paltar geyindirirlər. Sonra da tapşırırlar ki, çıxarsan səhnəyə,
suflyorlar nə desələr, təkrar edərsən. Balaca qız bu sözləri təəccüblə
qarşılasa da, anasının səhnədə
bülbül kimi ötməsi onu ürəkləndirib. Səhnəyə daxil olanda ayaqları əsib, dili
tutulub, nə edəcəyini bilməyib. Birtəhər
dolaşa-dolaşa suflyordan eşitdiklərini təkrar edib.
Bu, onun səhnədə ilk rolu idi. S.M.Qənizadənin “Axşam Səbri Xeyir olar”
tamaşasındakı Çimnaz surəti 13 yaşlı
Sonanın teatr aləmində debütü oldu. Gənc
qızın səhnə qabiliyyətini, istedadını hiss
edən o dövrün görkəmli aktyorlarından Mirzəağa
Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə
Bakı Işçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər,
Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd
zəhmətkeşləri qarşısında
çıxış edərdi.
Sona Hacıyeva 1923-cü ildə Milli Dram
Teatrının kollektivinə daxil olub.
1979-cu ilədək, yəni ömrünün
sonuna qədər (arada qısa fasilələrlə) bu sənət
ocağında işləyib.
1923-cü ildə Sona Hacıyeva Əbdürrəhim
bəy Haqverdiyevin “Pəri-Cadu” əsərində
yaratdığı Səlimə obrazı Azərbaycan Dövlət
Dram Teatrının səhnəsində ilk rolunu ifa edib.
Sona xanımın oynadığı bu rol
teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib.
Sonralar Sona Hacıyeva uzun illər bu teatrda
çalışaraq müasir və klassik dramaturqların əsərlərinin
tamaşalarında diqqət cəlb edən obrazlar yaratdı.
Opera səhnəmizin ilk Leylilərindən
biri Sona Hacıyeva eyni zamanda Opera və Balet Teatrında da
çıxış etmək məcburiyyətində
qalırdı, çünki o dövrdə aktrisa
tapılmırdı. Hüseynqulu
Sarabski Sona Hacıyevanın aktrisalıq məharətini və
səsini çox bəyənmişdi. Sona
Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya,
Şahsənəm obrazları maraqla
qarşılanırdı. Sona Hacıyevaya
qədər operada qadın rollarını ancaq kişilər
oynayırdılar. Bu səbəbdən də
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev
çalışırdılar ki, geniş
yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera
səhnəsində çıxış etsin. Amma o dövrdə elə bir vəziyyət
yaranmışdı ki, Azərbaycan teatr tarixinin
bütövlükdə inkişafı Sona xanımın həm
opera, həm də dram teatrı səhnələrində
müntəzəm çıxışını zərurətə
çevirmişdi. Sona Hacıyeva əgər
bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə
dramatik obraz yaradırdı və yaxud komik surətə
çevrilirdi. Bütün bunların
öhdəsindən isə o, məharətlə gəlirdi.
Bir-birinin ardınca müxtəlif səpkili,
müxtəlif xarakterli obrazlar yaradan Sona Hacıyeva sənət
boyalarından o qədər ustalıqla istifadə edirdi ki,
bütün çıxışları təbii və təsirli
alınırdı.
Sona Hacıyeva Azərbaycan səhnəsinə
adi bir aktrisa kimi gəlməmişdi. O, həm
də müxtəlif qadağalara, maneələrə, təzyiqlərə,
təqiblərə məruz qalmış Azərbaycan
qadınının bağrından püskürən bir
üsyana dönmüşdü. Onun
yaratdığı obrazlar Azərbaycan qadınının
ağır taleyini, düşdüyü əzabları
güclü və emosional bir şəkildə
tamaşaçılara çatdırırdı.
Sona Hacıyeva ömrünün sonuna kimi
Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın
klassik dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə
də dünya dramaturqlarının əsərlərində
müxtəlif obrazlar yaratmışdır.
Görkəmli
dramaturqların əsərlərində müxtəlif
obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva
dövrünün görkəmli teatr xadimləri ilə tərəf-müqabil
olmuşdu. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə
Davudova, İsmayıl
Osmanlı, Möhsün
Sənani, Mustafa Mərdanov,
Ağasadıq Gəraybəyli kimi korifeylərlə nəinki
bir səhnədə, həm də eyni tamaşada məharətli
oyun nümayiş etdirmək çətinliyi qədər də
şərəfli idi. Rejissor Adil İsgəndərov Sona
Hacıyeva ilə işləməyi çox sevirdi. O,
tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və
düzgün seçirdi. Bu səbəbdən də
gənc aktrisanın yaratdığı obrazlar
inandırıcı təsir
bağışlayırdı.
Mürəkkəb obrazları mahir ifaçısı
Sona xanımı səhnədə görənlər
yazırlar ki, o, öz obrazlarını o qədər ürəkdən
sevər, onlara qəlbən bağlanarmış ki, səhnədə
həyəcanını, rəğbətini gizlədə
bilmirmiş. Bu səbəbdən də
ifaçılıq üçün böyük ustalıq
sayılan psixoloji, gərgin anlar Sona xanımın
keçirdiyi həyəcanlarla qovuşaraq yeni bir çalar
yaradırmış.
Böyük dramaturqumuz Cəfər
Cabbarlı Sona Hacıyevanın teatr aləmindəki xidmətlərini
yüksək qiymətləndirərək yazırdı: “Azərbaycanlı
aktrisalar içərisində nəzəri cəlb edən
qüvvətli simalardan biri də Sona xanımdır. Səhnədə keçən günlər bu incə,
zərif qızı böyüdüb yaradıcı bir sənətkara
çevirmişdi”.
İkinci Dünya müharibəsi zamanı
həmkarları ilə birlikdə cəbhədə azərbaycanlı
əsgərlərin yanında olan Sona xanım məlahətli
səsi və xoş avazı ilə
döyüşçüləri qələbəyə
ruhlandırardı. Tamaşadan-tamaşaya Sona
Hacıyevanın yeni yaradıcılıq imkanları üzə
çıxardı. Mürəkkəb bir
zamanda səhnəyə gələn, 200-dən artıq
müxtəlif rollar yaradan, həm lirik, həm də komik
obrazların mahir ifaçısı Sona Hacıyevanın Azərbaycan
kino sənətinin inkişafında da xidmətləri olmuşdur.
O, “Sevimli mahnı”, “Qızmar günəş altında”, “Səhər”,
“O olmasın, bu olsun”, “Bəxtiyar” bədii filmlərində
çəkilib.
Sona Hacıyeva 24 aprel 1933-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə
xalq artisti fəxri adları ilə təltif olunub.
Yaradıcılığındakı təbiiliyi,
sadəliyi və milli koloriti ilə səhnəmizə yeni nəfəs
gətirən Sona xanım Hacıyeva 4 dekabr
1979-cu ildə Bakıda
vəfat edib...
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KIV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 6 aprel.- S.14.