“Tofiq Kazımov” adlı fenomen
Atası Səməd Mənsurun
yolu ilə...
Onun adı milli
teatr tariximizə parlaq
hərflərlə yazılıb. Onun səhnəmizdə
tamaşaya qoyduğu əsərlər
qızıl onluqların bəzəyi olub
həmişə. Azərbaycanda yeni istiqamətli
bir teatr məktəbinin
yaranması da bu unudulmaz sənətkarın adıyla
bağlıdır...
Tofiq Kazımov 14 yanvar 1923-cü ildə Bakıda anadan olub. Yeddi illik
təhsilini Bakıda adıqdan sonra 1939-1942-ci illərdə teatr məktəbini bitirib.
O, görkəmli teatr xadimi, şair
Səməd Mənsurun
oğludur. Səməd Mənsur Bakıda
mövcud olan bir sıra mədəni-maarif
cəmiyyətləri (məsələn,
“Nicat”, “Səfa”) teatr truppalarının rəhbərlərindən idi.
Böyük Vətən müharibəsində iştirak
edən Tofiq Kazımov döyüşlərdə
yaralanaraq 1943-cü ildə
Azərbaycana qayıdıb
və Gənc Tamaşaçılar Teatrında
aktyor işləyib.
Əyyub
Abbasovun “Məlik Məmməd”, Abdulla Şaiqin
“Ana” dramlarının tamaşalarında
Bulud və Əmrah rollarını oynayıb. 1945-1950-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Teatr Sənəti Institutunda təhsil alıb.
Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun “Kür sahilində” pyesini tamaşaya hazırlayıb.
1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi, Hüseyn Muxtarovun “Ailə namusu” (“Allanın ailəsi”) pyesinə səhnə quruluşu verib.
1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına
baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il
oktyabrın 1-də Akademik
teatra rejissor götürülüb. 1964-cü il martın
16-da bu teatra baş rejissor təyin olunub.
Tofiq Kazımov
1980-ci il avqust ayının 2-də
avtomobil qəzasında
həlak olana qədər baş rejissor işləyib. 1958-ci ildə kinostudiyaya
işə qəbul olunaraq, “Azərbaycanfilm”də
çəkilən “Səhər”
kinolentində rejissor kimi çalışıb.
Elə həmin il Rus
Dram teatrında Ənvər
Məmmədxanlının “Şərqin səhəri”
pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə kinostudiyadan çıxaraq yenidən Akademik teatra quruluşçu rejissor götürülüb.
Tofiq Kazımov 1960-cı ildə Musiqili Komediya Teatrında Tofiq Quliyevin “Qızıl axtaranlar” operettasına quruluş verib.
Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən
dərs deyib.
Xalq artistləri Ağasadıq Gəraybəyli,
Məmmədəli Vəlixanlı,
Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. “Çağırış”, “Işıqlı yollarda”,
“Şəfəq”, “Qoçaq
Polad” və digər pyeslərin müəllifidir. Mətbuatda teatr
sənətinə, müxtəlif
tamaşalara aid resenziya
və məqalələrlə
çıxış edib.
Tofiq Kazımov 1965-ci ildə “Antoni və Kleopatra”, 1979-cu ildə “Şəhərin
yay günləri” tamaşalarına
görə Dövlət
mükafatları ilə
təltif olunub. Respublikanın Əməkdar Incəsənət
xadimi (1961) və Xalq artisti (1 iyun 1974) fəxri adlarına layiq görülüb.
Milli teatrımıza göstərdiyi misilsiz xidmətlər...
Tofiq Kazımov Akademik Milli Dram Teatrında baş rejissor işlədiyi müddətdə çoxlu
sayda əsərə quruluş verib.
Onun baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənclər cəlb edilib. Tofiq Kazımov səhnədə
məşq prosesində
tamaşanın kompozisiyasını
qurandan sonra ecazkar improvizələr edir, gözlənilməz fəlsəfi-estetik qənaətlərə
gəlirdi. Tofiq Kazımovun
tamaşalarında obraz
üçün məxsusi
yazılmış mahnıları
aktyorlar özləri oxuyurdular. Buna görə də ifaçı səhnədə
həmişə obrazda
olur və bununla da vəziyyəti
bilavasitə yaşayırdı.
Akademik teatrda həmişə gənc qəhrəman rolları tanınmış,
müəyyən fəxri
adlarla təltif olunmuş 50-60 yaşlı
aktyorlara verilirdi.
Bu səmərəsiz ənənəni məhz Tofiq Kazımov cəsarətlə sındırdı.
O, “Sən həmişə
mənimləsən” tamaşasında
18 yaşlı Nargiləni
tələbə Amaliya
Pənahovaya, “Ölülər”dəki
gənc Isgəndəri
28 yaşlı Həsən
Turabova tapşırdı.
Tofiq Kazımovun tamaşalarında
həm fikir, həm də estetik forma baxımından
həmişə yenilik
vardı.
Tofiq Kazımov:
“Mən kommentator... deyiləm, müstəqil sənət növünün
- rejissuranın nümayəndəsiyəm,
odur ki, heç kimin, hətta dahi Şekspirin ruporu olmağa razı deyiləm”.
Tofiq Kazımov xatirələrdə...
Yazıçı Elçin Əfəndiyev:
“Ən əsası budur ki, Tofiq
Kazımov ”sovet rejissoru"
yox, milli teatr sənətimizin böyük xadimlərindən
biri oldu. Tofiq Kazımovun daxilində, bütün içində
sovet quruluşuna, sistemə, ideoloji riyakarlığa, söz ilə əməl arasındakı təzada,
hətta mən deyərdim ki, patoloji bir nifrət
var idi. Onun quruluş verdiyi əsərləri xatırlayın: bunların
heç biri - uğurundan, yaxud uğursuzluğundan asılı
olmayaraq, ideoloji hadisə deyildi, onun bütün sənət qələbələri
yalnız Azərbaycan
teatr sənətinin deyil, bizim milli
mədəniyyətimizin bədii-estetik
hadisələri idi..."
Yazıçı Anar:"Mənim üçün Tofiq müəllimin ilk yaddaqalan
quruluşu “Ölülər”
tamaşası idi. Bu tamaşada ölməz
Mirzə Cəlil əsərinin ruhunu saxlamaqla Tofiq Kazımov ora bir çox yeni mətnlər - elə Cəlil Məmmədquluzadənin öz
felyetonlarından alınmış
mətnlər də əlavə etmişdi.
Rəssam Elçinin maraqlı dekorları (personajlar sanki məzarların başdaşlarının
içindən çıxırdı),
Qara Qarayevin təsirli musiqisi, Kefli Isgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah rolunda Məlik Dadaşovun, Hacı Həsən ağa rolunda Məmmədrza Şeyxzamanovun,
hətta epizodik rolda Hamlet Xanızadənin
ifası indiyədək
gözümün qabağındadır..."
Sənətşünaslıq
doktoru, professor Ilham Rəhimli: “Tofiq Kazımov XXI əsrin düşüncə
tərzini, teatr estetikasını, insanlıq
fəlsəfəsini, cəmiyyət
və şəxsiyyət
problemlərini məhz
XX əsrin ortalarında
dərk edirdi. Dərk edib təfəkkür süzgəcindən keçirirdi.
Təfəkkür süzgəcindən
keçirib Karlo Qoldoninin ”Mehmanxana sahibəsi" (1952), Mirzə
Fətəli Axundzadənin
“Lənkəran xanının
vəziri” (1953), Lope de Veqanın
“Sevilya ulduzu” (1953), “Dəlilər” (1963), Vilyam
Şekspirin “Antoni və Kleopatra” (1964),
“Hamlet” (1968), “Fırtına” (1974), Cəlil Məmmədquluzadənin
“Ölülər” (1966), İlyas
Əfəndiyevin “Sən
həmişə mənimləsən”
(1964), “Unuda bilmirəm”
(1968), Əbdürrəhim bəy
Haqverdiyevin “Pəri cadu” (1969), Yujin O’Nilin “Qızıl”, Cəfər Cabbarlının
“Aydın” (1972) əsərlərinin
tamaşalarında poetik
vüsətlə, fəlsəfi
dərinliklə, cazibəli
füsunkarlıqla təcəssüm
etdirirdi..."
Rejissor Vaqif Ibrahimoğlu: “Şəxsən mən Tofiq Kazımov adında fenomenin mədəniyyətimizdəki, mənəviyyatımızdakı
və konkret olaraq, teatr sənətimizdəki
rolunu, əhəmiyyətini,
nailiyyətlərini, problemlərini
elmi düşüncənin
müstəvisində illərlə
təhlil etmişəm.
Odur ki, tam məsuliyyətlə deyə
bilərəm ki, ustadıma bəslədiyim
münasibət kor-koranə
pərəstiş deyil...”
Xalq artisti
Şəfiqə Məmmədova:
“Zaman kateqoriyası elə mürəkkəb şeydir ki, şəxsən mənim üçün onun təsirini sadə sözlərlə ifadə
etmək mümkün
deyil. Tofiq Kazımovun zamanla
münasibətləri çox
mürəkkəb, təzadlı,
ziddiyyətlə dolu,
eyni zamanda, son dərəcə məhsuldar
idi. Təbii ki, zaman ona təsir edirdi. Amma bir filosof sənətkar kimi onun da öz
yaradıcılığı ilə zamana təsiri danılmazdır.
Dediyim bu təsiri mütəxəssislər daha
dəqiq və tutarlı aşkarlayar. Bütün yaradıcılığımı
mən ustadım, müəllimim Tofiq Kazımovun adı ilə bağlayıram.
Onun teatrında işləmək,
onun sevimli aktrisası olmaq mənim üçün böyük səadət və xoşbəxtlik idi. Böyük fəxrlə özümü ”Tofiq Kazımov
məktəbi"nə mənsub
olan sənətkar hesab edirəm..."
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KIV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 10 aprel.- S.14.