Səhnəmizin ilk peşəkar aktrisası Fatma Qədri
Ciddi xarakterlər ustası...
Azərbaycan teatr səhnəsinin
ilk peşəkar aktrisalarından
olan Fatma Qədri yüksək səhnə mədəniyyəti
ilə örnək sayılan sənətkarlar
sırasında yer alır. O, ciddi
xarakterlərin əvəzsiz
ifaçısı olmuşdur.
Milli teatrımızın inkişafında
Fatma xanımın xidmətləri böyükdür.
Onun yaradıcı irsi böyük bir məktəbdir.
Fatma Qədir qızı Qədri 14 aprel 1907-ci ildə Rusiyanın Odessa şəhərində
doğulmuşdur. On dörd yaşında
Bakıya gəlmiş,
yeni yaradılmış
Bakı Dövlət Teatr Texnikumuna daxil olmuşdur. Məktəbin ilk direktoru Şövkət
Məmmədova ona analıq qayğısı
göstərmiş, qismən
də olsa, gündəlik ehtiyaclarını
ödəmiş, yaşamağa,
sevdiyi sənətə
daha da ruhlandırmışdır.
O, burada A.Tuqanov, A.Muradov, V.Sladkonevsev və başqa zəngin təcrübəyə
malik teatr xadimlərindən təhsil
almışdır. Azərbaycanda ilk professional teatr təhsili görmüş qadın aktrisa Fatma Qədri
olmuşdur. Oxumağa onda
elə böyük həvəs varmış ki, teatr məktəbilə
paralel olaraq Ali Qadın Pedaqoji Institutunda da təhsilini davam etdirmişdir. Səhnə fəaliyyətinə
isə elə tələbəlik illərində
başlamışdı. 1926-cı ildə onu Bakı Türk-İşçi
Teatrına dəvət
etmişlər. Orada bir
çox tamaşalarda
yaddaqalan obrazlar yaratmışdır. İlk əsas
isü rolu 1926-cı ilin 28 noyabrında premyerası keçirilən
“Şöhrət silahları”
tamaşasında Kayna
olmuşdu. Sonra isə
ona Aleksandr Şirvanzadənin “Marqonun
kirvəsi” pyesində
Nataşa surəti tapşırılmışdı. Budəfəki qəhrəmanı Parisdə mühacir həyatı yaşayan rus qadınıydı.
Nataşanın mürəkkəb xarakterini canlandırmaq aktrisadan böyük enerji, istedad tələb edirdi. Fatma səhnədə rəqs etməli, mahnı oxumalı, ucadan, qəhqəhəylə gülməliydi.
Onun üçün elə ən çətini də sonuncuydu...
Sənətkarlardan dərs almışdı, özü
də bir müddət idi ki, teatrdaydı.
Əlbəttə, texniki fəndləri
bilirdi. Amma nə qədər
çalışırdı, Nataşa kimi gülməyi bacarmırdı.
Məşq etmək üçün
gözdən-nəzərdən uzaq bir yer
axtardığı vaxt
teatr binasının zirzəmisi düşdü
yadına. Zirzəmiyə çəkilib
qapını bağlayır, saatlarla məşq edirdi. Gülə
bilməyəndə həyatında olan məzəli hadisələri
yadına salırdı. Get-gedə işlər yoluna
düşürdü.
Fatma Qədri sonralar bu teatrda Əbdülhəqq
Hamidin “Hind qızı” əsərində Sürujkini, Fyodor
Pavlovun “Tunc heykəl” pyesində Qa-Şen rollarını
oynadı. illər keçdikcə, bu
teatrın səhnəsində Cəfər Cabbarlının
“Sevil”ində Sevil və başqa rollara həyat verdi. 1932-ci ilin teatr mövsümündə
Türk İşçi
Teatrı Gəncəyə
köçürüldü. Fatma
çıxılmaz vəziyyətə düşdü, nə
ona çox əziz olan kollektivdən ayrılıb Bakıda
qala, nə də ailəsini, dostlarını, doğmalarını
qoyub gedə bilirdi. Teatrın repertuarındakı
tamaşaların əksəriyyətində iştirak edirdi. Ona görə də fikirləşdi ki, ona bu qədər
doğma olan kollektivi çətin vəziyyətdə
qoymağa haqqı yoxdur.
Sənət arxasınca Gəncəyə...
Gəncədə rütubətli, heç
bir şəraiti olmayan yataqxanada yerləşdirildilər.
Teatrın binası da olduqca darısqal, nəm idi. Əvvəlcə
yalnız repertuarda olan tamaşaları oynadılar. Sonra
Hüseyn Cavidin “Şeyx Sənan” pyesi tamaşaya qoyuldu. Fatma Qədriyə
Xumar rolu tapşırıldı. Əvvəlcə isinişə
bilmədiyi rolunu tərəf-müqabili Abbas Mirzə Şərifzadənin
sayəsində sevdi. Tamaşaya baxış çox uğurlu
keçdi. Bundan sonra “Namus” pyesi üzərində məşqlərə
başladılar. Fatmaya Susanna rolu tapşırıldı.
Həmin ilin yayında isə Akademik Dram
Teatrına işə dəvət olundu və təklifi qəbul
etdi.
Bundan sonra müəllimi Aleksandr Tuqanovla
bir yerdə işlədi. Onun quruluş verdiyi “Romeo və
Cülyetta” tamaşasında Cülyettanı oynadı. Səhnədəki
Romeosu Ülvi Rəcəb oldu. Necə həyəcanlı,
xoşbəxt anlar idi. Elə Tuqanovun hazırladığı
növbəti tamaşada - Puşkinin “Dubrovski”
tamaşasında Abbas Mirzə ilə tərəf-müqabil
olması da həyatının ən unudulmaz xatirəsinə
çevrildi.
1938-ci ildə
yaradıcılığında xüsusi yeri olan rollarından
birini - Ostrovskinin “Cehizsiz qız” əsərində Larisa rolunu
oynadı. Məşqlərin birində sürahi sınıb,
Fatma üzüaşağı yıxıldığından,
ayağı möhkəm əzilmişdi. Ancaq “Cehizsiz qız”ın ilk tamaşasının ardından
Rus İşçi Teatrında əvvəlcə
“İntervensiya” əsərində
Janna Barbeni oynadı. Ardınca başqa
rollar gəldi. Cəfər Cabbarlının “1905-ci ildə”
pyesində Sona surətinin ifası zamanı başına yenidən
qəza gəldi. Tamaşanın birinci hissəsində
qaçarkən büdrəyib səhnə
dekorasiyasının altına yıxıldı. Onu
otağına qaldırdılar. Təcili həkim
çağırıldı. Sınıq olmasa da,
ayağının bir tərəfi bərk əzilmişdi. Bu
vəziyyətdə səhnəyə çıxmaq çətin
olacaqdı. Oynadığı rolun başqa
ifaçısı olmadığından, direktor təklif etdi
ki, tamaşanı dayandırsınlar. Fatma razı olmadı.
Özü səhnəyə çıxdı.
Tamaşanın uğurlu keçməsi ona bütün əziyyətlərini
unutdurdu. Onun bu cəsarəti də əvəzsiz qalmadı.
Yazda Fatmanı Moskvaya yaradıcılıq ezamiyyətinə
göndərdilər. Bunun ardınca teatrda səhnələşdirilən
Səməd Vurğunun “Vaqif” əsərində Xuraman,
“Insan”ında Amalya, Cəfər Cabbarlının “Aydın”
pyesində Gültəkin olub Sidqi Ruhulla, Ələsgər Ələkbərov,
Kazım Ziya kimi aktyorlarla eyni səhnəni paylaşdı...
Ömrün son akkordları...
O, heç zaman boynuna
götürdüyü rolları başdansovdu
hazırlayıb, necə gəldi səhnəyə
çıxıb oynamadı. Tamaşaya qoyulan əsərləri
dönə-dönə oxuyur, bəzən saatlarla kitabxanalarda
oturur, hadisələrin cərəyan etdiyi dövrü, qəhrəmanlarının
mənsub olduğu xalqın mədəniyyətini, məişətini
öyrənirdi. Fatma Qədri təkcə istedadıyla deyil, həm
də xanım-xatın davranışı,
danışığı ilə işlədiyi bütün
kollektivlərdə də göz önündəydi. Teatr aləmindəki
çəkişmələrə qarışmağı
öz şəxsiyyətinə
sığışdırmazdı.
Fatma xanım 1933-cü ildə Gəncədən
Bakıya qayıtdıqdan sonra teatr texnikumunda, 1946-cı ildən
isə teatr institutunda aktyor sənətindən dərs deyib.
Pedaqoji fəaliyyəti dövründə onun rəhbərlik
etdiyi sinifləri onlarla istedadlı gənc bitirib. Fatma Qədri
öz oyununda emosionallığı, səhnə ədəb-ərkanı,
kübar davranışı və gözəlliyi ilə
seçilirdi. Rus və Avropa xalqlarının mədəniyyətini
dərindən bildiyinə görə müxtəlif əsrlərdə
baş vermiş hadisələri tərənnüm edən
tamaşalarda dövrün həm kübar, həm
aşağı təbəqə davranış qaydalarına
böyük məharətlə, yüksək estetik gözəlliklə
nail ola bilirdi.
Fatma Qədri aktyorluq nailiyyətlərinə
görə 1 fevral 1936-cı ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 17 iyun 1943-cü ildə
isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Həyat ona çətinliklə verdiklərini
çox tez, həm də asanlıqla aldı. Həyat
yoldaşını, oğlunu erkən itirdi. Fatma Qədri bu
dünyada yalqız qaldı. Nə yaxın bir rəfiqəsi
var idi, nə də dərdini böləcəyi
dostu-sirdaşı. Əvvəllər, heç olmasa, sənət
yoldaşları, pərəstişkarları var idi. Bu qədd-qamətli,
yaraşıqlı, cazibədar aktrisanın səhnəyə
hər çıxışı - oyunu, məlahətli səsi
onları heyran qoyurdu. Amma çox zaman rol almaq, səhnəyə
çıxmaq üçün haqsızlıqlara göz yumub
güzəştə gedə bilməməsi Fatma Qədriyə
maneələr yaradırdı. 1950-ci ilin 6 oktyabrında
gündəliyinə yazmışdı: “Sentyabr ayının
beşində mövsümü bağladıq. Bütün
mövsüm ərzində ”Köhnə dudman"da baş hərəm
yeni rolum oldu. Daha heç nə. Mövsüm maraqsız və
quru keçdi...".
Ömrünün sonuna qədər səhnədən
ayrılmayan aktrisa 29 fevral 1968-ci ildə Bakıda vəfat
edib. Fəxri Xiyabanda dəfn
olunub.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KIV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2012.- 14 aprel.- S.14.