Böyük səhnənin unudulmaz adı - Kazım Ziya
Həm gözəl aktyor, həm tərcüməçi...
O, Azərbaycan teatr məktəbinin formalaşmasına önəmli
töhfələr vermiş
sənətkarlardan biridir.
Səhnəmizdə yaratdığı maraqlı obrazlarla yaddaşlarda qalan bu böyük aktyor həm də gözəl şeirlərin və tərcümələrin müəllifi
olub.
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 21 mart
1896-cı ildə Ordubad
rayonunun Yuxarı Əylis kəndində doğulub. Körpə ikən atasını itirən Kazım əmisi Hüseynin himayəsində yaşamışdır.
Naxçıvandakı şəhər
məktəbində Kazım
Ziya ərəb, fars dillərini
mükəmməl öyrənmiş
və klassik ədəbiyyatın mütaliəsi
ilə məşğul
olmuşdur. O zamanlar Naxçıvanda dini fanatizmin hökm sürməsinə baxmayaraq,
Kazım Ziya Füzulinin, Hafizin, Sədinin şeirlərini
əzbərdən söyləyərdi.
Əmisi
onu şeir məclislərinə aparardı.
15 yaşlı gəncin
məharətlə söylədiyi
şeirlərə həvəslə
qulaq asardılar.
1911-ci ildə əmisi
Hüseyn kişinin ailəsi ilə birlikdə Bakıya köçən Kazım
Ziya burada gimnaziyada oxuyaraq ədəbiyyat dərnəyinin
üzvü olub. Tezliklə dərnəyin üzvləri Kazım Ziyanı özlərinə
rəhbər seçiblər.
Ədəbiyyata, xüsusilə
də xarici ölkə yazıçılarının
əsərlərinə xüsusi
maraq göstərən
Kazım Ziya tərcümə ilə də məşğul olub. O, 1914-cü ildə Molyerin “Zorən təbib” komediyasını
fransız dilindən Azərbaycan dilinə tərcümə edib. Hüseyn Ərəblinski gənc teatr həvəskarlarının xahişi
ilə bu əsərin rejissoru olub. Tamaşa 1914-cü ildə oynanılıb. Beləliklə, Kazım Ziyanın böyük səhnəyə gəlişi
bu tamaşadakı Sqanarel rolu ilə başlayıb.
Kazım Ziyanın ilk
rolu Ərəblinskinin
çox xoşuna gəlib. O ildən başlayaraq, Kazım Ziya peşəkar aktyorlarla dostluq edib, onların oynadığı tamaşalarda
epizodik rollar yaradıb. Kazım Ziyanın uğurlarından
biri də “Nadir şah” tamaşasındakı
Rzaqulu xan obrazı olub.
1916-cı ildən Kazım Ziya Müsəlman Aktyorları
truppasının üzvü
kimi gərgin fəaliyyətə başlayıb.
O dövrdə Abbas Mirzə Şərifzadə,
Mirzağa Əliyev, Sidqi Ruhulla kimi
aktyorlar yeni bir təşkilatın - Bakı Teatr Artistləri Ittifaqının
yaranmasının təşəbbüskarı
oldular. Yeni yaradılmış ittifaqın
sədri Abbas Mirzə Şərifzadə,
katibi isə Kazım Ziya olub.
Kazım Ziya Milli Dram Teatrının tamaşalarında
fəal iştirak etsə də, truppanın ştatına
1922-ci ildə götürülüb.
Arada bir il Naxçıvana gedib. Orada dövlət
teatrının formalaşmasında
ciddi çalışan
Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə
Gəncəyə köçəndə
Kazım Ziya da doğma kollektivdən
ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək
Tiflisdə və İrəvandakı dövlət
teatrlarında aktyorluq
edib. 1938-ci ildə Bakıya gələrək
Milli Dram Teatrının
formalaşıb şöhrətlənmiş
truppasına daxil olub.
Səhnədə öz faciəsini
də oynayıb...
Görkəmli sənət ustası faciə, məhəbbət
qəhrəmanları, komediya
obrazları, tipik xeyirxah insan obrazlarını oynamış,
mürəkkəb səciyyəli
xarakterik rolları məharətlə ifa etmişdir.
Kazım Ziyanın Milli Dram Teatrında yaratdığı
əsas rollar bunlardır: Arif, Dərviş (“İblis” və “Şeyx Sənan”, Hüseyn Cavid), Vaqif, Söhbət (“Vaqif” və “Xanlar”, Səməd Vurğun), Surxay, Usta Segah
(“Toy” və “Xoşbəxtlər”,
Sabit Rəhman), Piri baba (“Eşq
və intiqam”, Süleyman Sani Axundov), Şeyx Nəsrulla (“Ölülər”,
Cəlil Məmmədquluzadə),
İmamyar, Xaspolad (“Yaşar” və “Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Mirzə Həbib, Xan (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə) və s.
Kazım Ziya dövrün ziddiyyətləri ilə barışa bilmədiyindən,
bəzən səhnədən
uzaqlaşmaq qərarına
da gəlib. Lakin onun sənətə
bağlılığı hər şeyə üstün gəlib.
30-cu illərin mənəvi-psixoloji sarsıntıları
Kazım Ziyanın da həyatından izsiz keçməmişdir.
Səhnədə oynadığı
obrazlar, söylədiyi
şeirlər, cəhalətə
olan nifrəti onun özünə qarşı bir ittihama çevrilmişdir.
Kasıb bir aktyor həyatı yaşayan Kazım Ziya 1932-ci ildə həbs edilmişdir. Haqqında aparılan müəyyən araşdırmalardan
sonra azadlığa buraxılsa da, NKVD adlanan qurum bu
aktyor haqqında yeni-yeni sənədlər,
faktlar toplamağı
davam etdirmişdi. Nəhayət, 1938-ci ildə
Kazım Ziya əks-inqilabi, millətçi,
üsyançı təşkilatın
üzvü kimi təqsirli bilinərək
həbs edilmişdir. Sənədlərdə göstərilir
ki, həmin vaxt Kazım Ziyanın mənzilində
axtarışlar aparılmış,
müxtəlif sənədləri,
fotoşəkilləri, məktubları
götürərək məhv
etmişdilər.
Zamanın, rejimin təzyiqi, fiziki işgəncələri,
mənəvi iztirabları
məcbur edirdi ki, Kazım Ziya boynuna qoyulanları
təsdiq etsin. Müxtəlif sənət
dostlarından, aktyorlardan,
rejissorlardan rəylər
toplanmışdı. Dindirilən
şahidlərin hamısı
Kazım Ziyanı ən yaxşı aktyor kimi səciyyələndirir,
onun heç bir millətçi təşkilatla əlaqəsi
olmadığını dilə
gətirirdilər. Nəhayət,
1939-cu ildə məhkəmə
Kazım Ziyanın bəraət alması haqqında hökm çıxarsa da, baş verənlər aktyora ağır zərbə vurdu.
O, arada müxtəlif
teatrlarda çalışsa
da, bütün yaradıcılığı Azərbaycan
Dövlət Dram Teatrı
ilə bağlı olmuşdur. Əslində,
dövrün ruzigarlarından
çox əziyyət
çəkmiş, şeirlərinin
birində dediyi kimi, “gəncliyi solmuş, ümidi sönmüşdü”. Səhnəni bir xitabət
kürsüsü seçən Kazım Ziya bəzən
özünün içindəkini, etirazlarını,
üsyanını, gileyini özgə obrazların acı qəhqəhələri ilə
büruzə verirdi.
Məzara da Füzuli
və Nizami şeirləri ilə...
Kazım Ziya əslində, ziddiyyətli
münasibətlərə, repressiyalara məruz qalmış
başıbəlalı bir şəxsiyyət olub. Tofiq
Kazımov onun haqqında yazırdı: “Təbiət etibarilə
mədəni, sağlam düşüncə və dərin zəka
sahibi olan Kazım Ziya ömrü boyu yalnız adi aktyor kimi
qalmamış - gənc teatr kadrlarına müəllim, mədəniyyət
dünyamıza əsgər, səhnə dili, xalq dili, klassik
şeir dilimiz üçün müəllim, nitq sənətimizin
mütəxəssisi kimi böyük şöhrət
qazanmışdır”.
Kazım Ziya “Bismillah”, “Səbuhi” filmlərinə
çəkilib. Lev Tolstoyun “Canlı meyit”, Henri İbsenin “Cəmiyyət sütunları”, Vadim Sobkonun “İkinci cəbhə arxasında”, Aleksandr Dümanın
“Qanlı qala” (“Nel qülləsinin sirri”) pyeslərini və
digər dramları dilimizə tərcümə edib.
Kazım Ziya 17 iyun 1943-cü ildə əməkdar
artist olmadan birbaşa Azərbaycan Respublikasının xalq
artisti fəxri adına layiq görülüb. O, 1948-ci ildə
“Şərqin səhəri” (Ənvər Məmmədxanlı)
tamaşasının bir qrup yaradıcı heyəti ilə
birgə Tomson roluna görə Stalin mükafatı laureatı
olub.
Ölümündən bir qədər əvvəl
isə dərs dediyi Azərbaycan Dövlət Teatr Institutunda tələbələrlə
görüşündə belə bir cümlə də
işlətmişdi: “Biz qocalar növbəni verdik sizə”.
Həqiqətən, Kazım Ziya
özündən sonra bir məktəb qoyub getmişdir. O,
sağlığında tələbələrini - gələcək
aktyorları klassiklərin şeirləri ilə tərbiyə
edərdi. Azərbaycan dilinin zənginliyini, gözəlliyini
Kazım Ziya öz səsi, ifadəli nitqi, təsirli avazı
ilə qəlblərə yeridirdi. Deyirlər, Kazım Ziya səhnəni
xitabət kürsüsünə çevirərək ondan elə
məharətlə istifadə edib ki, söylədiyi həqiqətdən,
bəslədiyi nifrətdən bir kimsə boyun qaçıra
bilməyib.
Kazım Ziyanın son vəsiyyəti belə
olmuşdur: “...Nizaminin, Füzulinin külliyyatını
tabutuma qoyun. Çiyinlərinizdə də onlarla olun, qəbir
evində də...”.
Görkəmli sənətkar 20 noyabr
1956-cı ildə Bakıda vəfat edib və Fəxri
Xiyabanda dəfn olunub.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 25 aprel.- S.14.