Ana obrazlarının mahir ifaçısı
Unudulmaz aktrisa
Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların
müstəsna xidmətləri
olmuşdur. Onlar ən ağır
zamanlarda və ən ağır şərtlərdə belə
bu sənətin inkişafı üçün
əllərindən gələn
bütün səy və imkanları əsirgəməmişlər. Belə aktrisalardan biri də xalq
artisti, teatr və kino aktrisası
Sədayə Mustafayevadır.
Sədayə İsmayıl
qızı Mustafayeva
1926-cı il iyulun 15-də Şəki şəhərində anadan
olub. Teatrda ilk addımlarını da bu şəhərdə, Şəki Dövlət Dram
Teatrında atıb.
O, səhnəyə 12 yaşında
qədəm qoyub və ilk obrazı Süleyman Rüstəmin
“Qaçaq Nəbi” tamaşasında Çimnaz
rolu olub.
Sədayə Mustafayevanın sənət taleyində görkəmli səhnə
ustaları İsmayıl
Dağıstanlı və
Möhsün Sənaninin
böyük rolu olub. Görkəmli səhnə ustalarımız
rayonlara səfərləri
zamanı Şəkidə
teatr həvəskarları
arasında gənc Sədayənin ifasını
da görmüş və bəyənmişlər.
Beləliklə, Sədayə xanım
peşəkar teatr sənətinə xeyir-duanı
bu görkəmli sənətkarlardan almışdır.
Sədayə Mustafayevanın rollar
siyahısında faciə,
dram, komediya, hətta məsxərə obrazları
da var.
Sədayə xanım 1942-ci ildən Şəki teatrında bir sıra maraqlı obrazlar yaratmış, sonralar fəaliyyətini Ağdaş və Göyçay teatrlarında
davam etdirmişdir. 1950-ci ildən
isə Sədayə xanım Gəncə Dövlət Dram Teatrında
fəaliyyət göstərməyə
başlayıb. O, bu
teatrın səhnəsində
400-dən artıq və
bir-birindən maraqlı
obrazlar yaradıb. “Vaqif” də Xuraman, Gülnar, “Aydın”da Gültəkin,
“Pəri Cadu” da Pəri, “Solğun çiçəklər”
də Sara, Pəri, Gülnisə, “Otello”da Emilya, “İtkin gəlin”də Səbihə,
“Yad qızı”nda Həcər xanım, “Kəndçi qızı”nda
Bənövşə, “Dəli
Kür”də Şahnigar,
“Ana vüqarı”nda Ana, “Atayevlər
ailəsi”ndə Dilşad
xanım, “Xurşidbanu
Natəvan”da Natəvan,
“Qonşular”da Mətanət,
“Almaz”da Almaz, “Sən həmişə mənimləsən”də Nargilə,
“Mahnı dağlarda qaldı”da Rəxşəndə
xanım və s. obrazları Sədayə Mustafayeva yaradıcılığının
ən gözəl nümunələrindəndir. Bu
gün Gəncə Dövlət Dram Teatrında
fəaliyyət göstərən
əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin
yetirməsidir.
Sədayə xanım Sara, Gültəkin, Həyat, Bənövşə, Nargilə,
Aliyə, Zərri kimi Azərbaycan qadınlarının həyat
və yaşantıları
ilə yanaşı, Vilyam Şekspirin “Otello” əsərindəki
Emilya obrazında başqa dünya qadınlarının həyat
hekayəsini də məharətlə anlatmağa
nail olmuşdur. Rolunun irili-xırdalı
olmasına baxmayaraq,
o, hər bir rolun əsas cizgilərinə ustalıqla
yanaşaraq, obrazların
dilini tuta bilmişdir. Şübhəsiz, bu hər bir
oyunçudan dəqiqlik
və güclü kalorit tələb edir. O da bir sənətkar kimi hesab edirdi
ki, öz roluna və sənətinə məsuliyyət
hissi ilə yanşamaq, oyunçunun böyük imkanları sayəsində çox böyük çətinlikləri
dəf etməsinə
səbəb olur.
Kinodakı gözəl obrazları
Sədayə Mustafayeva eyni zamanda kino
sənətinə də
öz töhfələrini
vermiş və kinoda xeyli maraqlı
obrazlar yaratmış
sənətkardır. O, “Azərbaycanfilm” kinostudiyasının istehsalı
olan 20-dən artıq
filmə çəkilib.
Sədayə Mustafayeva milli
kinomuzda ana obrazlarının mahir ifaçısı olub.
Onun “Qanun naminə” filmində Xatun, “Mən ki gözəl deyildim”də Gözəl,
“Şərikli çörək”də
Şamama, “Qayınana”da
Mülayim, “Ölsəm,
bağışla”da Suğra
xala, “Ağ atlı oğlan”da Mirvari nənə, “Həm ziyarət, həm ticarət”də ana və başqa
obrazlarını buna misal göstərmək olar.
Sədayə Mustafayeva yaratdığı bu obrazlarda Azərbaycan kinosunun çox nəhəng simaları ilə tərəf-müqabili
olmuş, onların müxtəlif jest və mimikalarla dil ilə ifadə olunmayan fikirlərini həssascasına qəbul
etmiş, mükəmməl
obrazların yaradıcısı
kimi kino aktrisası olduğunu sübuta yetirmişdir. Təbii, kino ilə
teatr sənəti arasında müəyyən
yaxınlıq və oxşarlıq olsa da, bu sahələrin
çox fərqli cəhətləri var. Bəzən
hər sənətkar
öz yaradıcılığında
onların həllini tapa bilməyib, sənət yolunu elə teatr sənətçisi olaraq
başa vurur. Amma o teatrda olduğu kimi, kinoda da
geniş imkanlarını
sərgiləməyi bacaran,
buna məharətlə
nail olan sənətkarlardan
idi.
Sədayə
xanım sənətin çox tələbkar və qaynar bir
dövründə, qadın aktrisalara ehtiyac duyulduğu bir
zamanda səhnəyə gəlib öz yerini tapa bilmişdi. Bu gün onun yaratdığı obrazlara
diqqət etdikcə görürük ki, Sədayə
Mustafayeva bunlara uzun yol və gərgin yaradıcılıq fəaliyyəti
sayəsində nail ola bilmişdir. O,
aktyorluq sənətinə olduqca məsuliyyətlə
yanaşan, hər bir rolu özü üçün bir
növ imtahan sayan narahat bir sənətkar olub. Sənətkar
yaratdığı hər bir obrazın
varlığını tamaşaçılara
çatdırmaq üçün əziyyətə
qatlaşan, bu yolda axtarışlar aparan fədakar səhnə
ustası idi.
Sədayə
Mustafayeva 1958-ci ildə Əməkdar artist, 1981-ci ildə isə
Xalq artisti fəxri adlarına layiq
görülmüşdür.
Sədayə
Mustafayeva 2004-cü ildə dünyasını dəyişib.
Sənətdə qoşa qanad
Unudulmaz
aktrisanın sənət uğurlarında öz sənətçi
ailəsinin də önəmli rolu olmuşdur. Sədayə Mustafayeva
görkəmli sənətkar, xalq artisti, Məmməd Bürcəliyevin
həyat yoldaşıdır. Onlar sənət
yollarında bir çox maneələri bərabər dəf
etmiş, bir-birinə dayaq, arxa olmuşlar. Bu sənətkarlar tükənməz enerjisi və sənətə
bağlılıqları ilə hər zaman gənc nəslə
bir örnək yarada bilmişlər. Uzun
illər çalışdıqları Gəncə
teatrının ölkənin çalışqan sənət
ocaqlarından birinə çevrilməsində, heç
şübhəsiz, onların da rolu var. Məmməd Bürcəliyev
də 1935-ci ildən ömrünün sonunadək, yəni,
1994-cü ilədək Gəncə Dövlət Dram
Teatrında çalışıb və bu teatrın səhnəsində
bir-birindən gözəl obrazların ifaçısı
olub. Həmçinin, bu teatrın səhnəsində
Məmməd Bürcəliyev 11 pyesə quruluşçu
rejissor kimi səhnə həyatı bəxş edib. O, Cəlil
Məmmədquluzadənin “Ölülər”, Teymur Məmmədovun
“Ürək yanarsa”, Altay Məmmədovun “Həmyerlilər” və
“Bəraət”, Tofiq Mahmudun “Onuncular”, Sabit Rəhmanın “Əliqulu
evlənir”, Qərib Mehdinin “Oxşarlar”, Rəsul Həmzətovun
“Dağlı qızı”, Yusif Əzimzadənin “Anacan”, Abdulla
Şaiqin “Tülkü həccə gedir” pyeslərinə
quruluş verib. O, “Azərbaycanfilm”in istehsalı olan bir
neçə filmdə də yaddaqalan obrazlar yaradıb. “Dəli
Kür” filmində Allahyar, “Qəm pəncərəsi” filmində
Rəşid bəy, “O dünyadan salam”
filmində Hacı Baxşəli və s. Məmməd Bürcəliyev
həmçinin 1944-1945-ci illərdə Fikrət Əmirov ilə
birgə ilk dəfə olaraq Gəncə Dövlət
Filarmoniyasını yaratmışlar. Həmin
illərdə Gəncə Dövlət Filarmoniyasının
direktoru da Məmməd Bürcəliyev olmuşdur. Sənətkar
1994-cü il noyabr ayının 25-də Gəncə
şəhərində vəfat etmişdir.
Azadlıq.- 2012.- 3
avqust.- S.14.