Azərbaycanın ilk kanon ifaçısı

 

Məhsəti xanımdan Asya xanıma...

 

Azərbaycanın çox qədim musiqi alətlərindən olan kanon Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmışdır. Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində bu musiqi aləti (qanun) haqqında geniş məlumat verilmişdir. XII əsrdə yaşayıb-yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur.

 

Uzun tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq, dövrümüzə hazırkı forması kimi gəlib çatmışdır. Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi xidmətləri olan Məşədi Cəmil Əmirov 1912-ci ildə Türkiyədə olarkən, Şərqdə məşhur olan musiqi alətlərindən ud və qanunda çalmağı öyrənmiş və 1913-cü ildə vətənə qayıdarkən  özü ilə bu iki aləti də gətirmişdir.

Azərbaycanın ilk kanon ifaçısı Asya Tağıyeva olub və 1959-cu ildə onun ifasında ilk dəfə Azərbaycanda bu alətdə “Bayatı-Şiraz” və “Çahargah” muğamları vala yazılıb.

1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin VI Ümumdünya festivalında Asya Tağıyeva “Yaradıcılıq müvəffəqiyyətinə görə” Qızıl medalla təltif olunur. Festivalda çıxış edəndən sonra xalq artisti, bəstəkar Səid Rüstəmov Asya xanımı Azərbaycana dəvət edir. O, Respublika Mədəniyyət Nazirliyinin dəvətilə Bakıya gəlir. Asya xanımın Azərbaycana gəlişi ilə respublikamızda qanun ifaçılığının yenidən əsası qoyulur. O, bir müddət Azərbaycan televiziyası və radiosunun Xalq Çalğı Alətləri orkestrində çalışır.

Asya Tağıyeva bu sənətə gəlişini belə xatırlayır: “Uşaqlıqdan musiqini çox sevmişəm. İrəvanda yaşayarkən pionerlər evində xor dərnəyinə gedirdim. 1954-cü ildə musiqi məktəbinə daxil oldum. Əvvəlcə vokal sinfində oxumaq istəyirdim. Çünki müsabiqələrdə yaxşı oxuduğuma görə mənə vokalist olmağımı məsləhət görürdülər. Ancaq yaşım çatmadı. Bu aləti görəndən sonra xoşuma gəldi və kanonda çalmağa başladım. Mənə evdə alət almaq istəmirdilər. ”Ermənilərlə oxuyur, yəqin müğənni olacaq" - deyə fikirləşirdilər. Ancaq mən inadkarlıq göstərərək müsabiqədən keçib kanon sinfinə daxil oldum. Sonra məni Ermənistanın Dövlət rəqs ansamblına dəvət etdilər. 1956-cı ildə Moskva dekadası başlandı. Dekadada uğurlu iştirak etdiyim üçün “Əməkdə müvəffəqiyyətə görə” medalı və bir aylıq əmək haqqı ilə təltif olundum. Bir ildən sonra Moskvada Ümumdünya festivalında iştirak etmək üçün təşkil olunan müsabiqədə I dərəcəli diploma və qızıl medala layiq görüldüm. Festivalda isə III dərəcəli bürünc medal qazandım. Azərbaycandan olan nümayəndələr komissiyanın üzvü olarkən azərbaycanlı qızı olduğumu bilib, mənimlə maraqlandılar. Onlar məni işləmək üçün Bakıya dəvət etdilər. Mən də onların təklifini qəbul etdim.

 

BakıdaBayatı-Şiraz”la başlanan yol

 

1958-ci Dövlət Televiziyasının Xalq Çalğı Alətləri Orkestrində solist kimi işə başladım. Bir il sonra Moskvada keçirilən Azərbaycan ongünlüyündə iştirak etdim. Dekadanın açılışı mənim solo ifamdaBayatı-Şirazmuğamı ilə başladı. Dekadadan sonra Ali Sovetin Fəxri Fərmanı ilə təltif olundum. Ailə qurandan sonra da orkestrdə fəaliyyətimi davam etdirirdim. 1963-cü ildə incəsənət ustalarının Bolqarıstan şəhərində keçirilən bir aylıq solo konsertində iştirak etdim. Müslüm Maqomayev, Sara Qədimova, Habil Əliyev, Lütfiyar İmanov, Sona Aslanova kimi tanınmış sənətkarlarla birlikdə mən səhnəyə çıxdım. Qayıdandan sonra Filarmoniyanın solisti kimi fəaliyyətə başladım. Eyni zamanda, İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində oxuyurdum. Aydın Qaradağlı, Lütfiyar İmanov da mənimlə oxuyurdular. 1964-cü ildə Moskvanın Kreml sarayında bəstəkar Zakir Bağırovun “2 arfa üçünəsərini çaldım. Bu ifam Moskva arfa ustalarının çox xoşuna gəldi Zakir Bağırovdan bu əsəri 4 arfa üçün yazmasını xahiş etdilər. Bir il sonra Moldovada keçirilən ongünlükdə görkəmli sənətkarlarla bir yerdə solo ifamla çıxış eləmişəm. Eləcə Kiyevdə keçirilən bir aylıq konsertdə solo ifam böyük rəğbətlə qarşılandı. Yaxşı bir alətimin olmasını həmişə arzulayırdım. Bu barədə maestro Niyazidən xahiş eləmişdim ki, mənə yaxşı bir alət tapsınlar. Türkiyədə radio vasitəsilə konsert verəndən sonra İstanbul radiosunun solisti Sumar məni dəvət elədi. İfamdan o qədər xoşlandı ki, çalandan sonra bir neçə türk musiqilərinin notları ilə birlikdə öz sədəfli alətini mənə bağışladı..."

Asya xanım 1965-ci ildən əməkdar incəsənət xadimi Əhməd Bakıxanovun rəhbərliyi ilə Xalq çalğı alətləri ansamblında çalışmağa başlayıb. O dövrlərdə filarmoniyanın konsert afişalarında tez-tez Asya Tağıyevanın adını Rəşid Behbudov, Sara Qədimova, Şövkət Ələkbərova, İslam Rzayev, Əhsən Dadaşov, Xan Şuşinski, Niyazi, Arif Babayev, Şəfiqə Eyvazova, Natəvan Şeyxova, Canəli Əkbərov, Hacı Məmmədov başqa korifey sənətkarlarla birlikdə görmək olurdu.

 

Qanunsinfinin müəllimi

 

Asya xanım Cahangir Cahangirovun rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı Rəqs ansamblında da bir müddət çalışmışdır. Bu ansamblla dünyanın bir çox ölkələrində, keçmiş Sovet İttifaqının Moskva, Leninqrad, şəhərlərində, Ukrayna, Orta Asiya, Pribaltikada qastrol səfərlərində müvəffəqiyyətli çıxışlar etmişdir.

1965-ci ildə Asəf Zeynallı adına Musiqi MəktəbindəQanun  sinfi açıldı Asya Tağıyeva Azərbaycanın ilk qanun ifaçısı kimi bu sinfə müəllim təyin edildi.

1967-ci ildə Asya Tağıyeva Azərbaycan Radio televiziyasında Gülarə Əliyevanın rəhbərliyi ilə yaranmış  “Dan Ulduzu” instrumental ansamblına dəvət alıb bir müddət bu kollektivdə çalışıb.

Asya xanım ifaçılıqla yanaşı, müəllimlik fəaliyyətinə görə bir çox fəxri fərmanlarla təltif olunmuşdur. Bunlar müxtəlif illərdə müsabiqələrdə müvəffəqiyyətli tələbə hazırlığına görə verilmiş mükafatlar idi.

1984-cü ildə Asya Tağıyeva Ü.Hacıbəyov adına Bakı Musiqi AkademiyasındaQanunsinfinin fəaliyyətinə rəhbərlik  etmək üçün dəvət olunur. O, 1988-89-cu illərdə burada müəllim kimi fəaliyyət göstərir. Asya Tağıyeva fəaliyyət göstərdiyi 45 il ərzində çoxlu sayda tələbələr yetişdirib. İndi onların sorağı dünyanın bir çox ölkələrindən gəlir.

Asya Tağıyeva: “KanonNizaminin, Füzulinin əsərində təsvir olunub. Klassik irsdə alətlərin bəhsindəsən qədər bəxtəvərsən ki, öz sevdiyin adamın qucağında uzanmısan” - deyə kanonu təsvir ediblər. Bu alətin tarixi naməlumdur. O vaxt sərhədlər açıq olanda get-gəl çox olurmuş. Ona görə hansı ölkədən gətirildiyi dəqiq bilinmir. Ermənilər özləri üçün götürüb çalıblar.İrəvanda kanon çalmaq üzrə 3-cü tələbə mən olmuşam. Azərbaycanda da ilk kanonçalan mən olmuşam. O vaxt qəzetlərdə bu başlıqla yazılar da gedirdi. Mən radioda, televiziyada, dövlət konsertlərində solo çalırdım..."

Asya Tağıyeva 2011-ci ildə 76 yaşında Bakıda vəfat edib.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 8 avqust.- S.14.