“Qızıl əlli nəqqaş” şair
Usta Zeynalabdin Nəqqaş
XIX əsr ədəbi mühitinin
formalaşmasında mühüm rol oynayan ədəbi məclislər
bir çox qələm sahiblərinin yetişməsinə də
yol açmışdır. Belə məclislərdən biri
1831-ci ildə Ordubadda yaradılmış “Əncüməni-şüəra”
idi ki, həmin məclis Azərbaycan ədəbiyyatına
neçə-neçə unudulmaz qələm sahibi bəxş
etmişdir. Mənbələrin yazdığına görə
bu ədəbi məclisi ilk dəfə təşkil edən
Şeyxəli xan Kəngərli olmuşdur. Həmin şəxs
Naxçıvanın o zamankı hakimlərindən olan məşhur
Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli
xan Kəngərlidir. Ordubadın naibi-canişini olan Şeyxəli
xan şeir və sənət aləminə maraq göstərdiyi
üçün orada belə bir ədəbi məclis yaranmasına dəstək
vermişdir.
O dövrdə
Azərbaycanın ən məşhur ədəbi məclislərindən
biri olan “Əncüməni-şüəra”nın
25-ə yaxın üzvü və bir çox həvəskar
dinləyicisi vardı. Fəqir
Ordubadi, M.T.Sidqi, Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi,
Usta Zeynalabdin Nəqqaş, Hacı Molla Hüseyn Bikəs, Məşədi
Həsən Dəbbağ, Əhməd Ağa Şəmi, Məşədi
Möhsün Saətsaz, Kəblə Əliqulu Müznib,
Ağa Rəsul Əttar, Məhəmmədqulu Salik, Aslanxan
Kövhər, Nədim və başqaları məclisin fəal
üzvləri olmuşlar.
Bu məclisin
ən istedadlı üzvlərindən biri də Usta Zeynalabdin
Nəqqaş idi. Ləqəbindən göründüyü
kimi, o, şairliklə yanaşı, nəqqaşlıq sənəti
ilə də məşğul olmuş və öz peşəsi
ilə əlaqədar əsərlərində də bu təxəllüsü
işlətmişdir. Onun əlinin əməyi olan nəqş
və rəsmlər Ordubad, Naxçıvan, Tbilisi, Təbriz və
başqa şəhərlərdə indi də mühafizə
edilib saxlanmaqdadır.
“Əncüməni-şüəra”
ədəbi məclisinin üzvləri yaradıcılıq
prinsipi etibarı ilə iki yerə bölünürdülər.
Bunlardan bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli,
Qövsi Təbrizi kimi klassik Şərq şairlərinin
mütərəqqi ənənələrini davam və
inkişaf etdirirdi. İkinci bir qismi isə M.P.Vaqif, Heyran
xanım, Q.Zakir, B.Şakir, Bakıxanov Qüdsi və başqa
realist sənətkarların ədəbi irsindən bəhrələnərək
zamanın tələbinə uyğun aktual məsələlərə
müraciət edirdilər. Onların
yaradıcılığında maarifçiliyə və
realizmə meyl daha qüvvətli idi. Bu cəhətdən məclisin
M.T.Sidqi, Fəqir Ordubadi, Qüdsi Vənəndi, Məhəmmədqulu
Salik, Nəqqaş, Aslanxan Kövhər kimi üzvləri
xüsusilə fərqlənirdilər.
Yadigar əl işləri və həm
könül işləri...
Kərbəlayı
Zeynalabdin Əbu Səid oğlu Usta Zeynal Nəqqaş 1829-cu
ildə anadan olmuşdur. Məşhur xəttat, nəqqaş
və şair kimi tanınmışdır. Onun
Naxçıvanda “Xan sarayı”, Bakıda H.Z.Tağıyevin
ev muzeyi (indiki Tarix muzeyi), Təbrizdə, Ordubadda “Came” məscidi,
Məşədi Tağının evi, Əylis, Vənənd
kəndlərində bəzi evlərdə işlədiyi rəsmlər
və vurduğu nəqşlər hələ də durur.
Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığındakı
dağa bitişik “Qara pir”də işlədiyi nəqş, XIX
əsrin axırlarında İran şahının Ordubada gəlişi
ilə əlaqədar “Came” məscidinin arxa tərəfinə
yumurta sarısı, əhəng və başqa materiallardan
hazırladığı məhlul vasitəsilə işlədiyi
“Şiri xurşid” gerbi ən maraqlı nümunələrdəndir.
Bu zərif əsərlər indiyədək qalmaqdadır.
Şahidlərin
yazdıqlarına görə, Usta Zeynal Nəqqaş
özünün bir sıra fərdi xüsusiyyətlərinə
görə məclisin digər üzvlərindən fərqlənirdi.
Əgər Əhməd Ağa Şəmi və Məşədi
Həsən Dabbağ sırf qəzəlçi və nəzirə
yazan təlqlidçi şairlər olaraq qalırdılarsa,
Usta Zeynal Nəqqaş dövrünün nəbzini tutaraq,
realizm ənənələrini inkişaf etdirməklə
yaradıcılığında çox fərqlənirdi.
El arasında
“qızıl əlli nəqqaş” kimi tanınan Usta Zeynal şeir
məclislərində daha çox məşhurlaşıb. Zəmanəsinin
nöqsanlarını hədəf alan, insanları düz yola,
faydalı olmağa çağıran şair “Nə
bilim”adlı satirik şeirində deyirdi:
Gedib əyyami-vüsalın,
olacaqmış belə hicr, Həsrətin paki ölüncə
qalacaqmış, nə bilim?
Məni
biçariyə varmış bu xəyalın fələkin,
Zülm əlilə belə viran olacaqmış, nə bilim?
M.S.Ordubadinin
Azərbaycan Dövlət Əlyazmalar fondunda saxlanılan “Tərcümeyi-halım”da
Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər var.
1838-ci ildə
Ordubadda təşkil edilmiş “Əncümənü-şüəra” ədəbi məclisi məlum
olmayan səbəblərdən dağılır və fəaliyyəti
pozulur. Bu haqda pedaqoji elmlər doktoru, professor İbrahim Mollayev
yazırdı:
“1863-cü
ilin əvvəllərində ”Əncümənü-şüəra"
Ordubadda ikinci dəfə Şıxəli Naibov tərəfindən
yaradılır və öz ətrafına bir sıra
ziyalılar toplayır... Məclisin məşğələləri
çox vaxt M.T.Sidqinin, bəzən də Usta Zeynal Nəqqaşın
evində keçirilərdi. Sonralar isə “Qeysəriyyə-Zorxana”
adlanan abidədə keçirilərdi".
“Qılmısan dəhrdə hər
əbləhi insan qara pul...”
Məclis
xeyli müddət XVII əsrə məxsus memarlıq abidəsi
olan “Qeysəriyyə”də fəaliyyət göstərib.
Sonrakı dövrlərdə Zorxana kimi istifadə olunan bu yer
qələm sahiblərinin fəaliyyətinə yenidən
stimul verib.
Nəqqaşın
şeirləri bir sıra abidələrin divarlarında əks
olunub. Onun Ordubaddakı “Came” məscidinin divarına
yazdığı beytlər belə səslənir:
Yaran, bu dəhri-dun
biz ilə məcrası var, Çox xanələr xərab eyləyib,
müddəası var.
Aldanmayın
bu çərxi-cəfaçü əcuzinə,Yoxdur vəfası,
şərmi, nə də həyası var.
Keçməz
o qədər biz də bu dünyada qalmarıq,
Qafil oturmaym,
nə də edərsiz cəfası var.
Bu büqəyü-şəriflə
Nəqqaşı yad edin, Ənbabdan həmişə dua
iltiması var.
Şair satirik şeirlərində
dövrünün nöqsanlarını, naqisliklərini cəsarətlə
tənqid edirdi. Günlərin birində Mirzə Mehdi xanla
üz-üzə gəlir və ədəb-ərkanla ona salam
verir. Ancaq xan onun salamını almır və ötüb
keçmək istəyir.
Nəqqaş deyir:
Ey, ali
süfyan dövlətindən geydiyin narıncıdır, Bəs
ki, nar əhlisən, axır sizi nar incidir...
Zeynalabdinin bu
beyti xanın xoşuna gəlir və onun qoluna girib xeyli
söhbət edir. Bu gün şairin şeirləri və
işlədiyi nəqşlərlə bağlı Ordubadın
qocaman insanları arasında çox maraqlı söhbətlər
dolaşır. Onun bir sıra yaradıcılıq nümunələri
və heç bir yerdə nəşr olunmayan şeirləri
sonradan Ordubadda yaşayan nəvələri tərəfindən
mətbuata açıqlanmışdır. Belə nümunələrdən
biri də “Pul”dur:
Pücəba
kimsələri qəhvənişin eyləmisən,
Qılmısan
dəhrdə hər əbləhi insan qara pul.
Fasiqi faciri kəzzabi
əziz eyləmisən, Mərifət əhli olub xakilə
yeksan qara pul!
Usta Zeynalabdin
Nəqqaş 1904-cü ildə vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 12-13 avqust.- S.14.