Dünyamızda
gözəl səsi qalan bəstəkar
Unudulmaz mahnıların müəllifi...
Onun 45 illik
ömründə yaratdıqlarını sadalamaq
həyatının dəyərini qiymətləndirməyə
yetər. Yaradıcılığının ən zəngin,
çiçəkləndiyi bir dövrdə
həyata vida edən sənətkardan elə
gözəl əsərlər yadigar
qalıb ki... Bəli, Qəmbər Hüseynli sənət
aləmində xalqına xidməti həyatının əsas
mənası hesab edən sənətkarlardan olub. Bütün
yaradıcılığı boyu professional musiqi sənətimizin
xalq tərəfindən daha çox sevilən janr və
formalar hesabına zənginləşməsinə
çalışıb.
Unudulmaz bəstəkarımızdan
bizə yadigar qalan mahnılar, romanslar və digər sənət
inciləri bu gün də çox qiymətlidir. Bəstəkarın,
dövlət radiosunun Qızıl fondunda qorunub saxlanılan və
müxtəlif sənətkarlar tərəfindən ifa olunan əsərləri
hər zaman sevə-sevə dinlənilir. Qəmbər
Hüseynli deyirmiş ki, bəstəkar hər hansı janrda
yeni əsər yaradarkən onun ünvanını - kimlər
üçün yazdığını öncədən nəzərə
almasa, özünü dinləyici yerində təsəvvür
edib, ona “yad” gözlə baxmasa, həmin əsərin müvəffəqiyyətinə
tam əmin ola bilməz. Məhz buna görə də, görkəmli
bəstəkarın bütün əsərləri xalqa
ünvanlanıb.
Qəmbər
Muxtar oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə
dünyaya göz açmışdı. Kiçik
yaşlarından doğma Gəncənin musiqi və poeziya
mühitindən təsirlənərək qrammafon vallarına
qulaq asmaqdan yorulmaz, tez-tez keçirilən aşıq musiqisi
gecələrinə gedər, səhərədək onları
dinləməkdən doymazdı.
1925-ci
ildə Gəncədəki birinci dərəcəli
məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər
artıq Seyid Əzim Şirvaninin,
Abbas Səhhətin, Mirzə Ələkbər
Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti,
çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri
və konsertlərə dəvət olunan
görkəmli xalq sənətkarlarından
Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi
Cəmil Əmirov və başqalarının
çıxışları musiqiyə sonsuz
marağı olan balaca
Qəmbərə böyük təsir
göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi
gecələri də təşkil olunurdu.
Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov,
Aşıq Qədir və başqalarının
sazlı-sözlü dünyası balaca Qəmbərin
musiqi sənətinə olan
marağını daha da
artırırdı.
1927-ci
ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin
tar sinfinə qəbul olunur.
1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük
bəstəkarı olan Fikrət Əmirov
və tarzən Zərif Qayıbovla birgə
addımlayırdı. “Rast”ı, “Şur”u, “Zabul segahı”nı və
başqa muğamları tarda
məharətlə ifa edən gənc və
istedadlı Q.Hüseynli hələ tələbə
ikən aşıq və el
havalarını toplayıb nota
alırdı.
Həyatın nəbzini musiqiylə
tutanda...
1934-cü
ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə
bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini
davam etdirmək üçün Bakıya göndərilir. Ona
Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq
təklif olunanda tərəddüd etmədən
razılıq verir. İki il müddətində
tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel
sinfində təhsil alır. Qərb ölkələrində
geniş yayılan bu aləti öz fitri istedadı ilə
“özününküləşdirməyi” bacarır.
Lakin Qəmbərin
musiqi bəstələməyə olan hədsiz marağı
onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə
texnikumda çalışan görkəmli musiqi
pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri
orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə
keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini
davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq
üçün çox zəruri olan qabiliyyətləri
özünü göstərir. O, görkəmli dramaturq Cəfər
Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını
bəstələyir. 50 ildən çox bir müddətdə
ağızlardan düşməyən bu gözəl vokal əsəri
ilə gənc Qəmbər istedadlı bir bəstəkar
olacağını təsdiqləyir.
1939-cu ildə
Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan
Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə
göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli
işlər görməyə müvəffəq olur.
Bir il sonra
Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər.
O, filarmoniyanın nəzdində fəaliyyət göstərən
Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində
dirijor köməkçisi vəzifəsində
çalışmaqla yanaşı, Üzeyir bəyin
tövsiyəsi ilə həmin illərdə yaranan
Sazçı Qızlar Ansamblının həm təşkilatçısı,
həm də bədii rəhbəri işləyir.
Gənc bəstəkar
1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas
Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə
daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini
davam etdirir. Üç ildən sonra tanınmış
şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom
işi kimi “Qızıl quş” operasını yazaraq,
1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə
bitirir.
Görkəmli
bəstəkarın yaradıcılığında mahnı və
romans yaradıcılığı mühüm yer tutur.
Unudulmaz sənətkarın romans lirikasının zirvəsi
sayılan “Ay işığında”, “Gecələr
uzanaydı”, “İlk məhəbbət”, “Düşür
yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki
zərifliyə heyran qalmamaq mümkün deyil.
Ancaq bəstəkarın
mahnı çələngində öz təravəti, xalq təranələri
ilə könüllər oxşayan, bütün
dünyanı diyar-diyar dolaşan bir sənət incisi də
var - “Cücələrim”. Qəmbər Hüseynli deyəndə
“Cücələrim”, “Cücələrim”in sədası
yayılanda isə Qəmbər Hüseynli yada
düşür. Şair Tofiq Mütəllibovla birgə hələ
1948-ci ildə bu gözəl sənət incisini yaratmaq
böyük sənət uğuru idi.
“Cücələrim”
o vaxtdan indiyə qədər dünyanın 100-dən
çox xalqının dilinə tərcümə olunub.
Dünyada “Cücələrim” qədər geniş yayılan,
yüz milyonlarla uşaqların və böyüklərin -
müxtəlif nəsillərdən olan adamların
zövqünü oxşayan ikinci bir Azərbaycan
mahnısı yoxdur. Sənətşünasların, sənət
bilicilərinin yekdil rəyinə görə, indiyə kimi
“Cücələrim” qədər öz müəllifini
bütün dünyada tanıtdıran ikinci mahnı
olmayıb. Bu mahnı sanki Azərbaycanın “vizit vərəqi”nə
çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə
heyəti İsveçrədə qarşılanarkən
qonaqları bir qrup Isveçrə məktəblisi “Cücələrim”
mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan
musiqisinin sərhədləri aşması demək idi.
“Cücələrim”i Çarli
Çaplin belə səsləndirib...
Vaxtilə
kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli
Çarli Çaplin gələnlərin Azərbaycandan
olduqlarını biləndə piano arxasına keçərək
“Cücələrim”i ifa edir və qonaqlara üz tutaraq deyir:
“Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən
o bəxtəvər bəstəkara salam yetirin!”
Tofiq
Mütəllibov xatirələrində yazır: “Bir gün Qəmbər
Hüseynli mənə zəng edib evlərinə dəvət
etdi. ”Cücələrim" mahnısının
melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn
yaza bilərsənmi? Razılıq verdim. Bir neçə
gündən sonra mətn hazır oldu. Onunla birlikdə mətndə
bir sıra dəyişikliklər etdik. Beləliklə, məşhur
“Cücələrim” meydana gəldi. O, həmişə deyərdi:
“Mən əminəm ki, ”Cücələrim"in səyahəti
böyük olacaq". Görkəmli bəstəkar sözlərində
yanılmamışdı. Əgər o, ömrü boyu
“Cücələrim” mahnısından başqa heç bir əsər
yazmasaydı, yenə də musiqi tarixində layiqli yer
tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq
hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli
“Cücələrim” mahnısı ilə
sağlığında özünə abidə
ucaltdı".
Yaradıcılığı
Azərbaycan milli musiqi mədəniyyətinin parlaq guşələrindən
birini təşkil edən, mahnı janrına bir sıra
yeniliklər gətirən, 300-dən çox sevilən musiqi əsərinin
müəllifi olan Qəmbər Hüseynli heç də rahat
həyat yaşamamış, çəkdiyi əzab-əziyyətlərə
tab gətirməyən səhhəti onu ömrünün
45-ci baharında bu dünyasından, sevdiyi peşəsindən
ayırmışdır. Böyük bəstəkar
xalqımızın millətsevər övladları Hüseyn
Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə
görə həbsxana küncünə atılır. Bu “cinayət”ə
görə repressiya qurbanına çevrilən Qəmbər
Hüseynli həbsxanada da çalıb-oxuyanları ətrafına
toplamış, hətta özü tar da düzəldibmiş.
Həbsdən
qayıtdıqdan sonra bəstəkar ailəsi ilə birlikdə
Bakıda zirzəmini xatırladan yarıqaranlıq mənzildə
yaşamalı olur. Lakin bir gün də olsa,
yaradıcılığından qalmır. Sanki Tanrının
ona verdiyi ömrün çox qısa olduğunu bilirmiş
deyə, hər şeyə tələsir, gecə-gündüz
çalışırmış. Sonralar Qəmbər
Hüseynliyə təzə mənzil versələr də, həbsxana
həyatı, neçə illər yaşadığı
rütubətli ev “xalq düşmənləri”ni müdafiə
etdiyinə görə aldığı tənələr, zərbələr
öz işini görmüşdü. Ağır xəstəlik
onu 44-45-də yaxalayır və çox keçmədən -
1961-ci il iyulun 31-də 45 yaşında əbədi olaraq
gözlərini yumur. Təzə mənzilində heç iki
il də yaşaya bilmir.
Böyük
bəstəkar qısa həyat sürüb, lakin onun misilsiz
musiqi əsərləri, bəstələdiyi mahnılar və
xalqımızın beşik nəğməsinə,
laylasına çevrilən “Cücələrim” 60 ildən
çoxdur ki, yaşayır və heç şübhəsiz,
hələ çox belə onilliklər də nəinki xalqımızın,
dünyanın bütün uşaqlarının sevimli nəğməsi
kimi səslənəcək. Hər səsləndikcə də
müəllifini yaşadacaq...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 17 avqust.- S.14.