Tarixin izlərini qoruyan
Kəngərli abidələri
Tədqiq
olunan abidələr kompleksi
Son illər ölkəmizin
müxtəlif bölgələrində başlanan
növbəti arxeoloji tədqiqatlar nəticəsində
bir çox qiymətli
abidələr əsaslı şəkildə öyrənilmiş
və yeni obyektlər aşkara
çıxarılmışdır. Elmi
şəkildə tədqiq olunan belə dəyərli
nümunələrin böyük bir hissəsi də Naxçıvanın
payına düşür. Tədqiqatçı
alimlərimizin araşdırıb öyrənilmiş belə
abidələr siyahısına Şahtaxtı-Kəngərli rayonunun Şahtaxtı
kəndi ərazisində qeydə alınan arxeoloji
abidələr kompleksi də daxildir. Kompleksin əsas
obyektlərindən biri Şahtaxtı
Govurqalası adlanan abidə Kəngərli
rayonunun eyniadlı kəndinin
yaxınlığında yerləşən şəhər yeridir.
Tunc-ilk dəmir
dövrlərinə aid olunan
abidə təqribən 2 hektar sahəni tutur. “Vikipedia”nın məlumatına
görə, ilkin olaraq
burada 1936-cı, 1979-cu və 1990-cı illərdə tədqiqatlar
aparılmış, müəyyən edilmişdir
ki, mədəni təbəqə tikinti qalıqları, əmək alətləri,
gil qab
sınıqları və çürüntü
qarışığından ibarət olub
3-4,5 metr qalınlığındadır.
Abidənin
iri daşlardan tikilmiş möhtəşəm qala divarı və yaşayış
binalarının qalıqları xüsusi
diqqət çəkir. Qala
divarının eni 2,2-2,6 metr,
dövrümüzə çatan hündürlüyü 1,2- 2,45 metrdir. Elmi mülahizələrə
görə, qala divarlarının inşa edildiyi dövrdə
Şahtaxtı qala - şəhər tipli yaşayış yerinə çevrilmiş, Naxçıvanın
iri tayfa
ittifaqlarından birinin mərkəzi olmuşdur. Bu dövrdə
Şahtaxtıda dulusçuluq, metalişləmə,
zərgərlik və sair peşələr
yüksək inkişaf etmişdir.
Ərazidən aşkar
edilmiş zəngin boyalı keramika nümunələri, silindrik
möhürlər (e.ə. XV-XIV əsrlər),
nəfis bəzək nümunələri Şahtaxtının
Yaxın Şərqin qədim
mədəniyyət mərkəzləri ilə yaxın əlaqə
saxladığını sübuta yetirir. Şahtaxtıdan çəhrayı, boz və qara rəngli gil qablar, bəzək əşyaları,
daş alətlər və dəyərli osteoloji qalıqlar əldə edilmişdir. Tapıntılara əsasən
Şahtaxtı yaşayış yeri e.ə.
III-I minilliklərə aid edilir.
Burada qeydə
alınan ikinci maraqlı sahə
Şahtaxtı yaşayış yeridir. Kəngərli rayonunun Şahtaxtı kəndi
yaxınlığında yerləşən orta
əsrlərə aid bu
sahədə qazıntı işləri nəticəsində
dairəvi planlı dulus kürəsi
qalığı, şirsiz (qazan, küpə, küp,
çölmək, çıraq və sair)
və şirli (kasa və
boşqab) qablar, gil fiqurlar, iki
ədəd şiş uclu
bıçaq tiyəsinin müxtəlif hissələri və
digər maddi mədəniyyət nümunələri
aşkar edilib götürülmüşdür. Sahədən
əldə edilmiş materiallar
Şahtaxtı əhalisinin əkinçilik və
maldarlıq, o cümlədən sənətkarlıq
və ticarətlə məşğul olduğunu
sübuta yetirmişdir.
Bu abidə sahəsində ancaq
ilkin kəşfiyyat xarakterli
tədqiqatlar aparılmışdır. Əldə olunan materiallara əsasən yaşayış yerinin VII-XIII əsrlərə aid olduğu ehtimal edilir.
Şahtaxtı nekropolları
Şahtaxtı
Govurqalasından şimal- şərqdə yerləşən,
orta, son Tunc, ilk Dəmir dövrlərinə aid başqa bir
arxeoloji abidə də I Şahtaxtı nekropoludur. Bu abidənin
sahəsi 5 hektardan çoxdur. Nekropolda qeydə alınan qəbirlərin
əksəriyyəti daş qutulardan ibarət olub, üzəri
torpaq qarışıq daş kurqanlarla
örtülmüşdür.
Arxeoloji
qazıntılar nəticəsində daş qutu qəbirlərin
birində bütöv at skeleti, polixrom boyalı küpə,
yüksək sənətkarlıq nümunələri olan boz,
qara rəngli gil qablar, qızıl təbəqə ilə
örtülmüş bəzək əşyaları, tunc məmulatı
aşkarlanmışdır. Tapıntılar əsasən e.ə.
II-I minilliklərə aid olunur.
Şahtaxtı
Govurqalasından cənub-qərbdə yerləşən II
Şahtaxtı nekropolu isə son Tunc, ilk Dəmir dövrlərinə
aid edilir. 1971-ci ildə abidə ərazisində aparılan
tikinti işləri zamanı bilmədən bir neçə
daş qutu qəbir dağıdılmışdır. Burada
çəhrayı və boz rəngli gil qablar, bəzək əşyaları,
silindrik möhür tapılmışdır. Bundan başqa,
1979-1980-ci illərdə torpaq işləri görülərkən
dağıdılmış xeyli daş qutu qəbirlərdə
küpə, kasa, çaydan, vaza, badya tipli gil qablar, silah və
daş alətlər aşkar olunmuşdur. Belə gil
qabların bəzisi cızma və yonma ornamentlərlə bəzədilmişdir.
Qeyd edək
ki, Boyalı Qablar mədəniyyətinin əsas məskənlərindən
sayılan Şahtaxtı Govurqalası və nekropollarından
tapılan polixrom boyalı qablar öz bədii tərtibatına
görə nadir incəsənət nümunələri kimi dəyərləndirilməkdədir.
Kəngərli
rayonunda son Tunc və ilk Dəmir dövrlərinə aid
başqa bir maraqlı abidə də Böyükdüz və
ya Köhnə Böyükdüz yaşayış yeridir. Bu
arxeoloji abidə hazırda Araz su Anbarının altında
qalmışdır. 1973-cü ildə abidədə
aparılan tədqiqat işləri nəticəsində
buradakı təpədən tikinti qalıqları aşkar
olunmuşdur. Uzunsov təpənin üzərindən müxtəlif
formalı, boz və qırmızı rəngli qab
qırıqları tapılmışdır. Tədqiqat
zamanı abidədən əldə olunmuş materiallar
Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil
verilmişdir. Abidənin e.ə. II-I minilliklərə aid olması
ehtimal edilir.
I Böyükdüz və II Böyükdüz
nekropolu
I Böyükdüz Kəngərli
rayonunda, eyniadlı kəndin cənubunda, Araz çayının sol
sahilində yerləşən
orta əsrlərə
aid yaşayış yeridir. Abidə 1991-ci ildə qeydə
alınmışdır. Daşqınlar nəticəsində abidəyə böyük
ziyan dəymiş, onun böyük bir hissəsi dağılmışdır. Burada da orta
əsrlər Azərbaycan
məişəti üçün
səciyyəvi olan çəhrayı rəngli
gil qab
qırıqları və
sair də aşkara çıxarılmışdır.
Aşkara çıxarılan tapıntılara əsasən
yaşayış yerinin
XI-XVIII əsrlərə aid olması güman edilir.
Ümumiyyətlə, Böyükdüz ərazisində iki nekropol obyekti aşkar edilmişdir. Tədqiqatçı alimlər tərəfindən
I Böyükdüz nekropolu
adlandırılan tarixi
obyekt Babək rayonunun eyni adlı kəndindən cənub-şərqdə yerləşir
və antik dövrə aid edilir.
Bu abidənin sahəsi 320 kv.m.-dir. Burada əllidən artıq qəbir var ki, onlar
əsasən daş qutu tiplidir. Bunların hamısı daşqın
zamanı yuyulub üzə çıxmışdır.
Qazıntılar zamanı qəbirlərin birindən
insan skeletinin qalıqları aşkar edilmişdir. Təsadüf nəticəsində dağıdılmış
bir neçə qəbirin materiallarını
1972-ci ildə sərhəd
gözətçi məntəqəsinin
zabitləri toplamış
və Naxçıvan
Dövlət Tarix Muzeyinə təhvil vermişlər. Tapıntılar
şüşə flakonlardan,
boz və çəhrayı rəngli
gil qablardan,
dəmir qılınc,
xəncər, bıçaq,
ox ucluğu və at ləvazimatı qalıqlarından
ibarətdir.
II Böyükdüz nekropolu
isə Kəngərli rayonunda,
Köhnə Böyükdüz
kəndindən qərbdə,
Böyükdüz çaylağının
sağ tərəfində
yerləşən antik
dövr abidəsidir. Bu yaşayış yeri də seldə
yuyularaq dağılmışdır.
Aparılan kəşfiyyat
işləri zamanı
boz və çəhrayı rəngli
gil qab
sınıqlarına, şüşə
qab parçalarına
rast gəlinmişdir.
Abidə 1991-ci ildə qeydə alınmışdır. Qəbirlər əsasən şimal-qərb
və şimal-cənub
istiqamətlərdə olub,
baş və ayaqda bir, yanlarda
isə iki iri sal daşla
qurulmuşdur. Qəbiristanlıq
Araz çayının
lap yaxınlığında (5-6 metrliyində) yerləşdiyindən,
qəbirlərin çoxu
daşqınlar zamanı
yuyulub dağılmış,
yalnız az
bir qısmi salamat qalmışdır.
Qəbirlərin ikisi tədqiq
edilmişdir. Onlardan
insan skeletləri, kəllə sümükləri,
dəmir xəncər,
bıçaq, biz, çəhrayı
rəngli gil
qab qırıqları,
tunc üzük, gildən hazırlanmış
təkər modeli aşkarlanmışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.-
28 avqust.- S.14.