Naxçıvanın
Boyalı qablar mədəniyyəti abidələri
Qızılburun
yaşayış yeri
Zaman-zaman qiymətli
tarixi abidələrimizi yetərincə təbliğ
edə bilmədiyimizdən, qarşımıza hər yerdə
onların saxtakar sahibləri
çıxıb. Bu haqda
çoxlu faktlar
göstərmək olar. Amma
bütün bu
oğurluqların qarşısını almaq
və qədim tariximizin möhürünü
başqalarının əlinə verməməyin ən
yaxşı yolu onların əsaslı
şəkildə araşdırılması və təbliğ
olunmasıdır. Bu mövzuda
daha bir dəyərli
abidələr kompleksi haqqında söhbət
açacağıq. Bəhs edəcəyimiz abidə
Naxçıvan ərazisində, Təzəkənd
yaxınlığında yerləşən e.ə. II-I
minilliklərə aid Qızılburun yaşayış yeridir.
Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin Araz
vadisinə enən istiqamətində salınmış abidə
1926-cı ildə qeydə alınmışdır. Burada arxeoloji tədqiqatlar uzun illər
sonra, 1969-cu ildə aparılmışdır. 100 kv.m sahədə
aparılan tədqiqatlar nəticəsində 2 kv.m mədəni
təbəqə qeydə alınmışdır. Bu təbəqə
kül qarışıq torpaq laylarından ibarətdir. Sahədən
əldə olunmuş çəhrayı boz və qara rəngli
keramika məmulatları öz bədii tərtibatına
görə nəinki Azərbaycanın,
eləcə də qədim dünyanın ən nadir incəsənət
nümunələrindən sayılır. Burada əldə
edilmiş maraqlı tapıntılardan biri də gildən
hazırlanmış kişi fiqurudur. Fiqurun başında
şiş papaq, əynində arxalıq var. Üzəri
qırmızı və qara rənglərlə
naxışlanmışdır.
Qədim
yaşayış yerinin yaxınlığında yerləşən
başqa unikal bir abidə də Qızılburun nekropoludur.
Bu, Tunc
və İlk Dəmir
dövrlərinə aid arxeoloji abidə hesab olunur. Təəssüf
ki, abidənin bir hissəsi Naxçıvan-Culfa
dəmir yolu xəttinin çəkilişi zamanı
dağıdılmışdır. 1895-ci ildə aşkara
çıxarılan nekropol şərqdə dağ silsiləsi,
şimalda dərin xəndək, qərbdə
yaşayış məskəni və Araz çayı ilə dövrələnir. Ərazidəki
açılmış qəbirlərdə qızıl əşyaların
olduğunu görən Güney Azərbaycandan gəlmiş erməni keşişləri məzarlıqdakı
bütün qəbirləri qarət etmişlər. Sonra məsələdən
xəbər tutan sərhəd gözətçi məntəqəsinin
əməkdaşları qarətin qarşısını
almış və əldə olunmuş materialların bir hissəsi
toplanaraq Moskvaya, Imperator Arxeoloji Komissiyasına göndərilmişdir.
Arxeoloji
komissiyanın göstərişi ilə 1896-cı ildə qəbiristanlıqda
qazıntı işləri aparılmış,
tapıntılar isə Moskva
Dövlət Tarix Muzeyinə göndərilmişdir. Muzeyə
göndərilmiş maddi mədəniyyət nümunələri
1909-cu ildə tədqiq edilərək nəşr
olunmuşdur.
Boyalı qablar və ya Qızılvəng
mədəniyyəti
Bu qədim
nekropolda aparılmış arxeoloji qazıntılar nəticəsində
daş qutu qəbirlərdə bükülü, bəzən
isə oturdulmuş halda basdırılmış meyidlər
aşkar edilmişdir. Bundan başqa, qəbirlərdən
küpə, çölmək, kasa, vaza, çaydan tipli
qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir
alət və silahlar, gözəl bədii tərtibatda
hazırlanmış qızıl bəzək əşyaları,
əqiq və pastadan hazırlanmış muncuqlar və digər
mədəniyyət nümunələri tapılmışdır.
Ümumiyyətlə,
1896, 1904 və 1926-cı illərdəÿ
burada tapılan tunc dövrünün qırmızı rəngli
qabları qara və qəhvəyi, yaxud, qara və
qırmızı boyalarla çəkilmiş həndəsi
naxışlarla, bəzən də insan və heyvan təsvirləri
ilə bəzədilmişdir. İlk Dəmir dövrünə
aid qablar qırmızı boya ilə, nisbətən enli xətlərlə
naxışlanmışdır. Bu səbəbdən də, tədqiqatçılar
Naxçıvan mədəniyyəti adı ilə
yanaşı, bu mədəniyyəti
Boyalı Qablar mədəniyyəti də
adlandırmışlar. Bu mədəniyyət eyni zamanda
yalnız erməni arxeoloji ədəbiyyatında bir müddət Qızılvəng mədəniyyəti kimi tanınmışdır. Bunun
da əsas səbəbi Naxçıvan mədəniyyətinə
aid olan ilk əşyaların ilk dəfə Qızılvəng
monastırı yaxınlığında aşkarlanması
olmuşdur.
Bu mədəniyyətin
sahibləri patriarxal - icma quruluşunda yaşamış, əkinçilik
və maldarlıqla məşğul olmuşlar. Qızılvəng
boyalı qabları ilə oxşar keramika nümunələri
Türkiyədə
(Boğazköy, Əlişarhöyük), Güney Azərbaycanda (Təpə
Sialk, Göytəpə, Təpəhissar), Ermənistanda (Təzəkənd) aşkar
edilmişdir.
Böyük
bir tarixi mərhələni əks etdirən Boyalı Qablar mədəniyyəti-
Qızılvəng mədəniyyəti və ya
Naxçıvan mədəniyyəti, əsasən Naxçıvan MR ərazisində
yayılmış Tunc və İlk Dəmir dövrlərinə
(e.ə. II minillik-I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət
hesab olunur. Boyalı Qablar mədəniyyəti
üçün erkən şəhər mədəniyyəti
(Kültəpə, Qədim Naxçıvan, Oğlanqala,
Qazançı qalası, Govurqala, Qalacıq və s),
yaşayış yerləri (Şortəpə, Nəhəcir,
Meydantəpə, Kərki, Əznəbürt, Vayxır, Dəmirçilər
və s.), siklop tikililəri, istehkamlar, torpaq və daş qutu
qəbirlər, kurqanlar xarakterikdir.
Naxçıvan mədəniyyətinin
dörd inkişaf mərhələsindən biri
Ümumiyyətlə
götürdükdə isə, Naxçıvan mədəniyyəti
dörd inkişaf mərhələsi keçmişdir. Bəhs
etdiyimiz qabların yarandığı dövr bu mədəniyyətin
ikinci mərhələsinə aiddir. Əgər e.ə. XX-XVII
əsrləri əhatə edən I mərhələ
üçün qırmızı rəngli monoxrom
naxışlı (qara rəngli) qablar səciyyəvidirsə,
e.ə. XVII- XV əsrləri əhatə edən II mərhələ
üçün mürəkkəb həndəsi motivlər,
insan, heyvan və quş rəsmləri (II Kültəpə,
Şahtaxtı, Qızılvəng) ilə zövqlə
naxışlanmış boz və sarı rəngli, polixrom
qablar xarakterikdir. Birinci mərhələdə qara və boz rəngli,
qismən cilalı, cızma, çərtmə, basma və
yapma naxışlı sadə saxsı nümunələr təsadüf
edilir. Bu mərhələdə boyalı qablar dalğalı,
sınıq və düz xətlər, bucaq, üçbucaq,
trapesiya, romb və dairələrlə bəzədilmişdir.
Bəzi qabların (Nəhəcir və Yaycı
yaşayış yerləri) üzərində insan,
keçi, maral və quş təsvirləri var. İkinci mərhələni
əks etdirən qabların üzəri isə əsasən
açıq çəhrayı və sarı rənglə
örtülmüş, tünd qırmızı, qəhvəyi,
qara və ağ rənglərlə bəzədilmişdir.
Bundan
başqa, bəhs olunduğu kimi, Qızılburun nekropolu ərazisində
yerləşən çox maraqlı bir abidə də qeydə
alınmışdır. Bu, orta əsrlərə aid
Qızılvəng monastırıdır. Məbəd
yaxşı yonulmuş qırmızı tuf daşı və
bişmiş kərpicdən inşa edilmişdir. Salamat
qalmış əsas kilsə binasının daxilində on səkkiz
freska var. Bunlardan səkkizi böyük dördkünc
sütunlar üzərində, onu isə günbəzdə
çəkilmişdir. Məbədin hazırda ancaq izləri
qalmışdır.
Bu ərazidə
eyni adı daşıyan bir neçə maraqlı yer var.
Onlardan biri də Babək rayonunun ərazisində,
Naxçıvan şəhərinin yaxınlığında
yerləşən Qızılvəng mineral su
bulağıdır. Bulaq Naxçıvan şəhərindən
18 km cənub-şərqdə, Şordərə
çayının töküldüyü dərədə
yerləşir. Suyu soyuq və acı-şordur. Bu hidronim də
adını ərazidəki eyniadlı Qızılvəng məbədindən
almışdır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 31 avqust.- S.14.