Məlikovların teatr fədaisi Məhəmməd bəy

 

«Sözün əsl mənasında səhnə dəlisi...»

 

Azərbaycan teatr sənətinin inkişafında mühüm xidmətləri olan şəxslərdən biri də Məhəmməd bəy Məlikovdur. O, böyük maarifçi Həsən bəy Zərdabinin qardaşı oğludur. Məhəmməd bəy müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etmiş, bir çox obrazlar yaratmışdır. O, əsl teatr fədaisi idi, teatrda gah inzibatçı, gah rejissor kimi fəaliyyət göstərmiş, hətta aktyorların geyimlərini hazırlamış, yeri gələndə qrimçini də əvəz etmişdir.

Bu teatr fədaisinin həyat və yaradıcılığı haqqında yazılı materiallar azdır. Amma sənətkarın dünyaya göz açdığı rayonda yaradılmış bir saytda (www.zerdab.com) onunla bağlı ümumi bioqrafik məlumat əldə etmək mümkündür.

Məhəmməd bəy Məlikov Əlvəndi 1872-ci ildə Zərdab bölgəsinin Əlvənd kəndində anadan olmuşdur. Əmisi görkəmli ziyalı Həsən bəy Zərdabinin yaxını kimi, hələ uşaqlıqdan o dövrün mütərəqqi ziyalılarının əhatəsində olmuş, Azərbaycan və rus dillərini mükəmməl öyrənmişdir.

Məhəmməd bəy Əlvəndi 19-cu əsrin sonlarına yaxın Bakıya gələrək dövrün qabaqcıl ziyalıları ilə yaxından ünsiyyətdə olmuş, bir müddət müstəntiq yanında dilmanc işləmiş, hətta vəkillik də etmişdir.

Məhəmməd bəy aktyorluğa 1890-cı ildə başlamışdır. O zaman Məlikovlar nəslinin başqa nümayəndələri də onunla birlikdə aktyorluq edirdilər.

Həmin vaxt “Müsəlman dram teatrı cəmiyyəti”nə də ilk üzv olanlardan biri Məhəmməd bəy idi. Hüseyn Ərəblinski, Əbülfət Vəli də həmin cəmiyyətə ilk üzv yazılanlardan olmuşdur.

Xalq artisti Hacıağa Abbasov bu barədə belə yazırdı: “Məhəmməd bəy Əlvəndi ucaboy, möhkəm bədənli, sağlam düşüncəli bir şəxs idi. Sözün əsl mənasında səhnə dəlisi idi. Onun bu sevgisi ağıllı zəhmətindən qidalanan qüvvətli istedadından doğurdu...”. Doğrudan da Məhəmməd bəy Əlvəndi ömrünü Azərbaycan teatrının tərəqqisinə həsr etmiş bir sənətkar idi.

Məhəmməd bəy 1908-ci il noyabrın 4-də bir qrup müsəlman ziyalısı ilə bir vaxtlar Həsən bəy Zərdabinin redaktoru olduğu “Kaspi” qəzetində “Nicat” cəmiyyəti nəzdində teatr qrupu təşkil etmək təşəbbüsü ilə çıxış etmiş, imkanlı adamlara bu teatrın təşkili üçün maddi və mənəvi yardım göstərməyə çağırmışdır.

Bu çağırışdan iki gün sonra - noyabrın 6-da onlar Bakı şəhər teatrında Qoqolun “Müfəttiş” əsərini tamaşaya qoymuşlar. Həmin tamaşada Məhəmməd Əlvəndi Osipi, Hüseyn Ərəblinski Dobçinski rolunu məharətlə ifa etmişlər.

 

Milli teatra töhfələr...

 

“Azərbaycan teatrının salnaməsi” kitabında “Tərəqqi” qəzetinin 1909-cu il sentyabrın 16-da dərc etdiyi belə bir məlumatda deyilir ki, “Nicat” cəmiyyətinin heyəti teatr seksiyasını ləğv edib, əvəzində sədr İ.Aşurbəyovun məsulluğu və sədrliyi ilə yeni mövsüm üçün dram truppası təşkil etmişdir. Truppaya Ərəblinski, Əlvəndi, Vəli Muradov, RzayevSarabski daxildir...".

Məhəmməd bəy müxtəlif vaxtlarda Mehdi bəy Hacınski, görkəmli səhnə ustamız Nəsibə xanım Zeynalovanın atası Cahangir Zeynalovbaşqa nəhəng sənətkarlarla birlikdə dəfələrlə səhnəyə çıxmışdır. O, hətta ucqar rayon və kəndlərə gedərək tamaşalar göstərir, teatrı təbliğ edir, savadsızlığın, nadanlığın, mövhumat və cəhalətin hökm sürdüyü əyalətlərdə mədəniyyətin inkişafı üçün əlindən gələni edirdi.

Məhəmməd bəyin bu xidməti həmin dövr mürtəce qüvvələrin xoşuna gəlmirdi. Mürtəce qüvvələr dövrün vicdanlı, namuslu sənətkarlarının səhnədən qovulmasına nail oldular, onlar təqib edildi, məşəqqətlər yaşadı. Azərbaycan teatrının dörd nəhəng siması Cahangir Zeynalov, Əbülfət Vəli, Hüseyn Ərəblinski və Məhəmməd bəy Əlvəndi təqribən eyni vaxtda ayrı-ayrı şəraitdə fəlakətə düçar oldular.

Müasirləri xatirələrində yazırlar ki, Əlvəndi Bakıda Qurbanov küçəsində çay fabrikinin yanında ikinci mərtəbədə yaşayırdı. O, həyatda çox səmimi, sadə bir insan idi. Məhəmməd bəy müxtəlif vaxtlarda M.F.Axundovun “Hacı Qara” komediyasında Heydər bəy, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” və “Müsbəti-Fəxrəddin” əsərlərində Əşrəf bəy və Rüstəm bəy, N.Nərimanovun “Nadir şah” faciəsində şah Təhmas, Ə.Haqverdiyevin “Ağaməhəmmədşah Qacar” dramında Murtuzaqulu xan, Ş.Saminin “Dəmirçi Gavə” əsərində Qəhtan, N.Qoqoloun “Müfəttiş”ində Osip, V.Şekspirin “Otello” faciəsində Yaqo, C.Molyerin “Zorən təbib” komediyasında təbib və daha neçə-neçə tamaşalarda parlaq obrazlar yaratmışdır.

O dövrün teatr resenziyalarında yazılırdı ki, Əlvəndinin yaratdığı obrazlar həyatiliyi, bədii dolğunluğu ilə fərqlənir.

“Obozreniye teatrov” jurnalı 1910-cu ildə çıxan ikinci nömrəsində “Otello” tamaşası haqqında dərc edilmiş resenziyada Ərəblinski, Əlvəndi və Vəlinin oyununa yüksək qiymət vermişdir.

“Kaspi” qəzetinin 4 dekabr 1910-cu il tarixli sayında dərc edilmiş bir xəbərdə deyilir: “Başda Ərəblinski, Əlvəndi və Muradov olmaqla müsəlman artistlərinin oynadığı ”Pulsuzluq" etüdü yaxşı keçdi".

“Yeni həqiqət” qəzetinin 6 mart 1911-ci il tarixli sayında “Kəblə Qubad” tamaşasında Mirzağa Əliyevin, M.Əlvəndinin, S.Səlimbəyovun və Əli Islamov cənablarının öz rollarını gözəl oynadıqları xəbər verilirdi.

 

Həyat da ona oyun oynadı...

 

Məhəmməd bəy zəmanənin haqsızlığından, “Nicat” cəmiyyətinin aktyorları dəyərdən salmasından bunun nəticəsi olaraq müsəlman teatrının bərbad hala salınmasından inciyərək teatrdan üz döndərmişdi.

“Azərbaycan teatrının salnaməsi” kitabında “İqbal” qəzetinin 1914-cü il 30 aprel sayındakı baş məqaləyə istinad edilərək qeyd olunub ki, “”Nicat" cəmiyyəti öz günahı üzündən artıq teatr işindən əl çəkməyə məcbur oldu. Vaxtilə çox parlaq olan səhnəmiz pərişan bir hala düşdü. Qabil məharətli artistlərimiz özlərini kənara çəkdilər. Müqtədir aktyorlarımız qürbətə getdilər. Çünki dram oynamağa artıq qüvvə qalmadı. Camaat da artıq dramdan bir növ iyrəndi...".

“Baku” qəzeti 31 mart 1911-ci il tarixli sayında yazırdı: “Nicat” cəmiyyəti teatr işinə bir gəlir mənbəyi kimi baxır. bu səbəbdən opera tamaşalarına əhəmiyyət verib dram səhnəsini başına buraxıb. Nəticədə dram artistləri şəhər kəndlərə dağılıb çörək qazanmaq xatirinə sənətkarlığı peşəçiliyə çevirməyə məcbur olurlar. Ərəblinski, Vəli, Əlvəndi kimi artistlər ehtiyac içində dolanmalı olurlar".

Millətini çox sevən, yaratdığı səhnə obrazları ilə insanları ədalətə birliyə çağıran Məhəmməd bəy Əlvəndi həyatının son illərində acı bir ömür yaşadı. 1918-ci ilin mart qırğınlarını gözləri ilə gördü erməni vəhşiliyindən, bu soyqırımdan sarsılaraq ruhi xəstəliyə düçar oldu tənhalıq içərisində, elə ruhi xəstə vəziyyətində, ürəkgöynədən bir şəraitdə həyatını itirdi.

Məhəmməd bəyin öz doğma kəndinin adını təxəllüs kimi götürməsinin bir səbəbi o illərdə Bakı teatrlarında Məlikov soyadlı Mahmud bəy, Əhməd bəy başqa eyni soyadlı aktyorların olması, eyni zamanda o dövrdə aktyorların təxəllüs götürməsinin dəbdə olması ilə bağlıdır.

Məhəmməd bəy Əlvəndinin məzarı harada olması, onun yaxınlarından, doğmalarından həyatda kiminsə qalması hələ məlum deyil.

Tədqiqatçı alim İnqilab Kərimov Məhəmməd bəy Əlvəndi haqqında “Məhəmməd bəy Əlvəndi” əsərini yazmış onu kitab şəklində çap etdirmişdir. Bu əsərdə İnqilab Kərimov Məhəmməd bəy Məlikov Əlvəndinin Zərdabın Əlvənd kəndində doğulduğunun yazıb təsdiq etmiş, əvvəlki səhv məlumata görə üzr istəmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

Azadlıq.- 2012.- 1 dekabr.- S.14.