“Hamısı
diriykən ölüdür, ölmüş ikən canlı...” .
Sadə bir tacir oğlu
Cənubi Azərbaycan
ədəbiyyatının maraqlı simalarından biri də Hacı Zeynalabdin
Məşədi Səfərəli oğlu
Marağayidir. O, ədəbiyyat tarixində
3 cilddə çap olunmuş
“Səyahətnameyi İbrahim bəy” əsəri ilə qalıb. Hacı Zeynalabdin Marağayi 1838-ci ildə bir azərbaycanlı
tacirin ailəsində dünyaya gəlib. 20 yaşınadək
Marağa və Ərdəbil şəhərlərində
yaşayan Zeynalabdin atasından qalan mal-dövlət əlindən
çıxdıqdan sonra qardaşı ilə bərabər vətənini
tərk edib.
Əllərindəki
kiçik sərmayə ilə Qafqaza gəlib çıxan
qardaşlar Tiflis şəhərində yerləşib. Bu
şəhərdə bəxti gətirən qardaşlar 3-4 il
müddətində xeyli sərvət qazanıb. Cənubdan gələnlərin
yolu Tiflis şəhərinə daha çox düşdükcə
o, daha çox tanınmağa başlayır. Sonra da İranın
baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən
Kitayis şəhərində naib-konsul işinə dəvət
olunur.
Marağeyi bu barədə belə deyirdi: “O zamanlarda mən həm konsul və həm iranlıların başçısı, həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Kəriməyə getməyə məcbur oldum və qardaşımla birlikdə İstanbuldan Kəriməyə malul ticarə aparıb, orada ticarətə məşğul oldum. Yenə də az zamanda, kafi sərmayə ələ gətirib o şəhərdə qalmalı olduq”.
1852-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibə başladı. Bu zaman qardaşlar Yaltaya gedib orada işlərini davam etdirdilər. Yalta şəhəri rus imperatorunun yaylağı idi. Bu şəhərdə Zeynalabdin əsas işini yüksək təbəqənin nümayəndələri ilə qururdu. O, qısa zamanda özünə böyük hörmət və etibar qazanaraq “İranın dürüstkar taciri” ləqəbini aldı. Hətta ona rus təbəəsi olmaq təklif edildi. Bu təbəəliyin ona yararlı olacağını düşünən Zeynalabdin bunu qəbul edir.
Amma nə
yığdığı var-dövlət, nə də
qazandığı mövqe ona zövq verirdi.
Hər an vətənində qoyub gəldiyi soydaşlarını,
oradakı istibdad rejimini
düşünür, kənarda
dayanıb öz həyatını yaşamaq ona əzab verirdi. Beləliklə, bir
gün dükanı, evi
və bütün var-dövlətini
satıb İstanbula gəlir. O, ailəsini burada
qoyub Məkkə ziyarətinə yola düşür. Bundan sonra rus
təbəəsi ola-ola illər boyu İstanbulda yaşayır. Nəhayət,
o, Mirzə Mahmudxan Əlaülmülk
vasitəsi ilə rus təbəəliyindən
imtina etdi, yenidən İran tabeliyini aldı.
Hacı Zeynalabdin İstanbulda
olan zaman “Şəms”
qəzeti ilə həmkarlığa başlayır və Kəlkətədə
nəşr olan “Həbülül-mətin”
dərgisində məqalələr yazır.
“Səyahətnameyi Ibrahim bəy”
Marağayinin
əsas əsəri 3 cilddə çap olunmuş “Səyahətnameyi
İbrahim bəy” kitabıdır. Bu əsər o dövrdə
İranda baş verən ictimai-siyasi hadisələri tam
açıqlığı ilə ortaya qoyur. Müəllif
öz əsərində Qacar məmurlarının əməlləri,
oradakı hakimlərin rəftarı, öz
soydaşlarının savadsızlığı, xalqı
aldadan mollaların hoqqalarından yazır. Buna görə də
kitabın ilk çaplarında müəllifin adı gizli
saxlanır.
Əsərin
qəhrəmanı İbrahim bəy bir prototipdir, çox
güman ki, o, Hacı Zeynalabdinin öz ədəbi
obrazıdır. Kitabın I cildi İranda yayılanda heç
kəs, bir savadsız və sadə tacirin elə yüksək
səviyyədə əsr yazmağına inana bilməzdi. Ona
görə də çoxları kitabın müəllifinin “Əxtər”
nəşrinin yazarlarından Mirzə Mehdixan olduğunu
deyirdilər. Amma Mirzə Mehdixanın ölümündən
sonra kitabın II və III cildi çap olunduğuna görə,
bu iddiaya son qoyuldu.
Əsərin qəhrəmanı İbrahim bəy iranlı bir tacirin oğludur. 50 il əvvəl ticarət üçün Misirə köçüb, orada ticarət qurub və orada yaşamalı olur. Müəllif göstərir ki, bu 50 il ərzində İranda heç bir köhnə adət və ənənə dəyişməyib və öz köhnəliyinə elə bağlı qalıb ki, heç bir kəlmə ərəb sözü də öyrənən olmayıb. Özü bir iman sahibi olan tacir ailəsini və uşaqlarını da vətən eşqi ilə böyüdüb. Tacirin böyük oğlu 20 yaşına çatan zaman atası dünyasını dəyişir. İbrahim bəy 20 yaşında vətənsevər, fərasətli, qeyrətli və nəcib bir gənc idi. O, bir neçə xaric dil öyrənib. Atası dünyaya göz yuman zaman oğluna vəsiyyət edir: “30 yaşına yetənədək dünyanın hər yerinə səfər edirsən et, ancaq getdiyin yerlərdə hər nə görsən yaz və saxla, o yazdıqların bir gün kara gələr”.
Atanın ölümündən sonra İbrahim bəy müqəddəs Məşhəd ziyarəti arzusu ilə “Bəndəri Berr Misirə”, oradan İstanbula, Batuma, Tiflisə, Bakıya, Ənzəliyə, Sariyə, Uzun Adaya, Aşqabada və nəhayət, müqəddəs Məşhəd şəhərinə yetişir.
İbrahim bəy Batum şəhərinə
yetişdiyi zaman orada ilk dəfə görür: “İranlılar dəstə-dəstə
yırtıq-yamaq paltarla nəhayət,
miskinlikdə üzləri aclıqdan saralmış və zəif
halətdə bir tikə çörəyə
görə hər işi qəbul edirlər”.
Həmvətənlərinin birindən eşidir:
“Bütün Qafqazın şəhərləri,
qəsəbələri və hətta kəndləri də
belə ac və yersiz
iranlılarla doludur. Onlar hakimlərin,
darğaların, bəylərin və kattaların
zülmündən qaçıb, Rum, Rus və Hindistan məmləkətlərinə
yayılıb və sübhdən axşamadək günün qabağında bir
tikə çörəyə görə ağır işləri
qəbul edirdilər”.
Əl-əl gəzən “zərərli”
kitab
...Sonra
İbrahim bəy Tehrana yetişib, hər kəsin
qapısını döyür, tanıdığı hər
bir vəzir ya vəkilin qapısına gedir,
düşünür ki, bəlkə həmvətənlərinə
bir çarə tapa. Ancaq heç kəsdən cavab ala bilmir,
görür İranın vəzir-vəkilləri sərxoşluq
içində yatıb və dünyadan xəbərləri
yoxdur. O, yenidən kədərli və məyus halda Misirə
qayıdır. Qayıdan zaman Qəzvin, Ərdəbil,
Marağa, Binab, Urmiyə və Təbriz şəhərlərindən
keçir, oradan Mərəndə və Batum şəhərinə
gedir və yenə Misirə qayıdır.
İbrahim
bəy öz səfərində İranın çox vilayət
və şəhərlərindən keçib, onların
ümumi vəziyyətlərini sadə şəkildə
yazıb və şərh edir. Onun məqsədi yazmaq və tənqid
etmək və soydaşlarını oyatmaq idi. O, hər şəhərdən
çıxanda bu cümləni təkrar edir: “Hamısı
diriykən ölüdür, ölmüş ikən
canlı”.
Bu səyahətnamə əsəri tam bir salnamə kimi XIX əsrin sonlarında İranın ümumi durumunu təsvir edir. Əhməd Kəsrəvi “Tarixi məşruteyi İran” kitabında yazır: “O kəslər ki, bu kitabı öz zamanında oxuyublar və özlərində bir ağır silkinti hiss ediblər, təkcə onlar bu kitabın ərzişini bəyan edə bilərlər, çox şəxsləri tapmaq olar ki, bu kitabın vasitəsilə ağır cəhalət yuxusundan oyanıb və agah insanlara qoşulublar”.
“Səyahətnameyi İbrahim bəy” əsərinin yazılmasına qədər İranda bu üslubda yaranan nümunə yox idi. Xüsusilə, kitabın sadə və aydın yazılması onun güclü təsir bağışlamasının əsas səbəbi sayıla bilər. Kitab yayıldığı zaman Iranda savadlı şəxslərdən biri onu evdə və ya qəhvəxanalarda oxuyur, onlarla savadsız insan da bir yerə yığışıb ona qulaq asırdılar.
Bu əsər elə bir dövrdə yazılmışdı ki, Qacar şahları
yazarların əsərlərini nəzarətdə
saxlayır, “zərərli” kitabların yayılmasına imkan vermirdi. “Səyahətnamə”
kimi əsərlər də belə “zərərli”
ədəbiyyat siyahısına daxil idi və şübhəsiz, onun
yayılmasına da hər yolla
mane olurdular. O
dövrdən uzun zaman
keçir və neçə nəsil bir-birini əvəz edib. Amma Hacı Zeynalabdinin “Səyahətnamə”si
zamanı qabaqlayan bir kitab kimi hər dövrdə
yeni və aktual olaraq qalır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 2-3 dekabr.- S.14.