Türkiyəyə
hüquq təhsili arxasınca...
Böyük azərbaycanlı alim
və yazar Həmid Nitqi
Cənubi Azərbaycan
ədəbiyyatı və yazarları haqqında çox da məlumatlı
deyilik. Arazın o
tayında yaşayan
soydaşlarımızdan bir neçə
məşhur şair və
yazıçı istisna olmaqla,
çoxunu tanımırıq. Belə
şəxslərdən biri,
dünyanın bir çox
ölkələrində məşhur olan
Həmid Nitqi də yaxından
tanımadıqlarımız sırasına daxildir.
O, Güney Azərbaycanın məşhur
ziyalılarından biri, hüquqşünas,
şair, və ədəbiyyatşünas
alim idi.
Həmiq Nitqi 1920-ci ildə Təbrizdə anadan olmuşdur. Əvvəlcə ibtidai təhsilini Iranda məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. Sonra isə 1933-cü ildən Firdovsi liseyində oxumuşdu. Uşaqlıqdan şeir yazmağa böyük maraq göstərirdi. Bu marağı onda həm oxuduğu qəzet və jurnallar, həm də atasının şeir yazmağı oyatmışdı. Oxuduğu liseydə coğrafiyadan dərs deyən şair Həbib Sahir 15 yaşlı Həmidin ilk şerinin “Şahin” qəzetində çap olunmasına kömək etmişdi. Liseyi bitirən Həmid Nitqi Tehranda hüquq təhsili alsa da, ədəbiyyata marağı azalmır. Gənc istedad 1933-cü ildən Iranda çıxan müxtəlif qəzetlərdə ictimai-tarixi, pedaqoji mövzulu yazılar və şeirlərlə çıxış edir. Sonralar onun İranda Türk və fars ədəbiyyatından bəhs edən əsərləri, həmçinin hekayələr kitabı nəşr olunmuşdur.
Azərbaycan ziyalıları 1942-ci ildə “Azərbaycan” cəmiyyəti yaratdılar və eyni adda qəzet çap olundu. Həmid Nitqi cəmiyyətin orqanı olan həmin qəzetə baş redaktor təyin edildi.
1943-cü ildə İran hökuməti 100-ə yaxın gənci Türkiyəyə oxumağa göndərdi. Onların arasında Tehran Universitetinin hüquq fakültəsinin məzunu Həmid Nitqi və bu gün Dünya Ürək Cərrahları Cəmiyyətinin vitse-prezidenti kimi tanınan alim Cavad Heyət və başqaları vardı.
Təhsil aldığı Istanbul mühiti Həmid Nitqinin dünyagörüşü və yaradıcılığına böyük təsir edir. O, hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, Türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olmaq imkanı qazanır. Həmid Nitqi Istanbulda universiteti bitirib doktorantlığı müdafiə etdikdən sonra Irana qayıdır. O, Abadandakı neft şirkətində yeni açılan ictimaiyyətlə əlaqələr və curnalistika idarəsində çalışmağa başlayır. Sonra şirkətin orqanı olan “Xəbərhaye-ruz” (“Günün xəbərləri”) qəzetinin müdiri və baş yazarı təyin olunur. Müəyyən müddətdən sonra onu şöbə rəisi vəzifəsinə irəli çəkirlər. Qısa zamanda Nitqi tədqiqat aparmaq üçün Ingiltərə və Amerikaya göndərilir.
1962-ci ildə o, yenidən Tehrana qayıdıb və Neft
konsorsiumunda ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi vəzifəsini tutur.
Eyni zamanda onu Tehran universitetində yeni açılan “İctimaiyyətlə əlaqələr”
fakültəsində dərs demək üçün
dəvət edirlər. Həmid Nitqi
universitetdə 25 ildən artıq müəllim və professor kimi
çalışmış, yüzlərlə tələbə
yetişdirmiş, 2 il
sözügedən fakültənin dekanı olmuşdur.
“Yeni ictimaiyyətlə əlaqələr
elminin atası”
1994-cü
ildə çalışdığı Əllamə Təbatəbai
Universiteti tərəfindən 25 illik xidmətlərinə
görə ona “yeni ictimaiyyətlə əlaqələr
elminin atası” rəsmi titulu verilmişdir.
H.Nitqi özü ədəbiyyata olan həvəsini atası və müəllimi Həbib Sahirlə bağlayırdı. Bu barədə o, xatirələrində yazırdı: “Mənim atam ədəbiyyatçı idi. Onda qədim qəzetlərin kolleksiyası vardı. Mən ”Nəsimi-şimal" və “Molla Nəsrəddin”i oxuyurdum. Məlüküş-şüəarının həftəlik çıxardığı “Növbahar” qəzetini o qədər oxumuşdum ki, əzbər bilirdim. “Şahin” adlı qəzeti çox kiçik yaşlarından oxuya-oxuya məqalələr yazmağa başladım. Elə yazı xəstəliyim də o vaxtdan başladı. Şeirə gəlincə, atam şeir həvəskarı idi, özü yazdığı şeirlər də az deyildi. Mən də ona baxıb həvəsləndirdim. Mən elə bilirdim ki, bizim dilimizdə ancaq komik, məzhəkəli şeirlər yazılır, ciddi şeirlər isə farsca olur. Ibtidai məktəbdə türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar, mən türkcə ilə farscanın fərqinə vaqif oldum? Anladım ki, pul fərqləri varmış. Evdə olanda atam deyərdi ki, filan kəlmənin farscası yoxdur. İstanbula gəldikdən sonra gördüm ki, türkcə ciddi şeirlər də varmış. Təəccüb etdim, yavaş-yavaş gördüm ki, bizim də ciddi şeirlərimiz ola bilər. Sonralar Abadanda işləyərkən oranın kitabxanasında filologiya və ədəbiyyatla bağlı kitabları oxuyub araşdırmağa başladım"(Vikipedia).
Həmid Nitqi 1935-ci ildən İranda çıxan müxtəlif qəzetlərdə ictimai-tarixi, pedaqoji mövzulu yazılar və şeirlərlə çıxış edirdi. İranda onun türk və fars ədəbiyyatından bəhs edən əsərləri, həmçinin hekayələr kitabı nəşr olunmuşdur. Onun “Hər rəngdən”, “Dünəndən bu günə”, “Gənclik günahları”, “Min ilin sonu” və başqa kitabları Tehranda, Bakıda, Ankarada və İslamabadda çap olunmuşdur.
Həmid Nitqi uzun müddət Tehranda nəşr olunan “Varlıq”ın baş yazarı olmuş, dərgidə Türkologiya, ədəbiyyatşünaslıq, publisistika sahəsində yazılar və şeirləri ilə çıxış etmişdir.
Pəhləvilərin
apardığı assimilyasiya siyasəti nəticəsində
Azərbaycan dili yalnız məişət
səviyyəsində istifadə olunmaqla öz işləkliyini itirir,
inkişafdan qalırdı. Həmin
dövrdə dilin yaşaması və
dövlət səviyyəsində işlənməsi uğrunda mübarizə aparan
ziyalılardan biri də H.Nitqi olmuşdur. Onun dərgidə dərc etdiyi
məqalələrində Azərbaycan dilinin
tarixi, onun Türk dilləri sistemində yeri,
lüğət tərkibi və s. kimi mühüm məsələlərə
toxunulurdu.
“Şəhərimdən
bütün mavi quşlar uçmuşdu...”
H.Nitqi “Zəngin yoxsullar” adlı məqaləsində Azərbaycan dilinin işlənməsi və onun tarixinin, lüğət tərkibinin və qrammatik qanunlarının dərindən, hərtərəfli öyrənilməsi məsələsini irəli sürmüş və sonralar “İmla qaydaları” adlı məqaləsini “Varlıq” dərgisinin əlavəsi kimi nəşr etdirmişdir. O, Quzeydə artıq sınaqdan çıxmış imla prinsiplərinə istinad etməklə ərəb əlifbasının özünəməxsusluğu əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olmuşdur.
Həmid Nitqi jurnalistika ilə yanaşı elmi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Türkologiya, ədəbiyyat və tarixlə də yaxından maraqlanan H.Nitqi “Yönətiçilik və xalqla ilişkilər”, “Dünyanın ən güclü 25 qəzeti”, “Sosial ilişkilər üzərinə”, “İnandırma, təbliğat və reklamçılıq” və başqa dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirmişdir.
Nitqinin İran ədəbiyyatında həm forma, həm də məzmunca yeniləşməsində də əməyi az olmamışdır. Bir çox şairlər kimi o simvolikadan hakim rejimdən sığortalanmaq üçün deyil, lirik şerlərinin fəlsəfi məzmun çalarlarını oxucuya çatdırmaq üçün istifadə edib.
H.Nitqinin doğum günü Azərbaycan milli istiqlal mübarizəsinin liderlərindən biri - Şeyx Məhəmməd Xiyabaninin ölüm gününə təsadüf etmişdir. Şair bunu bir şeirində özünəməxsus kədərli notlarla əks etdirmişdir.
Sənin gözlərin yumulanda,
mən gözlərimi açdım:
Hər yan dumandı, sisdi, tüstüydü,
Yanğın külləri hələ istiydi,
Şəhərimdən
bütün mavi quşlar uçmuşdu,
lakin sən, röyalarımı xəyalınla doldurdun,
gözümdə nur,
dizimdə zor,
ürəyimdə qürur oldun,
amma nə üçün
vəd etdiyin
saat çalmadı?
nədən əkdiyin ağac qol-budaq salmadı?
yaralar sağalmadı...
H.Nitqi 1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin “İslam və Orta Şərq Araşdırmaları” bölümündə çalışmışdır.
Doktor Həmid Nitqi Böyük Britaniyada çap etdirdiyi və Azərbaycan Türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş məqaləsində əsrin əvvəllərindən bu günə qədər Iranda Azərbaycan Türklərinə, onların dil və mədəniyyətlərinə olan təzyiqlərdən bəhs edir.
H.Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş,
Türkiyə torpağında dəfn edilmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 8 dekabr.- S.14.