Azərbaycan tənqidinin
görkəmli siması
Ədəbiyyatşünas
alim Əkbər Ağayev...
Azərbaycan
ədəbiyyatına böyük dəyərlər
verən və özündən sonrakı nəsillər üçün də önəmli mənəvi
irs buraxan şəxsiyyətlər
sırasında ədəbiyyatşünas alim
Əkbər Ağayevin də özünəməxsus
yeri var. O, Azərbaycan ədəbi tənqidinin
və ədəbiyyatşünaslığının görkəmli
nümayəndələrindən biri olub. Görkəmli alim eyni zamanda, uzun
müddət pedaqoji, eyni
zamanda ədəbi fəaliyyətlə, tərcüməçiliklə
məşğul olub.
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Məmməd oğlu Ağayev 1915-ci ildə Şuşada anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. Onun Bakıda ali məktəbdə təhsil aldığı illər repressiyaların ən ağır vaxtına təsadüf etmiş, həmin illərin mənəvi əzablarını çəkənlərdən biri olmuşdur.
Əkbər Ağayev 1937-ci ildə ali məktəbi bitirərək SSRI Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirib. Sonra Moskva Ali Diplomatiya Məktəbində oxuyub, bir müddət “İzvestiya” qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında çalışıb.
Sonradan Bakıya qayıdan Əkbər Ağayev bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor kimi fəaliyyət göstərib. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Əkbər Ağayev Azərbaycan Pedaqoji, Xarici Dillər institutlarında, BDU-da müəllim, kafedra müdiri və fakültə dekanı vəzifələrində çalışıb. Əkbər Ağayev sonralar Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətinə davam etmiş, burada da şöbə müdiri vəzifəsində çalışmışdır.
Ədəbi fəaliyyətə
20-ci əsrin 30-cu illərində başlayan
Əkbər Ağayev Azərbaycan ədəbiyyatının
aktual məsələləri ilə
bağlı araşdırmalar apararaq,
qısa zamanda tələbkar tənqidçi
kimi tanınmışdır. Əkbər
Ağayev taleyini
bütünlüklə milli ədəbiyyatın
inkişafına, yaşadığı dövrün
ədəbi prosesinə bağlamışdır.
Nəsillər üçün dəyərli
töhfələr
Görkəmli
alimin “Nizami və dünya ədəbiyyatı”, “Şeirimizin
yeni nəsli”, “Lirikanın qüdrəti”, “Dramaturgiyanın bəzi
məsələləri”, “Ədəbiyyat tarixi haqqında
qeydlər” və s. kimi ədəbiyyatşünaslıq və
ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi
məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına
həsr olunmuş “Anri Barbüs”, “Höte Nizami haqqında”,
“Fransız xalqının böyük oğlu”, “Humanist sənətkar”,
“Xalq nəğməkarı”, “Səhər şəfəqləri”
kimi əsərlər də vardır. “M.Y.Lermontov” (1941), “A.İ.Gertsen”
(1962), “Sənətkarlıq məsələləri” ( 1962),
“Nizami və dünya ədəbiyyatı” (1964), “Sənətkara
töhfə” ( 1978), “Sənətin tərənnümü” və
s. kitabları işıq üzü görmüşdür.
Tərcümə
sənəti ilə də yaxından məşğul olan
müəllif dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərini dilimizə tərcümə
etmişdir. A.S.Puşkin, M.Y.Lermontov, A.A.Çexov, L.N.Tolstoy və
başqa rus ədiblərindən tərcümələri
vardır. Xarici ölkə yazıçılarından
D.Defonun “Robinzon Kruzo”, F.Lankerin “Uşaqlar və xəncər”,
O.Sekoranın “Qarışqalar təslim olmur”, N.Kalmanın
“Qara Salli”, Cül Verinin “Arxipelaq alovlanır”, Ç.Dikkensin
“Oliver Tvistin macəraları”, A.Qaydarın “Seçilmiş
hekayələri”, N.K.Karamzinin “Zavallı Liza”, V.Korolenkonun “Qəribə
qız”, Bualonun “Poeziya sənəti”, V.Belinskinin
“Seçilmiş məqalələri” və s. kitab halında
nəşr olunmuşdur.
O,
bir ədəbiyyatşünas kimi ədəbiyyat tarixi, onun
bilavasitə nəzəri məsələləri haqqında,
eləcə də Nizami Gəncəvi, Məhəmməd
Füzuli, Qasım bəy Zakir, Əbdürrəhim bəy
Haqverdiyev və digər Azərbaycan klassiklərinin
yaradıcılığına güzgü tutaraq sanballı əsərlər
yaratmışdır.
Dəyərli
tənqidçi alim, professor Əkbər Ağayev ədəbiyyatşünaslıq
sahəsində məhsuldar işləyən alimlərdən
idi. Bu barədə Cəlal Abdullayev yazırdı: “Alimin təkcə
”Nizami və dünya ədəbiyyatı" (1964) adlı məşhur
monoqrafiyası onun fikir və zəka vüsətini lazımi
şəkildə dərk etmək üçün tam təsəvvür
yaratmağa kifayət edərdi. Bu əsər göstərir
ki, müəllif Şərqi də, Qərbi də öz
doğma ədəbiyyatı qədər bilir və sevir".
Əkbər
Ağayev eyni zamanda, başqa xalqların ədəbi nümunələrini
tədqiq etmiş, bu sahədə də mükəmməl tədqiqatçı
kimi tanınmışdır. Onun “Qədim yunan ədəbiyyatı
tarixinin oçerkləri” (1938), “M.Y.Lermontov və Azərbaycan”
(1941), “A.İ.Gertsen” (1962) adlı kitabları dediklərimizə
nümunədir.
Əkbər
Ağayev publisistika, bədii tərcümə sahəsində
ardıcıl və məhsuldar işləyən müəlliflərdən
idi. Dünya ədəbiyyatının, rus və Avropa
yazıçılarının bir çox klassik əsərlərinin
ana dilimizə tərcüməsi məhz onun qələminə
məxsusdur. A.Puşkin, N.Qoqol, M.Lermontov, N.Ostrovski, D.Defo,
N.Bualo, Ç.Dikkens, C.Vern və başqa sənətkarların
bir sıra əsərlərini ana dilimizə Əkbər
Ağayev tərcümə etmişdir.
Dəyərli və
ustad pedaqoq
O həm
də geniş biliyə malik mahir pedaqoq idi. Ali məktəblərimizdə
xarici ədəbiyyat tarixi, tənqid tarixi kurslarından
mühazirələr oxuyub. Əkbər Ağayev qəzetçilik,
tərcüməçilik, tənqidçilik, təşkilatçılıq
işlərini həmişə müəllimlik sənətilə,
pedaqoji işlə ecazkar şəkildə əlaqələndirməyi
bacaran və həmişə də canlı mühazirəçi
sözünü, pedaqoq sözünü üstün tutan bir
müəllim idi. O, ədəbi və elmi gəncliyin ən
böyük dostu idi. Gənclərlə dostluq etməyi, onlara
məsləhət verməyi, hər biri ilə eyni yaş səviyyəsində
rəftar etməyi bacarırdı. Ondan dərs alanlar həmişə
Əkbər müəllimi özlərinə ustad, mənəvi
ata hesab edərdilər. Həm də gözəl natiqlik
qabiliyyətinə malik olan Əkbər müəllim çox
həssas təbiətli, musiqini, incəsənəti sevən,
şeiri, sənəti qiymətləndirən bir şəxsiyyət
idi. Sağlığında 6 kitabı, 20-yə yaxın tərcümə
nəşri işıq üzü görüb.
Əlbəttə,
Əkbər Ağayev sovet dövründə
yaşayıb-yaradan tənqidçilərimizdən idi. Həmin
dövrün tələbləri onun
yaradıcılığından da yan keçməmişdi.
Digər həmkarları kimi o da ədəbiyyatda Lenin irsinə,
sovet realizminə təriflər demişdi. Bütün bunlarla
yanaşı, milli ədəbiyyatla bağlı
araşdırmalarında, fikir və tövsiyələrində
heç bir zaman yanlışlığa yol verməmişdir.
Nə yazmışdısa, dəqiqliyə, səlisliyə, həqiqətə
və gələcəkdə oxunmasına, yaşamasına
imza atmışdır.
Əkbər
Ağayevin yaradıcılığını təhlil edərkən
aydın olur ki, o, elə insanlar haqqında araşdırma
aparıb ki, onlar dünya ədəbiyyatının şah
sütunları idilər. Bualonun “Poeziya sənəti” əsərinin
də tərcüməçisi Əkbər Ağayevdir.
Əkbər
Ağayev cəmi 64 il ömür yaşasa da, o yaddaşlarda
mükəmməl tərcüməçi, səlis tənqidçi,
əvəzsiz müəllim, ən əsası isə sadə
təbiətli bir insan kimi qalıb. Onun adı Azərbaycan ədəbiyyatşünaslığına
əbədi olaraq həkk olunub.
Əkbər
Ağayev 1989-cu il martın 2-də Bakıda vəfat
etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 11 dekabr.- S.14.