Görkəmli alim, səyyah və tədqiqatçı Baba Kuhi Bakuvi

 

Pir Hüseyn Şirvaninin qardaşı

 

Görkəmli Azərbaycan alimi, səyyah, şair və tədqiqatçı Baba Kuhi Bakuvi uzaq sərhədlərdə tanınan bir şəxs olub. O, məşhur mütəfəkkir, ilahiyyatçı və Şirvanşah Mənuçöhrün vəziri Pir Hüseyn Şirvaninin qardaşıdır. Pir Hüseynin Navahı kəndindəki Pirsaatçay xanəgahı indiyə qədər ziyarətgah kimi qorunub saxlanmışdır.

Baba Kuhi Bakuvinin bioqrafiyası hər zaman mübahisə doğurub. Onun haqqında bioqrafik məlumatlarda əsasən Solmaz Rzaquluzadənin əsərinə istinad edilir. Solmaz Rzaquluzadə “Baba Kuhi Bakuvinin dünyagörüşü” kitabında ilk dəfə mütəfəkkirin yaradıcılığı nisbətən geniş araşdırmışdır. S.Rzaquluzadə Y.E.Bertelsin bir fikrini misal gətirirərək yazır: “Mənim dərin inamıma görə, Kuhinin ”Divan"ı həqiqətdə həm də ibn Bakuyə adlandırılan alim şeyxə məxsusdur. Bizbu fikri bütövlükdə bölüşürBaba Kuhi ilə ibn Bakuyənin eyniliyi fikrinə əsaslanıb, mütəfəkkirin tərcümeyi-halının təsvirinə keçirik."

Baba Kuhi 933-934-cü ildə Bakıda doğulub. O, yüz ildən artıq yaşayıb və 1074-cü ildə vəfat edib. Baba Kuhinin bütöv adının yazılışında da müəlliflərin fikirləri fərqlənir. Ancaq ümumi qənaətə görə, onun bütöv adı belə göstərilir: Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə. Bəzən bu ada Şirazi, yaxud Nişapuri nisbəsi də artırılır. Bu, onunla bağlıdır ki, Kuhi uzun müddət ŞirazdaNişapurda yaşamışdır.

İlk təhsilini ruhani atasından alan Kuhi gənc yaşlarından müstəqil həyat tərzinə və səyahətlərə meylli olmuşdur. O, əvvəlcə Pirsaat düzündə, sonra isə müqəddəs Babadağ yaxınlığında məskunlaşır. Br çox tədqiqatçılar belə hesab edirlər ki, bu dağın adı Baba Kuhinin şərəfinə belə adlandırılmışdır. Sonralar o, Azərbaycanın müxtəlif yerlərinə, İranabaşqa ölkələrə səfərlər edir, alimlərlə görüşür, müqəddəs yerlərə ziyarətə gedir. Müəyyən mənbələrin məlumatlarına görə, o, 988-90-cı illərdə bir müddət Şirvanda da qalır. Ruhani-alim kimi nüfuzu artan Baba Kuhi mühəddis-hədislər tərtibçisi olmaq arzunda idi. Lakin yeni hədislər toplamaq üçün çox gəzmək, başqa ölkələrdə yaşayan mühəddislərlə görüşüb-danışmaq lazım gəlirdi. Bakuvi həddən artıq hədis toplayır. Abdullah Ənsari onun öz sözlərinə əsaslanaraq, yazır ki, Bakuvi otuz min hekayət və üç min hədis yığmışdı.

 

“İlahi eşq ilə məst olan” şair

 

Bakuvi Şirazda Əbu Abdullah ibn Xəfifin yanında da bir neçə il təhsil alır və məhz onun təsiri altında sufi olur. Tədqiqatçılara görə, 981 -82ci illərdə Xəfif dünyasını dəyişdikdən sonra Bakuvi yenidən səyahətlərə çıxır, məşhur elm mərkəzlərinə, o cümlədən, Bagdada səfər edir. Sonra X-XI əsrlərdə sufi təliminin başlıca yayılma nöqtəsi sayılan Nişapura gəlib çıxır. S.Rzaquluzadə bu barədə belə yazır: “Burada bir tərəfdən şeyx Bəyazid əl-Bistaminin ekstaza çağıran, ”allahla qovuşmaqdan həzz alan", “ilahi eşq ilə məst olan (ərəbcə: sükr)” tələbələri, o biri tərəfdən şeyx Cüneyd əl-Bağdadinin “ekstaz” və “sərməstlik”də sufilər üçün təhlükə görən (sufi bu zaman öz-özünü sün"i şəkildə qızışdıraraq, fantaziyasını allahla həqiqətən qovuşmaq kimi qələmə verir) ardıcılları vardı. Cüneydin tələbələri sufi üçün yeganə düzgün yolu “ayıqlıq”da (ərəbcə: səhv), “sakit, ayıq ibadətdə’də görürdülər... Mənbələrdə Bakuvinin Xorasan alimi Əbu Əbd ər-Rəhman Sullami və Əbül -Qasim Qüşeyri ilə dostluğu, Əbu Abbas Nəhavəndi ilə elmi mübahisələri (həmin mübahisələrdə Nəhavəndi Bakuvinin üstünlüyünü e’tiraf etmişdi), həmçinin o dövrdə böyük populyarlıq qazanmış sufi şeyxi Əbu Səid ibn Əbül-Xeyrlə birbaşa təmaslarda olması barədə də mə’lumatlar verilir”(Vikipedia). Y.E.Bertels də Bakuvinin həyatının Nişapur dövrü haqqında yazmışdır.

Sullaminin ölümündən sonra onun sufi təriqətinin (xanəgahının) başçılığı Bakuviyə keçmişdir. Lakin hələ də müəmmalı qalan səbəblər üzündən bircə il sonra o, Nişapurdan Şiraza köçür və Şiraz yaxınlığındakı dağlarda, Cəfərabad kəndində karst mağaralarının birində məskən salır. O, ömrünün son illərini burada ibadətlə məşğul olur, əsas əsərləri də burada yaranır. Onu şöhrəti bütün şərqə yayılır və yanına ziyarətə gəlirlər.

Sara Aşurbəylinin “Orta əsrlər Bakısının tarixinə dair oçerk” kitabında da Baba Kuhi Bakuvi haqqında məlumatlar vardır: “Baba Kuhi batinidir. Lakin batiniliyin diapozonu o qədər genişdir ki, bu məsələ üzərində xüsusilə konkret bir şəkildə dayanmaq lazım gəlir... Belə hesab edirlər ki, o, sufidir. Bəzi tədqiqatçılar isə düşünürlər ki, o qələndər idi. Qələndərlər isə heç də bütün məsələlərdə sufilərlə uzlaşmırdılar.”

Baba Kuhi Bakuvinin ərəb dilində günümüzə gəlib çatmış fəlsəfi əsərləri də vardır. Bunlar “Əxbar əl-arifin”, “Əxbar əl-qafilin”, “Bədayət hal əl-həllac” və başqalarıdır. Onun farsca şerlər divanı da olmuşdur. Akademik Aqafangel Krımski bu “Divan” haqda yazır: “Bu, sufi divanları arasında ən qədimlərindən biridir. Burada çox zaman sufinin Allaha oxuduğu yanıqlı məhəbbət nəğmələrini canlı, nazənin bir gözələ vurulmuş gənc bir oğlanın ehtiraslı mahnılarından ayırmaq çətinlik törədir:

Mənim könlüm sıxılır,

ancaq cananımın eyninə deyil,

Hicrindən xəstə olmuşam,

ancaq o mənə dərman vermək istəmir

Gözlərimdən qan yaş axır,

buludlardan yağan yağışdan da güclü

Ancaq onun dodaqları qaçır,

qəlbimin yarasını sarımaq fikrində deyil.

Bakuvinin divardan çıxan “Divan”ı

Bu divanın ən qədim əlyazmalarından birinin olduqca maraqlı tarixçəsi var. İran alimi Həbibullah İmad öz evində təmir işləri apararkən divardan tapdığı sandığın içindən Bakuvinin “Divan”ının qədim nüsxəsi də çıxır.

Bakuvinin Şiraz şəhərindəki məzarı yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilib. Bu məzar barədə də çoxlu rəvayətlər danışırlar. Belə rəvayətlərin birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə isə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur.

Baba Kuhi Bakuvi ölümündən sonrakı min il ərzində də daim böyük hörmətlə xatırlanan şəxsiyyətlərdən olub. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində də onun adına rast gəlirik: “Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmişonun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər. O, 1051-ci ildə Allahın rəhmətinə qovuşmuşdur.”

Şair-alimin dəfn olunduğu yer onun şərəfinə Baba Kuhi adlandırılır. Şərqin Nizami Gəncəvi (“İskəndərnamə”də), Sədi, Hafiz, Əbdürrəhman Cami, Nəsimi, Seyid Əzim Şirvani kimi dahi sənətkarları ona şerlər həsr etmiş, öz əsərlərində Baba Kuhini xatırlamışlar.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 14 dekabr.- S.14.