Azadlığa ithaf olunmuş
“Balaca qara balıq”
İstibdada qarşı qələmli
mübarizə
Cənubi Azərbaycan ədəbiyyatının
ən parlaq simalarından biri olan Səməd Behrənginin əsərləri
yeni-yeni oxucu nəsillərinin diqqətini
daha çox çəkməkdədir. Onun böyük ustalıqla qələmə alınan,
milli dəyərlərin
qorunub saxlanmasına həsr olunmuş əsərləri azadlıq
mübarizəsinin ədəbi
çağırışçısı
rolunu oynamışdır.Ölməz
yazıçının “Balaca
qara balıq” hekayəsini dünya ədəbiyyatının ən
gözəl incilərindən
biri hesab etmək olar. Cəmi 28 il
ömür sürmüş
qələm sahibinin mükəmməl əsərləri
artıq ölkədən
xaricdə də xeyli məşhurdur. Səməd Behrəngi
1939-cu il iyun ayının 24-də Təbriz şəhərində
fəhlə ailəsində
anadan olmuşdur.
O, ibtidai təhsilini burada 21 Azər adlı məktəbdə
almağa başlayıb,
sonra Cavid məktəbində və
“Tərbiyyət” liseyində
başa vurub. Tələbəlik illərində “Xənde”
(Gülüş) adlı
həftəlik divar qəzeti buraxan gənc Səməd ilk ədəbi tənqidi və satirik qələm təcrübələrini
də bu dövrdə yazmışdır.
Burada oxuduğu
illərdə Səmədin
atası tez-tez liseyə çağrılır,
oğlunun siyasi fəaliyyəti ilə bağlı ona xəbərdarlıq edilirdi. O, Təbriz
Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində
təhsil almışdı
(1956-1961). Səməd universitet təhsilini
bitirib, müəllimlik
üçün Azərbaycanın
müxtəlif kəndlərinə
gedir. Behrəngi əmək fəaliyyətinə
Azərşəhr (Tufarqan)
mahalının Mamağan,
Gögan ibtidai məktəbində müəllim
kimi başlayır.
Bu dövrdə Azərbaycan
nağıllarını toplayır,
fars dilinə
tərcümə edib
həmkarı Behruz Dehqanı ilə birlikdə nəşr etdirir. Bundan başqa, onun fars dilindən
doğma dilə çevirdiyi tərcümələri
dövri mətbuatda nəşr olunur. Tezliklə, Səmədin müəllimliyini
də, ingiliscə öyrənməsini də
Təhsil Nazirliyi qadağan edir. Bu müddətdə onun bir neçə
kitabı çap olunur. O, həmçinin
Azərbaycan məktəbləri
üçün Türkcə
əlifba kitabını
yazır. Bu kitab
heç vaxt çap olunmur. Pəhləvi rejimi Səməd
Behrəngini “Parə-parə”
kitabına görə
nəzarət altına
alıb, 6 ay işdən
uzaqlaşdırır.
İtaliyada ən yüksək
mükafat
Səməd Behrənginin yaradıcılıq
dövrü yaşadığı
mühitin inqilabi hadisələrlə çalxandığı
zamana təsadüf edirdi. 21 Azər hadisəsi ilə bağlı baş verənlər hələ
xatirələrdən silinməmişdi.
Azərbaycan milli məsələsi
Pəhləvi istibdadı
üçün hər
şeydən təhlükəli
idi. Əslində,
inqilabi hadisələrə
qatılmayıb, yalnız
yaradıcılıqla məşğul
olan Behrəngi məhz o milli məsələnin daşıyıcılarından
biri idi...
Behrəngi xalq arasında gəzib topladığı
xalq nağılları
əsasında kitablar
yazmağa başladı. İstibdadın Azərbaycan türklərinin
milli şüurunu silib atmağa çalışdığı bir zamanda bu,
ən böyük vətənpərvərlik işi
idi. Beləliklə, 1959-cu ildə onun
ilk hekayələri “Adət”
və “Binam” dərc olundu. Bundan sonra “Ulduz
və qarğalar”, “Çuğundursatan oğlan”,
“Məhəbbət əfsanəsi”,
“Tapmacalar və qoşmacalar”, “Azadlıq beşiyi”, “24 saat yuxuda və ayıqlıqda”, “Koroğlu
və keçəl Həmzə”, “Ləb-ləbi
satan kiçik oğlan”, “Sadə inşa”, “Quşbaz keçəl”, “Balaca qara balıq” və s. əsərləri
işıq üzü
gördü.
Səməd Behrənginin hekayələr
kitabı İtaliyanın
Bolonya şəhərində
keçirilən Uşaq
Kitabları Müsabiqəsində
qızıl medala layiq görülmüş,
birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilmişdir.
Cənubi
Azərbaycanlı yazıçı
Güntay Gəncalp Behrəngi haqqındakı
məqaləsində yazır:
“...Behrəngi ”Para-para" adında bir kitab yayınladı. Kitabın adı çox anlamlı idi. Buradakı “para-para” sözü, dolayısıyla para-para bölünmüş, parçalanmış
Azərbaycana işarə
edirdi. Kitabda Quzey və Güney şairlərinin şeirlərindən örnəklər
verilmişdi. Behrəngi öldürüldükdən
sonra onun əsərlərinə olan
istək şiddətləndi.
Bu şiddətli istək istər-istəməz
onun milli kimlik görüşünün
də özümsənməsinə
səbəb olurdu.
Hətta bu gün də milli kimliyimizin yüksəlişində Səməd
Behrənginin kitablarının
çox böyük etkisi var. Sadəcə onun əsərlərinin etkisi deyil, “Səməd Behrəngi” adı özü-özlüyündə
milli mübarizəni çağrışdırır..".
“Milli mədəniyyətin oyaq vicdanı”...
Səməd Behrəngi Cənubi Azərbaycandakı milli azadlıq mübarizəsində
simvollaşmış bir
addır. Həmkarları
onu “Azərbaycan kəndlilərinin canlı
dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırmışlar.
Onun yaradıcılığında
bir çox unikal nümunələr var ki, onlardan
ən mükəmməli
“Balaca qara balıq” hekayəsidir. Hekayəni
doğma dilimizə çevirən Güntay Gəncalp məqaləsində
əsərlə bağlı
fikirlərini belə ifadə edir: “...”Qaraca balıq" həqiqəti, sonsuzluğu
və ruhi bütünlüyü axtaran
bir insanı xatırladır. Bu yoldakı
mübarizədə təcrübə
qazanıb dolğunlaşan,
macəradan macəraya
atılan, bir an belə doğrunu
aramaqdan vaz keçməyən bir insan. Qarşısına türlü-türlü cəhalət çıxır,
həyatını məhv
edən vəhşilərlə
qarşılaşır Qaraca
balıq. Ancaq həyat
doğrunu öyrənməyə
həsr edilmirsə, onun nə anlamı
var. Həyata anlam verən hərəkətdir.
Çünki hərəkət edərkən təcrübə
qazanılır, yeni hədəflər ortaya çıxır. Behrəngi çox
gözəl təsbit
etmiş bunu ki, böyük amac yolunda səfərə
çıxarkən, qorxu
hissi öz-özünə
yox olur. ...Necə ki, Qaraca
balıq öz qılıncı ilə balıqdan quşu, balıqları yeyən naqqanı içlərindən
vurur. Öz qılıncı ilə onların qarnını yırtıb
və balıqların
həyatını təhlükədən
qurtarır. Hamı qəhrəman
olmaz. Qəhrəmanlıq üçün hünər və xarakter lazımdır.
Bir qəhrəmanın,
bir fikir adamının hesabına bir millət və bir topluluq
azadlığını əldə
edir...".
Ölməz yazıçının seçilmiş əsərləri
Bakıda “Məhəbbət
nağılı” (1987) adı
ilə kütləvi tirajla buraxılmışdır.
Bundan başqa, Behrənginin əsərləri bir çox dünya dillərində də çap olunmuşdur.
Türkiyədə son zamanlar xeyli
məşhurlaşan yazıçının
əsərləri hətta
filmlərin mövzusu
olmuşdur.
Öz millətinin vurğunu olan, milli şüurun
oyanmasında önəmli
rol oynayan yazıçı 1968-ci il avqustun 30-da naməlum şəxslər
tərəfindən öldürülmüşdür.
Meyidi İranın Xumarlı yaşayış məntəqəsi
yaxınlığında Araz
çayından tapılan
Behrənginin İran şahının göstərişi
əsasında qətlə
yetirildiyi söylənir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 15 dekabr.- S.14.