Uşaq ədəbiyyatının unudulmaz
imzası - Xanımana Əlibəyli
Hərbi hospitalın həkimi...
Azərbaycan uşaq ədəbiyyatının
görkəmli nümayəndələri arasında
özünəməxsus yeri olan yazıçılardan biri də
şair-dramaturq Xanımana Əlibəylidir. O, uşaqlar
üçün yüzlərlə şeirin, onlarla poema və
səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir.
Xanımana
Sabir qızı Əlibəyli 20 aprel 1920-ci ildə
Bakının Keşlə kəndində ziyalı ailəsində
anadan olub. Babası general Ağasəlim bəy və nənəsi
Xanımana o dövrün yüksək təhsilli ziyalılarından
olub. Onun atası Sabir bəy Əlibəyov Sankt-Peterburq
Universitetini bitirib, Azərbaycanın ilk ali təhsilli
hüquqşünaslarından biri olub. Anası Məsumə
xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar
gimnaziyasını və Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini bitirmiş, Əli
Bayramov adına Qadınlar klubunun fəallarından
olmuşdur. O, uzun illər Bakının orta məktəblərində
dərs demiş, məktəb direktoru, rayon xalq maarif
şöbəsinin müdiri vəzifələrində
çalışmış, bu sahədə səmərəli
fəaliyyətinə görə “Əməkdar müəllim”
fəxri adına layiq görülmüşdü.
Xanımana
dörd qızın və üç oğlanın
böyüdüyü bu ailənin ilk uşağı idi. O, hələ
yeniyetmə vaxtlarından ədəbiyyata maraq göstərir,
şeirlər yazır, Azərbaycan və rus dillərində
uşaq ədəbiyyatı nümunələrini oxuyurdu.
16
yaşında ikən Xanımana Əlibəyli Bakıda Tibb İnstitutuna
daxil olmuş, 1942-ci ildə institutu bitirərək təyinatla
Masallıya göndərilmiş, orada Qızılavar kənd
tibb məntəqəsində fəaliyyətə
başlamışdır. O, ikinci ali təhsil almaq
üçün ADU-nun filologiya fakültəsinə qəbul
imtahanları vermiş, beş il sonra həmin fakültəni
müvəffəqiyyətlə bitirmişdir.
Müharibə
illərində Xanımana Əlibəyli hərbi hospitalda
çalışmış, professor Ginzburqun assistenti kimi Azərbaycanın
müxtəlif bölgələrindən olan yaralı əsgərləri
müalicə etmişdir. Müharibədən sonra Bibiheybətdəki
13 saylı məsləhətxanada uşaq həkimi kimi
çalışıb.
Xanımana
Əlibəyli ixtisasca həkim olsa da, uşaqlara olan sevgisi onu
şair eləmişdi. O öz misralarında bunu belə ifadə
etmişdi:
Sanki
Allah bir qarlı qış
Mənə
şeir verdi bəxşiş.
O,
qışımı yaz eylədi,
Bəxtimi
bəyaz eylədi.
“Balaca həkim” adlı ilk
kitabı
X.Əlibəylinin
ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc
olunmağa başlamış, “Balaca həkim” adlı birinci
kitabı isə 1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən
30 min nüsxə tirajla çap olunmuşdur. Azərbaycan
Yazıçılar İttifaqının üzvü kimi
X.Əlibəyli bütövlükdə həyatını
uşaq ədəbiyyatına həsr etmişdir. Onun indiyə
qədər 30-dan çox kitabı, 10-a yaxın uşaq pyesi
nəşr edilib. Onlardan “Cunquş”, “Aycan”, “Dovşanın ad günü”,
“Ləpələrin nağılı”, “Gözəllər
gözəli” və başqa əsərləri kiçik
oxucular tərəfindən rəğbətlə
qarşılanıb.
X.Əlibəyli
1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın
görkəmli nümayəndələrindən olan Mirvarid
Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə
SSRI Yazıçılar İttifaqına da üzv qəbul
edilmişdir.
Xanımana
Əlibəylinin sənəti həmişə diqqət mərkəzində
olmuş, yüksək qiymətləndirilmişdir. “Aycan”
pyesinin uğurlu tamaşası münasibətilə
yaradıcı heyətin üzvləri rejissor Ulduz Rəfili, bəstəkar
Şəfiqə Axundova və baletmeyster Nailə Nəzirova ilə
birlikdə Xanımana da Azərbaycan SSR-in Dövlət
mükafatına layiq görülmüşdür. 1991-ci ildə
ona əməkdar incəsənət xadimi adı
verilmişdir. 1998-ci ildə Xanımana “İlin qadını”
adına layiq görülmüşdür.
X.Əlibəyli “Aman ovçu”, “Ağ çəmən”, “Ulduzların qucağında”, “Bir yay səhəri”, “Çoxbilmiş çəpişlər”, “Məni günəşə at!”, “Meşə həkimi”, “Sevimli şəhid babam” və digər qiymətli poemaların da müəllifidir.
X.Əlibəylinin poemaları Azərbaycan təbiətinin təsvirləri ilə zəngin olan bir tablo kimi canlanır qarşımızda. “Meşə həkimi” poeması buna bir sübutdur.
Salıb meşəyə haray
Axır gümüş rəngli çay,
Bir tərəfdə diz çöküb
Söyüd çaydan içir su,
Hörüklərini töküb
Çimir, qaçır yuxusu.
Şairin “Sevimli şəhid babam” poemasında uzun illər boyu çörəyini yeyib suyunu içdikləri Azərbaycanda üzdə “dost” deyib arxada xəyanət etdikləri azərbaycanlılara erməni dönüklərinin pataloji nifrətindən bəhs edən epizodlar çox təsirlidir.
X.Əlibəyli müxtəlif illərdə “Gözəllər gözəli”, “Nişanlı quş”, “Aycan”, “Dovşanın ad günü”, “Cunquş”, “Kənd həkimi”, “Durnalar lələk salır”, “Meyvələrin şahı” və s. dram əsərləri yazmış, onların bir çoxu ölkəmizin gənclər və kukla teatrlarında göstərilmiş, müəllifinə Azərbaycan uşaq dramaturgiyasının görkəmli nümayəndəsi şərəfini gətirmişdir.
X.Əlibəylinin “Cunquş” adlı əsəri
vaxtilə respublikanın dövlət mükafatına layiq
görülmüşdü. Çox maraqlı faktdır ki,
Kukla Teatrı 1980-ci ildə Hindistanda qastrol səfərində
olarkən Dehli və Bombey şəhərlərində iki əsərin
tamaşası ilə çıxış etmişdi: dahi
Ü.Hacıbəyovun “Məşədi İbad” komediyası və
X.Əlibəylinin “Cunquş” pyesi. Hər iki tamaşa
böyük rəğbətlə
qarşılanmışdı. Bu barədə Bakı qəzetlərindən
birində verilmiş yazının başlığı belə
idi: “Xeyirxahlıq mücəssəməsi Cunquşu Hindistanda
da sevdilər!”
Qızının xatirələri
Şairənin qızı Gülər Abdullabəyova: “Anam tək uşaq şeirləri yox, sevgi şeirləri də yazırdı. Onun atama həsr etdiyi məhəbbət şeirləri olduqca maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını seçdi. Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat edirdi. İstəmirdi ki, o, təkcə uşaq şairəsi kimi tanınsın. Şeirlər yaza-yaza həm də uşaq həkimi vəzifəsində çalışırdı. Çünki uşaqlara olan sevgisi sonsuz idi. Lakin 45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində problem olsa da, yaradıcılığına fasilə vermirdi. Anam 85 yaşında dünyasını dəyişdi. Bu gün anam həyatda olmasa da unudulmur, xalqının, onu sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində əbədi yaşayır”.
Xanımana Əlibəylinin anadan olmasının 90 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun əsərləri iki cilddə nəşr olunmuşdur. Kitabın tərtibçisi şairənin qızı, professor Gülər Abdullabəyovadır. Akademik Bəkir Nəbiyev nəşrə “Uşaq ədəbiyyatımızın Xanım anası” adlı ön söz yazıb.
İkicildliyin birinci cildi şairənin poema və şeirlərindən ibarətdir. Bu poemalardan bəziləri isə sonradan drama çevrilib, məsələn, “Dovşanın ad günü” əsəri kimi. Ikinci cilddə ədibin yeddi pyesi toplanıb. Əsərlərin adları da uşaq təfəkkürünə uyğundur: “Dovşanın ad günü”, “Aycan”, “Gözəllər gözəli”, “Kənd həkimi”, “Cunquş”, “Ləpələrin nağılı”, “Nişanlı quş”.
Xanımana Əlibəyli 7 may 2007-ci ildə
dünyasını dəyişmiş, Bakıda dəfn
edilmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 18 dekabr.- S.14.